Mestiya Bələdiyyə Məclisinin üzvü qətlə yetirilib
“Milli Hərəkat” partiyasından Mestiya Bələdiyyə Məclisinə seçilmiş Lomar Niquriani odlu silahla qətlə yetirilib. Bu haqda məlumatı Mestiya meri Kaxa Jorjoliani təsdiqləyib. Onun dediyinə görə, hadisə bu gün günorta saatlarında baş verib.
Mestiya Bələdiyyə Məclisinin üzvünün qətli ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri üzrə cinayət işi açılıb. Həmin maddələr 7 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Aqrar bazar ərazisində şəxsi münaqişə zəminində başlamış qarşıdurma zamanı, 1978-ci il təvəllüdlü M.N. avtomat silahdan bir neçə dəfə atəş açaraq Mestiya Bələdiyyə Məclisinin üzvü, 1968-ci il təvəllüdlü L.N.-ni qarın nahiyəsindən yaralamış və hadisə yerindən qaçıb gizlənmişdir. L.N. xəstəxanaya aparılmış və aldığı yaralar nəticəsində dünyasını dəyişmişdir”. – Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
DİN-in məlumatına görə, hal-hazırda qətldə ittiham olunan şəxsin həbs olunması üçün axtarış-istintaq fəaliyyətləri davam edir.
“Gündüz vaxtı bizim partiyanın nümayəndəsi öz evinin qarşısında qətlə yetirilib. Biz məsələnin təfərrüatlarının aydınlaşmasını gözləyirik. Bunula belə bu kimi faktların baş verməsinin əsas səbəbi ölkədəki ağır vəziyyət – cinayətin təşviq olunmasıdır. Daxili İşlər Nazirliyi isə vəziyyətlə mübarizə aparmaq əvəzinə, kommunist reydlərlə məşğuldur”, deyə partiyanın üzvü Zurab Melikişvili bildirib.
marneulifm1106 Posts
0 Comments