Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Sabunla yuyula biləcək unikal “Fujitsu Arrows M04” smartfonu təqdim edilib. Tərtibatçı şirkət öz məhsulunu məhz belə təqdim edir. Belə imkan mobil cihazın yüksək müdafiə səviyyəsindən irəli gəlir. “Fujitsu Arrows M04”-ü yarım saat müddətinə mayeyə salmaq qorxulu deyil. Cihaz üçün yarım metrlik hündürlükdən düşmək də böyük təhlükə yaratmır. Mobil cihazın ekranını qabyuyan vasitələrlə parlayana qədər təmizləmək mümkündür. “Fujitsu Arrows M04” ekstremal şəraitdə havanın yüksək temperaturuna da dözməyə qadirdir. Cihazın displeyinin ətrafında metal çərçivə var ki, bu da müdafiəsini daha da möhkəmlədir. “Fujitsu Arrows M04” smartfonunun ekranının həcmi 5 düym təşkil edir. Onun 1,2 GHrs tezlikdə “Snapdragon 410” çipseti mövcuddur. Telefonun ümumi əməliyyat yaddaşının həcmi 2Gbt təşkil edir. Həmçinin smartfon 13,1 meqapiksel əsas və 5 meqapiksel əlavə kameralarla təchiz edilib. Cihazın bu ilin iyulun 20-də satışa çıxarılacağı bildirilir. Onun qiyməti barədə isə heç bir açıqlama verilmir.

1

“Microsoft” korporasiyası gözdən əlillər və zəif görən insanlar üçün gündəlik həyatda yardımçı rolunu oynayacaq “Seeing AI” mobil proqramını təqdim edib. İşində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir. Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır. Vizual obrazların tanınması yenilik olmasa da, “Microsoft” texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək. “Seeing AI” prototipi ilk dəfə 2016-cı ilin martında “Build” konfransında nümayiş olunmasına baxmayaraq, proqramı iyulun 12-dən etibarən “App Store” mağazasından pulsuz yükləmək mümkündür. Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə, “Seeing AI” proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq. “Microsoft” korporasiyası tərəfindən əlavənin “Android” əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.

“Electronic Frontier Foundation” şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar. 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb. Təhlilin nəticəsinə əsasən, məlum olub ki, istifadəçilər haqqında məlumatların daha az müdafiə səviyyəsi “Microsoft” və “Google” korporasiyalarındadır. Bundan başqa, “Twitter” və “WhatsApp” şirkətləri də bu göstərici üzrə autsayderlər olub. Mütəxəssislər “Adobe”, “Dropbox”, “Lyft”, “Pinterest”, “Uber” və “WordPress” kimi şirkətlərin istifadəçi məlumatlarının təhlükəsizliyini daha yüksək qiymətləndiriblər.

3

Dünyanın tanınmış “Louis Vuitton” modalar evi möhtəşəm libasları modelləşdirməklə yanaşı, bazara innovativ saat da çıxaracaq. Artıq bütün dünya üzrə olan alıcılar “Tambour Horizon” adını daşıyan “ağıllı” saatları əldə edə bilərlər. “Tambour” seriyasından olan saatlar 15 il əvvəl yaradılıb, ancaq bu il bu istehsal sahəsi möhtəşəm əlavələrlə yadda qalıb. Fransanın modalar evi ilə birgə bu saatları “Google” və “Qualcomm Technology” şirkətləri layihələndiriblər. Cihaz “Android” və iOS əməliyyat sistemləri ilə işləyən cihazlarla əlaqə yarada biləcək. Onun batareyası isə bir gün istifadə üçün hesablanıb. “Louis Vuitton” şirkətinin baş direktoru Maykl Berkin sözlərinə görə, bu saatların əsas hədəf auditoriyası aktiv istirahət etməyi sevən, həmçinin bütün dünyanı səyahət etməyə can atan gənclərdir: “Məhz bunun üçün cihazda turistin gidlər və uçuşların planlaşdırılması məqsədilə nəzərdə tutulan “My Flight” əlavəsi mövcuddur”. Bu möcüzəli texnikanı 2511 dollara əldə etmək mümkündür. Əlavə olaraq 303 dollara kəmər də almaq mümkündür.

4

Çinin “Huawei” korporasiyasının nümayəndələri bildiriblər ki, satışa başlanılan andan şirkət 1 milyon ədəd “Honor 9” smartfon modelinin satışına nail ola bilib. Qeyd etmək lazımdır ki, bu statistika ancaq Çin bazarı ilə bağlıdır. Çünki bu smartfon hələlik yalnız Çində satışa çıxarılıb. Mütəxəssislər yeni cihazın digər ölkələrdə uğurla yayılacağını proqnozlaşdırırlar. Xatırladaq ki, “Honor 9” smartfonu 4 və 6 Gb əməliyyat yaddaşı və olduqca yaxşı işləmə gücünü nümayiş etdirən “Kirin 960” prosessoru ilə təklif edilir. Təbii ki, bu prosessor “Qualcomm” şirkətinin istehsal etdiyi prosessorlardan geri qalır. Həmçinin smartfonda 20 və 12 meqapiksel genişlənməyə malik iki kamera mövcuddur. Rusiya bazarında “Honor 9” modeli 27 min rubl, 451 dollar və ya 759 manat olaraq qiymətləndirilir.

5

Rusiyanın Tomsk Kardiologiya Elmi Araşdırmalar İnstitutunun Milli Araşdırmalar Tibb Mərkəzi və Tomsk Politexnik İnstitutunun alimləri həkim-robot yaratmağı planlaşdırırlar. Tərtibatçıların icadına əsasən, unikal robot hərbi əməliyyat yerlərində və fövqəladə hallarda ilk tibbi yardım göstərə biləcək. Mütəxəssislər bildirirlər ki, bu, kamera-gözləri və əlləri olan maşın olacaq. Onun “beyni” isə insan olacaq ki, o da kənardan robotu idarə edərək ona əmrlər verəcək. Layihə üzərində işlərə artıq start verilib. Ancaq onun nə zaman yekunlaşacağı hələlik məlum deyil.

6

“Asus” şirkəti cari ilin ikinci rübünün hesabatını açıqlayıb. İyun ayında şirkətin gəlirləri 1,3 milyard dollar olub ki, bu da may ayının göstəriciləri ilə müqayisədə 24 faiz çoxdur. Bir illik rəqəmlərə nisbətdə isə bu göstərici 8 faiz azdır. Bir rüb ərzində “Asus” 3,25 milyard dollar gəlir əldə edib. Bu da birinci rübdəki göstəricidən 10 faiz az, bir il öncəki rübün eyni dövrü ilə müqayisədə isə 6 faiz azdır. Mənbə göstəricilərin azalmasını smartfon və noutbukların satışının azalması, komponentlərin qiymətinin artması və valyuta məzənnəsinin dəyişməsi ilə izah edir. Bununla belə, “Asus” üçüncü və dördüncü rüblərdə vəziyyətin yaxşılaşacağına ümid edir. Bu isə mövsümi faktorlar, yeni məhsulların və rentabelliyin artması ilə bağlı olacaq.

7

Məşhur fast food restoranlar şəbəkəsi KFC, Çində fəaliyyətinin 30 illiyi münasibətilə “Huawei” ilə birgə hazırladığı KFC Huawei 7 Plus smartfonunu təqdim edib. Smartfonun arxa panelində KFC-nin yaradıcısı David Sanders-in portreti və 1987-ci il (KFC-nin Çində fəaliyyətə başladığı il) əks olunub. Smartfonun interfeysi, KFC-nin simvolları dəbində hazırlanıb. Smartfonda həmçinin K-Music adlı tətbiq var. Həmin tətbiq vasitəsilə istifadəçi, Çində yerləşən KFC restoranlarında musiqiləri istədikləri kimi idarə edə bilərlər. Bundan əlavə olaraq KFC Huawei 7 Plus modelinin sahibləri üçün KFC restoranlarında xüsusi imkanlar olacaq. Çox güman ki, söhbət, xüsusi endirim və hədiyyələrdən gedir. KFC-nin smartfonu, 5000 ədədlik tirajla satışa çıxacaq. Onun qiyməti isə 167$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, KFC Huawei 7 Plus, yeni smartfon Huawei Enjoy 5-in bazasında hazırlanıb. Ona görə də onun texniki göstəriciləri və dizaynı eynidir. KFC Huawei 7 Plus, 5 inç IPS ekran, 4 nüvəli Snapdragon 425 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3020 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.

8

Finlandiyanın “HMD Global” şirkəti smartfonlar sənayesində yeni çəkiliş standartlarının qurulması məqsədilə Almaniyanın “Zeiss” istehsalçısı ilə uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb. “Zeiss Group” idarə heyətinin üzvü Mattias Mesin sözlərinə görə, şirkətlər arasında “Nokia” smartfonları üzərində iş üçün əməkdaşlıq istehlakçıları təsvirlə işdə yeni innovativ və keyfiyyətli yanaşma ilə təəccübləndirəcək. “Əməkdaşlığımız uzunmüddətli birgə fəaliyyətə əsaslanır və biz birlikdə mobil çəkiliş sahəsində ən cəsarətli innovasiyalara hazırıq”, – o bildirib. Xatırladaq ki, “Nokia” 2004-cü ildən “Zeiss” ilə əməkdaşlıq edib. 2005-ci ildə “Zeiss” optikasının quraşdırıldığı “Nokia N” seriyalı ilk telefonlar buraxılıb. Sonradan optikadan “Lumia” smartfonlarının “PureView” kamerasında istifadə olunub. Məşhur modellərdən 41 meqapikselli “Nokia 808 PureView” və eyni təsvir ölçülü “Lumia 1020” modellərini qeyd etmək olar. Qeyd edək ki, “HMD Global” və “Zeiss” arasında əməkdaşlığın eksklüziv xarakter daşımasına görə Almaniya şirkətinin optikasından yalnız “Nokia” qurğularında istifadə ediləcək. “Zeiss” optikalı smartfonların buraxılma müddəti barədə məlumat verilmir.

9

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər. Bir çoxlarına məlumdur ki, beyin silkələnməsinin diaqnostikası üsullarından biri göz bəbəyinin işığa olan reaksiyasının ölçülməsidir. Bu prinsip əsasında istehsalçılar aparata xüsusi işıqlandırıcı qurublar. Birinci mərhələdə işıqlandırıcı beyni silkələnmiş şəxsin gözünə tutulur və kamera göz bəbəyinin genişlənməsini qeydə alır. İkinci mərhələ informasiyanın emalını əhatə edir və sonda mobil proqram yekun qərar verir. Bu üsul hər bir kəs üçün əlçatandır.

10

“Huawei” şirkəti “Enjoy 7” smartfon modelini təqdim edib. Ötən il buraxılan “Enjoy 6” smartfonunu əvəz edən yeni qurğu apreldə Çində təqdim edilən “Enjoy 7 Plus” modelinin kiçik versiyasıdır. 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş tutumuna malik “Huawei Enjoy 7 Plus” modelinin qiyməti 132 dollar təşkil edir. Qurğunun 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası isə 161 dollar qiymətləndirilir. Məlumata görə, smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçüsünə malik 5 düym diaqonallı ekran, barmaq izi skaneri, 5 meqapikselli ön və 13 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ və “microSD” kartı ilə genişləndirmə imkanına malik 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3020 milliamper/saata bərabər “Huawei Enjoy 7 Plus” smartfonu “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

11

“Lenovo” şirkəti sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA 2017” sərgisinin açılışı ərəfəsində baş tutacaq tədbirin tarixini rəsmən açıqlayıb. Yeni qurğuların avqustun 31-də nümayişi planlaşdırılır. Sərgidə hansı “Lenovo” məhsullarının nümayiş olunacağı barədə məlumat verilmir. Buna baxmayaraq “Yoga” seriyalı yeni noutbukların, smartfonların, eləcə də “Moto Z” smartfonları üçün “Moto Mod” funksional panelinin təqdim ediləcəyi ehtimal edilir.

12

Bu ilin sentyabrında “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi (Fall Creators Update) təqdim ediləcək. İstifadəçiləri bir çox müxtəlif dəyişikliklər gözləyir, amma ən vacib “Fluent Design System” adlı yenilənmiş istifadəçi interfeysidir. İndiyədək “Windows 10” sisteminin test quraşdırmalarında istifadəçilər yalnız bəzi ayrı-ayrı proqramlarda yeni interfeysin elementlərini görə bilirdilər, indi isə “Microsoft” bütün sistemin interfeysini dəyişir. Yaxın vaxtlarda çıxarılmış 16237 nömrəli quraşdırmada böyük miqdarda yenilik və düzəliş təqdim edilib, amma əsas diqqət “Windows Shell” və “Edge” brauzerinə yönəldilib. “Windows 10” əməliyyat sistemi yüksək təsvir ölçülü ekranlar üçün optimallaşmayıb. Belə ekranlarda interfeys elementləri çox kiçik görsənir, proqram pəncərələri isə aydın deyil. “Microsoft” tərtibatçıları yeni quraşdırmada bunları nəzərə alıblar və indi sistem təsvir ölçüsünü avtomatik təyin edəcək. İstifadəçi sazlamaları özü dəyişdirdiyi halda yeni parametrlərin işə düşməsi üçün konkret proqramı yenidən işə salmaq kifayətdir. Bundan əvvəl kompüteri yenidən yükləmək lazım idi.

13

“LG” şirkəti “LG G6” qabaqcıl smartfonunun mini-versiyasını təqdim edib. “LG Q6” seriyasına məxsus aparat 3 variantda əlçatandır: “LG Q6”, “LG Q6+” və “LG Q6a”. Hər üç qurğu 2880×1440 piksel təsvir ölçülü 5,5 düymlük çərçivəsiz displeylə təchiz edilib. Çərçivəsiz dizayna malik qurğular alüminium çərçivəli bükük korpusla təchiz ediliblər. Hər üç aparat “Snapdragon 435” prosessoru, işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik genişbucaqlı ön kamera, 3000 milliamper/saat tutumuna malik batareya ilə təchiz edilib və “LG UX 6.0” interfeysinə malik “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə işləyir. Smartfonlar bir-birindən yalnız yaddaşın tutumu ilə fərqlənir. Məsələn, “LG Q6+” smartfonu 4 QB əməli yaddaş və 64 QB fləş yaddaşla təchiz edildiyi halda, “LG Q6” və “LG Q6a” müvafiq olaraq 3/32 QB və 2/16 QB yaddaşa malikdir. Hər üç modeldə “LTE/3G/2G” dəstəyi nəzərdə tutulub, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “NFC” və “USB Type-B 2.0” var. Aparatların ölçüsü 142,5 x 69,3 x 8,1 mm, çəkisi 149 qr-dır. Modifikasiyadan asılı olaraq qurğular “Astro Black”, “Ice Platinum”, “Marine Blue”, “Mystic White”, “Terra Gold” rənglərində əlçatan olacaq. “LG Q6” smartfonu növbəti ay Asiyanın əsas bazarlarında satışa çıxarılacaq və tədricən Avropa, Latın Amerikası və Şimali Amerikanın başqa ölkələrində yayılacaq.

14

“Google” şirkəti istifadəçilərə üçölçülü “Google – Blocks” virtual reallıq redaktorunu təqdim edib. İstifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi “Rubik kubiki” oyununa bənzəyir. Məlumata görə, ondan istifadə çox asandır. İstifadəçi ayrı-ayrı bloklar vasitəsilə virtual dünyasını yaradır və ya mövcud olanları redaktə edir. Həmçinin, proqramın yüklənilməsi pulsuzdur. “Google – Blocks” proqramından istifadə etməklə obyektləri rəngləmək, onların formasını və ya yerlərini dəyişdirmək mümkün olacaq. Proqramçılar ümid edir ki, “3D” redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək.

Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə). Texnologiya prosessoru proqram üçün hansı variantın (bir böyük “cache” və ya bir neçə “cache” səviyyəsi) daha sürətli olacağı barədə məlumatlandıracaq. Alimlər bildirib ki, “Jenga” ilə 36 nüvəli prosessor 30 faiz daha sürətli işləyir 85 faiz az enerji sərf edir. Bundan sonra nüvələrin sayının çox olması enerji sərfiyyatına az təsir göstərəcək. Bu, xüsusilə hər vaxtın əhəmiyyət daşıdığı smartfonlar üçün faydalıdır. Bildirilir ki, texnologiyanın müasir prosessorlarda tətbiqi üçün uzun müddət tələb olunduğundan “Jenga” hazırda nəzəri baxımdan işləyir. Bundan əlavə, sistemin məhsuldarlığı nüvələrin sayına görə artır, bu səbəbdən mobil çiplərdə artım az nəzərə çarpacaq.

15

Mahiyyət etibarilə fərdi kompüter rolunu oynayan qeyri-adi “Lightank W100” proyektorunun satışlarına başlanılıb. “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda “Office 365” proqram paketi və “Skype” biznes versiyası quraşdırılıb. Modelin əsasını 1,1-2,4 QHs takt tezlikli ikinüvəli “Intel Celeron N3350” prosessoru, 2 giqabaytlıq operativ və “eMMC” formatlı 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Həmçinin, qurğu “Wi-Fi” və “Bluetooth 4.0” modullarına malikdir. İki “USB 2.0” çıxışı vasitəsilə proyektora “mouse” və klaviatura qoşmaq mümkündür. Bundan başqa, “HDMI” portu və quraşdırılmış mikrofon nəzərdə tutulub. Parlaqlığı 1000 ANSI lümenə çatan proyektorun istismar müddəti 30 min saata bərabərdir. Qabaritləri 345x338x57 mm, çəkisi 1,5 kq təşkil edən “Lightank W100” proyektorunun qiyməti 735 dollardır.

16

Çoxsaylı virtual reallıq şlemlərinin uğuru bu texnologiyanın daha kütləvi inkişafına imkan yaradır. Amma yeni texnologiyanın insana qeyri-adi hisslər yaşatmasına baxmayaraq, o, bəzi çatışmazlıqlara malikdir. Məsələn, virtual məkanda uzun müddət vaxt keçirmək gözlərin yorğunluğuna səbəb olur. İllinoys Universitetində çalışan alimlərin yeni həlli çıxış yolu ola bilər. Yeni displey, daha dəqiq isə onun işlək prototipinin ölçüsü 2,5×5 sm-dir. Displey bir sıra maraqlı yeniliklər sayəsində həqiqi təsviri əks etdirmək qabiliyyətinə malikdir. Belə ki, adətən virtual reallıq şlemində üçölçülü təsvir optik təsvir texnologiyası (“Optical Mapping”) sayəsində əldə edilir. Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, optik təsvir zamanı ekran bir neçə sahəyə bölünür və hər bir sahədə ikiölçülü təsvir formalaşdırılır. Bundan sonra hər bir ikiölçülü sahə dərinlik xüsusiyyətləri əldə edir və  xüsusi alqoritmlər dərinlik keçidlərini elə təmin edir ki, nəticədə üçölçülü təsvir alınır. Ən maraqlısı odur ki, yeni texnologiya artıq mövcud olan istənilən ekran tipini dəstəkləyir.

17

“Microsoft” şirkəti “E3 2017” sərgisində bundan əvvəl “Project Scorpio” kod adı ilə tanınan “Xbox One X” oyun konsolunu təqdim edib. Əvvəlki kimi “AMD Jaguar” arxitekturası ilə işləyən oyun konsolu səkkiz nüvəli prosessorla təchiz edilib. Qurğunun qrafik məhsuldarlığı 6 teraflopsa yaxındır: “GPU” 40 hesablama blokuna malikdir və 1172 MHs takt tezliyində işləyir. Bütün bu xüsusiyyətlər nəticəsində sözügedən konsol rəqibləri arasında ən güclüdür. Bütün mövcud oyunlar “Xbox One X” oyun konsolu ilə uyğundur. “Xbox One” platforması üçün yeni oyunlar öncədən “4K” təsvir ölçüsü dəstəyinə malik olacaqlar, amma “1080p” formatını dəstəkləyən televizorlarda da normal görsənəcəklər. 7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq yeni oyun konsolunun təxmini qiyməti 662 dollar təşkil edəcək.

18

“Ericsson ConsumerLab” tədqiqat bölməsində çalışan ekspertlərin qənaətinə görə, virtual (VR) və artırılmış (AR) reallıqların ən müxtəlif sahələrdə aktiv tətbiqi “birləşdirilmiş reallığ”ı (“merged reality”) formalaşdırır. “Birləşdirilmiş reallıq”da artırılmış, virtual və fiziki dünyalar arasındakı sərhədlər yoxa çıxır. Rəyi soruşulmuş istifadəçilərin fikrincə, “VR/AR” texnologiyaları media, təhsil, iş, sosial ünsiyyət, səyahət və pərakəndə ticarət kimi sahələri tamamilə dəyişdirəcək. Həmçinin onlar əmindirlər ki, virtual məkan məktəb və ofisləri sıxışdırıb çıxaracaq, 1 il sonra virtual ekranlar televizor və teatrları əvəz edəcək. Respondentlərin 25%-i belə düşünür ki, gələn il “AR” texnologiyaları səyahətlər haqda informasiyanın əldə edilməsində istifadə olunacaq. İstifadəçilərin fikrincə, aşağı mobillik, böyükölçülü qurğular və örtüyün eyni olmaması virtual reallığın yayılmasına mane olur. Bundan başqa, bir çoxları qeyd edir ki, bəzi “VR” proqramlardan istifadə zamanı yaranan yırğalanma da mühüm problemdir. İstifadəçilərin qənaətinə görə, “5G” texnologiyası “birləşdirilmiş reallığ”ın inkişafında aparıcı rol oynayacaq. Respondentlərin 36%-i hesab edir ki, internetə sabit qoşulma imkanına malik və məlumatların yüksək sürətlə ötürülməsini təmin edən “5G” texnologiyası “VR/AR” qurğuların mobilliyini təmin edə bilər.

19

Sinoptiklər 2020-ci ilədək mobil telefon siqnallarından istifadə etməklə yağıntının miqdarını proqnozlaşdıra biləcəklər. Yeni texnologiyadan Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) istifadə etməyi planlaşdırır. Texnologiya bu prinsip üzrə işləyir: mobil rabitə qüllələrinin ötürdüyü yüksəktezlikli radiodalğaları havada yağış damcıları udur. Bu isə o deməkdir ki, siqnal səviyyəsi qüllələr arasında düşən yağıntının miqdarından asılı olaraq dəyişir. Bu məlumatlardan istifadə edən sinoptiklər kiçik ərazilər üçün havanı izləyərək proqnoz verə biləcəklər. Ekspertlərin sözlərinə görə, proqnozun dəqiqliyi 2020-ci ildə Britaniyada “5G” mobil rabitə şəbəkəsi istifadəyə verilən zaman maksimum səviyyəyə çatacaq. Meteoroloji xidmətin elmi əməkdaşı Malkolm Kitçin bildirib ki, yeni “5G” şəbəkəsi daha yüksək baza stansiya sıxlığına və daha yüksək tezliklərə malik olacaq. “Bu, bizə yağıntının miqdarı barədə ətraflı məlumat verə bilər”, – o vurğulayıb. “Met Office” mütəxəssisləri yeni üsuldan ənənəvi meteoroloji stansiyalara əlavə qismində istifadəni planlaşdırırlar. Həmçinin, onlar gələcəkdə avtomobillərdə temperatur cihazlarının topladığı informasiyadan yararlanmağı ümid edirlər. Qeyd edək ki, hazırda sinoptiklər dünyada yerləşən meteostansiya şəbəkəsindən daxil olan informasiyanı yığmaqla məşğuldurlar. Lakin ortamüddətli proqnozların (36 saatdan 1 sutkayadək) dəqiqliyi 65 faizə yaxındır.

20

“Android” mobil əməliyyat sisteminin yeni versiyasında qeyri-adi funksiya – “təşvişin aşkar edilməsi rejimi” mövcuddur. Smartfon sahibi özünü qəribə apardığı halda bu funksiya aktivləşir. Funksiya zərərverici və ya donub qalmış proqramdan çıxmağa kömək edəcək. “Google” şirkətinin “Android” sistemi üçün müntəzəm olaraq təhlükəsizlik yeniləmələri çıxarmasına baxmayaraq, bu platforma üçün əvvəlki kimi zərərverici proqram şəklində təhdid mövcuddur. Bu proqramların bəziləri fon rejimində işləyir, başqaları ekranda əks olunur. Belə proqramlardan bir çoxu ekranda müxtəlif bannerlər göstərir, eyni zamanda proqramı bağlamaq və ya çevirmək imkanını blok edirlər. “Google” bu problemin sadə həllini tapıb. İstifadəçi qısa müddət ərzində “Geri” düyməsinin üzərinə dəfələrlə sıxarkən “Android 7.1” versiyası bunu aşkar edir. Belə hərəkətlər adətən ondan xəbər verir ki, istifadəçi proqramdan çıxa bilmir. Əməliyyat sistemi cihaz sahibinin təşviş zamanı “Geri” düyməsinin üzərinə sıxdığını aşkar etdikdə yeni rejimi aktivləşdirir. Bundan sonra əsas işçi masası açılır və oradan zərərverici proqramı silmək və ya antivirus proqram təminatını işə salmaq olar.

21

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register