Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Günəş enerjisi suyu duzdan səmərəli təmizləməyə kömək edəcək. Yer səthinin çox hissəsi su ilə örtülüb, ancaq duz bütün suyu içməyə yararsız edir. Suyun şirinləşdirilməsi duzlu sudan içməli su əldə etməyə imkan verir, ancaq bu, çox enerji tələb edən prosesdir. Yeni sistem günəş enerjisindən daha səmərəli istifadə və elektrik enerjisi sərf etmədən suyun duzdan daha sürətli təmizlənməsi üçün nanozərrəciklərlə işləyir. Yeni sistem artıq alimlər tərəfindən sınaqdan keçirilib. Bu məqsədlə qalınlığı bir neçə millimetr, eni isə bir neçə poçt markası ölçüsündə olan qurğunun kiçik prototipindən istifadə edilib. Nəticədə alimlərin yeni həlli qurğunun hər kvadrat metri üçün içməli su istehsalını saatda 6 litrədək artırmağa imkan verib. İndi qurğunun 70×25 sm ölçüsündə daha böyük versiyası düzəldilib. İstehsalçıların məlumatına görə, sistemin ölçüsünü asanlıqla böyütmək mümkündür.
Məlum olub ki, “Microsoft” şirkəti öz tarixi boyunca ən böyük məlumat sızıntısına yol verib. Belə ki, BetaArchive mənbəsində developerlərin istifadəsi üçün nəzərdə tutulmuş 32 TB həcmli Windows 10-nun mənbə kodları aşkar edilib. Həmin arxivdə 8 TB həcmli Windows 10 və Windows Server 2016-nın qısa faylları var. Arxivdə həmçinin proqram təminatının çertyojları da var. Bundan əlavə olaraq internetdə Windows 10 drayverlərinin mənbə kodları olan Shared Source Kit, PnP kodlar və ARM OneCore nüvəsinin kodu da yayılıb. Bütün bu məlumatlar “Microsoft” şirkəti üçün kritik önəm daşıyır və onlar hackerlər tərəfindən istifadə oluna bilərlər. Şirkət isə öz növbəsində bu sızıntının baş verməsini təsdiqləyib. “Bizim istintaqımız təsdiq edib ki, bu fayllar əslində Shared Source Initiative-dən olan mənbə kodlarının bir hissəsidir və onlar OEM istehsalçılar ilə tərəfdaşlar üçün nəzərdə tutulub” – deyə şirkət rəsmisi qeyd edib. İnternetə sızdırılmış məlumatlar özündə Windows 10 və Windows Server 2016-nın yeni versiyalarını, hələ işıq üzü görməmiş 64-bitlik ARM versiyalı Windows-ları və Windows 10 Mobile Adaptation Kit-in bir neçə versiyasını birləşdirir. BetaArchive saytının sahibi bildirib ki, mənbə kodu yalnız hərəsi 100 MB olan 12, Windows versiyasına sahib olub. Bununla yanaşı həmin məlumatların silinməsi üçün şirkət, saytın sahibi ilə əlaqə yaratmayıb. Təbii ki, bu müddət ərzində istənilən şəxs həmin məlumatları yükləyib. Çox güman ki, biz yaxın zamanda həmin məlumatların köməyi ilə həyata keçirilmiş yeni kiberhücum hadisələrinin şahidi olacağıq.
3 il bundan əvvəl Kaliforniya Universitetinin alimləri kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektlərin ikiölçülü təsvirlərini əldə etmək üçün yerüstü robotlardan istifadə ediblər. İndi pilotsuz uçan aparatlardan istifadə edən alimlər analoji obyektlərin 3D təsvirlərini əldə ediblər. Bu texnologiya axtarış-xilasetmə əməliyyatlarının keçirilməsində, arxeoloji qazıntılar zamanı və bir çox başqa hallarda istifadə edilə bilər. Texnologiya yoxlanan ərazinin ilkin ölçülərini tələb etmir. Yerüstü robotlar “Wi-Fi” texnologiyasının köməyi ilə yalnız 2D təsvirlər əldə etdikləri halda, pilotsuz təyyarələrin müxtəlif istiqamətlərdə uçmaq qabiliyyəti obyektlərin müxtəlif bucaqlardan təhlilinə imkan verib. Nəticədə alimlər kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektin 3D təsvirini əldə etməyə müvəffəq olublar.
ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir. Söhbət kompüter tomoqrafiyasından gedir. Texnologiyadan artıq baqaja təhvil verilən çantaların skan edilməsi üçün istifadə olunur. Hazırda idarə nümayəndələri onu “Phoenix Sky Harbor” Beynəlxalq Aeroportunun nəzarət-buraxılış məntəqələrinin birində əl baqajı ilə işdə sınaqdan keçirirlər. Məlumata görə, kompüter tomoqrafiya skanerləri daha yaxşı baxış bucağının əldə edilməsi üçün döndərməyə imkan verən üçölçülü təsvir yaradırlar. Bunun sayəsində yoxlamanı aparan şəxslərə şübhəli çantaları seçmək və açmaq hüququ verilir. Sınaqlar “American Airlines” aviaşirkətinin iştirakı ilə aparılır.
“Ericsson” şirkəti yeni hesabat hazırlayaraq 2018-ci ildə abunəçilərin sayına görə kütləvi rabitə texnologiyası statusunun “GSM”-dən “LTE” (4G) texnologiyasına keçəcəyini açıqlayıb. esabata görə, “LTE” 2,5 milyard abunəçini əhatə etmək üçün 5 il sərf etdiyi halda “WCDMA/HSPA” və ya “3G” bu göstəriciyə 8 ilə nail olub. Sənəddə, həmçinin qeyd olunur ki, təkcə cari ilin birinci rübündə dünyada “LTE” texnologiyasının istifadəçilərinin sayı 250 milyon abunəçi artıb. Bundan başqa, “Ericsson” bildirir ki, 2022-ci ilədək yarım milyardadək “5G” istifadəçisinin (“Əşyalar interneti” (IoT) üçün texnologiyalardan istifadə nəzərə alınmadan) qoşulması gözlənilir. Bu isə o deməkdir ki, “5G” texnologiyasından planet əhalisinin təxminən 15 faizi istifadə edəcək. “Ericsson” şirkətinin strateji planlaşdırma şöbəsinin rəhbəri Niklas Heveldop bildirib ki, “4G” istifadəçilərinin sayı sürətli templərlə artır, “LTE” vasitəsilə səsin ötürülməsi texnologiyasının populyarlığı sürətlənir, ötürülən trafikin həcminin artımı isə 2013-cü ildən bəri qeydə alınmayan səviyyəyə çatıb. “Mənə sənayedə şəbəkələrin təşəkkülü istiqamətində atılan addımları müşahidə etmək çox xoşdur. Məsələn, bu məqsədlə “5G” şəbəkəsinin sürətli tətbiqinə imkan verəcək “Non-Standalone 5G New Radio” (NR) qeyri-avtonom radiorabitə texnologiyası təsdiq edilib. Proqnozlara görə, 2022-ci ilədək “5G” şəbəkə istifadəçilərinin sayı yarım milyarda çatacaq və standart dünya əhalisinin 15 faizini əhatə edəcək.
Çoxsahəli “Monsanto” transmilli şirkəti bitkilərin biotexnologiyası sahəsi üzrə dünya lideridir. Bu şirkətin mütəxəssisləri onilliklər boyunca istənilən şəraitdə yetişən, virus və təhlükəli zərərvericilərə qarşı davamlı yeni genetik dəyişilmiş bitkilər yaratmaq üçün səy göstərirlər. “Monsanto” şirkəti öz məqsədinə nail olmaq üçün ən qabaqcıl texnologiyalardan istifadəyə üstünlük verir. Məsələn, bu yaxınlarda məlum olub ki, sözügedən şirkət süni intellekt sahəsində lider sayılan “Atomwise” şirkəti ilə öz səylərini birləşdirəcək. Süni intellekt “Monsanto” şirkətinin alimlərinə dənli bitkiləri müxtəlif xəstəlik və zərərvericilərdən qorumaq qabiliyyətinə malik molekulları tez və effektiv aşkar etməkdə kömək edəcək. “Atomwise” şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış neyron şəbəkəsi dərin maşın təlimi sayəsində arzu olunan effektə malik olacaq molekulları tapmağa yardım edəcək. Bu, “Monsanto” şirkətinə öz vaxtına və vəsaitinə qənaət etməyə imkan verəcək. Bir qayda olaraq, dənli bitkilər üçün səmərəli müdafiənin hazırlanmasına təxminən 11 il vaxt tələb olunur və belə layihələrin qiyməti 250 milyon dolları ötür.
“Microsoft” və “Accenture” şirkətləri BMT-nin şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxslər üçün beynəlxalq eyniləşdirmə sisteminin qurulması üzrə layihəyə qoşulub. Layihə çərçivəsində blokçeyn texnologiyasının tətbiqi nəticəsində pasportu olmayan insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən rəqəmli sistem yaratmaq planlaşdırılır. ünyada şəxsiyyəti təsdiq edən sənədi olmayan 1,1 milyard insan yaşayır. BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində təqdim edilmiş sistemin prototipi “adsız” insanlara təhsil və səhiyyə kimi xidmətlərdən yararlanmağa imkan verəcək. Şəxslərin eyniləşdirilməsi üçün indi əsasən bank əməliyyatları və bitkoin kimi elektron valyutaların izlənilməsində istifadə edilən blokçeyn texnologiyası tətbiq ediləcək. Məsələn, vətəni tərk etmiş, doğum haqqında şəhadətnaməni və diplomunu orada qoymuş qaçqın bu sistem sayəsində öz kimliyini sübut edə, həmçinin elektron formada lazımi sənədləri təqdim edə biləcək.
“Ericsson” şirkətinin illik “Ericsson Mobility Report” hesabatında 2022-ci ilədək Yer kürəsi əhalisinin böyük həcmdə informasiya mübadiləsi edəcəyi qeyd olunur. Analitiklərin hesablamalarına görə, 71 eksabayt genişzolaqlı internet vasitəsilə 6 milyarddan çox qoşulmuş unikal smartfon abunəçisi və 8,3 milyard kontakt tərəfindən hasil olunacaq. Bura planet əhalisinin sayını 3 dəfə üstələyəcək “Əşyalar interneti” qurğularını da aid etmək olar. Bununla yanaşı, hesabatda əsas üstünlüyü auditoriyası təxminən 5 milyard istifadəçiyə çatacaq “LTE” rabitə standartının təşkil edəcəyi qeyd olunur. Bundan başqa, proqnozlara görə, qeyd olunan müddətədək “5G” şəbəkə istifadəçilərinin sayı 500 milyon nəfərə bərabər olacaq.
“Google” şirkəti “Android 2.1 Eclair” və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün “Android Market” onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. Cari ilin iyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcəklər. Dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək. Xatırladaq ki, “Android Market” 2012-ci ildə istifadəyə verilən “Google Play” mağazasını əvəz edir. “Android 2.1 Eclair” əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. “Google Play” onlayn mağazası “Android 2.2 Froyo” və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.
İsrailin “Eviation Aircraft” şirkəti regional elektrik sərnişin təyyarələrini təqdim edib. 2018-ci ilin sonunda təyyarələrin uçuşu planlaşdırılır. “Alice” adlı təyyarələrə 3 elektrik mühərriki quraşdırılacaq. 10 nəfərə qədər sərnişin tutumu olan elektrik təyyarəsi 560 kilometr məsafə qət edə biləcək. Gələcəkdə bu məsafənin 1,3 min kilometrə qədər artırılması planlaşdırılır. “Eviation Aircraft” dünyada bu tip seriya təyyarələr istehsal edən ilk şirkət olacaq. Elektrik təyyarələr daha qənaətcil, ekoloji və daha səssiz hesab edilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments