Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” ev sahiblərini kamera qarşısında baş vermiş hadisələr haqda xəbərdar edəcək. “Microsoft Research”ın Asiyada yerləşən bölməsində çalışan mütəxəssislər tərəfindən hazırlanmış süni intellektə əsaslanan yeni təhlükəsizlik sistemi ev sahiblərini kamera qarşısında baş vermiş qeyri-adi hadisələr haqda xəbərdar edir. Müasir kameralar hərəkətə reaksiya verə bilir, amma sistemdə qeydə alınan yazılar həddən artıq çoxdur. Ev sahibləri üçün böyükhəcmli informasiya arasında baş verənləri müəyyən etmək çətindir. “Microsoft” tərəfindən hazırlanmış texnologiya kamera qarşısında baş verən qeyri-adi hadisələr haqda xəbərdar etmək qabiliyyətinə malikdir. Baş vermiş hadisə kifayət qədər vacib olduğu halda sistem ev sahiblərini xəbərdar edir. Yeni metodun əsasını yüksək dəqiqliklə işləyən neyron şəbəkəsi təşkil edir. Bu neyron şəbəkəsi obyektləri tanıyır, onları izləyir və müəyyən hadisələri qeydə alır. Məsələn, insan büdrəyərək yerə yıxıldığı halda neyron şəbəkəsi bunu qeyri-adi hadisə sayaraq ev sahibinə çatdırır.

1

“Google Chrome” populyarlığına görə dünyada brauzerlər arasında ilk yeri tutur. “NetMarketShare” və “StatCounter” şirkətlərinin apardığı təhlilə əsasən, bir il ərzində “Google” brauzerinin payı 10,84 faiz artıb. 2016-cı ilin iyul ayında bu rəqəm 58,65 faiz təşkil edirdisə, 2017-ci ilin iyul ayında bu rəqəm 59,49 faizə qədər yüksəlib. İkinci yeri bu dəfə də “İnternet Explorer” brauzeri tutur. Ancaq bununla belə, o, öz mövqelərini ciddi şəkildə itirib. Onun payı 14,81 faizə qədər azalıb. Əgər 2017-ci ilin iyun ayında bu brauzer bazarın üçdə birini – 31,65 faizini əldə saxlayırdısa, 2017-ci ilin may ayında bu göstərici 16,84 faizə qədər azalıb. Üçüncü yeri “Firefox” brauzeri tutub. Bu brauzer öz göstəricilərini 7,8 faizdən 12,02 faizə qədər yaxşılaşdırıb. Digər brauzerlər arasında bazarın təxminən 5 faizinə “Microsoft Edge” gəlir. Bu brauzer də artıq iki il müddətində “Windows 10” əməliyyat sistemli cihazlarla birgə təqdim edilir. 3,5 faiz bazar payı isə “Safari” brauzerinə məxsusdur. Qeyd edək ki, bu statistik məlumatlar 20 min nəfər “NetMarketShare” və 2,5 milyon nəfər “StatCounter” saytlarının istifadəçilərinin məlumatları əsasında əldə edilib.

2

Dünyaca məşhur “Apple” brendi OLED ekranların istehsalı üzrə zavod əldə etmək niyyətindədir. Bununla da şirkət “Samsung” kimi şirkətə layiqli rəqib ola biləcək və illik bazara 30 min ədəd bu məhsuldan çıxaracaq. Məlum olub ki, “Apple” şirkətinin rəhbərliyi yaxın gələcəkdə maye-kristal OLED monitorların istehsalı ilə məşğul olan zavodu əldə etməyi planlaşdırır. İlkin məlumatlara görə, razılaşmanın ümumi dəyəri 2,5 milyard dollara çatıb. Şirkətdəki elektronika tərtibatçıları adıçəkilən məhsulun istehsalçı müəssisəsini almaqda olduqca maraqlıdır. Bu ondan xəbər verir ki, əgər “Apple” şirkəti bu razılaşmanı uğurla həyata keçirsə, o zamanda bazara yeni OLED ekranlı smartfonlar çıxarılacaq. Analitiklər bildiriblər ki, hazırda OLED monitorlu “iPhone”ların istehsalında lider “”Samsung” şirkətidir. “Apple” rəhbərliyi zavodun alınması ilə bağlı razılaşmanı imzalayan kimi bazara 30 min ədəd məhsul çıxarılacaq.

3

“Samsung Electronics” şirkəti ardıcıl altıncı dəfə Asiyanın ən populyar brendi kimi qəbul edilib. Buna xüsusi olaraq “Samsung Galaxy S8” və “S8+” smartfonlarının uğurla işə başlaması səbəb olub. “Campaign Asia-Pacific” və “Nielsen” şirkətlərinin keçirdiyi sorğuda Asiya regionundan olan 10 ölkədən 6 000 insan iştirak edib. İkinci yeri “Apple”, üçüncü yeri isə “Sony” şirkətləri tutub. Onların ardınca “Nestle” və “Panasonic” gəlir. Həmin bu şirkətlər ötən il də eyni yerləri tutublar.

4

“Foxconn” şirkəti Hindistanda biznesin inkişafına 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətindədir. Şirkət bu ölkəni Çindən sonra ikinci istehsal mərkəzi etmək fikrindədir. “Foxconn” şirkətinin Hindistan bazarına investisiyaları artırmasına əsas səbəblərdən biri yerli hökumət tərəfindən ölkə daxilində məhsul istehsalını sahmana salacaq mobil cihazlar və aksesuarların istehsalında vergi güzəştlərinin tətbiq edilməsidir. Bundan başqa, ötən həftənin şənbə günü hökumət ölkəyə mobil telefonların, həmçinin onların hissələri və aksesuarlarına gətirilməsinə əlavə 10 faizlik gömrük rüsumunun tətbiqini həyata keçirib. Bura enerji doldurucu cihazlar, qarniturlar, akkumulyatorlar və sairə əşyalar da daxildir. “Foxconn”un sərmayə yatıracağı əsas istiqamət displeylərin istehsalıdır. Bu sahəyə 3 milyard dollar xərclənəcək. Bu vəsaitlərin investisiya edilməsi prosesinə gələn ildən başlanacaq.

5

“Apple” smartfonlarını cəmi 5 dəqiqəyə enerji ilə doldurmaq mümkündür. Belə bir nəticəyə elektron cihazlar sahəsindəki mütəxəssislər gəliblər. Enerji ilə tez doldurulmanın yeni metodu ancaq yeni cihazlara, xüsusilə də “iPhone 6” və “iPhone 7” smartfonlarına aiddir. Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə cihazın vəziyyətini yoxlamaq lazımdır. Onlar necə istifadə edildiyini və enerji necə doldurulduğunu müəyyən etməyi məsləhət görürlər. Ən tez enerji ilə dolmanı divara bərkidilmiş “iPadPro” cihazı təmin edə bilər. Enerji ilə doldurulma zamanı isə “iPhone”u aviarejimə keçirmək lazımdır ki, artıq enerji istifadəsi baş verməsin. Maraqlıdır ki, mütəxəssislər cihaz enerji ilə doldurulan zaman ekranının qoşulmasını da məsləhət görmürlər. Onların sözlərinə görə, bu zaman “iPhone” smartfonlarını cəmi bir neçə dəqiqə ərzində tam doldurmaq mümkündür.

6

“LG Electronics” şirkəti öz doğma Koreya bazarında “LG G Pad IV 8.0 FHD LTE” adlı yeni planşetini təqdim edib. Şirkət planşetin nazik və yüngül olmasını xüsusilə qeyd edib. Qurğunun fiziki ölçüləri 216,2x127x6,9 millimetr, çəkisi isə 209 qramdır. Planşet “WXGA” (1920×1200 piksel) təsvir ölçülü 8 düymlük ekran, 5 meqapiksellik iki kamera, 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 giqabayt əməli yaddaş və 32 giqabaytlıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saatdır. “4G LTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2” və “GPS” dəstəklənir. Cihaz “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Satışa çıxarılan “LG G Pad IV 8.0 FHD LTE” planşetinin qiyməti təxminən 306 dollardır.

7

Böyük Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkəti dərmanların hazırlanması üçün süni intellekt tətbiq edəcək. Son zamanlar əczaçılar tibbi dərman preparatlarının hazırlanması proseduruna süni intellektin cəlb edilməsi ilə daha çox maraqlanırlar. “GlaxoSmithKline” tezliklə öz biznesində bu texnologiyalardan istifadə etmək niyyətindədir. Belə ki, şirkət rəhbərləri bu kimi innovativ texnologiyaların yaradılmasında ixtisaslaşmış “Exscientia” konserni ilə müqavilə imzalayıblar. Hazırda mütəxəssislər dərmanların yaradılması sahəsində süni intellektin potensial tətbiqinə dair tədqiqatla məşğul olurlar. Alimlər preparatların istehsalı ehtimalının proqnozlaşdırılması üçün ən yeni, güclü kompüterlərdən və maşın təlimi mexanizmlərindən istifadə edirlər. Beləliklə, əczaçılar öz maddi vəsaitlərinə və zamana qənaət edərək əlavə təcrübələr aparmayacaqlar.

8

Günümüzdə virtual reallıq sahəsi ən perspektivlilərindən biri hesab olunur və hər bir böyük şirkət bu sahədə öz yerini tutmağa çalışır. Bu sahədə lider şirkətlərdən biri də öz Gear VR cihazı ilə “Samsung” şirkətidir. Bu cihazdan istifadə etmək üçün sözügedən şirkətin flaqman smartfonu lazımdır. Lakin bu cür üsul, VR uditoriyanın kiçilməsinə gətirib çıxardır. Məlumata görə məhz bu problemi aradan qaldırmaq üçün “Samsung” şirkəti hal hazırda özünün avtonom VR cihazı üzərində çalışır. Onun prototipi hələ bu ilin Mart ayında keçirilmiş MWC 2017 tədbirində təqdim edilmişdi. Sözügedən yeni VR cihaz haqqında məlumatları, göz hərəkətlərini izləyən texnologiya üzərində çalışan “Visual Camp” şirkəti verib. Şirkətin verdiyi məlumatlara əsasən yeni VR cihaz, Exynos VR III adlanır. Sözügedən cihaz, saniyədə 90 kadr keyfiyyətli WQHD+ iki ekran və ya biri 4K ekran olmaqla iki ekran ilə təchiz olunub. Bundan əlavə olaraq Exynos VR III, 2.5 GHz tezlikli 6 nüvəli Samsung M2, 1.7 GHz tezlikli 4 nüvəli Cortex-A53 prosessorları və Mali G71 MP20 videosürətləndiricisi ilə təchiz olunub. “Visual Camp” şirkətinin məlumatlarına əsasən bu VR cihazın çalışması üçün heç bir smartfon və ya kompüter lazım deyil və o, əl, üz və göz hərəkətlərini izləyə bilir. Bütün bunlardan əlavə olaarq sözügedən VR cihaz, təkmilləşdirilmiş render sistemindən də istifadə edir. Bunun sayəsində istifadəçinin VR cihazda baxacağı istiqamət çox dəqiq şəkildə ekranda əks olunacaq.

9

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register