Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Məlum olduğu kimi, Tvitterdə status yazarkən maksimum 140 simvol istifadə etmək mümkün olur. Feysbuk da buna bənzər özəlliyi tətbiq etməyə başlayıb. Belə ki, bundan sonra rəngli fonda status yazarkən maksimum 130 simvol istifadə etmək mümkün olacaq. Şirkət bunu uzun statuslarda vizuallağın pozulmasının qarşısını almaq üçün etdiyini açıqlayıb.

1

Azərbaycanın “BrailleX” IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün “Braille Watch” saatının ilkin prototipini hazırlayıb. Şirkətin rəhbəri Sayad İbrahimov deyib. Onun sözlərinə görə, yekun məhsula tətbiq olunması nəzərdə tutulan funksiyalardan ikisi prototipdə həyata keçirilib – vaxtı öyrənmək və SMS-ləri oxumaq. S.İbrahimov qeyd edib ki, yekun məhsul ilin sonunadək hazır olacaq və bu qurğuya yolda maneələr barədə xəbərdarlıq edən funksiya tətbiq olunacaq. Bu, görmə məhdudiyyəti olan şəxslərə əsa olmadan hərəkət etməyə imkan verəcək. Bundan başqa, saata təzyiq və ürək döyüntülərini ölçən funksiyalar quraşdırılacaq. “Ağıllı saat”ın ilkin satış qiyməti 300 dollar təşkil edə bilər.

2

Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb. Şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən 1000 dollar təşkil edəcəyi barədə açıqlama veriblər. Smartfonun digər ölkələrdə hansı qiymətə olacağı isə hələlik bilinmir. Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir. Bundan başqa, “iPhone 8”də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.

3

“Microsoft” şirkəti cari ilin dekabrın 15-dən “Docs.com” xidmətini ləğv edir. Bu haqda informasiya Amerika korporasiyasının rəsmi saytında qeyd edilir. Səbəb kimi isə “SlideShare” və “OneDrive”-in funksiyalarının oxşarlığı göstərilib. Qeyd edək ki, “Microsoft” və “Facebook” “Docs.com”-u birgə layihə çərçivəsində 2010-cu ildə yaradıblar. Məqsəd xidmətin köməyi ilə onlayn rejimdə öz ofis proqramlarının istifadəçilərinin sayını artırmaq idi. Hazırda “Microsoft” korporasiyasının əməkdaşları istifadəçiləri “Docs.com”-dan bütün materialları başqa xidmətlərə keçirməyə çağırırlar. Avqustun 1-dən istifadəçilər “Docs.com”-un mövcud olan sənədlərinə dəyişikliklər edə bilməyəcəklər. Qeyd edilən tarixdən – dekabrın 15-dək isə heç kim resursun saytına girə bilməyəcək.

4

“Mail.Ru” şirkəti “Verb” adlanan yeni sosial şəbəkəsinin yaradılması üçün böyük məbləğdə pul yatıracaq. Bu sosial şəbəkəni şirkət “Yandex” şirkətinin əməkdaşları ilə birgə tərtib edibr. Tərtibatçılar özləri isə bildirirlər ki, sayt 12 yaşdan 21 yaşa qədər olan insanlar üçün nəzərdə tutulacaq. 1995-2000-ci illərdə doğulan nəslin nümayəndələri üçün digər istifadəçilərlə öz xəbərlərini sadə cümlələrin köməyi ilə bölüşə biləcəklər. Dərc edilən hər bir yazı “geoteq” adlanan şəkillə əlavə olunacaq. Həmçinin saytda reytinq sistemi olacaq ki, o da aktivlik sayəsində artacaq. Gələcək sosial şəbəkənin yaradıcıları onun yaradılmasına reklam sayəsində pul vəsaiti cəlb etməyi planlaşdırırlar. Saytın dizayn və menecment üzrə məsuliyyətini “Mail.Ru” qrupu öz boynuna götürüb. “Yandex” şirkətindən bu işə bir neçə tərtibatçı qoşulub. Gələcək sosial şəbəkənin nümayəndələri əmindir ki, hələ həyatın, demək olar, hər bir addımını ilə bölüşmək imkanı verən ikinci belə bir sayt yoxdur. “Mail.Ru” artıq 3 sosial şəbəkəyə malikdir. Onların arasında “VKontakte”, “Odnoklassniki” və “Moy Mir” var. Həmçinin saytın qurucuları bildirirlər ki, yeni sosial şəbəkə maraqlı şirkətlə hər hansı münaqişəli vəziyyətlərə qoşulmayacaq.

5

Yeni “Galaxy S8” sahibləri bildiriblər ki, gözlərin skan edilməsi üçün cihaz insan görməsi üçün təhlükəli ola bilər. Bəzi istifadəçilər qeyd ediblər ki, iki aylıq istifadədən sonra rahatsızlıq və qıcıqlanma hiss ediblər. Bundan əvvəl “Note 7” sahibləri şikayətlənirdilər ki, mobil cihaz partlayır və ya onların əllərində yanır. “Galaxy S8” sahibləri isə smartfonun unikal dizaynını və yeni funksiyalarını qiymətləndiriblər. Amma istifadə etdikləri ilk ayda onun mənfi tərəflərini artıq hiss etməyə başlayıblar. Bir çoxları gözlərindəki ağrılardan və göz bəbəyinin skan edilməsindən sonra baş gicəllənməsindən şikayət ediblər. “Samsung” şirkətinin rəsmiləri yeni smartfonun istifadəçilərinin şikayətlərinə heç bir şərh vermirlər. Qeyd edilir ki, texnologiya gözlər üçün tam təhlükəsizdir. Oftalmoloq mütəxəssislər isə hesab edirlər ki, gözlərin infraqırmızı şüalara tez-tez məruz qalması kataraktın inkişaf etməsinə səbəb ola bilər.

6

Moskvada dünyanın ən böyük saatı quraşdırılacaq. Yerli mətbuatın yazdığına görə, gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün kino-konsert zalının tikilməsi planlaşdırılır. Layihəyə uyğun olaraq zalın üzərində isə saat quraşdırılması nəzərdə tutulub. Zalın üzərində ucaldılacaq saatın diametrinin 64 metrə bərabər olacağı barədə bildirilib. Bu göstərici isə ən maksimum olduğu üçün Ginnesin rekordlar kitabına daxil ediləcək.

7

Çinin “ZTE” şirkəti yeni “V870” smartfonunu nümayiş etdirib. Qurğu 1920×1080 (Full HD) təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz edilib. Modelin əsasını 1,4 qiqahers takt tezlikli “Qualcomm Snapdragon 435” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 4, quraşdırılmış 64 qiqabayta bərabərdir. Smartfon 16 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Məlumata görə, arxa panelində barmaq izi skanerinin quraşdırıldığı smartfon, həmçinin “LTE” modemə, “Wi-Fi”, “Bluetooth”, “NFC” və “GPS” modullarına malikdir. Akkumulyator tutumu 3000 milliamper/saat təşkil edən qurğu “MiFavor 4.0” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İki SİM kartın işini dəstəkləyən yeni aparatın qabaritləri  156x76x7,8 millimetrə bərabərdir. “ZTE V870” smartfonunun təxmini qiyməti 400 dollardır.

8

“HP” şirkəti yeni “Omen” oyun noutbukunu təqdim edib. Qurğunu iki variantda – 15,6 və ya 17,3 düym diaqonallı ekranla əldə etmək mümkün olacaq. Təsvir ölçüləri də müvafiq olaraq 1920×1080 (Full HD) və 3840×2160 (4K) piksel arasında dəyişir. Bundan başqa, “G-Sync” və “FreeSync” texnologiyalarını dəstəkləyən versiyalar mövcuddur. Modelin əsasını yeddinci nəsil “Intel Kaby Lake” prosessoru təşkil edir. Ekranı kiçik versiyanın operativ yaddaşı 16 qiqabayta, ekranı böyük modelin 32 qiqabayta bərabərdir. Məlumatların saxlanılması üçün sərt disk, bərk cisimli toplayıcı və ya onların birləşməsindən istifadə olunur. 15,6 düymlü model “NVIDIA GeForce GTX 960” və ya “AMD RX500”, 17 düymlü “NVIDIA GeForce GTX 1070” və ya “AMD RX580” sürətləndiriciləri ilə təchiz edilib. Hər iki noutbuk işıqverici klaviatura, 3 “USB Type-A” portu, 1 “USB Type-C”, “HDMI”, “mini-Display” və “Ethernet” çıxışları, eləcə də kart oxucusu ilə təchiz olunub. Noutbukların qiyməti müvafiq olaraq 1000 və 1100 dollar təşkil edir.

9

Ötən ay “Qualcomm” şirkətinin növbəti qabaqcıl “Snapdragon 845” prosessoru haqqında ilk şayiələr yayılmağa başlayıb. Yeddi nanometrlik texnoloji proses üzrə hazırlanacaq yeni prosessorun əsasında ilk qurğunun “LG G7” smartfonu olacağı gözlənilir. Çin mənbələrinin məlumatına görə, şirkət ötən il olduğu kimi, ilin ikinci yarısında qabaqcıl prosessorun təkmilləşdirilmiş versiyasını buraxmağı planlaşdırır. Odur ki, hazırkı “Snapdragon 835” və gələcək “Snapdragon 845” arasında yaxın həll “Snapdragon 836” prosessoru ola bilər. “Snapdragon 836” maksimal 2,5 qiqahers takt tezliyində işləyəcək. Bu, indiki “Snapdragon 835” prosessorundakı 2,45 qiqahers takt tezliyi ilə müqayisədə bir qədər çoxdur. Yeni çipin qrafik sürətləndiricisinin 740 meqahers takt tezliyində işləyəcəyi bildirilir. “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək mümkün qurğular arasında “Samsung Galaxy Note 8” və ikinci nəsil “Google Pixel/Pixel XL” smartfon modelləri qeyd olunur.

10

Bu gün “Yahoo” səhmdarlarının xüsusi yığıncağında bu şirkətin satılmasına razılıq verilib. Şirkətin alıcısı “Verizon Communications” şirkəti olacaq. Razılaşmanın dəyəri 4,48 milyard dollar təşkil edəcək. Bundan başqa, səhmdarlar onun satışı ilə bağlı şirkətin rəhbərliyinə mükafatın ödənilməsinə dair səs veriblər. “Yahoo”da isə hesab edirlər ki, razılaşma gələn həftə, yəni iyunun 13-də yekunlaşacaq. Satışdan sonra şirkətin adı “Altaba” olaraq dəyişdiriləcək.

11

Yeni mühafizəli “Blackview BV8000 Pro” smartfonu öz sinfində ən güclü qurğular adına iddialıdır. 2,3 qiqahers takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessorunun əsasında işləyən smartfonun operativ yaddaşı 6 giqabayt, quraşdırılmış yaddaşı 64 giqabayt təşkil edir. Korpusu “IP68” standartı üzrə mühafizə olunan yeni qurğu su, kir, toz keçirmir, eləcə də zərbələrə və əldən düşmələrə davamlıdır. Məlumata görə, smartfon 1920×1080 piksel təsvir ölçülü 5 düymlü “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik ekranla təchiz edilib. Kameralar müvafiq olaraq 16 və 8 meqapiksellidir. Qurğuda, həmçinin “GPS/GLONASS”, “Wi-Fi”, “Bluetooth 4.0”, “NFC” modulları, “USB Type-C” portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Akkumulyatorun tutumu 4180 milliamper/saata bərabər smartfon 2 SİM kartın işini dəstəkləyir. “Blackview BV8000 Pro” smartfonunun təxmini qiyməti 260 dollar təşkil edir.

12

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register