Azərbaycanda terror aktlarının qarşısı alınıb
Azərbaycan respublikasının paytaxdı Bakı şəhərində terror aktlarının qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən KIV-lərə verilən məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçiblər.
Müəyyən edilib ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıblar və sınaqdan keçiriblər. Ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.
Şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də Xırdalan şəhəri ərazisində kompleks əməliyyat tədbirləri keçirilib.
Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri – Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Milli Şura oktyabrın 28-də Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda mitinq keçirəcək. Aksiya Bakı Şəhər İcra Hakimyyəti ilə razılaşdırılıb.
Mənbə: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
Amil Məmmədov2286 Posts
0 Comments