Üç Marneuli idmançısı – üç uğur
Noyabrın 24-26-da Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçirildi. Yarışlar Bakı şəhərində yerləşən “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutdu. Yarışlarda 15 ölkədən 300-ə yaxın idmançı iştirak edib. Yarış alpaqutun aypara, batur, caymaz və gureş növləri üzrə keçirilib. Yarışlarda Gürcüstan idmançıları da iştirak ediblər. Yarışda iştirak edən Marneulidən olan idmançı Elmar Məmmədov 50 kq dərəcəsində Azərbaycan, Qazaxıstan və İrandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Marneulidən olan idmançılar arasında Elnur Quliyev 75 kq çəki dərəcəsində II, Qiyas Səfərov isə 30 kq çəki dərəcəsində III yerə çıxıblar.
Alpaqut Federasiyasının vitse-prezidenti Faiq Məmmədov “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, onun yetirmələri bu yarışlarda qalib gələcəyinə inanmırdı. O, onu da əlavə etdi ki, gələcəkdə də onun yetirmələrinin bu cür mötəbər yarışlara qatılacağna və daha yüksək yerlər tutacağına inanır.
Faiq Məmmədov onu da qeyd etdi ki, gələn il Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatı keçiriləcək və həmin yarışlrda da komanda şəklində 6-7 nəfərlə iştirak etməyi planlaşdırırlar.
30 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qiyas Səfərov öz təsuratlarını bizimlə bölüşdü.
Qeyd edək ki, Bakı şəhərində keçirilən yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilib. Tədbirə 15 dövlətdən idmançılar qatılıb. Dünya kubokunda Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Almaniya, Türkmənistan, İran, Macarıstan, Ukrayna, Hindistan, Rusiya, Banqladeş, Pakistan və Nepaldan, ümumilikdə 300-dən çox idmançı iştirak edib. Yarışlarda komanda hesabında Azərbaycan birinci yerə çıxıb. İran komandası ikinci, Türkiyə yığması üçüncü olub.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments