Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Yeni “Altdeyt” (“UltData”) proqramı mobil telefonlarda bütün itirilənləri tez və asanlıqla bərpa etməyə kömək edəcək. “Altdeyt” proqramını “Tenorşeə” (“Tenorshare”) şirkətindən olan mütəxəssislər tərtib ediblər və o, bütün “Ayfon” modellərinə uyğun gəlir. Adi hallarda məlumatların bərpa olunması üçün üç variantdan istifadə edirlər. Bu, bulud, “Aytunes” və “Ayfon”un özü vasitəsilə mümkün olur. Ancaq çox vaxt zədə alan smartfon kompüterə qoşulmur və o zaman məlumatları “Aytunes” vasitəsilə bərpa etmək alınmır. “Altdeyt” sərbəst olaraq məlumatları təhlil edir və nəyi saxlamaq mümkün olduğunu göstərir. “Altdeyt”in köməyi ilə 20 növ məlumatı bərpa etmək mümkündür. Bura eyni zamanda Votsapdan yazışmalar, səs yazıları, video və şəkillər də aiddir.
Feysbuk sosial şəbəkəsi profillərdəki fotoların yüklənmək funksiyasını ləğv edir. Artıq profil və örtük fotosunu yükləmək və ekran görüntüsünü almaq mümkün olmayacaq. Bu funksiyanın ləğv edilməsinin əsas səbəbi insanların fotolarının oğurlanması və onların adına saxta profillərin açılması hallarının artımıdır. Dostluğunuzda olmayan şəxslər sizi şəkillərdə işarələyə bilməyəcək. Qeyd edək ki, hər gün 600 min Feysbuk hesabı oğurlanır və bu hesablar kopyalanaraq insanlar aldadılır.
Çinin “Lenovo” şirkəti əyilən ekrana malik noutbuk konsepsiyasını nümayiş etdirib. Təqdimat Nyu-Yorkda keçirilən “Lenovo Transform” tədbirində baş tutub. Şirkətdən bildiriblər ki, söhbət hələlik ənənəvi qatlanma mexanizmi olmayan, əyilmiş displeyə malik və standart klaviaturalı leptop ideyasından gedir. Cihaz yeni texnologiyadan istifadə edilməklə yeni materiallardan hazırlanacaq. Noutbuk səs komandalarını və əlyazmanı dəstəkləyəcək. Başqa xüsusiyyətlər haqda məlumat verilməyib. Qeyd edək ki, indiyə qədər bir çox şirkət əyilmiş displeyə malik prototip nümayiş etdirsə də, hələlik bu ideyalar reallaşmayıb. 2016-cı ilin iyununda “Lenovo” 2 ədəd OLED-ekranlı əyilən smartfon prototipi təqdim edib, lakin yeni məhsulun 5 il ərzində bazara çıxarılması planlaşdırılır.
Elektromobil enerji toplamadan 110 km avtonom hərəkət edə bilir. Kolumbiyada enerji mənbəyi qismində küləyin gücündən istifadə edən elektromobilin sınaqları keçirilib. “Eolo” və ya “Aeolus” adlanan avtomobil prototipi Nelson Havyer Roldan tərəfindən hazırlanıb. Saatda 130 km-dək sürət yığan küləklə işləyən elektromobil enerji toplamadan 110 km avtonom hərəkət edə bilir.
https://daytube.az/az/videos/50059/
Apple korporasiyası iPhone smartfonlarının yeni modelləri olan iPhone 8 və iPhone 8 plus-u artıq hazırlayıb. Apple korporasiyası yeni iPhone-ların dizaynı barədə heç bir məlumat verməsə də, Britaniyanın Olixar şirkəti iPhone 8 üçün qoruyucu aksessuarlara sifarişləri qəbul etməyə başlayıb. Aksessuarlar Mobile Fun ticarət şəbəkəsində satılacaq. iPhone 8 smartfonlarında ikiqat linzalı 2 3D kamera şaquli olacaq. Yeni smartfonların istehsalına artıq başlanıb. Smartfonun ilkin satış qiyməti 1000 dollardır. Yeni iPhone smartfonları payızda rəsmi olaraq təqdim ediləcək. iPhone 8-in özəllikləri: ual linzalı 3D kamera, Əyilmiş şüşə korpus, “Əlavə reallıq” qacetlərindən istifadəyə imkan verən ekran, Naqilsiz enerji toplama imkanı, 5,8 düymlük OLED displey, Touch İD düyməsinin ekrandakı funksiya ilə əvəzlənməsi, Ortada metal dayaq çərçivəli şüşə arxa hissə, Simanın tanınması funksiyası.
“Samsung” yaxın vaxtlarda öz pərəstişkarlarını yeni açılıb-bağlanan smartfonu ilə sevindirəcək. Cihazın təxmini qiyməti 250 dollar olacaq. Məlum olub ki, açılıb-bağlanan smartfon “Android 6.0.” platformasında qırmızı və qara rənglərdə hazırlanacaq. Lakin smartfonun standart kameraları (5 və 8 meqapiksel) çətin ki, müştəriləri sevindirsin. “Samsung”un tərtibatçıları smartfonun populyarlıq qazanacağı halda, kameraları gücləndirəcəklərinə söz veriblər. Qeyd edilir ki, “Galaxy Folder 2” adlanacaq yeni smartfon daha çox köhnəliyi sevən və əvvəlki açılıb-bağlanan telefonları yaxşı xatırlayan istifadəçilər üçün nəzərdə tutulub. Bir qayda olaraq, belə insanlar mobil telefonları ancaq danışıq üçün istifadə edirlər və standart dizayna üstünlük verirlər. Məhz bu kateqoriya üçün cihazda xüsusi güclü dinamik yerləşdirilib ki, bu da zəngi daha güclü edir.
Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi ölkədə istehsal olunan və idxal edilən 403 min 128 avtomobilin geri çağırılması barədə göstəriş verib. Yonhap agentliyi nazirliyə istinadla xəbər verir ki, müxtəlif nöqsanlara görə geri çağırılan avtomobillər 7 şirkətin 38 modelinə aiddir. Buraya “Hyundai”nin “Santa Fe” və “MaxCruze” modelləri, “Maserati Ghibli”, “Ford Focus”, “Lincoln MKS” və digərləri daxildir. Avtomobillərdəki qüsurlu hissələr istehsalçı şirkətlərin hesabına dəyişdiriləcək.
“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Modern Mouse” “maus”u öz dizaynına görə “Surface” seriyasına məxsus yeni fərdi kompüter modellərinə uyğundur. Kompüterə qoşulma üçün “Bluetooth 4.0” simsiz interfeysi istifadə olunur. Açıq məkanda rabitə məsafəsi 10 metr, ofisdə 5 metr təşkil edir. “Maus” “AAA” ölçülü iki batareya vasitəsilə enerji toplayır. “Microsoft Modern Mouse” əksər əməliyyat sistemlərini dəstəkləyir. “Maus”un ölçüləri 115x64x33,5 mm, çəkisi isə 90 qramdır. “Maus”un qiyməti 50 dollardır.
“Huawei” şirkəti bazarda mövqeyini möhkəmləndirməkdə davam edir. “Apple” və “Samsung” bir-biri ilə rəqabət apararkən, iddialı Çin istehsalçısı yeni texnologiyaların tətbiqi və qeyri-adi ideyaların həyata keçirilməsi ilə məşğuldur. İki il əvvəl məhz “Huawei” iki sənaye nəhəngini geridə qoyaraq “Force Touch” texnologiyasından ilk dəfə “Mate S” smartfonunda istifadə edib. Lakin “iPhone” smartfonunda istifadə edilən “3D Touch” texnologiyasının “Huawei” texnologiyasını üstələməsinə baxmayaraq əzmkar çinlilər ruhdan düşmək fikrində deyillər. Belə ki, bu yaxınlarda internetdə şirkətin yeni güc təsiri texnologiyası üzərində çalışması və “Huawei 4D Touch” əmtəə nişanının qeydə alınması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Məlumata görə, hazırda yeni texnologiyanın necə həyata keçiriləcəyi və nə dərəcədə faydalı olacağı barədə məlumat verilmir. Bildirilir ki, “4D Touch” texnologiyasını dəstəkləyəcək ilk qurğunun, ilkin məlumatlara görə, payızda təqdim ediləcək “Huawei Mate 10” smartfonu olacağı gözlənilir. Bundan əlavə, yeni texnologiya “Huawei” şirkətinin 2018-ci ildə istehsal edəcəyi bütün qabaqcıl modellərdə tətbiq olunacaq.
Bir neçə aydır Finlandiyanın “HMD Global” şirkəti “Nokia 9” smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb. “Nokia 9” 2560×1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, “Snapdragon 835” prosessoru və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq. Məlumata görə, qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, “Nokia 9” adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə, həmçinin qeyd olunub ki, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar olaraq qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq. “Nokia 9” smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.
“LG” şirkəti qabaqcıl “G6” smartfonunun təkmilləşdirilmiş modelini təqdim edib. “LG G6+” əvvəllər yalnız ABŞ bazarına çıxarılan smartfonlarda quraşdırılan simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Bundan başqa, 128 giqabayt quraşdırılmış yaddaşa malik olacaq qurğu dəstinə “B&O Play” qulaqcığı daxildir. Həmçinin, modelin rənglərinin sayı artırılmaqla qara, qızılı və göy variantlar əlavə olunub. Yeni “LG G6+” modelinin digər xüsusiyyətləri qurğunun əvvəlki versiyası ilə eynilik təşkil edir. Əsas qabaqcıl model kimi, yeni qurğu 5,7 düym diaqonallı “FullVision” ekran, dördnüvəli “Snapdragon 821” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 13 meqapikselli kamera ilə təchiz ediləcək. Bundan əlavə, “LG Electronics” 32 giqabayt daxili yaddaş tutumuna malik “LG G6” versiyasını nümayiş etdirib. Qurğunun ağ, göy və qızılı rəng versiyalarında buraxılması nəzərdə tutulur. Yeni qurğuların iyulun əvvəlində Cənubi Koreyada satışa çıxarılması planlaşdırılır. Smartfonların qiyməti və onların dünya bazarına çıxarılması ilə bağlı planlar barədə məlumat verilmir.
“Skype” internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş “Starship Technologies” adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib. Qanuna görə, robotun hündürlüyü 1 metr və uzunluğu isə 1,2 metrdən çox olmamalıdır. Robotun çəkisi 50 kq, korpusu isə ağ rəngdə olmalıdır. Robot kuryer mütləq fara və işığı əks etdirən elementə malik olmalıdır. “Starship Technologies” tərəfindən hazırlanan robotlar bu şərtlərə uyğun gəlir, ona görə çox tezliklə belə kuryerlər Estoniya ərazisi üzrə bağlamaların çatdırılmasını həyata keçirəcəklər.
Londonda keçirilmiş “BSides” konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Ross Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib. Elektron siqaret vasitəsilə fərdi kompüterə müdaxilə ona əsaslanır ki, cihazlar enerji toplamaq üçün çox vaxt elektrik rozetkasına deyil, “USB” vasitəsilə kompüterə qoşulur. Əgər elektron siqaretə xüsusi mikrosxem daxil edilsə, kompüteri bunun klaviatura olduğuna “inandırmaq” olar və bu halda kompüter qurğu tərəfindən göndərilən komandaları yerinə yetirməyə başlayacaq. Elektron siqaretlə trafikin qarşılıqlı əlaqəsini nəzərdə tutan başqa hücum variantı da mövcuddur. Bir çox istifadəçilər artıq hücumu sınaqdan keçirərək “YouTube” videohostinqində video yerləşdiriblər.
https://daytube.az/az/videos/50089/
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments