Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Hibrid noutbuk təqdim olundu. “Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub. “Panasonic Toughbook CF-XZ6” cihazı 2160×1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil “Intel Core i5-7300U vPro” prosessoru, 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. “CF-XZ6” modeli “Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kq-dır, planşetin çəkisi isə 640 qr-dır. Yeni model 76 sm hündürlükdən yerə düşməyə davamlıdır. Real vaxt rejimində videokonfransların təşkili və ya foto sənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir. Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər. “Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.
“Nokia” şirkəti ilk planşetini satışa çıxarır. Mobil telefon sahəsində ixtisaslaşmış Finlandiyanın məşhur “Nokia” şirkəti ilk planşetinin fotolarını yayıb. “Mercury” adlanan planşet “Windows” əməliyyat sistemində fəaliyyət göstərəcək. “Nokia” ilk planşetini 2014-cü ildə buraxmağı planlaşdırsa da, maliyyə problemləri üzündən bu proses üç il ləngiyib. Yeniliyin təqdimatı yaxın iki ay ərzində keçiriləcək rəsmi tədbirdə baş tutacaq.
Çinin Datun şəhərində yeni günəş elektrostansiyası istifadəyə verilib. Stansiya gülən panda formasında inşa edilib. Layihənin icrası ilə “Panda Green Energy” şirkəti məşğul olub. Stansiyanın gücü hazırda 50 MVt-dır, tam gücü ilə işləməyə başladıqdan sonra bu göstərici saatda 3,2 milyard kVt təşkil edəcək. Yaxın gələcəkdə stansiyanın ərazisində gənclərin tədris mərkəzi yaradılacaq. Burada məktəblilərə günəş enerjisinin üstünlükləri barədə məlumat veriləcək. “Panda Green Energy” gələcəkdə həm Çində, həm də xaricdə bir neçə analoji layihəni həyata keçirmək niyyətindədir.
Mobil telefon sahəsində ixtisaslaşmış Finlandiyanın məşhur “Nokia” şirkəti ilk planşetinin fotolarını yayıb. “Mercury” adlanan planşet “Windows” əməliyyat sistemində fəaliyyət göstərəcək. “Nokia” ilk planşetini 2014-cü ildə buraxmağı planlaşdırsa da, maliyyə problemləri üzündən bu proses üç il ləngiyib. Yeniliyin təqdimatı yaxın iki ay ərzində keçiriləcək rəsmi tədbirdə baş tutacaq.
“Mail.ru Group” pulsuz elanlar saytı “Yula”nın məhsul bazasını “Odnoklassniki” sosial şəbəkəsinə inteqrasiya edib. Inteqrasiya “Yula”nın bazasını “Odnoklassniki”də və xidmətin özündə sinxronlaşdırmağa imkan verəcək. Yəni “Odnoklssniki”də çıxan elan Yula”da da görünəcək və ya əksinə. “Yula” istifadəçinin yaxınlığında müxtəlif kateqoriyalı malları axtarıb tapmağa imkan verən elanlar xidmətidir. Bu məqsədlə geolokasiya funksiyasından istifadə edilir. Bu funksiya “Odnoklassniki”də yaradılacaq yeni bölmədə də olacaq. Xidmətə istinad linki profil fotolarının altında yerləşdiriləcək. Hazırda xidmətin yalnız veb versiyası mövcuddur. Gələcəkdə isə iOS və Android üçün də əlçatan olacaq.
Mobil texnologiyalar sayəsində olan iki brend -“Nokia” və “Xiaomi” şirkətləri saziş imzalayıb. Sazişə əsasən şirkətlər bir-birinin texnologiyasından istifadə edə biləcəklər. Razılaşma brendlərə optik şəbəkələrdəki əsas patentlərə açıq çıxış və ən öndəgedən prosessorların bazasında İP-marşrutlaşmasını həyata keçirmək imkanı verəcək. Hər iki şirkət hazırda populyarlıq qazanmaqda olan əlavə virtual reallıq və mümkün qədəri ilə telefonda tətbiq ediləcək süni intellekt sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Razılaşmanın maliyyə tərəfi barədə heç bir şey məlum deyil. Hazırda “Nokia” şirkəti mobil telefonlar istehsal edir. Ancaq bununla belə, mobil cihazlarla bağlı iri patentləri özündə saxlayır. Onlara çıxış əldə etmək üçün “Apple” və “Microsoft” kimi bəzi dünya korporasiyaları Finlandiya şirkəti ilə əməkdaşlıq müqavilələri imzalayıblar.
Çinin “Geely” konserni uçan avtomobillərin tərtibatı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkətini alır. “Terrafugia” 2006-cı ildə ABŞ-ın Massaçusets Texnologiya Universitetinin (MİT) məzunu tərəfindən təsis edilib. Şirkət uçan avtomobillərin tərtibatını aparır. Bütün müddət ərzində “Terrafugia” şirkəti “Terrafugia Transition”un cəmi 2 ədəd prototipini yarada bilib. Bundan başqa, şirkət Amerika Federal Aviasiya Administrasiyasının (FAA) razılığını alıb. Hazırda ABŞ firması TF-X adlanan, üfüqi qalxma və enişə malik universal layihə üzərində çalışır. “Geely” korporasiyası isə bildirib ki, “Terrafugia” layihəsini öz heyətinə cəlb etmək niyyətindədir.
Bu günlərdə internetə yeni “iPhone 8” flaqman smartfonunun növbəti casus şəkilləri yayılıb. Bu şəkillər istifadəçilər arasında şok və təəccüb hissi yaradıb. İnsayder şəkillərin müəllifi bildirib ki, bu şəkillərdə növbəti istehsal mərhələsi keçən “iPhone 8” smartfonu frontal tərəfdən görüntülənib. Həmçinin bu şəkil internetə sızdırılmış əvvəlki şəkillərdən bir çox fərqli xüsusiyyətlərə malikdir. Misal üçün, danışıq dinamiki cihazı “süzmür”, onun aşağı hissəsində isə bir balaca kənara çıxma mövcuddur. Ümumilikdə isə daha əvvəl güman edildiyi kimi, bu smartfonu tam olaraq çərçivəsiz adlandırmaq olar.
Üzərində Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Trampın şəkilləri olan “Nokia 3310” mobil telefonu satışa çıxarılıb. Rusiyanın “Caviar” şirkəti əfsanəvi cihazın korpusunu bəzəyib və məhdud seriyada istehsal edib. Bu layihənin müəllifləri G20 sammiti ərəfəsində “Nokia 3310” telefonuna yeni dizayn veriblər. Belə ki, bu sammit zamanı ABŞ-ın yeni prezidenti ilə Rusiyanın dəyişməz prezidenti ilk dəfə olaraq görüşəcəklər. Putinlə Trampın görüşünün iyulun 7-də Almaniyanın Hamburq şəhərində keçirilməsi planlaşdırılıb. Bu hadisənin şərəfinə rusiyalı dizaynerlər telefonun korpusunu titandan istehsal ediblər və onu “Dəməşq poladı” ilə bəzəyiblər. Telefonun arxa qapağında isə Donald Tramp və Vladimir Putinin portretləri çəkilib. Cihazın qiyməti 149 min rubl və ya 2 488 dollar, yaxud 4 232 manat təşkil edir. Analoji dizaynı “Caviar” şirkətinin əməkdaşları “Apple” şirkətinin istehsalı olan “iPhone” üçün də düzəldiblər. Onun qiyməti isə 184 min rubl, 3 073 dollar və ya 5 225 manat təşkil edəcək. Nüsxələrin sayı məhduddur.
Hakerlər parolları oğurlamaq üçün beyin siqnallarından istifadə edə bilərlər. Alabama və Kaliforniya universitetlərinin tədqiqatçılarının insan beyninin elektrik aktivliyini qeydə alan elektroensefaloqrafik qarniturlarının təhlili maraqlı nəticələr verib. Gözləntilərə görə, belə qarniturlar tezliklə qeymerlər arasında populyar olacaq. Qeymerlər beyin siqnallarının köməyi ilə elektroensefaloqrafik qarniturlardan kompüter oyunlarının personajlarını idarə etmək üçün istifadə edəcəklər. Oyun prosesində fasilə vermiş, amma qarnituru başından çıxarmayan oyunçular hakerlərin hədəfinə çevrilə bilər. Tədqiqatçılar sınaq çərçivəsində qarnituru başına taxmış 12 nəfərdən adi klaviaturanın köməyi ilə mətn sahəsində təsadüfən yaradılmış PIN kod və parollar seriyasını daxil etməyi xahiş ediblər. 200 simvol daxil edildikdən sonra alimlər tərəfindən yaradılmış alqoritm 4 rəqəmli PIN kodları 43,4%, 6-7 simvoldan ibarət parolları isə 37,3% dəqiqliklə tapıb.
“Group-IB” beynəlxalq anti-haker şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi adı ilə gizlənən yeni çoxfunksiyalı ziyanverici proqramı müəyyən ediblər. Virus dostlardan gələn MMS məlumatlar vasitəsilə yayılır və müasir antivirus proqramları tərəfindən tanınmır. Analitiklər qeyd ediblər ki, yeni virus çoxfunksiyalıdır və çox hiyləgərdir. Onlardan biri smartfona düşməklə ani olaraq ilk düşdüyü qurbanın bütün kontaktları ilə yayılır. Virus çətinliksiz olaraq SMS-bankçılıq vasitəsilə istifadəçinin bank hesablarına daxil olur. Sonradan isə bütün pulları çıxararaq, istifadəçinin mövcud tranzaksiyalar haqqında bütün mümkün bildirişlər verilməsi barədə sistemini blok edir. Zərərverici proqram cihaza dostlardan gələn MMS vasitəsilə qeyd edilmiş keçidə keçməyi təklif edir. Bunun üçün də şirkətin mütəxəssisləri hər hansı keçidi aktivləşdirməkdə tələsməməyi xahiş edir və onları öz kontaktları ilə yoxlamağı məsləhət görürlər.
ABŞ-ın “SpaceX” şirkəti “Intelsat 35e” telekommunikasiya peykini orbitə çıxarıb. “Falcon 9” raketdaşıyıcısının buraxılışı Kanaveral kosmodromundan həyata keçirilib. “SpaceX” peyklə təchiz edilən raketdaşıyıcısının buraxılışını iki dəfə təxirə salıb. Raketin buraxılışı iyulun 2-nə nəzərdə tutulsa da, naviqasiya sistemində nasazlığa görə 1 gün ertələnib. İyulun 3-də şirkət yenidən raketin startını həyata keçirməyə çalışıb, lakin buraxılışa bir neçə saniyə qalmış uçuş ləğv edilib. Məlumata görə, “Intelsat 35e” adlanan aparat yüksək siqnal buraxılışı qabiliyyətinə malik geostasionar peyklər sinfinə aiddir. Çəkisi 6 ton təşkil edən “Intelsat 35e” ABŞ-ın “Boeing” şirkəti tərəfindən hazırlanıb və Şimali və Cənubi Amerika, Avropa və Afrika ərazisində telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Mənzil-qərargahı Lüksemburqda yerləşən “Intelsat” beynəlxalq konsorsiumuna məxsus aparatın hesablanmış istismar müddəti 15 il təşkil edir.
“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birgə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır. 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur. Mütəxəssislərin sözlərinə görə, texnologiya simsiz internetə çıxış, “Bluetooth” interfeysi və ya “NFC” modulundan istifadəni tələb etmir. Hazırlanan biletlərin tətbiqi üçün yeganə tələb olunan qurğu “Android” və ya “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, eləcə də səsli siqnalları təhlil edən skanerdir. Hazırda şirkətlər texnologiyanın təhlükəsizlik səviyyəsinin artırılması ilə məşğuldurlar. Həmçinin şirkətlərin nümayəndələri bildirirlər ki, texnologiyanın tətbiqi üçün az miqdarda maddi vəsaitə ehtiyac duyulur. Məhsulun hazır versiyasının yaxın dörd il ərzində ərsəyə gətiriləcəyi gözlənilir.
Dünyada ildən-ilə maraqlı “ağıllı” qurğuların sayı artmaqdadır və robot texnikasının inkişafı ilə robotların daha da müasirləşməsi prosesi gedir. Isveçli mühəndislər artıq 2020-ci ilə sürücüsüz və operatorsuz işləyən yük avtomobillərinin istehsalını planlaşdırırlar. Layihəyə görə, avtomatlaşdırılmış “T-pod” avtomobilləri telemetrik ötürücülər, çoxsaylı kamera izləyiciləri və avtomatlaşdırılmış proqramı olan kompüter vasitəsilə işləyəcək. Həmçinin 18 ton yükdaşıma qabiliyyətinə malik avtomobillər xüsusi akkumulyatorla qidalanaraq, 200 kilometrədək məsafə qət edəcəklər.
“Sharp” şirkəti “Android One” proqramı üzrə yaradılan yeni “Sharp X1” smartfon modelini təqdim edib. Proqram çərçivəsində müxtəlif istehsalçılar “Google” şirkəti tərəfindən hazırlanan aparat və əməliyyat platformaları əsasında ucuz qurğular buraxırlar. Smartfon 1,4 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 435” prosessoru, 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Məlumata görə, “Sharp X1” 1920х1080 piksel təsvir ölçülü 5,3 düym diaqonallı “IGZO” ekrana, eləcə də 16 meqapikselli ön, 8 meqapikselli arxa kameraya malikdir. Dördüncü nəsil “LTE” şəbəkəsini dəstəkləyən yeni qurğu, həmçinin barmaq izi skaneri, “Wi-Fi 802.11a/b/g/n/ac”, “Bluetooth 4.2”, “NFC” və “GPS” modulları və “USB Type-C” portu ilə təchiz olunub. “Android 7.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 3900 milliamper/saat təşkil edir. Bundan başqa, qurğunun korpusu su və toz keçirmir.
Facebook sosial şəbəkəsinin komandası, qrup videoçatları üçün ayrıca tətbiq hazırlayır. Bonfire adlı tətbiq, sosial şəbəkə əməkdaşlarına artıq təqdim olunub. “Facebook”un öz təmsilçiləri isə bu barədə hələ heç bir fikir bildirməyiblər. Tətbiq bu ilin payız fəslində təqdim olunacaq. Məlumatlara əsasən “Facebook”un bu yeni məhsulu vaxtı ikə “Life On Air” şirkəti tərəfindən yaradılmış Houseparty adlı qrup videoçatı tətbiqinə bənzəyir. Qeyd etmək lazımdır ki, bu, “Facebook”un digər tətbiqləri klonlaşdırmaq üzrə ilk cəhdi deyil. Bir neçə müddət bundan öncə şirkət o qədər də məşhurluq qazanmayan Slingshot və Bolt tətbiqlərini istifadəyə vermişdi. Lakin buna baxmayaraq 2012-ci ildə şirkət tərəfindən alınmış Instagram böyük sensasiya yaratmışdı. Şirkətin rəqabətçil videçat tətbiqini yaradıb-yaratmayacağını isə yaxın zamanda biləcəyik.
Bundan sonra istifadəçilər Stories paylaşımlarına foto və video vasitəsilə cavab verə biləcəklər. Cavab kimi selfie fotolar, Boomerang videolar və s.-dən istifadə etmək olar. Hansısa Stories paylaşımına cavab vermək üçün istifadəçi, Stories paylaşıma baxan zaman yeni kamera düyməsinə klik etməlidir. Stories paylaşımlarını redaktə etmək mümkün olduğu kimi onlara olan cavabları da redaktə etmək mümkündür. Belə ki, istifadəçilər Stories cavablarına maskalar, sitkerlər və s. əlavə edə bilərlər. Bundan əlavə olaraq həmin cavablara Stories paylaşımlarının özünün kiçik versiyalarını yerləşdirmək mümkündür. Stories bölməsinə əlavə edilmiş yeni funksiya hal hazırda həm iOS, həmdə Android istifadəçiləri üçün aktivdir.
Xiaomi-nin ən çox satan seriyalarından olan Redmi Note ardıcıllığı qiymət performans çempionu olmağa namizəd Redmi Note 5 modeli ilə qarşımıza çıxmağa hazırlanır. Xiaomi markasının satış müvəffəqiyyəti ilə şirkətin üzünü güldürən Redmi Note ardıcıllığının yeni üzvü olan Redmi Note 5 haqqında sızıntılar ortaya çıxdı. Ortaya çıxan xüsusiyyətlərə görə Redmi Note 5 üçün 5,5 düymlük FullHD IPS ekran və enerji qənaətli prosessor seti ilə təchiz olunacaq. Və enerji qənaətli çipset mövzusunda isə istifadəçilər üçün Snapdragon 630 və 660 arasında bir seçim təqdim ediləcək. Əvvəlki modelinə görə batareya tutumunda 310 mAh-lık bir eniş yaşayan model, 3790 mAh-lık bir batareya ilə qarşımıza çıxacaq. Telefonun USB-C portu, Quick Charge 3.0 texnologiyası ilə gələcək. 16 MP arxa, 13 MP ön kamera olacaq olan telefonda arxa tərəfdə isə Sony IMX 234 sensoruna üstünlük verildiyi ortaya çıxdı. 4 GB RAM və 64 GB qədər daxili yaddaş sahəsi və üç fərqli model halında gələcək olan telefon, olduqca yaxşı bir qiymət-performans tarazlığı təqdim edəcək kimi görünür. Ortaya çıxan qiymət məlumatlarına görə 3 GB RAM və 32 GB daxili yaddaş sahəsi olan model 175 dollar, 4 GB RAM və 32 GB daxili yaddaş sahəsi olan model 205 dollar, 4 GB RAM və 64 GB daxili yaddaş sahəsi olan son modeli də 220 dollar qiymət etiketiylə satılacaq.
“Microsoft” şirkətinin nümayəndəsi cari ilin iyun ayının əvvəlində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində sözügedən xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə sözügedən servisin dəstəyinin dayandırılması haqda məlumat vermişdilər. 1 iyul 2017-ci il tarixindən “Windows RT”, “Windows Phone 8” və “8.1” sistemlərinin sahibləri üçün “Skype” servisi əlçatmaz olub. Messencer “Smart TV” funksiyasına malik televizorlarda və “Windows 10 Mobile” üçün “Messaging” proqramında artıq işləməyəcək. Xatırladaq ki, “Skype” servisinin yuxarıda adı çəkilən əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin “bulud” infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar “Skype”dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi israrla tövsiyə edir.
“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” – fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib. Birinci yeri “Nvidia” qrafik sürətləndiricisi və prosessorlar istehsalçısı tutub. Sonrakı yerlərdə “SpaceX” kosmik texnika istehsalçısı, “Amazon” internet mağazası və “23andMe” bioloji şirkəti qərarlaşıb. Liderlər beşliyini “Google” axtarış sisteminin sahibi “Alphabet” holdinqi tamamlayıb. Həmçinin, siyahıda “Intel” (13-cü yer), “Apple” (16-cı yer), “Facebook (23-cü yer), “Microsoft” (27-ci yer), “Tesla” (31-ci yer), “Foxconn” (33-cü yer), “Adidas” (38-ci yer), “IBM” (39-cu yer), “Alibaba” (41-ci yer), “HTC” (42-ci yer) və “Baidu” (50-ci yer) şirkətləri yer alıb. Reytinqdə, əsasən, ABŞ, Çin və Avropa şirkətləri təmsil olunub, lakin nə qədər təəccüblü görünsə də, 50 aparıcı şirkət siyahısına Argentina (MercadoLibre onlayn mağazası), Nigeriya (Jumia internet platforması) və Keniya (günəş elektrikləşdirmə sistemlərinin satışı ilə məşğul olan M-KOPA şirkəti) şirkətləri daxil olub.
Priston Universitetinin alimləri “Techxplore” jurnalında avtonom enerji ilə işləyən yeni “ağıllı” pəncərələrə aid tədqiqat dərc ediblər. Pəncərələr quraşdırılmış xüsusi ötürücülər vasitəsilə otaqda temperaturu və işıqlandırma səviyyəsini müstəqil tənzimləyir. Yeni elektrik batareya sistemindən istifadə edən ABŞ alimləri avtonom enerji ilə işləməklə yanaşı, mövcud pəncərələrdə tətbiq edilə bilən “ağıllı” pəncərə texnologiyası hazırlayıblar. Məlumata görə, həmçinin, ultrabənövşəyi şüalanmanın udulması sayəsində pəncərələr tam avtonomdur. Mütəxəssislərin fikrincə, tezliklə yeni evləri həyatı daha rahat edəcək “ağıllı” pəncərələrlə təchiz etmək mümkün olacaq.
Dünyada “Əşyalar interneti” (IoT) texnologiyaları üçün platformaların sayı 450-yə çatıb. Bu barədə “IoT Analytics” şirkətinin hesabatında deyilir. Ötən illə müqayisədə onların sayında 25 faiz artım qeydə alınıb. Tədqiqatçılar “IoT” platformalar bazarını ümumilikdə 13 vertikal seqmentə bölüblər. “Əşyalar interneti” üçün platforma həlləri hazırlayan şirkətlərin əksəriyyəti sənayedə (32 faiz), “ağıllı” şəhərlərdə (21 faiz) və “ağıllı” evlər üçün həllərdə (21 faiz) cəmləşib. Ötənilki tədqiqatda “ağıllı” evlər seqmenti lider olsa da, hazırda vəziyyət dəyişib. Tədqiqatda 40 ölkənin dörd yüz əlli platforması haqqında məlumatın göstərilməsinə baxmayaraq onların yarısından çoxu ABŞ şirkətləri tərəfindən hazırlanır. Bundan başqa, hazırda bazarın dinamik inkişaf etməsi səbəbindən əksər oyunçular bazara tez daxil olduqları kimi, tez də tərk edirlər: ötən il ərzində analitiklər tərəfindən 30 oyunçunun bazarı tərk etməsi qeydə alınıb. Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.
Yaponiyanın “Sharp” şirkəti iyulun 17-də maraqlı dizayna malik iki yeni smartfonun təqdimatını keçirəcək. İki vertikal kameralı qurğuların ekranının kənarları tam çərçivəsiz olacaq. “FS8010” və “FS8016” model sırasına aid yeni qurğular “iPhone 8” və “Samsung Galaxy S8” smartfonları ilə rəqabət aparacaq. Onlar perimetr üzrə çərçivəsiz 2048 x1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. Yalnız yuxarı hissədə ön kamera üçün kiçik açıq yer yerləşəcək. Displey panelinin ölçüsünün təxminən 91,3 faizə bərabər olacağı gözlənilir. Məlumata görə, yeni “Sharp” smartfonları 12 meqapikselli qoşa kamera ilə təchiz ediləcək. Modellər bir-birindən prosessoruna görə fərqlənəcək. “FS8016” modelinin əsasını “Snapdragon 660” çipi təşkil edəcək, “FS8010” modeli isə birkristallı “Snapdragon 630” sisteminə əsaslanacaq. Kiçik modifikasiyalı modelin operativ yaddaş tutumu 4 giqabayt, böyük modelin 6 giqabayt təşkil edəcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonların quraşdırılmış yaddaşı barədə məlumat verilmir. Yeni çərçivəsiz “Sharp” smartfonlarının orta səviyyəli modellər sırasına aid olmasına görə uğurlu qurğular olacağı gözlənilir.
“Samsung” şirkəti “Flow” adlı autentifikasiya proqramını yeniləyib və indi bu proqramı quraşdırmış “Galaxy S6”, “S7” və “S8” smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə öz fərdi kompüterlərini blokdan çıxarmaq imkanı əldə ediblər. Şirkət bu funksiyanı ötən il təqdim edib, lakin o vaxt sözügedən funksiya barmaq izi skanerinin köməyi ilə yalnız “Galaxy TabPro S” planşetini blokdan çıxarmağa imkan verirdi. Yenilənmiş “Flow” mobil proqramı “Creators Update” yeniləməsi qurulmuş “Windows 10” əməliyyat sistemi ilə işləyən bütün fərdi kompüterləri dəstəkləyir.
“Twitter” mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan “tvit”ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət “Twitter”dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə “Twitter” əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib. WP xatırladır ki, “Twitter” yalan xəbərlərin, spamların yayılması və terror təbliğatı da daxil olmaqla, çoxsaylı problemlərlə üzləşib. Xüsusən ABŞ-dakı prezident seçkilərindən sonra “Twitter”in ünvanına “fake” xəbərlərlə bağlı ittihamlar artıb.
“Microsoft” korporasiyası “bulud” texnologiyalarına yönəlməsi ilə əlaqədar satış üzrə bölmələrində kütləvi ixtisarlar aparacaq. Siyasətin dəyişməsi minlərlə insanın işdən çıxarılmasına səbəb ola bilər. “Microsoft”dan bildiriblər ki, dəyişikliklərə az qalıb: “Biz müştərilərimizə və tərəfdaşlarımıza daha yaxşı xidmət göstərmək üçün işimizə dəyişiklik edirik”. Xəbər verilir ki, “Microsoft”un baş direktoru Satya Nadella şirkətin proqram təminatına oriyentasiyasını azaldaraq onu “bulud” texnologiyaları və kommersiya xidmətləri istiqamətinə yönləndirmək niyyətindədir. Qeyd edək ki, “Microsoft”un bulud texnologiyaları sahəsində ixtisaslaşmış bölməsi 2016-2017-ci maliyyə ilinin ilk yarısında uğurlu nəticə göstərib. Bu bölmə üzrə gəlirlər 8% artaraq 6,9 milyard dollar təşkil edib. Xatırladaq ki, “Microsoft Corp” 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən yaradılıb.
Auditoriyası 1,2 milyard istifadəçidən ibarət olan populyar “WhatsApp” messencerində yeni faydalı funksiyalar istifadəyə verilə bilər. Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə “Night Mode” (gecə rejimi) sözlərindən ibarət sorğu meydana çıxıb. Bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda “Night Mode” rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Sözügedən funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər. Tərcümə üçün sorğu “iPhone” üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman, ilk öncə “iOS” sistemində, bundan sonra isə “Android” sistemində əlçatan olacaq. “WhatsApp” messencerində kameranın interfeysi çox sadədir və başqa proqramların interfeysini xatırladır. Filtr dəstəyi yoxdur, amma miqyası böyütmək, işıqlandırmanı aktivləşdirmək üçün düymə və əsas kameradan ön kameraya keçmək üçün çevirici var.
“Galaxy Note 7” cihazının uğursuzluğu ötən il mobil bazarda əsas hadisələrdən biri olub. “Samsung” şirkəti akkumulyatorla bağlı problemlərə görə bu aparatın satışlarını dayandırmağa və satılmış qurğuları geri çağırmağa məcbur olub. Bunun yerinə o, emal edilmiş versiyanı buraxmağa söz verdi. İnternetdə yenilənmiş “Galaxy Note 7” haqda müxtəlif şayiələr yayılmışdı, indi isə cihaz rəsmən təqdim edilib. Yeni cihaz “Galaxy Note Fan Edition” adı ilə satışa çıxarılacaq. “Galaxy Note 7” ilə müqayisədə “Galaxy Note Fan Edition” cihazında aşağıdakı 3 dəyişiklik mövcuddur: Qurğunun arxa tərəfində “Galaxy Note Fan Edition” yazısı var; aparat yeni “Bixby” virtual köməkçisi ilə tədarük edilir; 3500 milliamper/saat tutumlu orijinal akkumulyatorun əvəzinə tamamilə yeni 3200 milliamper/saat tutumlu batareya istifadə olunur. Digər funksiyalar baxımından “Galaxy Note Fan Edition” cihazı “Galaxy Note 7” qurğusunun tam “kopya”sıdır. Yeni qurğu 5,7 düymlük “Quad HD” təsvir ölçülü “Super AMOLED” displey, 4 QB əməli yaddaş, 64 QB-lıq daxili daşıyıcı (tutumu 128 QB-dək olan “microSD” yaddaş kartını dəstəkləyir), 12 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera ilə təchiz edilib. “Galaxy Note Fan Edition” smartfonu iyulun 7-dən Cənubi Koreyada təxminən 610 dollar qiymətinə satışa çıxarılacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments