Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Whatsapp” iki yeni funksiyasını təqdim etməyə hazırlaşır. Bunlardan biri “Gecə modu”dudur. Bu funksiya aktiv olduqdan sonra hər kəsin “WhatsApp”ında “gecə düşəcək”. Belə ki, ağ bölgələr tündləşəcək. Eyni zamanda bu funksiyada çəkilən fotolar daha dəqiq görünəcək. Digər yenilik isə “Whatsapp”da mesajların oxunmadan geri alına bilməsidir. Bundan sonra mesajı göndərdikdən sonra peşman oldunuzsa, onu 5 dəqiqə ərzində geri qaytara bilərsiniz. Bunun üçün həmin mesaja toxunub basılı saxlamaq, sonra isə “Geri al”ı seçmək lazımdır.

1

Şəbəkədə ilk “iPhone” modeli ilə çəkilmiş unikal şəkil yayılıb. Bu görüntünü amerikalı jurnalist, “The New York Times”in müxbiri Devid Qallaher dərc edib. Bildirilir ki, hələ 2007-ci ildə Qallaher “Apple” şirkətinin qurucusu Stiv Cobs tərəfindən təşkil olunan mətbuat konfransına qatılıb. Bu zaman dünyada ilk olan “iPhone”nin təqdimatı olub. Qallaher məhz o zaman anlayıb ki, onun burada olması tarixi bir hadisədir. Məhz bu səbəbdən bu anı qeydə alıb və şəkil çəkib. Beləliklə, o, “iPhone” ilə şəkil çəkmiş ilk istifadəçi olub.

2

“Microsoft” “Android” üçün “Skype Preview” messencerinin yenilənməsini istifadəyə verib. Bu əlavədə yeni funksiyalar da yaradılıb. İstifadəçilər digər əlavələrdən şəkil və keçidləri mübadilə edə biləcəklər. Messencer artıq “Google Play” onlayn mağazada yüklənə bilər. Yenilənmiş “Skype Preview” istifadəçilərə birbaşa olaraq öz profilindən kontaktları silmək imkanı da verəcək. Bundan əlavə, istehsalçılar video zəng zamanı görüntünün keyfiyyətini də yaxşılaşdırıblar. Qeyd edək ki, artıq yenilənmə “Skype Insiders” beta-testlər proqramının iştirakçıları olan istifadəçilər üçün əlçatandır. Bundan öncə isə bildirib ki, iyulun 1-dən milyonlarla istifadəçi messencerə çıxış əldə edə bilməyəcəklər. Bu, onunla bağlıdır ki, proqram mobil cihazlar üçün nəzərdə tutulmuş “Windows” əməliyyat sistemli bəzi cihazları dəstəkləməyəcək.

3

“AnTuTu” şirkəti bu ilin may ayında eyniadlı əlavədə sınaqdan keçirilən ən məhsuldar smartfonların reytinqini dərc edib. “iPhone 7” smartfonu ötən ilin sentyabr ayında istifadəyə verildiyi vaxtdan bəri ilk dəfə olaraq liderliyini güzəştə gedib. Söhbət HTC U11 flaqman smartfonundan gedir. Bu reytinqdə “iPhone 7 Plus” ikinci yerə düşüb. Üçüncü yeri “Xiaomi Mi 6”, dördüncü və beşinci yerləri müvafiq olaraq “Samsung Galaxy S8” və “Galaxy S8+” smartfonları tutub. “iPhone 7” smartfonu isə altıncı yerdə qərarlaşıb. Mütəxəssislər bunu “iOS 10.3” yenilənməsi çıxdıqdan sonra sınaqda məhsuldarlığın aşağı düşməsi ilə izah edirlər. Sonrakı yerlərdə “OnePlus 3T” və “OnePlus 3” smartfonları gəlir. Liderlərin onluğunu isə “LeEco Le Pro 3” və “Le Max” smartfonları qapayır.

4

“Twitter” mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan “tvit”ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət “Twitter”dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə “Twitter” əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib. WP xatırladır ki, “Twitter” yalan xəbərlərin, spamların yayılması və terror təbliğatı da daxil olmaqla, çoxsaylı problemlərlə üzləşib. Xüsusən ABŞ-dakı prezident seçkilərindən sonra “Twitter”in ünvanına “fake” xəbərlərlə bağlı ittihamlar artıb.

5

“Samsung” şirkəti bərpa etdiyi “Galaxy Note 7” smartfonunu rəsmən təqdim edib. “Galaxy Note FE” (Fan Edition) adı verilən smartfonun satışlarına iyulun 7-də Cənubi Koreyada start veriləcək. Cihazın qiyməti 611 dollar olacaq. “Samsung” ümumilikdə 400 min ədəd bərpa olunmuş “Note 7” satmağı planlaşdırır. Texniki xüsusiyyətlərinə gəldikdə, “Note FE”nin “Note 7”dən əsas fərqi batareyanın həcmindədir. Belə ki, batareyanın həcmi 3500 mAs-dan 3200-ə qədər azaldılıb. Bundan başqa, köhnə-yeni smartfona “Bixby” səs köməkçisi funksiyası əlavə olunub. Xatırladaq ki, öz-özünə alışıb yanması və partlaması ilə əlaqədar “Samsung Galaxy Note 7” smartfonları bazardan yığışdırılmış və istehsalı dayandırılmışdı.

6

Deyəsən, spinner və ya “stress çarxı” mövzusu hər kəsi əhatə edib. “Twitter” mikrobloqunun istifadəçiləri Yaponiyadan olan bir pişiyin quyruğu ilə spinner fırlamaq bacarığına təəccübləniblər. Qısa müddət ərzində bu video çarx 36 min retvit və 50 minə taxın “like” toplaya bilib. Videoda oturmuş pişiyin arxasında üç ədəd “stress çarxı” görmək mümkündür. Heyvan quyruğunu yellədir və daimi olaraq onlardan birinə toxunaraq, “stress çarxları”nı daha cəld fırlatmağa çalışır. İlk əvvəldən balaca propelleri xatırladan spinner stress çıxarmaq üçün oyuncaq kimi tərtib edilib. 2017-ci ilin yazında isə olduqca böyük populyarlıq qazanıb. Müxtəlif istehsalçıların spinerləri “Amazon” və digər şəbəkə ticarəti nöqtələrində əsas bestsellerlər siyahısında 20 mövqeni tutublar.

“Microsoft” şirkətinin nümayəndəsi ötən ayın əvvəllərində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində həmin xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə bu servisin dəstəyinin dayandırılması haqda məlumat verirdilər. İyul ayından “Windows RT”, “Windows Phone 8” və “8.1” sistemlərinin sahibləri üçün “Skype” servisi əlçatmaz olub. Messencer “Smart TV” funksiyasına malik televizorlarda və “Windows 10 Mobile” üçün “Messaging” proqramında artıq işləməyəcək. Xatırladaq ki, “Skype” servisinin qeyd olunan əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin “bulud” infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar “Skype”dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi tövsiyə edir.

7

İşıqla işə salınan nanomotorlar yaradılıb. ABŞ, İsrail və Xorvatiya mühəndisləri digər konstruksiyalarda olduğu kimi, xüsusi işıq mənbəyi ilə deyil, adi işıq vasitəsilə işə salınan sistem hazırlayıblar. Alimlərin hissəcikləri hərəkətə gətirməyə və ya onları fırlanmağa məcbur etməyə çalışdıqları tədqiqatların əksər hissəsi lazer şüaları və xüsusi avadanlıq tələb edir ki, bu da onların tətbiqetmə imkanlarını xeyli məhdudlaşdırır. Massaçusets Texnoloji İnstitutunun tədqiqatçısı Ognen İlikin sözlərinə görə, bizim yanaşma adi işıqla bütün bu maraqlı mexaniki effektlərə nail olmağın mümkünlüyündən ibarətdir. Məlumata görə, qrup fəaliyyətə 1 mikrometr ölçüdə Yanus hissəcikləri adlandırılan asimmetrik hissəciklərin modelləşdirilməsi ilə başlayıb. Onları silisium oksidindən hazırlamaq və bir tərəfdən nazik qızıl təbəqə ilə örtmək nəzərdə tutulub. Hissəciyin üzərinə işıq düşən zaman səthin örtülməsində fərq onu çevrilməyə məcbur edir. Bu halda ən əsası isə bütün hissəciklərin eyni şəkildə dönməsidir. Tədqiqat müəllifləri ümid edir ki, təklif edilən texnologiyanı insan bədənində hissəciklərin vəziyyətinin dəyişdirilməsi üçün tətbiq etmək mümkün olacaq ki, bu da yeni terapiya üsulları üçün əsas rol oynaya bilər.

8

Avtonom enerji ilə işləyən “ağıllı” pəncərələr hazırlanıb. Priston Universitetinin alimləri “Techxplore” jurnalında avtonom enerji ilə işləyən yeni “ağıllı” pəncərələrə aid tədqiqat dərc ediblər. Pəncərələr quraşdırılmış xüsusi ötürücülər vasitəsilə otaqda temperaturu və işıqlandırma səviyyəsini müstəqil tənzimləyir. Yeni elektrik batareya sistemindən istifadə edən ABŞ alimləri avtonom enerji ilə işləməklə yanaşı, mövcud pəncərələrdə tətbiq edilə bilən “ağıllı” pəncərə texnologiyası hazırlayıblar. Məlumata görə, həmçinin, ultrabənövşəyi şüalanmanın udulması sayəsində pəncərələr tam avtonomdur. Mütəxəssislərin fikrincə, tezliklə yeni evləri həyatı daha rahat edəcək “ağıllı” pəncərələrlə təchiz etmək mümkün olacaq.

9

“BMW”, Tesla Model 3-ə rəqib elektrikli sedan modeli üzərində çalışır. BMW, digər avtomobil istehsalçılarının əksinə elektrikli avtomobillər mövzusunda daha erkən işlərə başlamışdı. İndi şirkət bir ilk olaraq tamamilə elektrikli sedan modeli istehsal etməyi planlaşdırır. Handelsblatt-ın iddiasına görə BMW, sentyabr ayında reallaşacaq olan Münhen Avtomobil Sərgisində yeni modelini təqdim edəcək. Bu elektrikli avtomobilin 400 km mənzilə sahib olduğu və mövcud 3 seriyası ardıcıllığının bir hissəsi olacağı ifadə edilir. 3 seriyası BMW-nin ən qazanclı ailəsi olaraq xarakterizə edilir. “Tesla Model 3”ün rəqibi olacaq. Məlumatda əlavə olaraq sözü gedən BMW modelinin yaxınlaşmaqda olan Tesla Model 3-ə birbaşa cavab olduğunu da ifadə etdi. Avtomobil nəhəngləri son illərdə möhtəşəm işlərə imza atan Teslanı rəqabətdə keçmək üçün strategiyalarını dəyişdirməyə başladı. Son olaraq BMW-nin Tesla ilə daha yaxşı rəqabət etməsi üçün avtomobil qiymətlərini daha aşağıda tutması lazım olacaq. Hələlik BMW mövzuyla əlaqəli hər hansı bir açıqlama etməyib və bir müddət daha səssiz qalacaq kimi görünür.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register