Rustavi 2 bağlanmaq təhlükəsi ilə üzləşib.

images

Mənbə.BBC.az Bu telekanal “Gürcü arzusu” blokunun hakimiyyətə gəldiyi müddətdən etibarən hakimiyyətin siyasətini tənqid edən proqram və verilişləri ilə efirə çıxır.
Cümə günü Tbilisidə məhkəmə Rustavi 2 telekanalına qarşı sahibkarlıq iddialarına baxacaq.
Yayda məhkəmə, biznesmenin sahibkarlıq iddiaları əsasında telekanalın aktivlərini dondurmuşdu.
TV qalmaqalı
Müxalif Milli Hərəkat Partiyasına yaxınlığı ilə bilinən Azad Zona QHT-nin idarə heyətinin sədri Gela Vasadze deyir ki, hakimiyyət 2016-cı il parlament seçkilərinə qədər ölkədəki müstəqil medianı neytrallaşdırmağı qarşısına məqsəd qoyub.
“Rustavi 2 ilə bərabər Maestro TV-ə də təzyiqlər edilir, İctimai TV və İmedi TV-də iki siyasi tok-şou verilişi dayandırılıb.”
Rəsmi məlumatlara görə, TV ətrafındakı qalmaqal biznes fəaliyyəti ilə əlaqədardır. Belə ki, TV-nin keçmiş rəhbəri Rustavi 2-ni geri almaq üçün iddia qaldırıb.
İş adamı Kibar Xalvaşi telekanalı sabiq dövlət başçısı Mixail Saakaşvilinin hakimiyyəti zamanı alıb və satıb. Sənədlərə görə o, Rustavi 2 üçün 200 min ABŞ dolları ödəyib. Sonra isə TV üçün 7 milyon ABŞ dolları ödəməsi barədə iddia qaldırıb.
Vasadze hesab edir ki, bu, siyasi qərardır. “O, hakimiyyətin sifarişini yerinə yetirir. Hakimiyyət dəfələrlə bəyan edib ki, Rustavi 2-nin fəaliyyəti dayandırılmalıdır.”
Gürcüstanda hakim partiyadan başqa, bütün siyasi partiyalar və QHT-lər telekanalın müdafiəsinə qalxıblar.
ABŞ Dövlət Departamenti və Avropa İttifaqı hadisə ilə bağlı bəyanat veriblər. Onlar Rustavi 2-ə qarşı təzyiqlərin azad sözə zərbə olduğunu bildiriblər.
Hökumət isə bütün iddiaları rədd edir. Baş nazir İrakli Qaribaşvli hökumətin iclasındakı çıxışında bunları deyib: “Bizim hökumət ölkədə televiziya kanalı açmaq üçün bütün qaydaları sadələşdirib. Nəyimizə gərəkdir Rustavi 2-ni ələ keçirmək? Hesab edək ki, bizim hökumətdən kimsə bu TV-ə sahibləndi və yaxud Rustavi 2-nin yayım siyasəti dəyişdi. O zaman bu TV-ə indi rəhbərlik edənlər gedib Rustavi 5 adlı TV açıb öz siyasətlərini yenidən yürüdə bilərlər.”
TV-nin hazırki rəhbərliyi və vəkilləri iddia edir ki, Xalvaşinin qaldırdığı məsələlər onun uydurmasıdır və bunu təsdiq edən fakt yoxdur.
Qeyd edək ki, hazırda TV-nin səhmlərinin 90 faizinin sahibləri sabiq prezident Saakaşviliyə yaxınlığı ilə bilinən Karamanişvili qardaşlarıdır.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili oktyabrın 22-də işi aparan hakimlə görüşərkən tələsik qərar çıxarmamasını söyləyib. Onun bu hərəkətini müxalifət partiyaları alqışlayıb, Baş nazir isə “məhkəmənin işinə müdaxilə etdiyinə görə” onu tənqid edib.
Məhkəmə oktyabrın 30-da qərarını açıqlayacaq. Telekanalın rəhbərliyi isə pessimistdir.
Qərb və rusmeyilli
“Gürcü arzusu” bloku hakimiyyətə gəldikdən sonra sabiq komandanın bir neçə üzvünü həbsə atdı, sabiq prezident Mixail Saakaşvilini beynəlxalq axtarışa verdi.
İndi də “hədəf”də mediadır. Hakimiyyətdə olan blok, daha 2 seçkidə – prezident və mer seçkilərində qalib gəlsə də, növbəti ilədək onun eyni uğuru bir qədər çətinliklə təkrarlayacağı görünür.
Blok son seçkini çətinliklə qazanmışdı, 12 regionun 8-də nəticələr ikinci turda müəyyənləşdi. Bu seçki hakim blok üçün ikiqat zərbə oldu: birincisi, onlar xeyli səs itirdilər, ikincisi, Milli Hərəkat səs faizlərini artırdı və seçkidə ikinci yeri tutdu. Baxmayaraq ki, “Gürcü arzusu”nun əsas məqsədi Saakaşvilinin partiyasını siyasət səhnəsindən silmək idi.
Ötən il “Gürcü arzusu” blokunun reytinqi 48 faiz idisə, bu ilin may ayında rəqəm iki dəfə azaldı – 24 faizə düşdü. Müxalifətdə olanda “Milli Hərəkat” isə ötən ilə nisbətən reytinqini 3 faiz artırmışdı və 16 faizə nail olmuşdu.
Nəzər alsaq ki, “Gürcü bloku”ndan “Azad demokratlar” partiyası ayrılıb və onlar hazırda bu iki siyasi qüvvədən heç birini qəbul etmir, o zaman 2016-cı il seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyi aydın görünür.
Bir məqam isə, partiyanın lideri ilə bağlıdır. İrakli Alasaniya həm Saakaşvili, həm də İvanişviliyə yaxınlığı ilə seçilib.
“Milli hərəkat”çılar isə hələ də Saakaşvilinin ətrafında “yumruq kimi birləşməyi” üstün tuturlar. Saakaşvili isə ölkədə deyil, Ukrayna vətəndaşıdır və ölkəsinə nə zaman dönəcəyi məlum deyil.
Qısası, 2012-ci ildən bu yana partiyada yeni simalar yoxdur. Bu da öz növbəsində Gürcüstan siyasəti üçün gözlənilməz haldır.
Hazırda Gürcüstanda müəyyən siyasi qüvvələr arasında qütbləşmə hökm sürür – Qərb və rusiyameylli. Bu paralellik vətəndaşlar arasında da yaşanır.
Çünki, gürcü larisi devalvasiyadan sonra dəyərini kifayət qədər itirib və bu vəziyyət də əhali arasında hazırki hakimiyyətə qarşı müəyyən qəzəb də oyada bilib.
Yalnız, hakimiyyətə kimin gəlməyindən aslı olmayaraq, Gürcüstan Avropa və NATO siyasətinə sadiq qalacaq. Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməyi real görünmür. Bunu, gərək ki, Moskvada da yaxşı bilirlər.
Xatırladaq ki, Rustavi 2 telekanalı 2003-cü ildə baş vermiş “qızılgül” inqilabının əsas səbəbkarlarından idi və inqilabçılara informasiya dəstəyi göstərirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register