GIPA layihəsi çərçivəsində qazanılmış imkanlar

gipa

Noyabrın 28-də Tbilisdə GIPA-nın “Çoxmədəniyyətli bölgələrdə multimedia qabiliyyətləri” layihəsinin mükafatlandırma mərasimi keçirildi. Mərasimdə iki nəfər Marneuli gəncinə GIPA-da pulsuz təhsil almaq imkanı verildi. Bir il ərzində Samtsxe-Cavaxeti və Kvemo Kartlinin bir neçə kəndində maraq göstərən şagirdlər GIPA tərəfindən həyata keçirilən təlimlərdə iştirak edərək multimedia jurnalistikası öyrəndi. Layihənin sonunda şagirdlərə sənədli film hazırlamaq tapşırığı verildi. Layihənin yekun görüşündə filmlər təqdim olundu və mükafatçılar məlum oldu. 4 nəfər GIPA-da pulsuz təhsil almaq imkanı əldə etdi ki, bunlardan da ikisi Marneulidəndir.

Layihə çərçivəsindəki son tədbirdə “Mənim kəndim” adlı film təqdim edən Namiq Abdullayev Marneuli rayonunun Xancığazlı kəndindəndir. Onun 17 yaşı var. Çox sevinir ki, məktəbi bitirdikdən sonra təhsilini GIPA-da pulsuz davam etdirəcək.

Marneuli rayonunun Aşağı Saral kəndindən olan 11-ci sinif şagirdi Səma Həsənova “Mənim gürcü dili müəllimim” adlı film təqdim etdi. Onun üçün bu hədiyyə gözlənilməz oldu. Səma öz təəssüratlarını bizimlə bölüşdü.

“Çox xoşbəxtəm, danışa bilmirəm, elə xoşbəxtəm ki, əlbəttə burada oxumaq istəyirəm, ona görə gəlirdim. Bu da nəticəsidir, hər kəsə təşəkkür edirəm”.

Marneulidən başqa Samtsxe-Cavaxetidən də iki şagird GIPA-da pulsuz təhsil alacaq.
GIPA-nın Jurnalistika və Media Menecmenti Məktəbinin dekanı Nina İvanişvili layihənin əhəmiyyətindən danışdı.

“Həyatımda bundan daha yaxşı heç nə etməmişəm. Real olaraq uşaqların həyatını dəyişirik. Onlar elə yerlərdə öyrədirik ki, orada internet, başqa texniki vasitələr yoxdur. Ora biz özümüz gedirik, onları qloballaşan dünyanın üzvlərinə çeviririk. Bu onların həyatını, buradan irəli gələrək, onların bölgəsinin həyatını, ölkənin həyatını dəyişdirəcək ən yaxşı şeydir. Və beləcə irəli, inkişafa doğru gedəcəyik”.

Layihənin yekun tədbirində birinci, ikinci və üçüncü yerlərin sahibləri müxtəlif hədiyyələrlə mükafatlandırıldı. Marneulidən birinci yeri Rəsul Əsgərov tutdu. Ona mobil telefon, ştativ və mikrofon hədiyyə edildi.
GIPA-nın üç mərhələyə bölünmüş “Çoxmədəniyyətli bölgələrdə multimedia qabiliyyətləri” layihəsi 1 ildi ki davam edirdi.

Gürcüstan İctimai İşlər İnstitutu – GIPA 1994-cü ildə təsis edilib. Universitetin dörd məktəbində bakalavr və magistr təhsil proqramları, həmçinin ictimai işlər, yerli özünüidarə, jurnalistika və hüquq istiqamətində təlim kurslar, bundan başqa sosial elmlər üzrə doktorantura proqramı təklif olunur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register