Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib. Populyar “Viber” messencerinin yeni yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq “iOS” və “Android” platformaları üçün əlçatandır. Bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür. Həmçinin messencerin “Android” versiyasında açar sözlər üzrə stiker və “Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, sözügedən funksiya “iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş “rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.

1

Skype-ın işində qlobal nasazlıq yaranıb. Avropa, ABŞ və dünyanın digər ölkələrində Skype istifadəçiləri servisin işində nasazlıqla rastlaşıblar. Skype Avropada və ABŞ-ın bəzi ştatlarında işləmir və ya fasilələrlə işləyir. Skype-ın işində baş verən nasazlıq Ukrayna və Belarusda da hiss edilib. Bununla yanaşı, nasazlığın qeyd edildiyi ölkələrdə bəzi istifadəçilər heç bir problemlə üzləşmədiklərini də bildiriblər. Skype komandası problemdən xəbərdar olduqlarını və onun aradan qaldırılması üçün bütün mümkün tədbirləri həyata keçirdiklərini bildiriblər. Skype-ın işində yaranan nasazlığın səbəbi açıqlanmayıb.

2

Smartfonlarda yeni texnologiya tətbiq ediləcək. “Apple” və “Samsung” bir-biri ilə rəqabət apararkən, iddialı Çin istehsalçısı qeyri-adi ideyaların həyata keçirilməsi ilə məşğuldur. “Huawei” şirkəti “Mate 10” smartfonunda bütün rəqiblərini geridə qoyacaq “4D Touch” texnologiyasın tətbiq etmək istəyir. Ancaq  “4D Touch” texnologiyasının necə həyata keçiriləcəyi və nə dərəcədə faydalı olacağı barədə məlumat verilmir. Məlumat görə, “4D Touch” texnologiyasını dəstəkləyəcək ilk qurğu payızda təqdim ediləcək. Yaxın illərdə bütün şirkətlərin bu texnologiya əsasında smartfon istehsal edəcəyi gözlənilir.

3

Dünya üzrə mobil rabitə istifadəçilərinin sayı bəlli oldu. “GSM” Assosiasiyasının “GSMA Intelligence” tədqiqat bölməsi dünyada mobil rabitə istifadəçilərinin sayının 5 milyard nəfəri ötməsini açıqlayıb. Layihənin saytında mobil bağlantıların, eləcə də, unikal abunəçilərin sayının hesablanması aparılır. Məlumatların mobil statistika və proqnozların geniş məlumat bazasına əsaslanması qeyd olunur. “GSMA” statistikasına görə, mobil rabitə istifadəçilərinin sayının 1 milyardı ötdüyü 2003-cü ildən hər növbəti 1 milyard 3-4 ildən sonra qoşulub.

4

“Apple” və IKEA şirkətləri mənzildə mebelin ölçülməsi üçün birgə mobil əlavə yaradır. Əlavə mağazadan alınana qədər mebelin interyerdə necə görünməsini görməyə imkan verəcək. IKEA şirkətinin nümayəndələri bildirib ki, mobil əlavənin tərtibatı yekun mərhələdədir və indiyədək analoqu olmadığı üçün müştərilərin çox xoşuna gələcək. Mebelin ölçülməsi “Iphone” kamerası və əlavə reallıq texnologiyası vasitəsilə reallaşdırılacaq. Payızda istifadəyə veriləcək əlavədə ilkin olaraq 600 mebel predmeti olacaq, zaman keçdikcə bu say artırılacaq.

5

Britaniyalı alimlər smartfonlar üçün sidiklə işləyən enerjidolduran cihaz yaradıblar. Şərqi İngiltərə Universitetinin “Bristol Robotics Lab” şirkəti insanın həyat fəaliyyətinin məhsullarını elektrik enerjisinə çevirməyi öyrənib. Araşdırmaçılar təcrübə keçirərək bir neçə silindr qabları axar kanalizasiya sularında və sidikdə olan doymuş elementlərlə dolu mikroorqanizmlə doldurublar. Bu orqanizmlər elektrik cihazların doldurulması üçün lazım olan elektronları yaradırlar. İcad hər gün 30-40 millivatt gərginlik istehsal etmək gücündədir ki, bunun üçün də 40 litr sidik lazım gələcək. Alimlər gələcəkdə bu rəqəmi artırmaq niyyətindədirlər və bir növ “Powerbank” yaradacaqlar ki, onun köməyi ilə nəinki texnikanı, hətta otağı da enerji il’ doldurmaq mümkün olacaq.

6

Dünya aviainşaatında lider şirkətlərdən biri olan “Airbus” “Vahana” adlanan pilotsuz uçan aparatın konseptini təqdim edib. İxtiraçının ideyasına əsasən, adıçəkilən nəqliyyat vasitəsi hava taksisi funksiyasını yerinə yetirəcək. Kompüter qrafikasının köməyi ilə sıravi sərnişinin ”Vahana” taksisində gedişinin videosu yaradılıb. Sərnişin rolunda çıxış edən videoçarxın baş qəhrəmanı 100 kilometr məsafəni 18 dəqiqəyə qət edib. Həmin marşrut üzrə yerüstü gediş isə trafikin yüklənməsi səbəbindən 1 saat yarımdan az çəkməzdi. Beləliklə, şirkət özünün tək yerlik pilotsuz aparatının əsas üstünlüyünü böyük şəhərlərdə tıxac probleminin həllində görür. Bundan başqa, şaquli eniş texnologiyası sayəsində “Vahana” ən müxtəlif yerlərdən sərnişinləri götürmək imkanına malik olacaq. “Airbus” gələcəyin digər layihəsini də hazırlayır ki, bu da pilotsuz hava nəqliyyatının yaradılmasına istiqamətlənib. “CityAirbus”, adından göründüyü kimi, uçan şəhər avtobusu olmalıdır.

7

Evdə quraşdırılan videokamera çağırılmamış qonaq üçün bələdçiyə çevrilə  bilər. Çinli hakerlər dünyanın istənilən nöqtəsində cihazlara qoşulmağa imkan verən proqram təminatı yaradıblar. Bu proqram təminatının qiyməti 28 dollar təşkil edir. Çində bu cihazlar olduqca populyar əşyaya çevrilməkdədir. Bu səbəbdən xüsusi çatlar yaradılır ki, başqasının həyatına gizli baxmağı sevənlər orda bu veb-kameraların login və şifrələrini bölüşürlər. Proqram təminatından istifadə edərək demək olar ki, bütün kameralara giriş əldə etmək mümkündür. Bura evdə quraşdırılan xarici kameradan tutmuş evdə uşaqlara nəzarət etmək üçün quraşdırılan kameralar da daxildir.

8

İsveçin “Wheelys” şirkəti Şanxayda “Moby” adlı bütün sutkanı fəaliyyət göstərən mobil supermarketi sınaqdan keçirir. Kiçik təkərli mağaza günəş enerjisi ilə işləyir və anbara dönərək məhsul ehtiyatını avtomatik olaraq doldurur. Hərəkətli mağazanın xidmətlərindən istifadə etmək üçün xüsusi mobil əlavəni yükləmək lazım gələcək. Bundan sonra smartfon mağazaya bir növ özunəməxsus giriş olacaq. Kiçik dükanda eyni anda 4 nəfərdən artıq insan daxil ola bilməz. “Wheelys”in mətbuat xidməti bildirir ki, “Moby Mart” süd, hazır naharlar, reseptsiz dərmanlar kimi ani istifadə edilə biləcək məhsullar təklif edir. Bununla belə, şirkət qeyd edir ki, onların mağazası tam olaraq ekolojidir, günəş batareyası ilə çalışır və havanı filtrdən keçirir. Alıcılar məhsulların ştrix kodlarını skan edir və çıxışda onların bank hesablarından avtomatik olaraq ödəniş çıxılır.

9

Məşhur foto və video paylaşım sosial şəbəkəsi “Instaqram”-ın “iPhone” versiyası yenilənib. Versiyanın yenilənməsi ilə şəbəkəyə yeni funksiyalar əlavə olunub. Yeni funksiyalara əsasən şəbəkəyə yeni kamera üz filtrləri və effektləri əlavə edilib.

10

“iPhone 8” kabelsiz şəkildə şarj oluna biləcək. Smartfon bundan öncə su keçirməzlik yeniliyi ilə gündəmə gəlmişdi. “İPhone 8”-in kabelsiz şarj texnologiyası 4,5 metr məsafəyə qədər enerji yığa biləcək. Qeyd edək ki, “İPhone 8”-dən başqa “İPhone 7S”-in də eyni özəlliklə istehsalı gözlənilir.

11

Ancaq bu qərar bütün telefonlara aid deyil. 31 dekabr 2017-ci il tarixindənetibarən “WhatsApp” köhnə telefon modellərinə dəstəyi kəsəcək. Bu telefonlarda “WhatsApp” çalışmayacaq. Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7, iOS 6 (iPhone 3GS), Blackberry 10.

12

Böyük Britaniyanın “BioSelf Technology” şirkətinin bir qrup tədqiqatçısı “Sensate” adlanan kiçik qurğu hazırlayıb. İstifadəçinin sinəsinə bərkidilən qacet stressə səbəb olan hallar zamanı titrəyişlər verərək aztezlikli səs dalğaları yaradır. “Sensate” ürək yığılmaları tezliyi, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanmış məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna ötürülür və proqramın köməyi ilə real vaxt rejimində təhlil edilir. Qacet tərəfindən istifadəçinin stress keçirdiyi müəyyən edildiyində, proqram aztezlikli səs dalğalarını yaradaraq “Sensate” qurğusunun titrəşiminə səbəb olur. Vibrasiya sümük keçiriciliyi sayəsində istifadəçinin sinəsinə nüfuz edərək Vaqus sinirini stimullaşdırır və stressin azalmasına kömək edir.

13

Kimyəvi silahı neytrallaşdıra bilən qoruyucu parça yaradılıb. Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri sayılır. İlk vaxtlarda kimyəvi silah insana tənəffüs yolu vasitəsilə zərər vurduğu halda, müasir nümunələr son dərəcə təhlükəlidir. Belə silahın tətbiqinin qadağan edilməsinə baxmayaraq, bu o demək deyil ki, ona qarşı müdafiə vasitələri yaratmağa ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni parça növü zəhərləyici maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdir. Qoruyucu parçanın əsasını katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət olan xüsusi üzvi-metal strukturlar (metal-organic frameworks, MOF) təşkil edir. Bu strukturlar kimyəvi silahın tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə neytrallaşdırmaq və parçalamaq qabiliyyətinə malikdir. Tozaoxşar üzvi-metal strukturlar, həmçinin bəzi qaz növlərini sovura bilir. Yeni həll Şimal Karolina Universitetinin alimləri tərəfindən tapılıb. Gələcəkdə bu texnologiya əsasında yaradılmış parça yalnız hərbçilər

14

“OnePlus” şirkəti, rəsmi olaraq OnePlus 5 modelini təqdim etdi. Xarici görünüşcə OnePlus 5, iPhone 7 Plus modelinə bənzəyir. Belə ki, iki model arasında oxşarlıqlar çoxdur. Məsələn ikili arxa kameranın, loqonun, və kənar düymələrin yerləşmə tərzi, iPhone 7 Plus-ı xatırladır. Smartfonun USB Type-C və 3.5 mm-lik standart audiogirişi olduğu aşağı hissəsi isə tamamilə fərqlənir. OnePlus 5-in barmaq izi skanı, ön panelindəki “Home” düyməsinə inteqrasiya olunub. Ekran özü isə keramik çərçivələrlə qorunur. Texniki göstəricilərə gəldikdə isə OnePlus 5, 5.5 inç Full HD Optic AMOLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 3300 mAh enerji tutumlu batareya, biri 16 MP, digəri isə 20 MP olmaqla ikili arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. 6 GB RAM ə 64 GB daxili yaddaşa sahib model 479$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 539$-a satılacaq.

15

Bradford Universitetində çalışan britaniyalı alimlər qrupu tərəfindən yaradılmış unikal neyron şəbəkəsi insan görünüşündəki  dəyişiklikləri proqnozlaşdırır. Alimlərin sözlərinə görə, onlar tərəfindən hazırlanmış alqoritm xətti deyil, buna görə fərdi parametrlərin hesablanması üçün tam uyğundur. Yeni proqramın yaradıcılarından biri deyib ki, sistem öyrənmə prosesində bir neçə min sifətin şəkli ilə bağlı məlumatları təhlil edib. Alqoritm insan sifətinin bütün xüsusiyyətlərini (alın, dodaqlar, burun və hətta almacıq sümüklərinin formasını) tutuşdurduqdan sonra son nəticəni təqdim edir. Yeni proqram çoxdan itkin düşmüş insanların axtarışında istifadə edilə bilər. Alimlər sınaq zamanı 1991-ci ildə Yunanıstanda itkin düşmüş 21 aylıq oğlan şəklindən istifadə ediblər. Onu tapmaq alınmasa da, ancaq sistem həmin oğlanın 20 il sonrakı görünüşünü təsvir edib.

16

“Fujitsu” korporasiyası yeni biometrik autentifikasiya sistemini təqdim edib. Barmaq izi və gözün torlu qişasının skaneri ilə müqayisədə yeni innovativ metod fərdi məlumatları kibertəhdidlərdən daha yaxşı mühafizə edəcək. “PalmSecure ID” adlı yeni sistem istifadəçini ovucdakı vena damarının şəklinə görə müəyyənləşdirir. Yeniliyin inteqrasiyası “Microsoft Active Directory” kataloqlar xidməti vasitəsilə həyata keçirilir və “Windows” əməliyyat sistemində əlçatandır. Kompüterdə sistemi işə salmaq və ya daxili sistemə baxış üçün autentifikasiyadan keçmək üçün “PalmSecure ID” istifadəçisi ovcunu kontaktsız skanerin üzərinə qoymalıdır. Məlum olub ki, artıq “Fujitsu” şirkətinin müasir planşet və noutbuk modelləri yeni biometrik autentifikasiya sistemi ilə təchiz edilib. “Microsoft Active Directory” sayəsində istifadəçilər korporativ şəbəkəyə qoşulmuş istənilən qurğuda öz hesabına daxil ola bilərlər. Məhz “PalmSecure” xidməti bütün idarəetməni mərkəzləşdirir və fərdi məlumatları saxlayır. Yeni sistemin dövlət təşkilatları, tibb məntəqələri, banklar və aeroportlarda aktiv tətbiqi planlaşdırılıb. Texnologiya real vaxt rejimində işləmək, autentifikasiya zamanı insanın qanının hərəkətini yoxlamaq və saxtakarlığa qarşı mühafizəni təmin etmək bacarığına malikdir.

17

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan (KAIST) olan mühəndislər qrupu tərəfindən hazırlanmış yığcam qurğu insan sifətini 97%-dək dəqiqliklə tanıyır. Aşağı enerji sərfiyyatı ilə səciyyələnən sözügedən qurğu gündəlik həyatda geniş tətbiq oluna bilər. Hazırda mövcud olan yüksək dəqiqlikli sifətin tanınması sistemlərinin işi üçün böyük hesablama gücü tələb olunur ki, bu da onların məhdud hesablama resurslarına və nisbətən zəif akkumulyatora malik mobil qurğularda effektiv tətbiqinə imkan vermir. Buna görə Koreya alimləri tərəfindən yaradılmış sistem insan sifətini yüksək dəqiqliklə tanımaqla yanaşı, həmçinin daha az enerji tələb edir. “K-Eye” adlandırılmış sistem çox dəqiq neyron şəbəkəsi əsasında işləyir və şəkli fotosensordan əldə edərək onu ani olaraq təhlil edən (sifəti fondan ayırır) xüsusi analoq prosessordan ibarətdir. Bundan sonra bu fraqment “KAIST” tərəfindən hazırlanmış və bilavasitə sifətin tanınması ilə məşğul olan “CNPP” adlı rəqəmli prosessora ötürülür.

18

“Toshiba” şirkəti uzun müddət avtonom işləyə bilən “Tecra X40” yığcam kompüterini təqdim edib. İstehsalçı yeni noutbuku 48 Vatt/saat tutumunda akkumulyator batareyası ilə təchiz edib və bunun sayəsində qurğunun avtonom iş vaxtı 13 saat təşkil edir. Noutbuk “Intel” şirkətinin müxtəlif prosessorları, həmçinin “Core i7” ilə işi dəstəkləyir. Ancaq hazırda satışda yalnız “Core i5-7300U” çipi ilə təchiz edilmiş “Tecra X40-D1452” modeli əlçatandır.14 düymlük ekranın təsvir ölçüsü 1920×1080 və ya 1366×768 piksel təşkil edir. Ekran sensor toxunuşu dəstəkləyir. Noutbukun qalınlığı 16,9 mm, çəkisi təxminən 1,25 kq-dır. Bundan başqa, noutbuk, həmçinin 8 QB-dək əməli yaddaş, 256 QB-lıq sərtgövdəli daşıyıcı, “Intel Wireless-AC 8265” simsiz rabitə modulu, “Intel i219-LM” şəbəkə kartı, “USB 3.0” konnektorları, “DisplayPort” şinini dəstəkləyən “USB 3.1 Type-C” və “HDMI” video çıxışı ilə təchiz edilib. Noutbukda barmaq izi skaneri, “TPM” modulu və istifadəçinin sifəti üzrə eyniləşdirmə sistemi əlçatandır. Qurğunun korpusu cızıqlara qarşı, klaviatura isə suya qarşı dayanıqlıdır. “Toshiba Tecra X40-D1452” modelinin qiyməti 1330 dollardır.

19

“Google” şirkəti yaxın vaxtlarda “Google Drive” “bulud” xidmətinin funksionalını genişləndirəcək və istifadəçilərə faylların ehtiyat köçürülməsi üçün öz kompüterlərində qovluq seçməyə imkan verəcək, halbuki indi yalnız “Google Drive” servisinin xüsusi qovluğundakı məlumatlar üçün ehtiyat köçürmə əlçatandır. Yeni funksiya 28 iyunda fərdi kompüter və “Mac” üçün istifadəyə veriləcək “Backup and Sync” adlı proqramda əlçatan olacaq. Belə görünür ki, yeni proqram indiki “Google Drive app” proqramını və “Google Photos Backup” servisini əvəz edəcək. Şirkət adi istifadəçilərə yeni proqram çıxan kimi onu yükləməyi və kompüterə quraşdırmağı tövsiyə edib. Korporativ müştərilər hələ ki “Drive File Stream” proqramının çıxarılmasına kimi “Google Drive” proqramından istifadə etməli olacaq. “Google”un bu addımı, yəqin ki, bir çox istifadəçilərin rəğbətini qazanacaq. Belə ki, bir neçə il ərzində “Dropbox” servisinə belə funksionalın tətbiqi üzrə sorğular verilsə də, ancaq onun istifadəçiləri əvvəlki kimi sinxronlaşdırma üçün faylları xüsusi qovluğa yükləməlidirlər. Bu halda fərdi kompüterdəki istənilən məlumatın ehtiyat köçürülməsi imkanı pulsuz istifadə üçün əlçatan 15 QB disk sahəsinin tez yüklənməsi ilə nəticələnəcək.

20

İndi smartfon istehsalçıları başqa şirkətlərin hazır həllərindən imtina edərək öz komponentlərini yaratmağa üstünlük verirlər. Bu, xüsusilə prosessorlara aiddir: prosessor istehsalı ilə məşğul olan istehsalçılar sistemi aparat üçün daha yaxşı optimallaşdırmaq imkanı əldə edirlər. İndi “Apple”, “Samsung”, “Huawei” və hətta “Xiaomi” şirkətləri öz prosessorlarını istehsal edirlər. Şayiələrə görə, “Apple” və “Samsung” şirkətləri, həmçinin qrafik sürətləndiricilər hazırlamaq niyyətindədirlər. İndi isə məlum olub ki, ötən il “Pixel” və “Pixel XL” smartfonlarını təqdim etmiş “Google” şirkəti mobil prosessor hazırlamaq niyyətindədir. Məlumata görə, axtarış nəhəngi “Apple” şirkətinin mühəndisi Manu Qulatini işə götürüb. 2009-cu ildən “Apple”da işləyən Manu şirkətin mobil prosessorlarının hazırlanmasında vacib rol oynayıb. Manu Qulati artıq 2 aydır “Google” şirkətində çalışır.

21

“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır. 1,9 qiqahers takt tezlikli “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək. Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb. Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcəklər.

22

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “J Series” istehsal xəttinə məxsus “Galaxy J7 Max” smartfonunu təqdim edib. Yeni smartfon 1920×1080 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekran, 2,3 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların 300 Mbit/s sürətində ötürülməsini təmin edir) modemi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. 128 QB-dək tutuma malik “microSD” daşıyıcısının qoşulması mümkündür.13 meqapiksellik matrisə malik əsas kamerada işıq diodu işıqlandırıcısından istifadə edilib, ön kameranın təsvir ölçüsü, həmçinin  13 meqapikseldir. Bundan başqa, qurğu “GPS”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.1” simsiz rabitə modulları, 3300 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android 7.0 Nougat” mobil  əməliyyat sistemi ilə idarə olunur. Barmaq izi skaneri və 2 ədəd SİM kart üçün slot mövcuddur. 20 iyun 2017-ci il tarixində satışa çıxarılacaq “Samsung Galaxy J7 Max” smartfonunun qiyməti məlum deyil. Yeni cihaz qara və qızılı rəngli korpuslarda əlçatan olacaq.

23

“Lenovo” şirkəti tərəfindən hazırlanmış “Moto E4” və “E4 Plus” smartfonları rəsmi təqdim edilib. “Moto E4 Plus” modeli 5000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. İstehsalçının sözlərinə görə, smartfon adi rejimdə iki gün ərzində avtonom işləyir. Bundan başqa, telefon 1280×720 nöqtə təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 və ya 32 QB təşkil edir. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 5 meqapikseldir, hər iki kamerada “LED” işıqlandırıcı mövcuddur. “Moto E4” modeli 5 düymlük “HD” təsvir ölçülü ekran, metal korpus və 2800 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfon 8 meqapiksellik əsas kamera, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Hər iki model metal korpusa malikdir, iki SİM kart, barmaq izi skanerini dəstəkləyir və “Android 7.1.1 Nougat ƏS” mobil sisteminin idarəetməsi altında işləyir. 2017-ci ilin iyulunda “Moto E4” və “Moto E4 Plus” modellərinin satışına başlanılacaq. Smartfonların qiyməti müvafiq olaraq 129 və 179 dollardır.

24

Elektron mürəkkəb texnologiyaları əsasında ekranların yaradılması ilə məşğul olan “E Ink” şirkəti elektron mürəkkəbli elastik ekran prototipini nümayiş etdirib. Yeni texnologiya perspektivdə istehsalçılara qatlanan elektron kitablar buraxmağa imkan verəcək. 10,2 düym diaqonala və 220 ppi piksel sıxlığına malik ekran prototipi mayın sonunda Los-Ancelesdə keçirilən “SID Display Week” sərgisində nümayiş etdirilib. Məlumata görə, şirkətin stendində təqdim edilən prototip kitab cildini xatırladan qatlanan cildə yerləşdirilib. Prototip elektron mürəkkəblə işləyən bütün displeylər kimi, enerjidən qurğu yenilənən zaman istifadə edir və oxunaqlı görünür. Bununla yanaşı, displeydə iki nəzərəçarpacaq çatışmazlıq müəyyənləşdirilib. Onlardan biri ekranın parlaq səthli olmaması, digəri isə lazımi elastikliyin yoxluğundadır. Belə ki, prototip nisbətən böyük əyilmə radiusuna malikdir və kağız vərəqi kimi yarıya tam qatlanmır. Şirkətin prototipdəki çatışmazlıqları aradan qaldıracağı təqdirdə yaxın gələcəkdə satışa müxtəlif şirkətlər tərəfindən buraxılan yeni formatlı elektron kitabların çıxarılacağı gözlənilir.

GizmoSlip adlı YouTube kanalının müəllifləri, iPhone 7, Google Pixel XL və Galaxy S8 modellərini mikrodalğalı sobada qızdıraraq testdən keçirdiblər. Testin əsas məğzi sözügedən hər 3 smartfonu mikrodalğalı sobaya yerləşdirib onların hansı müddətdən sonra sönəcəklərini və alışıb yanacaqlarını görmək olub. Mikrodalğalı sobanın işə salınmasından 2 saniyə sonra iPhone 7 öz-özünə işə düşüb, 5 saniyə sonra isə hər 3 smartfon yararsız hala düşüb. Lakin sonradan iPhone 7 və Google Pixel XL modellərini yenidən işə salmaq mümkün olub. Galaxy S8 isə ümumiyyətlə işə düşməyərək testdən keçməyib. Testin ikinci mərhələsində yerdə qalan 2 smartfon, 5 saniyə ərzində sönüb. Bu dəfə testi uğursuz şəkildə Google Pixel XL modeli tərk edib. iPhone 7 isə nəinki yenidən işə düşüb, hətta normal şəkildə çalışmağa davam edib. Bu testin nə ilə bitdiyini görmək üçün isə aşağıdakı videoya nəzər yetirin.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register