Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünya üzrə 14 milyondan çox smartfon istifadəçisi “CopyCat” virusu vasitəsilə haker hücumuna məruz qalıb. Bu barədə İT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ABŞ-ın “Check Point Software Technologies” şirkəti açıqlama yayıb. Virus “Android” əməliyyat sistemi ilə çalışan mobil cihazın proqram təminatına daxil olaraq istənilən əlaqə nömrəsini seçir və onlara təsvirlər göndərir. Bu mesajı açan istifadəçi avtomatik olaraq virus proqramını yükləmiş olur. Smartfon sahibi uzun müddət cihazın işində hər hansı dəyişiklik görmür, antivirus proqramları isə təhlükənin qarşısını ala bilmir. “CopyCat” tərtibatçıları virusa yoluxmuş telefonlardan heç də az olmayan gəlir əldə edirlər. Artıq onların 1,5 milyon dollar qazandığı bildirilir. Haker hücumundan ən çox Cənub-Şərqi Asiya sakinləri zərər çəkib. Təxminən 230 min amerikalının da “CopyCat”in qurbanı olduqları xəbər verilir.

1

İflic xəstəliyi keçirənlərin klaviaturada mətn yığması üçün xüsusi cihaz hazırlanıb. Məxsusi proqram təminatı iflic xəstəsinin beynini kompüterlə əlaqələndirməyə imkan verir. Aparatı hazırlayan ABŞ-ın Stenford Universitetinin alimləri təsdiq edirlər ki, cihaz iflicdən əziyyət çəkənlərin sözlərini böyük dəqiqlik və sürətlə kompüterə ötürməyə, displeydə mətn şəklində əks etdirməyə qadirdir. Iflic keçirənin beynini kompüterlə sözün daşıyıcısı olan sinir impulslarını ötürən kabel birləşdirir. Məxsusi yaradılmış alqoritmlər sayəsində xəstənin düşündüyü söz və ifadələrin monitorda mətnə çevrilməsi baş verir. Cihazın köməyi ilə ünsiyyət qurmaq üçün o qədər də mürəkkəb olmayan qısamüddətli təlim keçmək lazımdır.

2

Bu ilin sentyabrında “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi (Fall Creators Update) təqdim ediləcək. İstifadəçiləri bir çox müxtəlif dəyişikliklər gözləyir, amma ən vacib dəyişiklik “Fluent Design System” adlı yenilənmiş istifadəçi interfeysidir. Indiyədək “Windows 10” sisteminin test quraşdırmalarında istifadəçilər bəzi proqramlarda yeni interfeysin elementlərini görə bilirdilər, indi isə “Microsoft” bütün sistemin interfeysini dəyişir. Yaxın vaxtlarda çıxarılmış 16237 nömrəli quraşdırmada böyük miqdarda yenilik və düzəliş təqdim edilib, amma əsas diqqət “Windows Shell” və “Edge” brauzerinə yönəldilib. “Windows 10” əməliyyat sistemi yüksək təsvir ölçülü ekranlar üçün optimallaşmayıb. Belə ekranlarda interfeys elementləri çox kiçik görünür, proqram pəncərələri isə aydın deyil. “Microsoft” tərtibatçıları yeni quraşdırmada bunları nəzərə alıblar və indi sistem təsvir ölçüsünü avtomatik təyin edəcək. İstifadəçi sazlamaları özü dəyişdirdiyi halda yeni parametrlərin işə düşməsi üçün konkret proqramı yenidən işə salmaq kifayətdir. Bundan əvvəl kompüteri yenidən yükləmək lazım idi.

3

“YouTube”da ən çox izlənən video dəyişib. Artıq Cənubi Koreya ifaçısı, PSY təxəllüslü Pak Çe Sanın “Gangham Style” mahnısı “YouTube”un ən populyar videosu deyil. “Forsaj-7” filmindən “See You Again” mahnısının ifa olunduğu hissə birinciliyə yüksəlib. “Gangnam Style” 2 milyard 895 milyona yaxın izlənildiyi halda, “See You Again” artıq 2 milyard 895 milyondan çox baxış toplayıb. Qeyd edək ki, 7-ci “Forsaj” Pol Uokersiz çəkilib. O, 2013-cü il noyabrın 30-da avtoqəza nəticəsində həyatını itirib. Filmin finalında “See You Again”in müşayiəti ilə qəhrəman dostlarından ayrılır. Uokerin çəkildiyi kadrlar klipdə də istifadə olunub. Mahnını məşhur reper Uiz Xalifa və Çarli Put ifa edib.

KFC və “Huawei” şirkətləri müştərək olaraq brend smartfonlar partiyası istehsal edəcəklər. Bu qərarı şirkətlər Çin bazarındakı fəaliyyətlərinin 30 illiyinin bayramla qeyd edilməsi ilə bağlı qəbul ediblər. Cihaz limit tirajla istehsal ediləcək. Cihazın arxa qapağında iki loqotip birdən yerləşdiriləcək. Bunlar da təbii ki, KFC və “Huawei” loqotipləri olacaq. Eksklüziv cihaz üçün istehlak bazarı Çin olacaq. Smartfonun digər ölkələrdə satılıb-satılmayacağı hələlik məlum deyil. Qeyd etmək lazımdır ki, KFC və “Huawei” korporasiyaları bu gün Çində ən iri şirkətlər hesab edilir.

4

LG şirkəti özünün Q6 flaqman smartfonunun mini versiyasını təqdim edib. Çərçivəsiz yeni smartfon 3 versiyada (LG Q6, LG Q6+ və LG Q 6a) hazırlanıb. Yeni cihazın ən önəmli xüsusiyyəti budur ki, o, barmaq izi skaneri əvəzinə üz tanıma funksiyası ilə təmin edilib. Ekran 5,5 ölçülü və 2880×1440  pikseldir. Cihaz “Snapdragon 435” prosessoru ilə təchiz edilib, əsas kamera 13 Mp, ön kamera 5 Mp, akkumulyatorun həcmi 300 mAs-dır. Smartfon “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışır. Modifikasiyalar arasında yeganə fərq müxtəlif yaddaş həcmlərindən ibarətdir. Top versiya 4 GB operativ və 64 GB daxili yaddaşa, kiçik versiya isə müvafiq olaraq 2 GB və 16 GB yaddaş həcminə malikdir.

5

Çində hələ anons edilməmiş “iPhone 8” smartfonunun klonu yaradılıb. Artıq Çin smartfonunun sınaq videosu şəbəkəyə sızdırılıb. Bu cihaz “Android 6” əməliyyat sistemi ilə işləyir. Onun interfeysi isə tam olaraq iOS əməliyyat sisteminin əslinə oxşayır. İstənilən arzu edən şəxs bu cihazı cəmi 100 dollara əldə edə bilər. Videoya görə, smartfon bir sıra çatışmazlıqlara malikdir. Belə ki, kameralardan birinin yerinə dəlik quraşdırılıb. Xatırladaq ki, bu ilin payızında “Apple”in illik təqdimatında yeni “iPhone 8” təqdim olunacaq. Gözlənilir ki, yeni smartfonda 5,8 düym həcmində 521 ppi tam pikselli OLED displey quraşdırılacaq. Şayiələrə görə, cihaz simsiz enerji doldurulması ilə təchiz ediləcək.

6

Çin bütünlüklə daxildə layihələndirilən, hazırlanan və istehsal olunan yaxın magistrallı reaktiv ARJ21-700 sərnişin təyyarəsinin kütləvi istehsalına başlayır. Çin Mülki Aviasiya Administrasiyasının müvafiq sertifikatını alan istehsalçı “The Commercial Aircraft Corp. of China” (COMAC) ilin sonunadək ilk 5 bu tip təyyarəni müştərilərə təqdim etməyi planlaşdırır. COMAC 413 təyyarənin istehsalı üzrə 19 müştəridən sifariş qəbul edib. Qeyd edək ki, 2015-ci ilin sonunda Çinin “Chengdu Airlines” şirkətinə təhvil verilən 90 yerlik ilk ARJ21-700 təyyarəsi bu günədək 15 minə yaxın sərnişin daşıyıb.

7

“Huawei” şirkəti “Enjoy 7” smartfon modelini təqdim edib. Ötən il buraxılan “Enjoy 6” smartfonunu əvəz edən yeni qurğu apreldə Çində təqdim edilən “Enjoy 7 Plus” modelinin kiçik versiyasıdır. 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş tutumuna malik “Huawei Enjoy 7 Plus” modelinin qiyməti 132 dollar təşkil edir. Qurğunun 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası isə 161 dollaradır. Smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçüsünə malik 5 düym diaqonallı ekran, barmaq izi skaneri, 5 meqapikselli ön və 13 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ və “microSD” kartı ilə genişləndirmə imkanına malik 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3020 milliamper/saata bərabər “Huawei Enjoy 7 Plus” smartfonu “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

8

Prosessorların işi 30 faiz sürətlənəcək. Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə). Texnologiya prosessoru proqram üçün hansı variantın (bir böyük “cache” və ya bir neçə “cache” səviyyəsi) daha sürətli olacağı barədə məlumatlandıracaq. Alimlər bildirib ki, “Jenga” ilə 36 nüvəli prosessor 30 faiz daha sürətli işləyir 85 faiz az enerji sərf edir. Bundan sonra nüvələrin sayının çox olması enerji sərfiyyatına az təsir göstərəcək. Bu, xüsusilə hər vaxtın əhəmiyyət daşıdığı smartfonlar üçün faydalıdır. Bildirilir ki, texnologiyanın müasir prosessorlarda tətbiqi üçün uzun müddət tələb olunduğundan “Jenga” hazırda nəzəri baxımdan işləyir. Bundan əlavə, sistemin məhsuldarlığı nüvələrin sayına görə artır, bu səbəbdən mobil çiplərdə artım az nəzərə çarpacaq.

9

Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy On Max” smartfonunu rəsmən təqdim edib. Yeni smartfon ötən ay təqdim edilmiş “Galaxy J7 Max” cihazı ilə oxşar olsa da,  bir sıra fərqlər var. “Samsung Galaxy On Max” smartfonu metal korpusa malikdir, 5.7 düymlük “Full HD” təsvir ölçülü 2.5D IPS ekran, 8 nüvəli “MediaTek Helio P20” çipi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaş ilə təchiz edilib və 256 QB-dək tutumda “microSD” kart dəstəyinə malikdir. “Home” düyməsinə barmaq izlərinin skaneri qurulub, akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, 13 meqapiksellik əsas və ön kamera mövcuddur.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register