Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Şimali Koreyada “iPhone”nun analoqu hazırlanıb. Şimali Koreyanın “Mangyongdae Information Technology Corporation” xarici görünüşdən “iPhone”nu xatırladan smartfonların satışına başlayıb. Cihaz “Jindallae 3” adı alıb. Bu barədə Daily Mail nəşri məlumat yayıb. Smartfonun göstəriciləri barədə heç bir məlumat yoxdur. Şirkətdən bildiriblər ki, smartfonun dizaynı və əməliyyat sistemi KXDR-də hazırlanıb. Ekspertlər isə hesab edirlər ki, “Jindallae 3” Şinali Koreyada deyil, Çində yığılıb.

1

“Google”a qarşı şok cərimə qərarı. Avropa Komissiyası “Google” şirkətini 2.42 milyard avro (2.7 milyard dollar) məbləğində cərimə kəsib. Şirkət rəqabət qaydalarını pozduğu üçün cərimələnib. Bildirilir ki, “Google” axtarış sistemi onlayn alış-verişlə bağlı müraciət edən istifadəçiyə ilk sırada özünün “Shopping Box” xidmətini nümayiş edir, digər şirkətlərin təkliflərini isə arxa planda qalır. Avropa Komissiyası bir neçə ildə “Google”a məxsus “Alphabet” şirkəti ilə bağlı tədqiqat aparıb.

2

İri şirkətlər “Petya”nın hücumuna məruz qaldılar. Dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər. Qeyd olunur ki, Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar. Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır. Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər. Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb. Virus proqramı  kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

3

“Samsung” korporasiyası “Galaxy S8 Plus” smartfonunu yeni rəngdə təqdim edib. Çəhrayı rəngdə hazırlanan yeni smartfonun texniki xüsusiyyətlərində hər hansı dəyişiklik yoxdur və bir neçə ay əvvəl buraxılan, bu seriyadan olan digər analoqlarından fərqlənmir. Cihazın qiymətinin ABŞ-da 920 dollar təşkil edəcəyi gözlənilir. İlkin sifarişlər iyunun 30-dan qəbul ediləcək.

4

İsrailin “Eviation Aircraft” startapı tam elektrik mühərrikli regional sərnişin təyyarəsi layihəsini təqdim edib. İlk uçuş 2018-ci ilin sonuna planlaşdırılıb. “Alice” adlı təyyarə qanadlarda və quyruq hissədə yerləşdirilmiş 3 elektrik mühərrikinə malikdir. Mühərriklərin enerji mənbəyi 980 kilovatt-saatlıq batareyadır. Bu, saatda 520 km sürətlə 560 km məsafəyə uçmağa imkan verir. Layihəyə əsasən təyyarənin uzunluğu 12 metrdir və o, 9 sərnişin götürə biləcək. Perspektivdə şirkət “Alice”in daha iri həcmli batareyaya sahib və 1,3 min km məsafə qət edə biləcək modern versiyasını hazırlamağı planlaşdırır. Qeyd edək ki, dünyada sərnişin daşıyan elektrik təyyarəsi hələ ki yoxdur və “Alice” bu sırada ilk ola bilər. Elektrik təyyarələri iqtisadi baxımdan daha sərfəli və ekoloji baxımdan təmiz olacaq, səssiz uçacaq.

5

Avropa Komissiyası “Google”un daxil olduğu “Alphabet” şirkətinin rekord miqdarda cərimələnməsi barədə qərar qəbul edib. Bu barədə komissiyanın saytında məlumat verilib. Avropa Komissiyası “Google”u axtarış sistemləri bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edərək şirkətə 2,42 milyard avro cərimə kəsib. Avropa qurumu hesab edir ki, “Google” mal və xidmətlər barədə axtarış nəticələrini qəsdən elə qurub ki, şirkətin kommersiya tərəfdaşları ilk sıralarda çıxsın. “Financial Times” yazır ki, bu cərimə antiinhisar işləri üzrə çıxarılan ən yüksək cərimə qərarıdır. Daha əvvəl ABŞ-ın “İntel” şirkəti Avropada 1,06 milyard avro cərimələnmişdi.

6

“Facebook” şirkəti serial istehsalına başlamağı planlaşdırır. İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, sosial şəbəkənin nümayəndələri artıq Hollivud agentlikləri ilə bu imkanları müzakirə edir. “Facebook” özünün kino və tele kontentinin yaradılması ilə bağlı layihəsini ilin sonundan reallaşdıracaq. İstehsalçılar yalnız yüksək keyfiyyətli məhsul buraxmağa hazırlaşır. Məsələn, serialın hər seriyası 3 milyon dollardan az başa gəlməyəcək. Bu rəqəm TV-lərdə nümayiş etdirilən populyar amerikan seriallarının ümumi büdcəsi ilə müqayisə oluna bilməz. “Facebook”un planlarına ekonom-kontentin translyasiyası da daxildir. Ucuz seriyalar 10 dəqiqəlik rolik şəklində olacaq və yarım milyon dollara başa gələcək. Yeni seriallar 13-34 yaşlı auditoriya üçün hesablanacaq, erotik elementlər olmayacaq və siyasi problemlər müzakirəyə çıxarılmayacaq.

7

“WhatsApp” istifadəçilərini yaxın vaxtlarda əlamətdar xəbər gözləyir. Onlar 128 MB-a qədər istənilən növ obyektləri bir-birinə göndərə biləcəklər. Hazırda istifadəçilər PDF və Word formatında istənilən media obyekti və mətn fayllarını mübadilə edə bilirlər. Bundan sonra isə iOS əməliyyat sistemində 128 MB-a qədər, Android əməliyyat sistemində isə 100 MB-a qədər faylları göndərə biləcəklər. “WhatsApp”ın veb versiyasının istifadəçiləri üçün isə bu hədd 64 MB müəyyənləşdirilib. Hazırda test rejimində olan bu yeniliyin nə vaxt tətbiq olunacağı isə sirr kimi saxlanılır.

8

UMIDIGI Z1 və Z1 Pro satışa təqdim ediləcək. İstifadəçilərə təqdim etdiyi xüsusiyyətlər ilə diqqətləri üzərinə toplayacaq olan UMIDIGI Z1, olduqca iddialıdır! UMIDIGI yeni flaqmanını satışa təqdim etməyə hazırlanır. İstifadəçilərə təqdim edəcəyi xüsusiyyətlər ilə diqqətləri üzərinə toplayan  UMIDIGI, Z1 və Z1 Pro’nun satış üçün hazır olduğunu açıqladı. Z1 və Z1 Pro-ya yaxından bir nəzər salacaq olsaq, yeni flaqmanı olduqca incə dizaynı və 4000 mAh-lık bir batareyası ilə olduqca ön plana çıxır. Metalik gövdəsi ilə olduqca gözəl bir dizayna sahib olan Z1 və Z1 Pro, qırmızı, mat qara, qızıl rəng variantları ilə  istifadəçilərin qarşısına çıxacaq. Üfüqi şəkildə dizayn edilən  iki  arxa kamerasıyla qarşımıza çıxacaq olan yeni falqman, 8,2 mm qalınlığıyla istifadəçilərə rahat bir təcrübə təqdim edəcək. Z1 Pro modeli isə digər modelə nisbətən  yüzdə 30% daha incədir. MediaTek Helio P20 prosessorundan gücünü alacaq olan yeni telefonlar, 2.3 GHz sürətində işləyir. 64 GB daxili yaddaş  sahəsinə sahib olan flaqman, microSD sayəsində isə 256 GB-a qədər yaddaş sahəsinin artırılması mümkündür. Android 7.0 əməliyyat sistemi ilə təqdim ediləcək olan UMIDIGI Z1, 4000 mAh’lık batareyası ilə olduqca uzun ömürlü bir istifadə vəd edir. Kamera qisimində isə, 13 və 5 megapiksellik arxa kamerası ilə sinifindəki cihazların arasında diqqətləri üzərinə toplayacaq yeni cihaz keyfiyyətli bir kamera təcrübəsiylə də olduqca çox danışılacaq. Z1 Pro-nun son dərəcə məhdud miqdarda satışa təqdim olunacağını ifadə edən səlahiyyətlilər, bütün dünyada 1.000 ədəd bazara satışa çıxacağını ifadə ediblər. Cihazın qiyməti isə 269 dollar olaraq ifadə edildi. Z1 isə 40 dollar daha ucuz olacağının məlumatını da sizlərə bildirmək istəyirik.

Məşhur insayder Evan Blass, Galaxy Note 8 haqqında yeni məlumatları təqdim edib. Evan Blass-ın məlumatlarına əsasən Galaxy Note 8, smartfon bazarında ən bahalı cihaz olacaq və o, Sentyabr ayının ikinci yarısında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki şaiyələrə əsasən smartfon bu ilin Avqust ayında satışa çıxmalı idi. Bundan əlavə olaraq Blass qeyd edib ki, yeni çıxacaq smartfonun qiyməti 900$ təşkil edəcək. Hal hazırda Galaxy S8-in qiymətini nəzərə alsaq, Galaxy Note 8 üçün bu cür qiymət göstəricisi çox böyükdür. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç-lik ekran, Snapdragon 835 və ya Exynos 8895 prosessorları (hansı ölkələrdə satılacağından asılı olaraq), 6 GB RAM, 3300 mAh enerji tutumlu batareya və yeni S-Pen stilusu ilə təchiz olunacaq. Evan Blass qeyd edib ki, yeni modeldə barmaq izi skanı, Galaxy S8-də olduğu kimi arxa pnaeldə yerləşən kameranın yanında olacaq.

9

Yer səthinin çox hissəsi su ilə örtülüb, ancaq duz bütün suyu içməyə yararsız edir. Suyun şirinləşdirilməsi duzlu sudan içməli su əldə etməyə imkan verir, ancaq bu, çox enerji tələb edən prosesdir. Yeni sistem günəş enerjisindən daha səmərəli istifadə və elektrik enerjisi sərf etmədən suyun duzdan daha sürətli təmizlənməsi üçün nanozərrəciklərlə işləyir. Yeni sistem artıq alimlər tərəfindən sınaqdan keçirilib. Bu məqsədlə qalınlığı bir neçə millimetr, eni isə bir neçə poçt markası ölçüsündə olan qurğunun  kiçik prototipindən istifadə edilib. Nəticədə alimlərin yeni həlli qurğunun hər kvadrat metri üçün içməli su istehsalını saatda 6 litrədək artırmağa imkan verib. İndi qurğunun 70×25 sm ölçüsündə daha böyük versiyası düzəldilib. İstehsalçıların məlumatına görə, sistemin ölçüsünü asanlıqla böyütmək mümkündür.

10

Kanadanın “Smartduvet” startapı tərəfindən təqdim edilmiş xüsusi astar adi yorğanı “ağıllı” edir və yuxu zamanı çarpayıda temperaturu tənzimləyir, həmçinin yatağı avtomatik yığışdırır. Artıq “Indiegogo” platformasında “Smartduvet Breeze” adlı qurğunun istehsalına vəsait toplama kampaniyasına start verilib. “Smartduvet Breeze” xüsusi hava yoluna malik astardır, yorğana bərkidilir və çarpayının altında qurulmuş kiçik hava nasosuna birləşdirilir. Bu hava nasosunun köməyi ilə “ağıllı” yorğan səhərlər yatağı yığışdırır. Bundan başqa, xüsusi mobil proqram “Smartduvet Breeze” qurğusunun sahiblərinə çarpayının tən ortasından lazımi temperaturu təyin etməyə imkan verəcək və məsələn, nasos bir tərəfi soyudacaq, digər tərəfi qızdıracaq. Qurğunun yaradıcılarının sözlərinə görə, yuxu daha şirin olmaqla yanaşı, həm də elektrik enerjisinə sərf edilən xərclər azalacaq.

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, sürücüsüz uçan aparatlar hələ öz inkişafının başlanğıcındadır. Dünyada tanınmış “Airbus” şirkətinin ekspertləri sürücüsüz vertolyotu uğurla sınaqdan keçiriblər. Robot vertolyotun sınaq nümunəsi “VSR700 Optionally Piloted Vehicle” (OPV) adlandırılıb. “VSR700” ilk uçuş zamanı uçuş, eniş, dayanma, şaquli uçuş və təyin edilmiş marşrut üzrə hərəkətləri yerinə yetirib. Sınaqlar zamanı kabinədə əyləşmiş pilot aparatın işində nasazlıq olduğu halda idarəetməni həyata keçirmək imkanına malik idi, amma onun müdaxiləsinə ehtiyac olmayıb. Sınaqlar başa çatdıqdan və konstruksiya üzərində təkmilləşdirmələrdən sonra “VSR700” robot vertolyotunun yekun versiyası 250 kq ağırlığında yükü havaya qaldırmaq qabiliyyətinə malik olacaq və uçuş vaxtı 10 saat  təşkil edir.

11

Uzun müddətdir haqqında söz-söhbətlər və sızıntılar bitməyən “iPhone 8” haqqında məlumatlar gəlməyə davam edir. Son olaraq əldə olunan məlumatlara əsasən Apple şirkəti bu il “iPhone 7S” modeli ilə bərabər “iPhone”nun 10-cu ilə özəl olaraq “iPhone 8″i də təqdim edəcək. Sızdırılan köhnə məlumatlar “iPhone 8” haqqında xırda təsəvvürlər yaratsa da, bu dəfə sızıntı dünyasının sözün əsl mənasında əjdahası və təxminlərində yanılmayan OnLeaks mənbəsi “iPhone 8″in tam görüntüsünü internetə sızdırıb.

12

Məlum olub ki, “Microsoft” şirkəti öz tarixi boyunca ən böyük məlumat sızıntısına yol verib. BetaArchive mənbəsində developerlərin istifadəsi üçün nəzərdə tutulmuş 32 TB həcmli Windows 10-nun mənbə kodları aşkar edilib. Həmin arxivdə 8 TB həcmli Windows 10 və Windows Server 2016-nın qısa faylları var. Arxivdə həmçinin proqram təminatının çertyojları da var. Bundan əlavə olaraq internetdə Windows 10 drayverlərinin mənbə kodları olan Shared Source Kit, PnP kodlar və ARM OneCore nüvəsinin kodu da yayılıb. Bütün bu məlumatlar “Microsoft” şirkəti üçün kritik önəm daşıyır və onlar hackerlər tərəfindən istifadə oluna bilərlər. Şirkət isə öz növbəsində bu sızıntının baş verməsini təsdiqləyib. “Bizim istintaqımız təsdiq edib ki, bu fayllar əslində Shared Source Initiative-dən olan mənbə kodlarının bir hissəsidir və onlar OEM istehsalçılar ilə tərəfdaşlar üçün nəzərdə tutulub” – deyə şirkət rəsmisi qeyd edib. İnternetə sızdırılmış məlumatlar özündə Windows 10 və Windows Server 2016-nın yeni versiyalarını, hələ işıq üzü görməmiş 64-bitlik ARM versiyalı Windows-ları və Windows 10 Mobile Adaptation Kit-in bir neçə versiyasını birləşdirir. BetaArchive saytının sahibi bildirib ki, mənbə kodu yalnız hərəsi 100 MB olan 12, Windows versiyasına sahib olub. Bununla yanaşı həmin məlumatların silinməsi üçün şirkət, saytın sahibi ilə əlaqə yaratmayıb. Təbii ki, bu müddət ərzində istənilən şəxs həmin məlumatları yükləyib. Çox güman ki, biz yaxın zamanda həmin məlumatların köməyi ilə həyata keçirilmiş yeni kiberhücum hadisələrinin şahidi olacağıq.

13

“Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb. Bununla da “Facebook” ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib. Dünya əhalisinin sayı ilə müqayisəli şəkildə götürsək, rəqəmin astronomik olduğunu görərik. Dünya əhalisinin (təxminən 7,4 milyard) demək olar ki, hər dörd nəfərindən biri Harvard Universitetinin tələbəsi Mark Zükerberq tərəfindən 2004-cü ildə yaradılan bu sosial şəbəkənin üzvüdür. Hazırda “Facebook”un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var. “Forbes” nəşrinin son hesabatına görə, “Facebook”un 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib.

14

“Apple” korporasiyası özünün “Apple Store” əlavələr mağazasını təmizləyəcəyini açıqlayıb.Təmizləmə qlobal olacaq və bütün ölkələri əhatə edəcək. Şirkət bütün mümkün klonlardan canını qurtarmaq qərarına gəlinib. Təkcə onu qeyd edək ki, bir zamanlar bütün dünyaya səs salmış “Flappy Bird” oyununun oxşarı bir neçə yüz ədəd təşkil edir. Həmçinin, artıq tərtibatçıları tərəfindən atılmış və uzun illər ərzində yüklənməyən virtual mağaza və əlavələrdə də təmizləmə işləri aparılacaq. Ümumilikdə bu, “App Store”da ən iri miqyaslı təmizləmə olacaq.

15

“Google” axtarış sisteminin Rusiyada bloklanmasının səbəbi aydın olub. Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti – “Roskomnadzor”un rəsmi nümayəndəsi Vadim Ampelonski bildirib ki, “Google”un səhifələrindən iki bukmeker kontoruna yönləndirmə mövcud olub. Bu kontorlar isə Rusiya ərazisindən qadağan edilib: “Google.ru saytında səhifələrin birindən bizim daha əvvəl blokladığımız bukmeker kontorunun saytına redirekt – yönləndirmə var idi”. V. Ampelonski bununla bağlı “Google”a müraciət etdiklərini və “Roskomnadzor”un tələbinin yerinə yetirildiyini deyib. Nəticədə “Google” “qara siyahı”dan çıxarılıb. Xatırladaq ki, “Google.ru” səhifəsi iyunun 14-də “Roskomnadzor” tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

16

Cənubi Koreya alimləri “DeployBot” adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar. O, müəyyən seqmentlərdə cərəyanın pulsasiyaediciliyi sayəsində mühərriklərdən və başqa mexanizmlərdən istifadə etmədən hərəkət edə bilir. Seul Universitetinin tədqiqatçıları layihənin istənilən aqressiv mühitdə yüksək etibarlığa malik olmasına görə onun böyük perspektivlər vəd etməsini bildirirlər. “DeployBot” robotu mühərrik və mikrosxemlərdən istifadədən imtina etməyə imkan verən intellektual ötürücü ilə təchiz edilib. Formalı yaddaşa malik metal tellərdən robota hərəkət etməyə imkan verən elektrik cərəyanı ötürülür. Koreya alimləri texnologiyanın əsas üstünlüyü kimi robotun kosmik vakuum və ya dərinsulu təzyiq daxil olmaqla ən çətin şəraitlərdə işləyə bilməsini qeyd edirlər. Alimlərin sözlərinə görə, kompakt ölçü, az çəki və ucuz qiymətə malik robot çoxlu mürəkkəb vəzifələrin həllinə imkan verəcək. Yeganə çatışmazlıq saatda 2 metrdən çox olmayan hərəkət sürəti hesab edilir.

17

Bu gün Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb. Kiberhücuma məruz qalan qurumlar arasında “Oşşadbank”, “Ukrqazbank”, “Pivedennıy”, OTR, “TASKombank” bankları, DTEK, “Kievenerqo”, “Ukrenerqo” enerji şirkətləri, “Borispol” hava limanı, “Ukrtelekom”, “Ukrpoçta”, “Kievvodokanal”, həmçinin “Kievstar”, “Vodafone” və “Lifecell” mobil operatorları, “Lyuks” teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir. İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər. Maraqlıdır ki, kiberhücum bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində törədilən partlayışla üst-üstə düşüb. Solomensk rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın partladılması nəticəsində sürücü – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval öldürülüb. Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register