Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Dünən təqdim edilən “Huawei Honor 9” smartfonu istehlakçılar arasında ciddi maraq yaradıb. Buna sübut bu smartfonu əldə etmək üçün müraciətlərin sayıdır. Bir sutkadan az vaxtda ancaq JD.com resursunda 350 mindən artıq müraciət olub. Ancaq bu yeniliyi “Vmall” və daha 6 mağazada da əldə etmək mümkündür. Heç də bütün müraciətlər real sifarişlərə çevrilməsə də, “Honor 9” artıq indidən ən uğurlu məhsul olmağa şanslıdır. Xatırladaq ki, smartfonun 64 Gb yaddaşlı versiyasının Çində satış qiymətləri 400 dollardan başlayır. 128 Gb yaddaşlı versiyası isə 440 dollar qiymətləndirilib. “Huawei Honor 9” smartfonlarının real satışlarına iyunun 16-dan başlanacaq.
Avstriyanın yüksək texnoloji texnika və elektronika istehsal edən “C Seed” şirkəti dünyadakı ən böyük 4K televizorunun qiymətini açıqlayıb. Hər evdə lazımlı əşyalardan olan televizoru alarkən alıcılar ondan uzun müddət istifadə etməyi planlayırlar. Alıcıları texnikanı dəyişməyə məcbur etmək üçün istehsalçılar müxtəlif vasitələrə əl atırlar. Belə ki, 262 düym və ya 6,5 metr diaqonallı, 7,1 və ya 9,1 səsləndirməli on Hi-End dinamiki olan C Seed 262 4K televizorları dünya bazarında 549 000 dollara satılacaq. Bundan başqa, televizorun quraşdırılması üçün mütəxəssis tələb olunur, onun xidmətləri isə 35 000 dollardan ibarət olacaq.
“Sony Interactive Entertainment” şirkəti bildirir ki, iyunun 11-nə olan vəziyyətə görə, “PlayStation 4” oyun avadanlığının satışları 60,4 milyon ədəddən çox olub. Bundan başqa, 487,8 milyon ədəd oyun nüsxələri satılıb. Ayrıca olaraq yenicə buraxılan “Horizon: Zero Dawn” oyunun uğurları da qeyd edilir. Həmçinin elan edilib ki, ödənişli “PlayStation Plus” abunəçilərinin sayı 26,4 milyon nəfəri keçib, ancaq ümumilikdə xidmətdən 70 milyon insan istifadə edir. Fəal istifadəçilər özlərinin PS4 oyun avadanlıqları ilə ümumilikdə həftə 600 milyon saatdan artıq vaxt keçirirlər. Analitiklər qeyd edirlər ki, PS4, bir zamanlar PS2-nin satışlarında olduğu kimi, fəal satılır. Əgər “Sony” şirkəti qarşısına qoyduğu satış planını yerinə yetirərsə, o zaman bir ildən sonra PS4 PS2-ni qabaqlayacaq.
“Instagram” foto xidmətində istifadəçilərə köhnə və uğursuz fotoları silmədən gizlətməyə imkan verən yeni funksiya tətbiq olunub. “Archive” adlı funksiya daha əvvəl azsaylı istifadəçilər üçün əlçatan idi. İndi isə “Android” və iOS əməliyyat sistemləri ilə çalışan bütün cihazların sahibləri bu funksiyadan yararlana bilər. Yeni funksiyadan istifadə etmək üçün fotonu seçmək və yuxarı sağ küncdəki düyməni basmaq, açılan menyuda “Arxivləşdirmək” variantını seçmək lazımdır. Bu halda foto hamının gördüyü lentdən silinərək ayrıca qalereyaya köçürülmüş olacaq. Bu qalereyanı isə yalnız səhifəsini sahibi görə bilər. “The Verge” yazır ki, bununla sosial şəbəkənin tərtibatçıları istifadəçilər tərəfindən silinən fotoların sayını azaltmaq istəyirlər. Belə ki, bəzi istifadəçilər kifayət qədər like yığa bilməyən və ya həddən artıq şəxsi hesab etdikləri fotoları silməyə meylli olur. Yeni funksiya bu fotoları qorumağa imkan verəcək. Xatırladaq ki, bu il aprelin sonunda “Instagram”ın aylıq auditoriyası 700 milyon nəfəri ötüb.
Populyar “Geekbench” bençmarkında “Samsung” şirkətinin yeni smartfonu görüntülənib. Bəzi məlumatlara əsasən, cihaz bu ay bazara çıxarılacaq. Bençmarkın məlumatına görə, telefon 1,9 GHs tezliyi ilə “Snapdragon 835” prosessorunun bazasında çalışacaq. Onun əməliyyat yaddaşının həcmi 4 GB olacaq və “Android 7.0 Nougat” əməliyyat sistemində işləyəcək. Yeni smartfon klassik “Galaxy S8” smartfonundan fərqli olaraq əyilən deyil, səthi ekrana malik olacaq. Həmçinin cihaz daha güclü korpusa malik olacaq və zərbələrə dözümlü olacaq. Belə ehtimallar da mövcuddur ki, “Galaxy S8 Active” analoji olaraq ötən il olduğu kimi, AT&T mobil rabitə operatorunun eksklüziv modeli olacaq.
Sosial media nəhəngi “Facebook” fantastik bir xüsusiyyət ilə gündəmə gəldi. “Facebook”un yeni alqoritmi istifadəçilər ilə birbaşa ünsiyyət qurmasa da, duyğularını təxmin etməyə çalışır. “Üz tanıma’ alqoritmi üçün “Facebook”un qurucusu Mark Zuckerberg 2015-ci ildə patent alıb. İddialara görə, sözügedən patent sayəsində “üz tanıma” alqoritmi telefonların ön kamerasını istifadə edərək istifadəçilərin üzünü tanıyır və duyğularını təxmin etməyə çalışır. “Facebook”un bu xidməti istifadəyə təqdim edib-etməyəcəyinə dair hələlik rəsmi şərh yoxdur. Başqa bir iddiaya görə, “Facebook” istifadəçilərini telefon və kompüter kameraları ilə anba-an izləyə bilir.
Yaponiyanın “Dynamic Map Planning” şirkəti özüidarəolunan avtomobillər üçün nəzərdə tutulan üçölçülü xəritələrin yaradılması üzərində işləyir. Yeddi fərqli subyektdən təqribən 34 milyon dollar maliyyə yardımı alan şirkət layihə üzərində elektron məhsullar, xəritələr buraxan nəşriyyat və avtomobil istehsal edən şirkətlərlə birlikdə çalışır. Yeni xəritələrin özüidarəolunan avtomobillərin gələcək sistemlərinin əsasını təşkil edəcəyi bildirilir. Bu xəritələr sürətli avtomobil yollarında xətlərin sayı və hərəkəti idarə edən siqnallar da daxil olmaqla tam informasiyanı özündə əks etdirəcək. Şirkət 2018-ci maliyyə ilində lazım olan bütün informasiyaları əldə edəcəyinə inanır.
“Lingmo” qurğusu süni intellekt vasitəsilə çoxlu dillər tərcümə edir. Avstraliyanın “Lingmo International” şirkəti insanları universal tərcüməçi qurğusu haqqında elmi-fantastik arzularına yaxınlaşdırıb. “IBM Watson” süni intellekt texnologiyası əsasında işləyən “One2One” qurğusu avtomatik tərcümə üçün “Bluetooth” və ya “Wi-Fi” vasitəsilə bağlantı tələb etməyən ilk kommersiya qurğusudur. Son bir neçə ildə tərcümə texnologiyaları sürətlə inkişaf edir. “Google” və ya “Skype” kimi şirkətlər daim mətn və nitq sistemlərini inkişaf etdirir və təkmilləşdirir, “Google Translate” proqramı isə smartfonlar vasitəsilə ağlasığmaz tərcümə funksiyaları təqdim edir. Məlumata görə, kiçik qulaqcıq şəklində olan yeni texnologiyanın tərkibinə “Watson” superkompüterində istifadə olunan “IBM” texnologiyaları ilə birlikdə “Lingmo International” şirkətinin tərcümə alqoritmləri daxildir. “IBM” texnologiyaları dilin slenq və dialektlərdə rast gəlinən mürəkkəb aspektlərinin tərcüməsi zamanı kömək edir. Bildirilir ki, sistem hazırda 8 dili – Şimali Çin, yapon, fransız, italyan, alman, Braziliya, portuqal, ingilis və ispan dillərini dəstəkləyir. Quraşdırılmış mikrofon 3-5 saniyə ərzində digər dilə tərcümə edilən danışıq ifadələrini qeydə alır. Həmçinin, “iOS” sistemli qurğular üçün çoxlu dillərdə nitqi mətnə və əksinə çevirən əlavə versiyasından istifadə mümkündür. “One2One” qurğusu üçün ilkin sifarişin qiyməti 179 dollar təşkil edir. Bundan başqa, şirkət 229 dollara 2 qurğunun daxil olduğu xüsusi paket təklif edir. Bu, iki nəfərə öz qulaqcığı ilə real vaxt rejimində müxtəlif dillərdə danışıq aparmağa imkan verir.
Kickstarter platformasında maraqlı spinner növü təqdim olunub. 8Mode adlı innovasiyalı spinner diod işıqlı ekrana, keyfiyyətli korpusa, dəyişdirilə bilən batareyalara sahibdir. Spinnerdə olan işıq diodlu ekran öz növbəsində real zaman ərzində bir neçə rejimdə müəyyən məlumatları əks etdirir. Spinnerdəki düyməyə klik edən zaman ekranın iş rejimi seçilir. Həmin iş rejimi isə real zaman ərzində spinnerin fırlanması hesabına seçilir. Ekrana quraşdırılmış 8 ədəd işıq diodu, spinnerin fırlanma sürətini, onun fırlanma nəticəsində dövr sayını, fırlanma vaxtını və s. əks etdirir. 2032 tipli standart iki batareya sayəsində spinner, 10-15 saat çalışmaq potensialına sahibdir. Əgər batareyadakı enerji bitərsə belə, o, elektron spinnerdən adi spinnerə çevriləcək. Sözügedən spinnerin korpusu yüksək keyfiyyətli materiallardan hazırlanıb. Bu spinneri Kickstarter platformasından 25$-a sifariş etmək olar. Onun satışıa çıxması isə bu ilin Oktyabr ayına planlaşdırılır. Həmin vaxta kimi spinnerlərin məşhurluğunun indiki kimi aktual olacağına ümid etmək qalır.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments