Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” messencerinin tərtibatçıları tezliklə proqramda kommersiya elanlarının yerləşdirilməsi funksiyasının istifadəyə veriləcəyini açıqlayıblar. Bu barədə servisin rəsmi bloqunda deyilir. Reklam messencerin dialoqlar arasında əsas tab-vərəqəsində yerləşdiriləcək. İstifadəçilər düyməni elanın üzərinə basmaqla dərhal şirkətin saytına keçə və ya nümayəndə ilə söhbətə başlaya biləcəklər. Məlumata görə, reklam parametrləri smartfon ekranının ölçüsündən, eləcə də, saxlanılan dialoqların sayından asılı olacaq. Elanların yönləndirilməsi sistemi istifadəçi yazışmalarının məzmununu nəzərə almayacaq. Reklamçıların yeni alətdən iyulun sonunadək yararlana biləcəkləri gözlənilir. Bununla yanaşı, funksiya dünyanın müxtəlif regionlarında tədricən istifadəyə veriləcək. Xatırladaq ki, “Facebook Messenger”də reklamın sınaqlarına 2017-ci ilin yanvarın sonunda başlanılıb. İlkin mərhələdə alətdən Avstraliya və Tailand istifadəçiləri yararlanmaq imkanı əldə edib.

1

Böyük Britaniyanın “Press Association” xəbər agentliyi “Google”dan robot-jurnalist layihəsi üçün 800 min dollardan çox maliyyə vəsaiti alıb. “Radar” adlanan layihə çərçivəsində xəbərləri robotların yazması nəzərdə tutulub. Robot jurnalistlərin ay ərzində yerli KİV üçün 30 mindən çox xəbər hazırlaya biləcəyi ehtimal edilir. Layihəyə 2018-ci ildə start veriləcək. Hazırda layihə üzərində 5 nəfər işləyir. Onlar açıq mənbələrdən alınan və tibb, kriminal, məşğuluq və digər sahələrə aid olan xəbərləri avtomatlaşdırmağa çalışır. “Radar” yerli qəzet və saytların reklam və digər gəlirlərin azlığı şəraitində fəaliyyət göstərməsinə yardım edəcək. İnsanlardan tam imtina nəzərdə tutulmur, onlar xəbərləri redaktə etməyə davam edəcək.

2

“Dell” şirkəti dünyada simsiz şarjolunma texnologiyalı ilk transformer (planşet-noutbuk) hazırlayıb.Cihazın qiyməti 1200 dollardan başlayacaq. Əlavə olaraq, simsiz klaviatura və onun “podstavka”sını 500 dollara əldə etmək mümkündür. Cihazı ayrıca həm planşet, həm də noutbuk kimi istifadə etmək olur. Yeni məhsul “Core-i5-7Y54” prosessoru ilə təchiz olunub, 128 GB ümumi yaddaşa, 8 GB operativ yaddaşa malikdir və 12 ekran ölçülüdür.

3

Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təmsil olunduğu şəhərcik istifadəyə verilib. Ən böyük sərgilərdən hesab edilən şəhərcikdə 15 platformalı 90 müxtəlif layihə təmsil olunub. İştirakçılar yemək hazırlayan, rəqs edən və danışan robotlar, eləcə də, oyun platformaları və tədqiqat aparatları görmək imkanı əldə edəcəklər. Layihə nümayəndələrinin sözlərinə görə, bu, tədqiqatlar üçün yaxşı bazadır və sərfəli maliyyə aktividir. Həmçinin, şəhərcik gənc istedadların yeni layihələrə cəlb edilməsi üçün yerə çevriləcək. Qeyd edək ki, Xançjou Çinin informasiya texnologiyaları (IT) və süni intellekt texnologiyaları (AI) sahəsində ən qabaqcıl şəhərlərindən hesab olunur. Şəhərdə internet ticarəti və yüksək texnologiyalarla məşğul olan bir çox şirkətin ofisi yerləşir.

4

“Android 7.1” mobil əməliyyat sisteminin istifadəçiləri “təşviş düyməsi”ni aşkar ediblər. Bu rejim dərhal təhlükəli əlavəni söndürməyə imkan verəcək. Əldə edilən məlumatlara əsasən, bu rejim “geriyə” düyməsini 4 dəfə cəld sıxmaqla aktivləşir. Nəticədə istifadəçi əlavə söndürüləndən sonra dərhal əsas ekrana keçid alır. Öz növbəsində “Google” hələlik bu funksiyanı elan etməyib. “Təşviş düyməsi” sınaq mərhələsindədir. Bu isə o deməkdir ki, bu funksiya yalnız bəzi “Android” istifadəçilərinin istifadəsinə verilib. Xatırladaq ki, bundan əvvəl “Kasperski Laboratoriyası” “Android” istifadəçilərinə yeni virus barədə xəbərdarlıq edib. Bu virus kibercinayətkarların qurbanlarının pullarını mobil bank vasitəsilə hesablarından köçürür.

5

“Microsoft” korporasiyası “Windows Phone 8.1” əməliyyat sistemini dəstəkləməyi dayandırıb. Buna baxmayaraq, milyonlarla cihaz bu sistemlə çalışmağa davam edir. “Windows Phone 8”in yenilənməsi sonuncu dəfə 3 il əvvəl baş verib və “Cortana” virtual assistentinə dəstək, dizayn dəyişikliyi və digər yeniliklər formasında gerçəkləşib. Lakin bu sistem “Android” və “iOS” əməliyyat sistemlərinə rəqabət təşkil edə bilməyib, bu səbəblə “Microsoft” şirkəti “Lumia” brendi ilə öz smartfonlarını buraxmağı dayandırıb. “Microsoft” hələ ki “ОС Windows 10 Mobile”ı dəstəkləməyi davam etdirir, lakin son vaxtlar hər hansı yeni funksiya tətbiq olunmayıb.

6

Cənubi Koreyanın “Samsung” korporasiyası nitqi tanıma üzrə texnologiya işlənib hazırlanması ilə məşğul olan yunan şirkəti “Innoetics”i satın alıb. Sövdələşmənin miqdarı 40 milyon avro təşkil edə bilər. Yunan şirkətinin hazırladığı texnologiya danışığı tanımağa və yadda saxlamağa, eləcə də onu mətnə çevirməyə imkan verir. Xatırladaq ki, 2016-cı ildə “Samsung” süni intellekt bazasında səs köməkçisi işləyib hazırlayan “Viv Labs” şirkətini 215 milyon dollara satın alıb. Daha əvvəl bu şirkət “Apple” üçün “Siri” səs köməkçisi funksiyasını yaradıb. Qeyd edək ki, “Samsung”un smartfon bazarında gəlirləri güclü rəqabət üzündən azalmaqdadır.

7

ABŞ-da dinozavr qalıqları üçün ucuz 3D-skaner hazırlanıb. Cihaz tirannozavr kəlləsi kimi mürəkkəb obyektlərin yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir. Bir il əvvəl ABŞ paleontoloqları dinozavr qalıqlarının öz ölçüsünə görə mövcud skanerlər üçün çox böyük olduğunu aşkar ediblər. Onların təşəbbüsünə əsasən, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni qurğu hazırlamaq qərarına gəliblər. Nəticədə ölçülərinə görə daha nəhəng və əlverişli qiyməti olan qurğunu təqdim ediblər. İstehsalçılar vurğulayıblar ki, ucuz 3D-skaneri stomatoloq, paleontoloq, antropoloq və baytarların işinə kömək edəcək.

8

“Hyperloop One” şirkəti, vakuum qatarları üçün nəzərdə tutulmuş xüsusi platformanın ilk testini keçirdib. Test, 12 May tarixində keçirilsə də onun haqqında video yalnız indi təqdim olunub. Nevadada yerləşən tuneldə keçirilmiş test zamanı vakuum qatarlar üçün nəzərdə tutulmuş platforma saatda 112 km sürət yığa bilib. Test yalnız bir neçə saniyə çəkib. Bundan əlavə olaraq şirkət, vakuum qatarlar üçün nəzərdə tutulmuş sərnişin kapsullarının ilk xarici görünüşlərini də təqdim edib. Həmin sərnişin kapsulunun uzunluğu 8.5 metrdir. Şirkət bildirib ki, kapsullar həm sərnişin, həmdə yük daşımalarını səs sürəti ilə reallaşdırmaq üçün nəzərdə tutulub. Növbəti test çərçivəsində şirkət həmin platformanın sürətini saatda 400 km-ə çatdırmağı pölanlaşdırır. Tunelin daxilində kapsulun özünün nə zaman test olunacağı hələki bilinmir.

Öz ilk avtomobil sammitində “Audi” şirkəti, yeni A8 modelini təqdim etdi. Onun əsas özəlliyi isə 3 səviyyəli avtonom rejimə sahib olmasıdır. Qeyd etmək lazımdır ki, hal hazırda bütün avtomobil istehsalçıları tərəfindən 6 səviyyəli avtonom rejim, vahid olaraq qəbul edilir. 0 səviyyəsi dedikdə ənənəvi avtomobil nəzərdə tutulur. Yəni, sürücü hər şeyi özü idarə etməlidir. 5-ci səviyyədə avtomobil tamamilə avtonom rejimdə çalışır. Yəni, sürücü faktiki olaraq salonun arxa oturacaqlarına keçərək idarəetməni yaddan çıxarda bilər. Belə ki, sistem özü avtomatik avtomobili idarə edəcək. Günümüzdə, aparıcı avtopilot yaradıcıları 3-cü səviyyəni hesaba almayaraq 2-ci səviyyədən birbaşa 4-cü səviyyəyə keçid etmək istəyirlər. Lakin bu səviyyə üzərində hələ çox çalışmaq lazımdır. Bir çoxları 4-cü səviyyə üzərində çalışarkən, “Audi” şirkəti, 3-cü səviyyə avtonom rejimə sahib yeni A8-i təqdim etdi. 3-cü səviyyə o deməkdir ki, sürücü həmişəki kimi sükan arxasında oturmalı və diqqətli olmalıdır. Lakin bununla yanaşı o, səyahət zamanı Facebook-a nəzər yetirə, ismarıclara cavab verə və ya öz poçt ünvanını yoxlaya bilər. Bununla belə sükan arxasında yuxuya getmək kimi bir hal yolverilməzdir. Belə ki, qəliz yol vəziyyəti və ya sistemin nasazlığı halında avtomobil, sürücüdən yola nəzarət etməsini tələb edə bilər. Bu, günümüzdəki vəziyyətlərlə müqayisədə inkişafa doğru böyük addımdır. Lakin vaxtı ikən Elon Musk, 3-cü səviyyə avtonom rejimli avtomobillərin kütləvi istifadəyə verilməsinə qarşı çıxırdı. Onun fikrincə bu halda sürücü, avtonom rejimə tez bir zamanda öyrəşəcək və 3-cü səviyyənin tam avtonom rejim olmadığını unudacaq. O, yola nəzarət etməyin vacib xüsusiyyət olduğunu unudacaq. Bu isə öz növbəsində dəhşətli hadisələrə gətirib çıxarda bilər. Elon Musk da digərləri kimi düşünür ki, ən optimal variant birbaşa 4-cü səviyyəyə keçid etməkdir. Bu halda sürücü, yalnız, sistemin tamamilə sıradan çıxması zamanı yola nəzarət etməyə başlayır. “Audi” öz sisteminə təhlükəsizlik elementləri əlavə edərək 3-cü səviyyənin əsas problemlərini həll etməyə çalışır. Əgər sürücü tamamilə öz fikrini itirsə, onda avtomobil avtomatik olaraq dayanacaq. Əgər 10 saniyəlik vizual və səs siqnallarından sonra sürücü heç bir qərar qəbul etmirsə, onda bu halda da avtomobil dayanır.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register