Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Daha öncə verilən açıqlamada “WhatsApp” proqramının bəzi əməliyyat sistemləri və telefonlarda fəaliyyətini dayandıracağı bildirilmiş və 30 iyun 2017-ci il son tarix olaraq göstərilmişdi. Bu qərar “BlackBerry OS”, “BlackBerry 10”, “Nokia S40” və “Nokia Symbian S60”a aid idi. Lakin, şirkət qərarını dəyişərək bu vaxtı uzadıb, Belə ki, “BlackBerry OS” və “BlackBerry 10” üçün vaxt bu ilin 31 dekabrına qədər uzadılıb. “Nokia S40” istifadəçiləri isə 2018-ci ilin 31 dekabrına qədər bu proqramdan istifadə edə biləcəklər. Bundan başqa, “Whatsapp” “Windows Phone 8.0” və daha köhnə cihazlarda 31 dekabr 2017, “Android”in 2.3.7 seriyası və daha əvvəlki versiyalarıda isə 1 fevral 2020-ci ilə qədər çalışacaq.

1

San Fransiskoda bir startup layihəsi olan BabelOn cihazı hər bir sözü həmin anda başqa bir dilə çevirə biləcək. İllərdir üzərində iş aparılan cihazın sözləri istifadəçinin öz səsi ilə tərcümə edə biləcək. Bunun üçün San Fransiskoda səsyazma studiyasında səsinizin yazılması lazımdır. Bununla da BabelOn-da dil bilgisi profili yaranır. Daha sonra cihaz danışmadığınız dillərdə səsisnizi sintezləyə bilir. İndiki vəziyyətdə cihazın İngiliscə, Fransızca, İspanca, Almanca, Portuqalca, Çincə, Yaponca və Hindcə tərcümə imkanlarını hədəflər sırasındadır. 13 ildir üzərində iş aparılan bu layihənin filmlərin dublyajında istifadə edilməsini planlaşdırılır. Eləcə də səsin qorunaraq gələcək nəsillərə çatdırılması və təkrar istifadəsi üzərində iş aparılır. Bu məhsulun satışa çıxarılması üçün müəyyən bir zaman tələb edilir. Çünki birinci dəfə studiyada səs yazmaq üçün 2 saat vaxt lazımdır.Onun analiz edilib, tərcümə xidmətinin əlavə edilməsi bir həftədən bir aya qədər davam edə bilir. Çihazı hazırlayanların məqsədi 6 ay sonra ilk prototipi hazırlamaq, 3 il sonra isə sinxron tərcüməni həyata keçirməkdir.

2

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək. Sözügedən messencerin istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq. Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək. Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər. “WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.

3

Almaniya messencerlərdəki yazışmaları izləyəcək. Almaniyada messencerlərdəki yazışmaları izləməyə icazə verən qanun qəbul edilib. Qərar “Skype” və “WhatsApp” kimi populyar messencerlərə də şamil olunur. Messencerlərə nəzarət üçün proqramlar yaratmaq yönündə kəşfiyyat orqanlarına tapşırıq verilib. Qanun almaniyalı istintaqçılara cinayət işlərində casusluq proqramlarından istifadə etmək imkanı da yaradır. Bu halda informasiya hələ onu göndərənin kompüterindəykən ələ keçirilə bilir.

4

Robotlaşdırılmış quşlar hava limanında növbətçilik edəcək. Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi “çağırılmamış qonaqlar”dan əziyyət çəkir. Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunub. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət  “şahin quş dəstələri” saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb. “Robird” adlanan robot Niderlandın Tvente Universitetində hazırlanıb. Forma, rəng, hərəkət və uçuş xüsusiyyətlərinə görə robotlaşdırılmış şahini uzaqdan həqiqi quşdan fərqləndirmək qeyri-mümkündür. Vəhşi quşlar robot şahini canlı quş və ac yırtıcı kimi qəbul edərək onun olduğu yerdən uzaqlaşmağa çalışırlar. Məlumata görə, saatda 80 km sürət toplayan robot quş uzaq məsafədən avadanlıq vasitəsilə idarə olunur. Hazırda robot quş aeroportda növbətçilik etsə də, onun tətbiq edilmə sahəsi hava məkanının mühafizəsi ilə məhdudlaşmayacaq. Texnologiyanın tətbiqi üçün vacib sahələrdən biri də kənd təsərrüfatı hesab olunur. Mütəxəssislər tezliklə səmada robotlaşdırılmış şahinlər dəstəsinin görünəcəyini istisna etmirlər.

5

“Apple” korporasiyası özünün “Apple Store” əlavələr mağazasını təmizləyəcəyini açıqlayıb. Təmizləmə qlobal olacaq və bütün ölkələri əhatə edəcək. Şirkət bütün mümkün klonlardan canını qurtarmaq qərarına gəlinib. Təkcə onu qeyd edək ki, bir zamanlar bütün dünyaya səs salmış “Flappy Bird” oyununun oxşarı bir neçə yüz ədəd təşkil edir. Həmçinin, artıq tərtibatçıları tərəfindən atılmış və uzun illər ərzində yüklənməyən virtual mağaza və əlavələrdə də təmizləmə işləri aparılacaq. Ümumilikdə bu, “App Store”da ən iri miqyaslı təmizləmə olacaq.

6

“Google” axtarış sisteminin Rusiyada bloklanmasının səbəbi aydın olub. Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti – “Roskomnadzor”un rəsmi nümayəndəsi Vadim Ampelonski bildirib ki, “Google”un səhifələrindən iki bukmeker kontoruna yönləndirmə mövcud olub. Bu kontorlar isə Rusiya ərazisindən qadağan edilib: “Google.ru saytında səhifələrin birindən bizim daha əvvəl blokladığımız bukmeker kontorunun saytına redirekt – yönləndirmə var idi”. V. Ampelonski bununla bağlı “Google”a müraciət etdiklərini və “Roskomnadzor”un tələbinin yerinə yetirildiyini deyib. Nəticədə “Google” “qara siyahı”dan çıxarılıb. Xatırladaq ki, “Google.ru” səhifəsi iyunun 14-də “Roskomnadzor” tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

7

ABŞ-ın elektromobil istehsalı ilə məşğul olan “Tesla” şirkəti öz musiqi xidmətinin yaratmaq imkanlarını nəzərdən keçirir. Şirkət artıq iri musiqi şirkətləri ilə danışıqlar aparır. Mənbə bildirib ki, hələlik “Tesla”nın öz müstəqil xidmətini yaradacağı, yaxud mövcud musiqi xidmətlərindən biri ilə tərəfdaşlıq quracağı aydın deyil. Hazırda İlon Maskın şirkəti Avropa, Avstraliya və Honkonqda “Spotify” ilə əməkdaşlıq edir. ABŞ və Kanadada isə tərəfdaş “Slacker”dir. “Biz bunu çox vacib sayırıq ki, müştərilərimiz öz seçdikləri mənbədən istədikləri musiqiyə qulaq asa bilsinlər”, – deyə Tesla”dan bildirilib. Bu yaxınlarda İ. Mask səhmdarlarla görüşündə striminq xidmətləri sahəsində müxtəlif variantları öyrənəcəyini deyib. Lakin o, yaxşı pleylist və ya alqoritm tapmağın çətin olduğunu da söyləyib.

8

“Facebook” sosial şəbəkəsiizləyicilərinin profil fotolarını qoruyan yeni özəlliyi test edib. Artıq profil şəklinin toxunulmazlığını təmin etmək mümkün olacaq. Belə ki, kənar şəxs şəklinizi yükləyə, ya da paylaşa bilməyəcək. Bu yeniliyi artıq “Facebook” Hindistanda sınaqdan keçirib. Yaxın vaxtlarda digər ölkələrdə də tədbiq olunacağı gözlənilir.

9

“Apple” şirkəti hər ilin sentyabr ayının ilk həftəsində smartfonlarının yeni modelini təqdim edir. İlk “iPhone” modeli 2007-ci ildə təqdim edilib. Adət-ənənəyə uyğun olaraq bu il “iPhone”nin 7s və 7s plus modeli çıxmalıdır. Bir neçə ay öncə yayılan məlumatlarda “iPhone 8” in təqdim ediləcəyi bildirilib və hətta şəkilləri də verilib. Lakinbuilki “iPhone” modeli ilə bağlı yeni iddialar səsləndirilib. İddialara görə, “iPhone”nin bu ilki modeli 10-cu ildönümü münasibəti ilə “iPhone X” olacaq.

10

“WhatsApp” yenilikləri ilə istifadəçilərinin sayını artırmaqda davam edir. Artıq dostlarınızdan gələn mesajları göy rəng bildiriş getməmiş oxumaq mümkündür. Yəni, sizin mesajları oxumağınıza baxmayaraq, göndərən şəxsdə “oxunmamış” kimi göstərəcək. Bunun üçün aşağıdakı üsuldan istifadə etmək lazımdır: 1. Mesaj gələndən sonra “WhatsApp”ı tamamilə bağlayın. 2. Sonra interneti bağlayın, lazım olsa “təyyarə rejimi”nə qoyun. 3. Sizə göndərilən mesajı oxumaq üçün “WhatsApp”ı təkrar açın və mesajınızı oxuyun. 4. Mesajı oxuduqdan sonra “WhatsApp”ı təkrar bağlayın. 5. Son olaraq interneti yenidən aktivləşdirin.

11

İlk döndərilən yumşaq robot hazırlanıb. Cənubi Koreya alimləri “DeployBot” adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar. O, müəyyən seqmentlərdə cərəyanın pulsasiyaediciliyi sayəsində mühərriklərdən və başqa mexanizmlərdən istifadə etmədən hərəkət edə bilir. Seul Universitetinin tədqiqatçıları layihənin istənilən aqressiv mühitdə yüksək etibarlığa malik olmasına görə onun böyük perspektivlər vəd etməsini bildirirlər. “DeployBot” robotu mühərrik və mikrosxemlərdən istifadədən imtina etməyə imkan verən intellektual ötürücü ilə təchiz edilib. Formalı yaddaşa malik metal tellərdən robota hərəkət etməyə imkan verən elektrik cərəyanı ötürülür. Koreya alimləri texnologiyanın əsas üstünlüyü kimi robotun kosmik vakuum və ya dərinsulu təzyiq daxil olmaqla ən çətin şəraitlərdə işləyə bilməsini qeyd edirlər. Alimlərin sözlərinə görə, kompakt ölçü, az çəki və ucuz qiymətə malik robot çoxlu mürəkkəb vəzifələrin həllinə imkan verəcək. Yeganə çatışmazlıq saatda 2 metrdən çox olmayan hərəkət sürəti hesab edilir.

12

Klaviatura formasında kompüter hazırlanıb. Adi kompüterlərin hamısı, demək olar, eyni cür görünür: böyük korpus, monitor, klaviatura və “maus”. Bu komponentlər böyük yer tutur, həmçinin mobil deyil və böyük miqdarda enerji sərf edir. Honkonqun “Acute angle” şirkəti bu stereotipi dəyişdirmək qərarına gəlib. Mühəndislər bütün əsas kompüter modullarını korpusdan ayıraraq onları yığcam klaviaturanın daxilində yerləşdiriblər. “K2” mini-kompüteri “PCB” sistem lövhəsi, “Intel” prosessoru, videonüvə, 8 QB-dək əməli yaddaş, 128 QB-dək sərt disk və çoxlu portlarla təchiz edilib. Ən qabaqcıl (həm də ağır) modelin çəkisi 450 qr-dır. Klaviatura formasında hazırlanmış kompüter yığcam olmaqla yanaşı, həm də az enerji sərf edir. Məsələn, “K2” modeli 10 Vatt elektrik enerjisi sərf edir. Masaüstü kompüterdə bu göstərici 60-80 Vattdır. Bunun sayəsində, “Acute angle” şirkətinin bütün modelləri soyutma sisteminə ehtiyac duymur və kuler olmadan yığıla bilər “K2” modeli “Windows 10 Home” əməliyyat sistemini dəstəkləyir. Mini-kompüterlərin standart modellərinin imkanları (təqdimatların hazırlanması, elektron poçt və ofis paketləri ilə iş, oyunlar, onlayn şopinq, musiqi və video) gündəlik məsələlərin əksəriyyəti üçün kifayətdir.

13

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register