Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” bütün dünyanı İnternetlə təmin edəcək pilotsuz təyyarəsinin Arizonada sınaq uçuşunu uğurla tamamlayıb. Qeyd edək ki, günəş enerjisi ilə çalışan dronun öncəki cəhdi uğursuz olmuşdu və yerə çırpılmışdı. Dünyanın ən nəhəng sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin uzun zaman əvvəl təşəbbüsünü irəli sürdüyü bu dronun adı “Aquila”dır. Şirkət bu pilotsuz təyyarə ilə İnternetə çıxışı olmayan əraziləri İnternetlə təmin edərək, əlavə olaraq 4 milyarda yaxın insanın qlobal şəbəkəyə çıxışına nail olmaq niyyətindədir. “Aquila” hazır olan kimi günəş enerjisi ilə çalışan təyyarələr donanması dünyanın hər bir yerinə İnternet bağlantısı gətirəcək.”- deyə Zukerberq öz “Facebook” səhifəsində yazıb. Dronun ikinci uçuşu may ayında tamamlanıb. Bu dəfəki uçuş zamanı drona yeni sensorlar və pərlər qoyulub. Yeni elementlər pilotsuz təyyarənin daha rahat enişinin təmin edilməsi üçün əlavə edilib. Dron bir saat 46 dəqiqə ərzində havada olub. 910 metr hündürüyə qədər qalxa bilib. “Aquila”nın çəkisi 450 kiloqram, qanadı isə Boeing 747 təyyarəsindən daha uzundur.

1

“Apple” şirkəti hazırda yeni texnologiyanın yeridilməsi üzərində çalışır, bu barədə Oxu.Az Bloomberg agentliyinə istinadən xəbər verir. Agentliyin mənbəyə istinadən verdiyi məlumata əsasən, “iPhone”  istifadəçiləri indi sifətin 3D-skaneri vasitəsilə nəinki telefonu blokdan çıxara biləcəklər, eyni zamanda, yeni texnologiyadan ödənişlərin edilməsi və əlavə funksiyaların aktivləşdirilməsində istifadə edə biləcəklər. Qeyd olunur ki, “iPhone”nun  skan etməsi üçün onu sifətə yaxınlaşdırmağa ehtiyac olmayacaq, telefon stolun üstündə olsa belə, 3D-skan baş tutacaq. Yeni texnologiyanın tətbiq olunacağı dəqiq vaxt hələ açıqlanmır.

2

“Microsoft” korporasiyası “bulud” texnologiyalarına yönəlməsi ilə əlaqədar satış üzrə bölmələrində kütləvi ixtisarlar aparacaq. Siyasətin dəyişməsi minlərlə insanın işdən çıxarılmasına səbəb ola bilər. “Microsoft”dan bildiriblər ki, dəyişikliklərə az qalıb: “Biz müştərilərimizə və tərəfdaşlarımıza daha yaxşı xidmət göstərmək üçün işimizə dəyişiklik edirik”. Xəbər verilir ki, “Microsoft”un baş direktoru Satya Nadella şirkətin proqram təminatına oriyentasiyasını azaldaraq onu “bulud” texnologiyaları və kommersiya xidmətləri istiqamətinə yönləndirmək niyyətindədir. Qeyd edək ki, “Microsoft”un bulud texnologiyaları sahəsində ixtisaslaşmış bölməsi 2016-2017-ci maliyyə ilinin ilk yarısında uğurlu nəticə göstərib. Bu bölmə üzrə gəlirlər 8% artaraq 6,9 milyard dollar təşkil edib. Xatırladaq ki, “Microsoft Corp” 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən yaradılıb.

3

Populyar “WhatsApp” əlavəsinin istifadəçilərini yenilənmələr gözləyir. Tərtibatçılar iki yeni emodzi funksiyasını və “Night Mode”u istifadəçilərin ixtiyarına veriblər. İstilən arzu edən şəxs əlavəni “Play Store” saytından yükləyərək, onun yeni imkanlarını beta versiyada sınaqdan keçirə bilər. Artıq yeni 2.17.148 versiyasında şriftin dəyişdirilməsi üçün seçimlərdə yeni panel olacaq ki, o da hələ ötən il təqdim edilib. Ancaq akkauntun bir çox istifadəçiləri bu dəyişikliyi görməyiblər. Artıq söhbət edərkən şrifti qalın, kursiv və ya altından xətt çəkilmiş kimi dəyişmək mümkün olacaq. Bu gün sınaqlar əlavə emodzilərlə aparılır ki, onlar da çatda emosiyaları bildirmək üçün istifadə ediləcək. Bu funksiya istifadəçinin istəyi və sorğusu ilə lazımi emodzini dərhal tapa biləcək. “Night Mode” funksiyası isə söhbət edilən zaman sutkanın qaranlıq vaxtında edilən və çəkilən şəkillərin daha keyfiyyətli olması üçün tərtib edilib.

4

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy S8 mini” smartfonunu istehsal edəcək. Şirkət bir neçə il əvvəl öz flaqman smartfonlarının mini versiyalarını istehsal edib və yenidən belə bir təcrübəsinə dönə bilər. Əldə olunan məlumatlara görə, “Galaxy S8 mini” xüsusiyyətləri tam həcmli flaqmanlardan bir az sadə olacaq. Belə ki, cihaz 5,3 düymlu displeyə malik olacaq. Ancaq o, çərçivəsiz olacaq və həcmi ənənəvi 4,7 düym həcmli smartfonuna yaxın olacaq. Smartfon “Snapdragon 821” prosessoruna və 4 Gb əməliyyat yaddaşına malik olacaq. Onun yaddaşının həcmi isə 32 Gb təşkil edəcək. Həmçinin göz bəbəyinin skanerinin olacağı da gözlənilir. Cənubi Koreya istehsalçısının yeni smartfonunun qiyməti və istehsal tarixi barədə hələlik heç bir məlumat yoxdur.

5

“Caviar” şirkəti “Nokia 3310” telefonunun yeni versiyasını istehsal edib. Bu dəfə telefon Tatarıstana həsr edilib. Telefon aparatının arxa qapağında respublikanın gerbi mövcuddur və o, ikiqat qızıl tozu ilə örtülüb. Həmçinin bahalı metalla üzərində Tatarıstan himnindən sitat yazılmış cədvəl də düzəldilib. Bildirilir ki, telefonun korpusunda Tatarıstanın milli rəmzi olan uçan bars çəkilmiş iri gerbi yaradılıb. Uçan bars ölkə əhalisini hər hansı uğursuzluqlardan qoruyur. Bu görüntünü ölkə himnindən seçilmiş ifadənin qızılı hərflərlə yazılması tamamlayır. Bu seriyadan olan bütün telefonlarda olduğu kimi, ”Nokia 3310 Atlante Tatarstan Damascus Gold” da titan korpusa malikdir. Telefonu artıq sifariş etmək mümkündür. Onun qiyməti isə 129 000 rubl və ya 2 180 dollar təşkil edir.

6

“Apple” korporasiyası smartfonun blokunun barmaq izi olmadan açılmasına imkan verəcək texnologiya üzərində işləyir. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər verib. Yeni – sifətin 3D skan edilməsi texnologiyası barmaq izindən istifadə etmədən “iPhone”u bloku çıxarmağa imkan yaradacaq. Funksiyanın “Apple”ın bu ilin payızında təqdim edəcəyi yeni “iPhone 8” modelində tətbiq olunacağı gözlənilir. Yaxşılaşdırılmış təhlükəsizlik sistemi istifadəçilərə öz sifətini skan etdikdən sonra cihazı blokdan çıxarmağa, ödənişləri təsdiqləməyə, əlavələri işə salmağa şərait yaradacaq. Bu, xüsusi 3D sensorun köməyi ilə həyata keçiriləcək. Bundan başqa, mənbələrdən biri “Bloomberg”ə bildirib ki, “Apple” sistemdə əlavə qismində gözlərin 3D skan edilməsi imkanlarını da sınaqdan keçirir. Agentliyin mənbələri qeyd edirlər ki, yeni funksiya “iPhone 8”də olmaya da bilər. Çünki testlər hələlik başa çatdırılmayıb.

7

“Subaru Motor” şirkəti Rusiyada 24,5 minə yaxın avtomobili geri çağırıb. Qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2007-2010-cu illərdə istehsal olunmuş “Impreza” və “Forester” modellərinə şamil olunur. Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

8

Yaponiyanın “Sharp” şirkəti iyulun 17-də maraqlı dizayna malik iki yeni smartfonun təqdimatını keçirəcək. İki vertikal kameralı qurğuların ekranının kənarları tam çərçivəsiz olacaq. “FS8010” və “FS8016” model sırasına aid yeni qurğular “iPhone 8” və “Samsung Galaxy S8” smartfonları ilə rəqabət aparacaq. Onlar perimetr üzrə çərçivəsiz 2048 х1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. Yalnız yuxarı hissədə ön kamera üçün kiçik açıq yer ayrılacaq. Displey panelinin ölçüsünün təxminən 91,3 faizə bərabər olacağı gözlənilir. Yeni “Sharp” smartfonları, həmçinin 12 meqapikselli qoşa kamera ilə təchiz ediləcək. Modellər bir-birindən prosessoruna görə fərqlənəcək. “FS8016” modelinin əsasını “Snapdragon 660” çipi təşkil edəcək, “FS8010” modeli isə birkristallı “Snapdragon 630” sisteminə əsaslanacaq. Kiçik modifikasiyalı modelin operativ yaddaş tutumu 4 giqabayt, böyük modelin 6 giqabayt təşkil edəcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonların quraşdırılmış yaddaşı barədə məlumat verilmir. Yeni çərçivəsiz “Sharp” smartfonlarının orta səviyyəli modellər sırasına aid olmasına görə uğurlu qurğular olacağı gözlənilir.

9

“Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub. “Panasonic Toughbook CF-XZ6” cihazı 2160×1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil “Intel Core i5-7300U vPro” prosessoru, 8 giqabaytlıq əməli yaddaş və 256 giqabaytlıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. “CF-XZ6” modeli “Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kiloqram, planşetin çəkisi isə 640 qramdır. Yeni model 76 santimetr hündürlükdən düşməyə davamlıdır. Real vaxt rejimində videokonfransların təşkili və ya fotosənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir. Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər. “Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.

10

Sağlamlıq vlogger-ı Zhang, etdiyi bir canlı yayımda aloe vera yediyini zənn edərkən əslində buna bənzəyən ancaq zəhərli olan bir başqa bitkini yedi. Sağlamlıq vlogger-ı Zhang, canlı yayımda sağlam həyatın sirlərini izah edərkən heç gözləmədiyi bir hadisə ilə qarşılaşdı. Zhang, bir çox fərqli səhiyyə məhsulunda istifadə edilən  aloe vera bitkisiylə canlı yayıma çıxdığını zənn edərkən, əslində satın aldığı ona çox bənzəyən və bir insanı öldürə biləcək qədər zəhərli olan fərqli bir bitkini yedi. Canlı yayım xəstəxanada sona çatdı. Canlı yayımda aloe vera yerinə Meksikada yetişən və bir insanı öldürə biləcək qədər bünyəsində zəhər saxlayan agave americana bitkisini dişləyən qadın, vəziyyəti dərhal fərq edib canlı yayımı kəsdi və xəstəxanaya getdi. Zhang, daha sonra etdiyi açıklamda bitkini dişləyərkən ağzının quruduğunu və boğazının ciddi şəkildə yandığını ifadə etdi. Nəysə ki, bu hər hansı bir ciddi zərərə yol açmadı. Canlı yayımın videosunu aşağıdan izləyə bilərsiniz.

Moto Z seriyasını təqdim etməsinə baxmayaraq “Lenovo” şirkəti, Moto X seriyasından imtina etmədi. Və uzun müddətli səssizlikdən sonra bu seriyanın yeni modelini satışa çıxartmağı qərarlaşdırdı. Söhbət, Moto X4 modelindən gedir. Bu ilin May ayında sözügedən smartfon bağlı qapılar arxasında keçirilmiş prezentasiya çərçivəsində təqdim edilmişdi. Məşhur insayder Evan Blass-ın səyləri nəticəsində isə bu cihazın texniki göstəriciləri haqqında bəzi məlumatlar əldə olunmuşdur. Məlum olub ki, bu smartfon haqqında paylaşılmış əvvəlki məlumatlar bir qədər düzgün olmayıb. Belə ki, Qualcomm Snapdragon 660-ın yerinə smartfon, 8 nüvəli və 2.2 GHz tezlikli Snapdragon 630 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Moto X4, 4 GB RAM və 64 GB daxili yaddaşa da (microSD dəstəkli) sahib olacaq. Məlumatlara əsasən smartfon, alüminium korpusdan ibarət olacaq. Çox güman ki, söhbət yalnız çərçivədən gdir. Belə ki, smartfonun arxa paneli 3D şüşədən ibarətdir. Moto X4, biri 12 MP, digəri isə 8 MP olmaqla ikili arxa kamera ilə təchiz olunub. Onun ön kamerası isə 16 MP-dir. Batareya həcmi isə 3000 mAh təşkil edəcək. Smartfon, IP68 standartı üzrə sudan və tozdan qorunmaya sahibdir. Əvvəlki məlumatlara əsasən Moto X4, İyun ayının sonunda satışa çıxmalı idi. Lakin bu belə olmadı. Sonuncu məlumatlara əsasən isə smartfon bu ilin 4-cü rübündə satışa çıxacaq. Onun qiyməti barəsində məlumatlar isə hələki yoxdur.

11

“Apple” şirkəti, iPhone 8 üçün istifadəçi üzünün 3D skanı əsasında yeni təhlükəsizlik sistemi üzərində çalışır. Yeni təhlükəsizlik sistemi, ənənəvi Touch ID-ni əvəz edəcək. Hal hazırda şirkət mühəndisləri bu sistemin dəqiqliyi və sürətinin yaxşılışdırılması üzərində çalışır. Məlumata əsasən yeni sistem, istifadəçi üzünü bir neçə millisaniyə ərzində skan edir. Bundan əlavə bildirilir ki, yeni sistem, təhlükəsizliyinə görə Touch ID-ni geridə qoyur. Məlumata əsasən bu sistemdən istifadə etmək üçün istifadəçinin, smartfonu üz hissəsinə yaxınlaşdırması məcbur deyil. Belə ki, sistem istənilən vəziyyətdə çalışa bilir. Bundan əlavə olaraq şirkət həmçinin göz qişasının skanı texnologiyasını da test edir. Qeyd etmək lazımdır ki, “Apple”, Touch ID sistemini ilk dəfə 2013-cü ildə iPhone 5s-də təqdim etmişdi. 1 ildən sonra isə iOS-də barmaq izi skanı vasitəsilə online ödənişlər etmək və mobil tətbiqlərə daxil olmaq mümkün oldu. iPhone 8-də 3D ön kameranın olacağıhaqqında məlumatlar hələ bu ilin May ayında yayılmışdı. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli ənənəvi olaraq Sentyabr ayında təqdim olunacaq.

12

ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri baş-beyinin sintiqrafiyasını analiz edərək insanın nə barədə fikirləşməsini ehtimal edən dərin təlim alqoritmi hazırlayıblar. Beyinin göndərdiyi siqnalların interpretasiyası süni intellektə hətta mürəkkəb cümlələri başa düşməyə imkan verir. Tədqiqatçılar kompüter təlimi alqoritmlərini funksional maqnit-rezonans tomoqrafiyası üçün cihaz vasitəsilə toplanan məlumatlarla təchiz ediblər. Onları öyrənən süni intellekt beyinin bu və ya digər fikirlərin yaradılması üçün istifadə etdiyi zəncirvarı xətti müəyyən ardıcıllıqda qurub. Məlumata görə, beyinin ümumilikdə ayrı-ayrı insanlara, yerə və ya fiziki hərəkətlərə təxminən 240 reaksiyası müəyyənləşdirilib. Alqoritmlər onlara məlum reaksiyaları maqnit-rezonans tomoqrafiyası məlumatları ilə müqayisə edərək hazırda insanın nə barədə düşünməsini anlamağa çalışıblar. Alimlərin təəccübünə baxmayaraq fərziyyələrin dəqiqliyi çox yüksək (87 faizədək) olub. Bundan başqa, süni intellekt əməliyyatı əks istiqamətdə apararaq maqnit-rezonans tomoqrafiyası fotoşəkilində insandan alınan cümləni göstərib.

13

“Panasonic” şirkətinin mütəxəssisləri “Deodorant Hanger MS” adlı qeyri-adi qurğu hazırlayıblar. Bu, köynək və gödəkcələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır. Bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan xilas olur. “Deodorant Hanger MS” qurğusunun işi zamanı “Panasonic” şirkətinin “nanoe” adlı zərrəciklərindən istifadə olunur. Bu hissəciklər insan gözü üçün görünməzdir və artıq fenlərdə tətbiq edilir. Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. Adi 5 saatlıq rejim xoşagəlməz qoxuların aradan qaldırılmasını təmin edir, 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub. Geyimi emal etmək üçün onu asılqana asmaq və düyməni sıxmaq kifayətdir. Asılqanın qiyməti təxminən 180 dollardır. Sözügedən asılqan hələ ki yalnız Yaponiya sakinləri üçün əlçatandır.

14

“Bloomberg” agentliyi “PwC” audit şirkətinin hesabatına istinadən 2030-cu ilədək dünya üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin süni intellekt sayəsində 15,7 trilyon dollar artaraq 90 trilyon dollar təşkil edəcəyini bildirir. Artımın 6,6 trilyon dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin ediləcək. Öz növbəsində qalan 9,1 trilyon dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq. “PwC”-nin analitiki Anan Rao qeyd edib ki, biz gələcəyi insan və kompüterlə birlikdə insanın təkbaşına olmasından daha effektiv görürük.

15

“Tegway” şirkətinin tərtibatçıları tərəfindən virtual reallıq üçün yaradılmış oyun kontrolleri prototipi oyunçuya ovucu ilə ağrını və temperatur dəyişikliyini hiss etməyə imkan verəcək. Bu günlərdə  San-Fransiskoda keçirilmiş tədbirdə istehsalçılar yeni texnologiyanı nümayiş etdiriblər. Kontrollerə elektrik enerjisi verildikdə o öz temperaturunu dəyişdirir, buna görə virtual reallıqda belə cihazdan istifadə çox maraqlıdır: oyun zamanı alova çox yaxınlaşan istifadəçi onu öz əlləri ilə hiss edə biləcək, çünki kontroller qızacaq. Həmçinin soyuq əşyaları hiss etmək mümkün olacaq. Kontroller hələ tam hazır deyil, buna görə yaxın vaxtlarda satışa çıxarılmayacaq.

16

“Instagram” sosial şəbəkəsində istifadəyə verilmiş filtr dərcləri və birbaşa yayımda yazılmış şərhlərdəki spamı bloklayacaq. Bu haqda sosial şəbəkənin mətbuat xidməti  məlumat verib. Filtr rus dili daxil olmaqla 9 dili dəstəkləyir. “Instagram” nümayəndələrinin sözlərinə görə, yeni funksiya platformada təhlükəsiz və pozitiv atmosferi qoruyub saxlamağa imkan verəcək. Filtr kompüter təlimi texnologiyası sayəsində spamı müəyyənləşdirəcək. Bundan başqa, “Instagram” artıq başqa filtr də elan edib. Bu filtr təhqiredici şərhlərin qarşısını almağa imkan verəcək.

17

“GPS” sistemləri koordinatların əldə edilməsi üçün ən geniş yayılmış və dəqiq mənbələrdən biridir. Onlardan hər yerdə, o cümlədən pilotsuz uçan aparatlarda istifadə edilir. Lakin indiyədək peyk naviqasiya sistemlərinin meşə, tunel, mağara və s. kimi işləmədiyi yerlər mövcuddur. Məhz buna görə “NVIDIA” şirkətinin tədqiqatçıları robotların naviqasiyası üçün “GPS”-dən asılı olmayan sistem variantı hazırlamaq qərarına gəliblər. Dünyanın məşhur şirkətinin texnologiyası daxil olan məlumatların tanınması və qərarların qəbulu üçün süni intellektin idarəetməsi ilə işləyən kameraların işinə əsaslanır. Sınaqlar zamanı pilotsuz uçan aparat modellərinin birində iki əlavə kamera və özündə süni intellekt və dərin kompüter təlimi funksiyalarını birləşdirən “Jetson TX1” modulu quraşdırılıb. Məlumata görə, yeni sistem pilotsuz uçan aparatların mürəkkəb quruluşa malik yerlərdə səmti müstəqil tapması, marşrutu seçməsi və kənardan kömək olmadan hərəkət etməsi üçün hazırlanıb. Əvvəlcə belə sistemlə təchiz edilən pilotsuz uçan aparatlardan yalnız meşədə istifadə nəzərdə tutulsa da, praktika göstərib ki, onlardan şəhər şəraitində, təbii fəlakət zonalarında və su altında istifadə mümkündür. Uçan aparatların hərəkətlərini idarə edən neyron şəbəkə “TrailNet” adlanır və onun təlimi təkcə açıq sahədə deyil, müxtəlif tipli meşə mühitində “GoPro” kameralarından edilən qeydlər vasitəsilə aparılıb. Kameraya çəkilən yolun ümumi uzunluğu təxminən 13 min km təşkil edib. Hazırda pilotsuz uçan aparat toqquşmaların qarşısının alınması üçün təkmilləşdirilmiş funksiya sayəsində meşə zolağında 1 km məsafəni müstəqil şəkildə qət edə bilir. Yeni sistem tərtibatçısı Nikolay Smolyanskinin sözlərinə görə, vizual sistem həm “GPS”-nin, həm də digər naviqasiya sistemlərinin işləyə bilmədiyi yerlərdə fəaliyyət göstərəcək.

“Apple” şirkətinin qurucusu Stiv Cobsun qara uzunboğaz köynəyinin (“vodolazka”) kütləvi istehsalına başlanacaq. Bu barədə yaponiyalı modelyer İssey Miyake bildirib. Məhz Miyake bundan əvvəl bu növ geyimi iş adamı üçün yaradıb. Yaxın zamanlarda satışa çıxarılacaq yenilik qaldırılmış çiyin xətti və daha zərif siluetlə seçiləcək. Bununla belə, geyimin materialı və tikilmə prinsipi eyni olaraq qalacaq. Gödəkcənin qiyməti 270 dollar təşkil edəcək. Stiv Cobs uzun müddət sevimli qara köynəyini geyinməyə üstünlük verib. Əslində onun belə paltarının sayı yüzlərlə ədəd idi.

18

“Philips” tərəfindən inkişaf etdirilməkdə olan smarton telefon modeli S329, “Tenaa” qeydləri vasitəsilə ortaya çıxdı. Dünyanın ən böyük elektron şirkətlərindən biri olan Philips, smartfon telefon bazarında aktiv bir şəkildə iştirak etməsə  də, uzun aralar ilə yeni modellərinin təqdimatını reallaşdırır. Üst səviyyə bir smartfon telefon hazırlığı içərisində olduğu bilinən Philipsin, bu dəfə yeni bir modelin üzərində çalışdığı ortaya çıxdı. Çinin telekommunikasiya cihaz nəzarətçi TENAA-nın qeydlərində görülən Philipsin yeni smartfon telefonu S329 model nömrəsi ilə qarşımıza çıxır. Philips S329 xüsusiyyətləri və dizaynı. 5 inç ölçüsündə 1280×720 piksel keyfiyyət əmsalı təqdim edən IPS ekrana və 1.5 GHz sürətində işləyən səkkiz nüvəli bir prosessora sahib olan Philips S329, 3 GB RAM ilə birlikdə gələcək. 16 GB daxili yaddaşı sahəsi microSD kart ilə 64GB-a qədər artırıla bilən smartfon telefon, 3000 mAh tutumlu bir batareyadan güc alacaq və Android 7.0 Nougat əməliyyat sistemi ilə təqdim olunacaq. 13 megapiksel keyfiyyətində arxa və 5 megapiksel keyfiyyətində ön kameranın yer alacağı Philips S329, 145qram ağırlığında və 143.4 x 70.4 x 9.15 mm ölçülərində olacaq.

19

Parisdə keçirilən Le Burje beynəlxalq aviasalonunda İsrailin “Elbit Systems” şirkəti “SkEye Wide-Area Persistent Surveillance” kamerasını ilk dəfə nümayiş etdirib. Yeni texnologiya hava videomüşahidəsi üçün 1 milyard piksel təsvir ölçüsünə malik qabaqcıl kamera olmaqla yanaşı, 80 kvadratmetr ərazini əhatə etməklə məlumatları real vaxt rejimində ötürməsi ilə seçilir. “SkEye” kamerası əksər pilotsuz uçan aparatlarda quraşdırılan modifikasiya edilmiş “Visual Intelligence” (VISINT) sistemi sayəsində böyük ərazidə çəkiliş apara bilir. Bundan başqa, kamera zərurət yarandıqda yerin yalnız konkret hissəsini çəkir. Pilotsuz uçan aparatın elektron-optik cihazlarından əldə olunan informasiya ilkin emal sisteminə ötürülərək yerli məlumat bazasında saxlanılır. Məlumata görə, bir sıra proqram dəyişikliklərindən sonra məlumat axını idarəetmə mərkəzinə ötürülür və burada şəkilin daxil edilməsi ilə yanaşı, “bulud” saxlancında onların ehtiyat surətləri çıxarılır. “Bulud” saxlanc sisteminin konfiqurasiyası saxlanılan məlumatlara eyni anda 10 operatorun müraciət etməsinə imkan verir. Bundan əlavə, “SkEye” lazımi obyekt və ya hadisələrin (məsələn, yanğın və ya oğurlanmış nəqliyyat vasitəsində cinayətkarın axtarışı) kameranın əhatə dairəsinə düşməsi zamanı işə salınan siqnalizasiya ilə təchiz edilib. Konstruktorların sözlərinə görə, “SkEye” həm pilotlu təyyarələrdə, həm də pilotsuz uçan aparatlarda quraşdırıla bilər. Kameranın universal olması səbəbindən təyyarə sinfi rol oynamır.

20

Çinin “Risingsun” analitik şirkəti smartfon bazarı ilə bağlı cari ilin birinci rübünün nəticələrini dərc edib. Analitiklər hesablayıblar ki, birinci yerdə rəqiblərindən böyük fərqlə “Samsung” şirkəti qərarlaşıb. Bu şirkət 80 milyon ədəd smartfon sata bilib. İkinci yeri “Apple” şirkəti tutub ki, bu şirkət də birinci rübdə 51 milyon ədəd smartfon tədarük edə bilib. Liderlərin ilk üçlüyünü isə 35 milyon smartfon satışı nəticəsi ilə “Huawei” şirkəti qapayır. Sonrakı yerləri “Oppo” və “Vivo” tutublar ki, onların da hər biri müvafiq olaraq 26 və 19 milyon ədəd smartfon sata biliblər. Altıncı yeri 15 milyon ədəd cihaz satışı ilə “Xiaomi”, yeddinci yeri 15 milyon ədəd smartfon satışı ilə LG şirkətləri tutub. Səkkizinci yerdə 12 milyon smartfon satışı ilə “Lenovo”, doqquzuncu yeri 9 milyon smartfon satışı ilə ZTE şirkətləri tutub. Onuncu yerdə isə 8 milyon smartfon satışı ilə “Gionee” şirkəti qərarlaşıb. Belə çıxır ki, hazırda smartfon bazarı liderlərinin onluğunda olanların yeddisi Çin şirkətləridir.

21

“Qualcomm” şirkəti, orta qiymət göstəricili smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni Snapdragon 450 çipini təqdim etdi. Yeni çip, 14 nanometrlik prosessor üzərində qurulub və ikili kamera ilə sürətli enerji yığma funksiyasını dəstəkləyir. Snapdragon 450, “Qualcomm”un Snapdragon 435 çipini əvəz edəcək. Belə ki, yeni prosessor və qrafik sürətləndirici əvvəlki modeldən 25% daha güclüdür. Texniki göstəricilərinə gəldikdə yeni Snapdragon 450, 1.8 GHz tezlikli 8 nüvəli Cortex-A53 prosessoru, 600 MHz tezlikli Adreno 506 qrafik özəlliyi, FinFET texnologiyalı 14 nanometrlik texprosessor ilə təchiz olunub. Yeni Snapdragon 450 həmçinin enerji cəhətdən də çox efektivdir. Bu çipə sahib olan smartfonlar, Snapdragon 435 çipinə sahib olan smartfonlardan 4 saat daha çox çalışa biləcəklər. Bundan əlavə olaraq smartfonda oyunlar oynayan zaman enerji sərfiyyatı 30% aşağı düşəcək. Yeni çip sürətli enerji yığma funksiyasını dəstəkləyir və çipin yaradıcıları 35 dəqiqə ərzində 80% enerji yığmanı təsdiqləyirlər. Daha bir yenilik isə ondan ibarətdir ki, Snapdragon 450-ə ikili kamera dəstəklənməsi əlavə olunub. Belə ki, yeni çip, 13 MP-lik ikili arxa kameranı və ya 21 MP-lik tək arxa kameranı dəstəkləyir. Bu çipə sahib smartfon, saniyədə 60 kadr vasitəsilə Full HD videoçəkiliş sərgiləyə bilər. Snapdragon X9 modemi sayəsində Snapdragon 450, saniyədə 300 Mbit internet sürətini də dəstəkləyir.

22

“Viber” messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yeniləməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib. “Viber” messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə “Viber” messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıblar. Tərtibatçılar “YouTube”-un “Viber” messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıblar. “YouTube” çarxlarına istinadlar “Viber” istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən “Viber”də çatın pəncərəsində “YouTube”-da video axtara, göndərə və hətta izləyə bilərlər. Bundan başqa, istifadəçilər, həmçinin “Spotify” xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər. Bəyəndiyiniz musiqini dərhal çatın pəncərəsində paylaşa bilərsiniz. “Vice” xidməti ilə inteqrasiya nəticəsində indi “Viber” messencerində ən son xəbərlər əlçatan olacaq. Həmçinin “Viber” istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. “Booking.com” servisi ilə inteqrasiya nəticəsində messencerdə otel haqda informasiyanı birgə səyahət etməyi planlaşdırdığınız şəxsə göndərmək mümkün olacaq.

23

Soyuq müharibəni qazanan ABŞ oldu. Ronald Reagan (ABŞ-ın 40-cı prezidenti) heç vaxt qələbə çıxışı etmədi amma düzü buna heç ehtiyyac da qalmamışdı. Okeanın o tayında, bizim üstümüzdə nəhəng bir quruluş məhv olurdu. Reagan hakimiyyəti soveti o qədər zəyiflətdi ki, bütün bir quruluş 2 il sonra diz çökdü. DEA agentlərini və CİA-i Kolumbiyaya göndərib Escobarın ölüm hökmünü çıxardı. ABŞ-ın 40-cı prezidenti “US” tarixindəki ən güclülərindən biriydi, hətta o qədər yaxşıydıki, demokratlar belə onu sevirdi. Hər nə qədər Reagan-dan yazmaq ürəyimdən keçsə də bu günki, mövzumuz Reagan sisteminin texnologiyayaya gətirdiyi ən sürətli qurğudur. Və bu qurğunun bu qələbələrə necə təsir etdiyi. Soyuq müharibə dövründə peyklər bu günki qədər inkişaf etməmişdi.Ona görə də düşmənin yerini müəyyən etmək üçün yuxarıdan baxan bir gözə ehtiyyac varıydı. Amerikanlar ilk öncə o vaxtki qırıcılarda istifadə olunan mühərriklə yerdən 100km yüksəkliyə qalxmaq üçün kiçik ölçülü bir təyyarə hazırlamaq fikrindəydilər. Amma sonra fizika qanunlarını xatırladılar və SR-71 Blackbird proyektinə start verildi. Blackbird-ün tək işi hərbi məlumat toplamaqıydı. Amma bu işi görərkən düşmən onu görməməli və ən əsası vurmamalıydı. Ona görə də Blackbird görünməz və eyni zamanda inanılmaz dərəcədə sürətli olmalıydı. Stealth sistemi SR-71-i düşmən radarlarına qarşı görünməz edirdi amma birdən sistem özünü doğrultmasa? Onda Blackbird-ün əkiz mühərrikləri ən yaxşı bacardıqları işi yerinə yetirirdilər: Sürətli uçmaq.. Çox sürəti uçmaq. Bu təyyarə o qədər sürətliydi ki, ona qarşı göndərilən raketlərdən daha sürətli hərəkət edərək gözdən itirdi. Blackbird-ün maksimum sürəti saatta 3.540 km idi. Maksimum sürət limitinə çatdıqda qanadlarında və burnunda istilik səviyyəsi o həddə çatırdı ki, bazaya qayıdanda ərimiş metalın arasından benzin axıdırdı. ABŞ cəmi 32 ədəd Blackbird istehsal etdi. Bunlardan 12-si qəza nəticəsində məhv oldu amma heç biri düşmən tərəfindən vurula və ya ələ keçirilə bilmədi. Uncle Sam 1966-cı ildən 1998-ci ilə qədər Blackbird-dən istifadə etdi. Düşmən bazalarının müəyyən olunması, əməliyyatlarda əsgərlərə düşmən mövqelərinin çatdırılması və hücum üçün optimal variantların müəyyən olunması. Bunlar Blackbird-ün müharibə vəziyyətində göstərdiyi saysız bacarıqlarından bir-neçəsi idi. Bu gün isə Lockheed SR-71 Blackbird hanqarlarda, muzeylərdə saxlanılır. Onun gördüyü işləri peyklər çox daha asan şəkildə yerinə yetirirlər. Amm bu cihaz hələ də tarixdəki ən sürətli təyyarə olaraq qalır.

24

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register