Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” axtarış sistemi “HTC” şirkətinin mobil bölməsini satın almaq niyyətindədir. Hazırda şirkətlər danışıqların sonuncu mərhələsindədir. Axtarış nəhənginin həm smartfon istehsalı üzrə bölmənin alışını, həm də Tayvan şirkəti ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi qeyd olunur. Məlumata görə, mobil biznesin satılacağı təqdirdə “HTC” şirkəti “Vive” virtual reallıq kaskasının və bir sıra digər qurğuların istehsalını davam etdirəcək. Mümkün sazişin məbləği və müddəti hələlik açıqlanmır. Ekspertlər qeyd edir ki, “HTC” bölmələrindən birinin “Google” tərəfindən satın alınması gözlənilən addım olub. Çünki məhz Tayvan şirkəti “Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı ilə məşğuldur. Bundan başqa, “HTC” zavodlarında hazırda “Pixel 2” smartfonunun kiçik modelinin yığılması barədə məlumatlar yer alıb. Bildirilir ki, ötən il Tayvan istehsalçısı üçün 13 il ərzində ən zərərli il olub. Son maliyyə hesabatına görə, şirkətin mədaxili 2 dəfədən çox – 51,1 faiz azalıb. “HTC” qabaqcıl “U11” smartfonunu buraxmaqla vəziyyətdən çıxmağa çalışsa da, qurğu istehlakçıların ümidini doğrultmayıb və satışları uğursuzluqla nəticələnib.

1

“WhatsApp”ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib. Bundan sonra istifadəçilər “şəkil içində şəkil” videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər. Bundan sonra istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər. Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. Bundan sonra istifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz. Həmçinin, foto və videoları bir birinə qoşaraq onları “Snapchat”dakı kimi təqdim edə bilərsiniz.

2

“Google” şirkəti tərəfindən təqdim edilən “ağıllı” xəbər xətti  bütün dünyada aktivləşdirilib. Tezliklə sözügedən funksiya proqramın “iOS” versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq. Yeni xidmət “Google Feed” adlandır. “Ağıllı” lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib: “Məsələn, əgər siz fotoqrafsınız və fitneslə səthi maraqlanırsınızsa, onda fitneslə bağlı  tövsiyələr sizin lentinizdə nadir hallarda göstəriləcək”.

3

Britaniyalı dizayner Rayan Yasin uşaqlar üçün onlarla birlikdə “böyüyən” paltar icad edib. Dizayner xüsusi növ parça hazırlayıb. Parçanı uşağın ölçülərinə uyğun olaraq eninə, yaxud uzununa dartmaq olur. Sukeçirməz parça yüksək dözümlülüyü ilə seçilir, paltaryuyan maşında yuyula və təkrar emal oluna bilər. Yeni materialdan olan paltarlar 3 aylıq-3 yaşlı uşaqlar üçün hesablanıb. İnnovativ materialı hazırlayarkən Yasin kollecdə öyrəndiyi aeronavtik mühəndisliyin prinsiplərindən istifadə edib. Onun fikrincə, yeni kəşf valideynlərə pullarına qənaət etmək və ətraf mühiti az çirkləndirmək imkanı verəcək.

“Facebook” yeni dost axtarışı sistemini sınaqdan keçirir. “Bir-birini tanı” düyməsini sıxmaqla, istifadəçilərə karusel formasında insanların siyahısı təqdim ediləcək. İlk növbədə oxşar və uyğun gələn xasiyyətli insanlar göstəriləcək, eyni yerlərə gedən, eyni səhifələri “layk” edən və yaxınlıqda yaşayanlar bir-birinə tanıdılacaq. Sosial şəbəkədən bu funksiyanın istifadəyə nə zaman veriləcəyi barədə məlumat verilməyib. Xatırladaq ki, fevralda iOS əməliyyat platformasında “Facebook” mobil əlavəsində yeni “Discover People” (İnsanları kəşf et) adlanan yeni tanışlıqların axtarışı üçün funksiya yaradılıb.

4

ABŞ-ın Karneqi İnstitutunun və Çinin Yanşan Universitetinin birgə tədqiqat qrupu karbonun yeni forması olan materialı sintez ediblər. Yüksək möhkəmliyi ilə seçilən bu material rezin kimi elastik xassəyə malikdir. İşıq və elektrik cərəyanını keçirə bilən yeni material kosmos, hərbi texnika və məişət avadanlıqlarında istifadə oluna bilər.

5

Tez-tez internetdə smartfonların partlaması nəticəsində zərərçəkmiş insanlar və ya onların mülkiyyəti barədə məlumatlar oxuyuruq. Buna səbəb enerji yükləyən və boşaldan elektrolitlərdir. Adətən elektrolitlərin kifayət qədər enerji toplaması üçün onlar yanar kimyəvi maddələrdən istehsal edilməlidir. Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit növü yaratmağa müvəffəq olublar. Iki il bundan əvvəl bir qrup alim tərəfindən yaradılmış su əsasında işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi. Elektrolitin istifadəsi təhlükəsiz olsa da, enerjini çox saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişli deyildi. İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar. Lakin mütəxəssislər problemlə üzləşiblər. Məlum olub ki, su əsasında işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.

6

Hazırda portativ texnikanı enerji ilə doldurmağa imkan verən ictimai yerlərin sayı məhduddur. Dubayda məsələyə yaradıcılıqla yanaşılaraq yerli parklarda günəşdən enerji alan və toplayan “ağıllı” palmalar quraşdırılıb. Hər ağac 8 enerjidoldurma nöqtəsi və 100 metr məsafədə istənilən istiqaməti əhatə edən “Wi-Fi” şəbəkəsi nöqtələri ilə təchiz edilib. Məlumata görə, “Smart Palm” şirkəti “ağıllı” ağacları şəhər rəhbərliyi ilə imzalanan saziş çərçivəsində Dubay ətrafında 103 yerdə “əkməyi” planlaşdırır. Şirkət təsisçisi Viktor Nelepanın sözlərinə görə, “Smart Palm” daimi əsasda “Wi-Fi”ın verilməsi və enerjinin paylanması üçün nəzərdə tutulub. “Smart Palm” nümayəndələri bildiriblər ki, “ağıllı” palmalar qurğuları standart enerjidoldurma vasitələri ilə müqayisədə iki dəfə tez enerji ilə doldurur.

7

İyul ayından bu yana ABŞ-dakı android istifadəçilərinə təqdim edilən Feed bütün dünyada yayıma başlayıb. Bu proqram hazırda android istifadəçilərinə təqdib edilib və yaxın zamanlarda iOS istifadəçilərinin də istifadəsinə veriləcək. Bu tətbiq istifadəçinin maraq dairəsi ilə işlədiyi üçün veb və mövqe göstəricilərinin olması lazımdır. Yeni xidmət “Google Feed” adlanır. Bu proqram sizə təkcə xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmunlar təqdim edir. Məsələn, əgər siz fotoqrafsınız və digər sahələrlə maraqlanmırsınızsa, onda başqa sahələrlə bağlı xəbərlər sizin lentinizdə nadir hallarda göstəriləcək. Tətbiq nəticələrin özəlləşdirilməsi üçün feysbukun “News Feed” funksiyasını təqib edir, ancaq axtarış tarixini, tətbiq istifadəsini, yutub tarixini və s. şeyləri də əhatə etdiyi üçün daha çox məlumatdan istifadə olunur.

10

“Huawei” şirkəti “Honor” smartfonlar xəttini yeniləyib. Daktiloskopik skaner ilə təchiz edilmiş və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz “Honor V9 Play” modeli təqdim edilib. Yeni qurğu metal korpusa malikdir və 1,5 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek MT6750” prosessoru və “Mali T860” qrafik sürətləndiricisi ilə idarə olunur. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 32 QB təşkil edir. Sonuncu 128 QB-dək tutuma malik “microSD” daşıyıcısının köməyi ilə artırıla bilər. Smartfon 1280×720 piksel təsvir ölçülü 5,2 düymlük diaqonallı ekrana malikdir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Əsas kamera 13 meqapiksellik sensor, faza avtofokusu, LED işıqlandırıcı və “Full HD” formatında video yazmaq xüsusiyyətlərinə malikdir. Selfi və videorabitə üçün 8 meqapiksellik kamera nəzərdə tutulub. Aparat SİM kartlar üçün iki slot və aşağıdakı simsiz rabitə modullarına malikdir: “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1 LE” və “GPS”. Barmaq izləri skaneri var. “Huawei Honor V9 Play” smartfonu qızılı, mavi, qırmızı və qara rəngli korpuslarda əlçatandır. 12 sentyabr 2017-ci ildə satışa çıxarılacaq smartfonun qiyməti 153 dollar təşkil edəcək.

8

Vaşinqton Universitetinin tədqiqatçıları beyin silkələnməsini diaqnozlaşdırmağa imkan verən yeni mobil proqram yaradıblar. Smartfonlar üçün yeni əlavə beyin silkələnməsi sahəsində xəstəxanadan kənar diaqnozqoymanın ən yaxşı metodu hesab edilir. Göz bəbəyinin skan edilməsi üçün mobil qurğunun kamerasından istifadə sayəsində hətta zəif silkələnmənin əlamətlərini aşkarlamaq mümkündür. Məlumata görə, “PupilScreen” adlanan texnologiya bəbəklərin işığa reaksiyasının (bəbək refleksi) izlənilməsi vasitəsilə işləyir ki, bu da uzun müddətdir baş-beyinin travmatik zədələrinin müəyyənləşdirilməsi üçün istifadə olunur. Bəbək refleksindən ciddi zədələrin qiymətləndirilməsi üçün istifadə olunmasına baxmayaraq bu yaxınlarda aparılan tədqiqatlardan məlum olub ki, metod, həmçinin yüngül formalı silkələnmələri aşkarlamağa imkan verir. Bu səbəbdən universitetin tədqiqatçılar qrupu bəbək refleksinin gözlə görünməyən zədələrə reaksiyasını təhlil etmək üçün kompüter təlimli smartfon kamerasından istifadə edən proqram hazırlayıblar. Bildirilir ki, smartfon işıqlandırıcısı bəbəyin stimulyasiyasına xidmət edir, proqram təminatı alqoritmləri isə bəbəyin işıq siqnalının verilməsi nəticəsində formasını dəyişməsini müəyyənləşdirir. Tədqiqatçılar, həmçinin yeni əlavənin sağlam və zədəli xəstələrin daxil olduğu 48 nəfərin iştirakı ilə sınağını keçiriblər. Onlar proqramdan istifadə etməklə baş-beyin travmalarına100 faizlik dəqiqliklə diaqnoz qoymağa nail olublar. Yaxın aylarda daha geniş klinik sınaqlar keçirməyi planlaşdıran tədqiqatçılar texnologiyanın təkmilləşdirilməsi üzərində işi davam etdirəcəklər.

9

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register