Gürcüstan rəhbərliyi niyə Rusiyadan qaz almaq istəyir?

367183_442803

Mənbə.BBC.az“Gürcüstan hökumətinin Rusiyadan qaz alınmasına dair başlanan danışıqlara dair ziddiyyətli açıqlamalarının davam etdiyi bir vaxtda energetika naziri Kaxa Kaladze oktyabrın 26-da Milanda “Qazprom” rəhbəri Aleksey Millerlə ikinci dəfə görüşüb.
Təfərrüatları barədə məlumat verilməyən görüşdə “Qazprom”un Gürcüstanın kommersiya qaz bazarında iştirakına dair danışıqlar aparılıb.
Bunun ardınca “Gürcü arzusu” koalisiyasının “boz kardinalı” Bdzina İvanişvili ilk dəfə Rusiya ilə qaz danışıqlarına dair yaranmış siyasi qalmaqalı şərh edib.
İvanişvili təsdiq edib ki, məqsəd SOCAR-ın Gürcüstanda inhisarçı statusunun aradan qaldırmaq və kommersiya müəssisələrinin qazı daha sərfəli qiymətə almasını təmin etməkdir.
Bdzina İvanişvili oktyabrın 27-də jurnalistlərlə söhbətində xatırladıb ki, Gürcüstan ərazisindən qaz kəməri keçir. Bu qaz kəməri ilə Ermənistana qaz nəql olunur və Gürcüstan bundan müəyyən gəlir əldə edir.
“Bazarın diversifikasiya olunmasında və bizim biznesmenlərə istədikləri yerdən əlavə qaz almaq imkanı yaradılmasında pis heç nə görmürəm. Biz onlara seçim imkanı verməliyik. Hazırda biz ona çalışırıq ki, Gürcüstana İran qazı da daxil olun. Şəxsən mən özüm bu işin içindəyəm”- İvanişvili deyib.
Gürcüstanın “Vahid Milli Hərəkat” müxalifət partiyasının Azərbaycanın ölkəni ucuz qazla təchiz etdiyi bir vaxtda “Qazprom”la danışıqlara görə hökuməti tənqid etməsinə münasibət bildirən İvanişvili bildirib ki, Azərbaycan qazının Rusiya qazından daha ucuz olduğunu hələ aydınlaşdırmaq lazımdır.
“Biznesmenlər dəli deyil ki, özləri bir mənbədən qazı ucuz aldıqları halda başqa yerdə daha baha qiymət ödəsinlər”- o deyib.
“Biz Azərbaycan tərəfinə, SOCAR-a minnətdarıq. Ancaq əgər bir şirkətin bazarda inhisarçı mövqeyini aradan qaldırmaq və müxtəlif şirkətlərin bazarda iştirakını təmin etmək mümkün olacaqsa, bunda pis heç nə yoxdur”- deyə İvanişvili əlavə edib.
Onun sözlərinə görə, “Qazprom”la danışıqlar ətrafında ajiotajı ancaq “Milli hərəkat” qaldırır. Azərbaycan tərəfi isə narahat deyil.”
“Azərbaycan”: Səttar Mehbalıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Qəzet S.S.Mehbalıyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını dərc edib.
“Xalq qəzeti”: NATO rəsmisi: “Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var”
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay dünən Tbilisidə başlayan Cənubi Qafqazda müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş III Forumda deyib ki, Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var.
“Onun sözlərinə görə, Gürcüstan bu istiqamətdə cəhdlərini davam etdirməlidir. C.Appaturay qeyd edib ki, bunun üçün müvafiq inkişaf proqramı işlənib hazırlanıb və Gürcüstan üçün lazımli imkanlar yaradılıb: “Biz 15 il əvvəl ilə müqayisədə Gürcüstanın çox tərəqqi etdiyini görürük. Ölkədə müstəqil məhkəmə mövcuddur, şəffaf və azad media var, şəffaf seçkilər keçirilir”.
Qeyd edək ki, iki günlük Gürcüstana səfər çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. NATO rəsmisi və Gürcüstanın Baş naziri NATO-Gürcüstan münasibətlərinin və strateji məsələlərin düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər. Onlar həmçinin Varşava sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.”
“Xalq qəzeti”: Penitensiar Xidmət: Məhkum Əli İnsanov qardaşının yas mərasimində iştirak imkanından özü imtina edib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki,” Məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi barədə mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Məlumatda deyilir: “Onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar Xidmətdə baxılıb. Humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul olunub və Ə.İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib. Lakin Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib.
Təəssüf ki, belə bir hüzn mərasimini öz maraqları naminə istifadə edən Ə.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yayıblar.
Penitensiar Xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır”.
“Yeni Müsavat”: Müsavat Partiyası parlament seçkilərindən çəkilir
Oktyabrın 28-də Müsavat Partiyası Divanını parlament seçkilərindən çəkilmək barədə qərar verib. Bildirilir ki, “partiya parlament seçkilərində iştirakdan son anda imtina edib. Bu barədə Müsavat Partiyası rəhbərliyi keçirdiyi mətbuat konfransında məlumat verib. Partiya sədri Arif Hacılı qeyd edib ki, Müsavat seçkinin müxtəlif mərhələlərində iştirakı, həmçinin boykotu müzakirə edəcəyini bildirmişdi. O, seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb və qeyd edib ki, hakimiyyət seçki prosesini artıq cari məsələ kimi həyata keçirir.”
A.Hacılı deyib ki, seçkiyə qatılan 25 partiya üzvünün bu qərara hörmət edəcəyinə ümid edir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register