Avqust müharibəsində həlak olmuş Marneuli əsgərlərinin xatirəsini yad edildi

aaa

   Bu gün avqust ayının 8-dir, düz 9 il öncə Rusiya silahlı qüvvələri Gürcüstana hücum etdi və 5 günlük müharibə nəticəsində Cənubi Osetiyanı işğal etdi. Bu müharibətə Maarneulidən 4 əsgər həlak oldu.

  • Zaza Boçoidze
  • Qiorqi Tatuaşvili
  • Romoan Zoidze
  • Qia Romelaşvili

Məhz onların xatirəsini yad etmək üçün bu gün Marneulidə “Müharibədə şəhid olan qəhrəmanlar” abidəsi önünə bələdiyyə rəhbəri, bələdiyyə məclisinin sədri, majoritar deputatlar və  siyasi partiyaların nümayəndələri toplaşmışdılar. Onlar bir daha əsgərlərin ailə üzvlərinə onların övladlarının, atalarının, ərlərinin özlərini Vətən uğrunda qurban verdiyi üçün təşəkkür etdilər.

Keşiş müharibədə həlak olanların ruhlarına dua etdi. Həlak olmuş hər bir əsgərin şəkli önündə onların silahdaşları əllərində bayraq dayanmışdılar, bir tərəfdən abidənin önü çiçək dəstələri ilə dolurdu və yanan şam əriyib yavaş-yavaş həlak olanların xatirəsi üçün düzəldilmiş daşın üzərinə axırdı. Faril Məmmədov müharibə zamanı Marneuli Aviasiya bazasında xidmət edirdi, müharibə başlayanda isə vuruşmaq üçün Qoriyə getmişdi.

Əsgər Roman Hüseynovun dediyinə görə, müharibə olarsa, vətəni qorumaq üçün yenə də getməyə hazırdır.

Marneuli bələdiyyəsinin rəhbəri Merab Topçişvili də abidənin önündə idi.

“Avqust müharibəsindən 9 il keçir. Biz bu gün müharibədə Gürcüstanın bütövlüyü üçün həlak olmuş qəhrəmanların abidəsi önünə toplaşmışıq. Rusiya ilə qeyri-bərabər müharibə zamanı bizim uşaqlar qəhrəmanlıq göstərib, ölkəmizin azadlığı və bütövlüyü üçün canlarını qurban veriblər. Baxmayaraq ki, bu gün biz ərazimizin 20%-ni itirmişik, onların axan qanı, onların qəhrəmanlığı torpaqlarımızı qaytaracağımıza ümid yaradır. 9 il və 20 il tarix üçün az bir vaxtdır, amma nəticədə bizim üçün bu ağrı dəyərlidir və biz mütləq ölkəmizin bütövlüyünə nail olacağıq”.

Marneuli majoritar deputatı Tamaz Naverianinin dediyinə görə, 2008-ci ilin 8 avqustu Gürcüstan tarixi üçün əhəmiyyətli gündür. Çünki həmin gün bütün xalq birləşmişdi.

“Bu gün Gürcüstan üçün ona görə mühümdür ki, Gürcüstanın bütövlüyü üçün bütün xalq –  gürcülər, azərbaycanlılar, ermənilər mübarizə aparırdı. Bizim ölkəmizin vahidliyi üçün bunun çox əhəmiyyəti var. Həmin gün şəhid olan şəxslər həyatlarını Vətən uğrunda qurban vermiş qəhrəmanlardır. Vətən uğrunda canından keçməyə hazır övladları olan ölkəni həmişə qələbələr gözləyir. Rusiya bizim Samaçablo adlanan, Abxaziya adlanan ərazilərimizi işğal edib, bu bizim ölkəmiz üçün ağır haldır. Ancaq mən düşünürəm ki, bu müvəqqətidir”.

Majoritar deputat Ruslan Hacıyevin sözlərinə görə bu kimi münaqişələr onu göstərir ki, dünyada hələ haqsızlıqlar var və hələ də öz həlini tapmır.

Kvemo Kartli Qubernatorunun müavini Zaur Darğallı da müharibədə həlak olmuş qəhrəmanların abidəsi önündə idi.

“Bilirsiniz ki, 8 avqust bizim ölkəmiz üçün mühüm bir gündür. Bu gün faciəvi gündür. Təəssüf ki, torpaqlarımız Rusiya işğalçıları tərəfindən işğal olunub. Lakin 8 avqustda bizim qəhrəmanlar göstərdi ki, biz torpaqlarımız üçün, bütövlüyümüz üçün mübarizə apara bilərik. Mən arzu edirəm ki, itirilmiş torpaqlarımızı sülh yolu ilə qaytaraq və bizim ailələrimiz belə faciə yaşamasınlar”.

“Avropalı Gürcüstan” partiyasının siyasi şurasının üzvü Əhməd İmamquliyevin dediyinə görə, Vətən uğrunda həlak olan əsgərlər heç vaxt unudulmayacaq.

“Bu gün avqust müharibəsindən 9 il ötür. Bu gün biz qəhrəmanlarımızı ağrı hissi ilə yada salırıq. Biz Vətən üçün canlarını qurban verən qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Bu gün mən o qəhrəmanları yetişdirən ata-anaların, ailələrin acılarını paylaşıram. Ümidvaram ki, bir də Gürcüstanda müharibə olmayacaq, biz öz gənclərimizi, qəhrəmanlarımı itirməyəcəyik. Bu gün ağır gündür və bütün Gürcüstan xalqı inancından, milliyətindən, siyasi görüşündən asılı olmayaraq bir yerdə olmalıyıq. Çünki biz hamımız Gürcüstanın övladlarıyıq. Biz Gürcüstan naminə bir olmalıyıq, və ümid edirəm ki, biz bir-birimizə arxa olmaqla Gürcüstanın ərazi bütövlüyünü təmin edəcəyik”.

2008-ci il Rusiya-Gürcüstan müharibəsində Gürcüstan miqyasında 224 nəfər mülki şəxs, 14 nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə Nazirliyi hərbçisi həlak olub.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register