Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Estoniyanın paytaxtında poçtalyon robotların sınaq istifadəsinə başlanılıb. Bu barədə “AS Eesti Post” poçt xidmətinin mətbuat xidməti məlumat yayıb. “Mercedes-Benz Robovan” furqonunun bazasında çalışan “Starship Technologies” robot kuryerlərinin əsas işi bağlama və göndərişlərin çatdırılmasıdır. Operator şirkət “Omniva” ticarət nişanı altında çalışır və dünyada ilk belə sınaqlar keçirən poçt təşkilatı olub. “Omniva” şirkətinin İdarə Heyətinin sədri Yoona Saluveer qeyd edib ki, şirkət layihənin sınaqdan keçirilməsini 8 həftə ərzində həyata keçirəcək. Furqondakı bağlamada 8 kuryer robot fəaliyyət göstərəcək.

1

“Microsoft korporasiyası “Johnson Controls” şirkəti ilə birlikdə “ağıllı” “GLAS” termostatını yaradıb. Şəffaf sensor ekrana malik termostat istifadəçilərə otaqda temperaturu ölçməyə, enerjidən istifadəni və havanın keyfiyyətini yoxlamağa, eləcə də, təqvim günlərini qeyd etməyə imkan verəcək. “Microsoft Windows 10 IoT Core” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Cortana” səsli köməkçi funksiyasını da dəstəkləyəcək. “Microsoft” nümayəndələrinin sözlərinə görə, “GLAS” mənzildə insanların mövcudluğunu müəyyənləşdirən ötürücülərlə təchiz olunacaq və havanın keyfiyyətinə həm otağın daxilində, həm də eşikdən nəzarət edəcək. Videoda istehsalçı qurğunu böyük və kiçik biznes ofis binaları üçün termostat kimi təqdim edir. Qurğudan adi istehlakçıların yararlana biləcəyi barədə məlumat verilmir.

“WhatsApp” messenceri bu dəfə də yeniliyi ilə istifadəçilərini sevindirəcək. Şəbəkə hazırda yeni funksiyanın üzərində test aparır. Belə ki, “Şəkil üstə şəkil” adlanan yeni funksiya sayəsində görüntülü danışa-danışa başqa birisi ilə mesajlaşmaq mümkün olacaq. Funksiyanın yaxın vaxtlarda istifadəçilərə təqdim olunacağı gözlənilir.

3

“SpaceX” şirkətin rəhbəri İlon Mask etiraf edib ki, Beynəlxalq Kosmik Stansiyaya uçmaq haqqında düşünür. Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində araşdırmaların perspektivlərinə aid NASA konfransında o bildirib ki, yerin orbitinə üç-dörd ildən sonra gedə bilər və bu, olduqca maraqlı olar. Amerikalı sahibkarın sözlərinə görə, kosmosa uçuşların təminatında əsas rol çoxistifadəli sistemlərə məxsusdur. Onlar nə qədər çox istifadə olunacaqlarsa, daha çox insan kosmik proqramlara və araşdırmalara cəlb olunacaqlar. Mask əlavə edib ki, digər planetlərə uzunmüddətli ekspedisiyaların həyata keçirilməsi imkanlarının yaranması ilə cəmiyyətdə onlara olan maraq daha tez artır.

4

“Apple” şirkəti tərəfindən sentyabr ayında təqdim edilməsi nəzərdə tutulan “iPhone 8” smartfonunun təqdimatı təxirə salınıb. Mütəxəssislər yeni “iPhone”nin oktyabr ayına qədər təxirə salındığını bildiriblər. “Apple” şirkətinə yaxın tərtibatçılar bildiriblər ki, bu müddət cihazın daha da modernləşdirilməsi üçün lazım olub. Çox güman ki, “Iphone Decade Edition” adlanacaq yeni “iPhone 8” smartfonunun gecikməsi smartfonun displeyinə “Touch İD” sisteminin inteqrasiya edilməsində yaranan problemlə bağlıdır.

5

Portuqaliyalı tələbələr yeni xilasedici robot təqdim ediblər. Ölçüsü 23-28 santimetr olan robotun çəkisi 1,5 kiloqramdır. Xilasedici robot bütün mühüm informasiyanı avtonom rejimdə toplayır, yerləşdiyi ərazinin üçölçülü xəritəsini göndərir, insanları və yanğın ocağını dəqiq müəyyən edir, temperaturun kəmiyyət göstəricilərini – nəmişlik və dəm qazının dərəcələrini ölçür və sonra bu məlumatları xilasedicilərə göndərir. Hərbçilərin artıq bu cür mexanizmlərdən istifadə etməyinə baxmayaraq, Portuqaliyanın Aveyru Dövlət Universitetində düzəldilmiş bu robot ilk “mülki” köməkçidir. Tələbələr robotun kommersiya istehsalına başlamaq üçün imkanlar axtarırlar. Hələlik onlar layihənin gələcək inkişafı üçün “HART” adlı şirkət təsis ediblər.

6

WhatsApp-da olacaq yeni funksiyalar hal hazırda beta test mərhələsində test olunur. Söhbət, iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir. Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər. Beləliklə istifadəçilər eyni anda həm videozəng vasitəsilə ünsiyyət qura, həmdə digər istifadəçilərə ismarıc yaza biləcəklər. Lakin çox böyük ehtimalla bu funksiya, picture-in-picture dəstəklənməsi əlavə olunacaq Android O 8.0 proqram təminatlı smartfonlara gələcək. Daha bir funksiya isə ondan ibarətdir ki, YouTube-dan olan videoların linkləri bundan sonra WhatsApp-ın daxilində açılacaq. Picture-in-picture özəlliyi sayəsində videolar, link pəncərəsində təqdim olunacaqlar. Həmin pəncərəni isə kiçildib istənilən yerə daşımaq olacaq. Beləliklə istifadəçi yazışan zaman videoya baxmaq çətinliyi yaşamayacaq. Bu funksiya isə hal hazırda yalnız iOS versiya üçün nəzərdə tutulmuş beta test mərhələsində aktivdir.

7

“ADATA” şirkəti “3D NAND” texnologiyası üzrə yaradılan kompakt SSD toplayıcısını təqdim edib. Çəkisi 33 qram, ölçüləri bank kartına bərabər toplayıcı “USB Type-C” tipli ikinci nəsil sürətli “USB 3.1” çıxışı ilə təchiz edilib. Kompakt ölçülər və məlumatların sürətli ötürülməsi ilə yanaşı, “ADATA SE730H” su, toz və zərbələrdən mühafizə olunur. “ADATA SE730H” məlumatları yazmaq və oxumaq üçün 500 meqabayt/saniyəyədək sürətdə ötürə bilir. Bu, 5 giqabayt tutumlu “Full HD” təsvir ölçülü filmin surətini 16 saniyəyə köçürməyə kifayət edir. Bundan başqa, “AAA” oyunların köçürülməsi üçün təxminən 1 dəqiqə tələb olunur. Yeni “3D TLC NAND” yaddaş tipindən istifadə isə toplayıcının əvvəlki nəsil “SE730” ilə müqayisədə istismar müddətinin 25 faiz uzadılmasını təmin edir. Toplayıcının fərqləndirici cəhəti, həmçinin “IP68” standartı üzrə mühafizə olunmasındadır. Bu, onun torpaq üzərinə və ya suya düşməsi zamanı məlumatların salamat qalması deməkdir. Bundan əlavə, “ADATA SE730H” hərbi “MIL-STD-810G 516.6” standartının tələblərinə cavab verir ki, bu da onu düşmə və zərbələrdən qoruyur. “Windows”, “macOS” və “Android” daxil olmaqla müxtəlif platformalarla uyğunluq təşkil edən “ADATA SE730H” toplayıcısının qiyməti, hələ ki, açıqlanmayıb.

8

Asan tapşırıqları tez yerinə yetirə bilən birdəfəlik sadə robotlar bir çox hallarda yararlı hesab edilir. Məsələn, bura dolanbac yollarla müəyyən yerə daxil olmağı və ya keçməyi aid etmək olar. Bu vəziyyətdə robotlar yaratmaq məqsədəuyğun olmasa da, məftil və bir-iki mühərrikdən ibarət sadə mexanizm yaratmaq mümkündür. Bu məqsədlə Danimarka İnformasiya Texnologiyaları Universitetinin mütəxəssisləri belə robotları 13 dəqiqəyə yaradan sistem hazırlayıblar. Belə robotun yaradılması üçün proqrama ilkin kodları daxil edərək robotun qarşılaşacağı vəziyyəti göstərmək tələb olunur. Bundan sonra sistem tapşırığın öhdəsindən gəlmək üçün çıxış yolu taparaq məftili uyğun şəkildə əyir və ona bir və ya bir neçə mühərrik bərkidir. Robotlar yaradan sistem tədricən təkmilləşərək nəticədə bütün tələblərə cavab verən və dar dəliklərə daxil ola bilən robot ərsəyə gətirir. Mütəxəssislər əmindir ki, onların istehsal texnologiyası kosmosda da tətbiq oluna bilər. Belə ki, ora çoxlu kiçik robotların daşınması əvəzinə, yerindəcə sadə mexanizmlərin hazırlanması məqsədəuyğun hesab olunur. Hazırda mütəxəssislər ideyanı inkişaf etdirərək robotların sensor, kamera və s. ilə təchiz edilməsi üzərində düşünürlər.

9

Braun və Dyuk universitetlərinin mütəxəssisləri robotların görmə, o cümlədən üçölçülü obyektləri tanımaq qabiliyyətini təkmilləşdirmək üçün üsul təklif ediblər. Alimlər alqoritm üzərində iş barədə “2017 Robotics: Science and Systems Conference” konfransında məlumat veriblər. Robotlardan insana gündəlik işlərdə kömək üçün istifadəsinə əsas maneə onları üçölçülü obyektləri insanların gördüyü kimi görməyi öyrətməyin çətin olmasındadır: əşyaları ilk baxışdan, onların qarşısı başqa obyektlərlə qismən örtülsə belə istənilən rakursdan tanımaq. Mütəxəssislər alqoritm hazırlayaraq ona təxminən 4 min üçölçülü mebel əşyası modelini öyrədiblər. Onların hər biri “LEGO” kubiklərini xatırladan həcmli təsvir elementlərindən ibarət olub. Funksionallığına görə müxtəlif oxşar modelləri müqayisə edən alqoritm onları kateqoriyalara bölərək, məsələn, stul və ya şkafa məxsus xüsusiyyətləri ayırıb. Məlumata görə, alqoritmin işi yuxarıda qeyd edilən 10 növ mebelin ona tanış olmayan 908 modeli üzərində sınaqdan keçirilib. O, obyektin dərəcəsini 75 faiz dəqiqliklə müəyyənləşdirə bilib. Tədqiqat müəlliflərinin sözlərinə görə, onlar tərəfindən təklif olunan texnologiya hazırkı mövcud ən yaxşı alqoritmlərlə müqayisədə əşyaları üç dəfə tez tanıyır və az səhvlərə yol verir. Bununla belə, mütəxəssislər qeyd edir ki, alqoritm insan kimi əşyaları görərək müəyyənləşdirməsi üçün çoxlu təkmilləşdirmə işlərinə ehtiyac duyur.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register