İran gündəlikləri…

?

1 mart

Bugün od çərşənbəsidir. Novruz yaxınlaşır. Biz isə Irana yola düşməliyik. Saat 12-də avtovağzalda olmalıyam. Səhər erkən oyanmışam. Səfər üçün nəsə yadımdan çıxmayıb deyə düşünürəm. Evdən tez çıxmışam ki, gecikməyim. Çünki özümün gözləməkdən xoşum gəlmir. Avtovağzala çatdım və hələ iki nəfər gəlib. Biraz sonra hamı toplandı. Nəhayət ki, xeyli müddətdi gözlədiyimiz səfər gerçəkləşdi və media qrup Təbrizə yola düşdük. Əvvəl iki dəfə səfirliyin dəvətində görüşmüş olsaq da yenə hamı sakit dururdu. Təbrizə Türkiyə sərhəddindən keçərək qovuşmalıyıq. Axşam tərəfi Vale bölgəsinə çatdıq. Sərhəd çox sakitçilikdi. Evə zəng vururam ki, narahat olmasınlar daha sərhəddi keçmişik. Sırada bizimlə yanaşı avtobusda bizimlə yol gedən bir neçə türk vətəndaşı da durur. Pasportlara möhür vuran qızın üzünə baxanda hiss olunur ki, yuxusuzdur. Sərhəddi keçib yola düşürük. Artıq hava qaralıb. Buruq-buruq yollarla qaranlığı yararaq Təbrizə qovuşmağa tələsir avtobusumuz. Ardahana gedən yolları qalın qar qatı hələ də tutur. Avtobusumuzun içində isə sükutu jurnalist dostların canlı musiqiləri pozur. Oxuyan kim, rəqs edən kim, şeir deyən kim… Aradabir sürücümüz Həsənağanın səsi də gəlir, əslən iranlı olsada sürücülük müddətində xeyli gürcü sözü öyrəşib. Musiqi səslərini eşitdikcə rolun arxasından “cavida, cavida” deyə səslənir. Biraz keçmişdi ki, arxa sırada əyləşən Iğdır türkləri də bizim musiqilərə qoşuldular. Beləcə qarlı yolları keçərək gəlib Iğdırı da arxada qoyduq. Iran sərhəddini də rahat keçdik. Yol boyu gürcü dostlar Iran haqda danışdılar. Hamı böyük maraqla gedib çatmağı gözləyir. Uzun yolların kənarları səhraya bənzəyir. Iki il əvvəl ilk dəfə Irana gələndə də məndə eyni təəssürat yaranmışdı. Baxmayaraq ki, onda digər sərhəddən getmişdim. Təbrizdə olmamışam, amma həmişə getmək istədiyim şəhərlər arasında olub. Istanbul və Təbriz… Bu iki şəhərə səfərimin ard-arda düşəcəyini təxmin etməzdim. Amma düşünmədiyimiz o qədər hadisələr olur ki, həyatımızda…Hamı yorulub yatır, sərhəddən sərhəddə oyanacaqlar. səhər Təbrizdə olmalıyıq! Biləyimdəki qara rəngli biləkliyimdə qırmızı rəngli uğur böcəyim avtobusun hərəkətindən rəqs edir…

2 mart

Çatdıq! Bu da görmək istədiyim Təbriz. Bizi elə Təbriz Universitetinin əməkdaşları qarşılayırlar və universitetin mehmanxanasına gedirik. Üç gün doğma Təbrizin qonaqları olacağıq. Təbriz Universitetinin şəxsi avtobusunda əməkdaşlar bizə məlumat verir. Necə də böyük universitetdir. 22 min nəfər tələbəsi var imiş. Mehmanxanaya yerləşdikdən sonra universitetin yeməkxanasına getməyə hazırlaşırıq. Otaqda dörd nəfər xanım jurnalist bərabər qalırıq. Natela fotoqrafdır, öz möhürünü bu sahədə artıq xeyli vaxtdır vurub. Keso tələbədir və Irandan qayıdanda Azadlıq Radiosunda staja başlayacaq, jurnalistika fakultəsində təhsil alır. Natalia “Tbilisi Time” qəzetinin əməkdaşıdır, o da təhsil alır. Natela isə hər ikisinin universitetdəki lektorudur. Keso çox emosional qızdır. Deyir ki, eşitmişəm Iranda qaydalara əməl etməyəndə adamı cəzalandırırlar. Otaqda hamı yeməkxanaya gedirik deyə geyim seçmək və hicab bağlamaqla məşğuldur. Axır ki, hazırlanıb yola düşə bildik. Yeməkxanada çoxlu tələbələr var. Elə küçədə də tələbələrin çoxluğu hiss olunur. Gürcü həmkarlar plovla kababı ilk dəfədən çox bəyəniblər. Küçədə fotolar çəkə-çəkə universitetin ədəbiyyat bölməsinə yollanırıq. Kiçik konfransdan sonra nəinki Iranda hətta dünyada traktorların istehsalında önəmli yer tutan fabrikə yola düşürük. Bizi fabrikdə canlı istehsal işləri ilə tanış edirlər. Xəbər üçün müsahibələrimizi yazırıq. Internet yoxdur, amma xəbəri hazırlayıb uşaqlara göndərmək istəyirdim ki, yerləşdirsinlər. Evdəkilərlə də əlaqə saxlaya bilməmişəm. Indi nigaran qalıblar. Axşam düşür, azan səslənir, Məşhəddə olduğu kimi. Təbriz yaşamaq üçün hüznlü şəhərdir. Bu şəhərdə məmnuniyyətlə təhsil alardım. Çox istiqanlı sakinləri var. Küçədə bizi görən tələbələr yaxınlaşıb hardan gəldiyimizi soruşurlar. Doğmalıq var, eynən Istanbuldakına oxşar hissdir. Təbrizin də ruhu var. Qum da belə idi. Hamı hazırlaşır ki, axşam çıxıb şəhərdə fotolar çəkək. Sabah Təbrizin dünyada məşhur olan bazarına gedəcik. Daha sonra ekskursiyalar olacaq. Məhəmmədhüseyn Şəhriyarı ziyarət etmək istərdim. Deyirlər ki, sabah yox biri gün həmin məkana getməliyik. Ilk gün olduğu üçün hamı yorğundu. Məndə radiomuz üçün günlük yazmaqla məşğulam. Sabahadək…

3 mart

Səhər açılan kimi yeni aldığımız sim kartlarla internetə qoşulmağa cəhd göstərdim. Alındı da. Radionun uşaqları ilə əlaqə qurmalıyam. Xəbər üçün səsləri Şəlaləylə Amilə göndərirəm. Radionun bir neçə jurnalisti də Svanetiyə təlimə gedib. Amillə danışıram və nəhayət xəbəri hazırlayıb yerləşdiririk. Bayırda qrup rəhbəri bizi gözləyir. Bugün Təbriz Universitetinin tibb bölümünün tələbələri ilə görüşdük. Əksəriyyəti xanımlardır. Dərsi ptaktik keçirlər. Tələbələr çox şən və xoşbəxt görsənirlər. Iki gündür müşahidə edirəm Təbriz gəncliyinin əksəriyyəti gülür. Üzlərində təbəssüm var və çox rahatdırlar. Tələbələr yaxınlaşıb instaqram ünvanımızı soruşurlar. Məryəm adlı qız kağız gətirmədiyi üçün ünvanı əlinə yazır. Daha sonra biokimyəvi mərkəzə gedirik. Çəkilişə izin verməslər də bütün mərkəzi gəzirik. Iranın ən böyük tibbi tədqiqat mərkəzlərindəndir. Heyvanlar üzərində tədqiqat otaqlarını da canlı müşahidə edib çıxdıq. Günorta yeməyinə gedirik. Plov menyusu biraz dostları sıxır. Iranda yeməkləri də orqanizmə təsirinə əsasən nəzərdə tutublar. Yağlı yeməklərin yanında mütləq limon olur. Təbriz küçələrini piyada gəzmək imkanımız az oldu. Qonaqpərvər əhalisi var. Xanımları Tehranda gördüyüm xanımlardan çox gözəldir. Sanki qaş-gözlərini qələmlə çizibsən. Sakin, hüznlü və səbrlidir burada insanlar. Qadınların simasından rahatlıq və xoşbəxtlik yağır. Körpə uşaqları ataları qucağında gəzdirir, bizdə isə əksinədi. Gənc və yaşlı, hətta çox yaşlı cütlüklər əl-ələ gəzir, həmdə Təbrizin üç gün ərzində gördüyüm hər yerində. Bu cütlüklərin və ailələrin bağlılığından xəbər verir. Bəlkə də insanların iqtisadi yaşam durumu buna təsir göstərir. Burada sosial müdafiəsiz ailə ayda 400 dollar yardım alır, bizdə isə səhv etmirəmsə 60 dollar. Onu da lazım gələndə bir bəhanə uydurub yarıda kəsirlər. Yeməkdən sonra Təbrizin məşhur bazarına gedirik. Dünyada üstü örtülü bazarların beşindən biridir Təbriz bazarı. Qəşəng ətirlərin qoxusu ətrafı bürüyüb. Hələ Təbriz xalçalarının möhtəşəmliyini demirəm. Ədvaları, xınaları, sürmələri şərq gözəlliyi verir məkana. Novruz bayramı yaxınlaşır deyə bazarda çox alıcı olduğundan elə də incələyə bilmədim tam xırdalıqları. Tez çıxaraq Azərbaycan muzeyinə yollanırıq. Təbrizdə tikilən ilk muzey olub. Qəribə eksponatlarla tanış olduq. Muzeyin digər tərəfində isə Mavi Məscid yerləşir. Zəlzələ nəticəsində məscidin çox hissəsi uçub və yenidən bərpa olunub. Qalan kiçik divarları isə olduğu kimi saxlayıblar. Müsahibələr yazmışam qayıdanda radiomuz üçün sujetlər düzəldəcəm. Qrupumuz çox mehribandı. Ölkədən kənarda insanlar daha çox bir-birini sevib dəyər verir. Otaqda gördüyümüz məkanların müzakirəsi gedir. Mən də Istanbuldan aldığım Tolstoyun əsərini oxumağa başlamışam. Təbrizlə sağollaşmağa bir gün qalır. Gecdi Natalia film izləyir digərləri isə artıq yuxudadır. Bügün Gürcüstanda analar günüdür…

4 mart

Səhəri Natelanın səsinə oyanmaqla açdım. Tez oyanıb şəhərdən fotolar çəkməyə gedib qayıdıb. Qızlar hələ oyanmayıb. Durub çay süfrəsi hazırlayırıq. Təbriz əhalisi cümə və şənbə günü istirahət edir, çalışmırlar. Bütün mağazalar qapalıdı. Şəhərə sükut çöküb. Hamını maraqlandırır ki, istirahət günü əhali niyə küçədə görsənmir. Səhər Təbriz kitabxanasına getdik. Çox böyük və möhtəşəmdir. 120 min kitabı var. Təhsil nümayəndəsi, Qafqazşünaslıq bölməsinin rəhbəri ilə müsahibə yazıb çıxırıq günorta yeməyinə. Maraqlı yerə gəldik. Istirahət məkanıdı yerdən xalçalar sərilib və oturub yemək yeyirlər. Mənim üçün normal görsənsə də gürcü həmkarlarıma daha maraqlıdır. Küçələrin niyə boş olduğu səbəbini bura gələndə anladıq. Təbriz əhli ailəsi ilə birgə istirahət edir. Bizim üçün yer əvvəldən ayrılmışdı, girişdə isə xeyli adam sırada durub yerlərin boşalmasını gözləyir ki, oturub yemək yesinlər. Ətrafı uşaqların səsi götürüb. Kişi, qadın, uşaq, qoca hamı ailəsi ilə yerdən oturub istirahət edirlər. Necə də fərqli cəmiyyətləri var. Önəmi ailəyə verirlər. Müqayisədə biz tərəflərdə ailəsi ilə həftə sonu istirahətə çıxanları az görürəm. Yeməkdən sonra şəhər kənarında yerləşən gölə gedirik. Gölün dörd tərəfində yüzlərlə insan yürüyür və ortada Şah Qacarın vəliəhdlərindən birinin zamanında istirahət üçün tikdirdiyi tikili yerləşir. Indi içində restoran açıblar. Praqada Kafkanın yaşadığı evi də mağazaya çevirmişdilər. Tarixdən yaxşı biznes olurmuş. Müşahidə edirəm ki, istirahət günləri Təbriz sakinləri belə məkanlara üz tuturlar ona görə küçədə heç kim görsənmir. Gənc qızlar, oğlanlar hətta əsgərlər də yürüyüş edir. Xatirə şəkilləri də çəkdiririk təbrizlilərlə. Jurnalist dostlar deyirlər ki, tam başqa təsəvvürlə gəlmişdilər, ancaq Təbriz onların Irana qarşı olan təsəvvürünü dəyişdi. Göldən sonra ticarət mərkəzlərindən birinə getməliyik. Cümə günü olduğundan şəhidlər məqbərəsinə gedə bilmədik. Şəhriyarı ziyarət etmək qaldı gələn səfərə. Axşam Tehrana yola düşürük. Biletlərimiz hazırdır. Axşam yeməyi plov deyil. Dostlar sevə-sevə Təbriz pizzasını yeyirlər. Yenə söhbət Təbriz xanımlarının özlərinə inamlı olduqlarından düşür. Jurnalistlərdən biri deyir ki, heç vaxt getdiyi ölkələrdə belə gözəl xanımlar görməyib. Təbriz xanımları həm də çox zövqlə geyinirlər. Aralarında Islamın qadına verdiyi dəyəri müzakirə edirlər. Yeməkdən sonra yarım saat vaxtımız var, hazırlanmalıyıq. Saat 10-da avtobusumuz Təbriz avtovağzalından tərpənəcək. Tələsik yığışırıq. Bir birimizdən də soruşuruq ki, otaqda heç nəyi unutmamışıqmı. Budur Təbriz avtovağzalındayıq. Artıq qrup üzvləri doğmalaşmışıq. Bizi vağzaldan məsulumuz Bağban bəy yola salır. Çox-çox mehriban və qonaqpərvərdi təbrizlilər, bizim kimi. Təbrizdə azərbaycandilli televiziya da var amma təəssüf vaxt azlığından onların əməkdaşları ilə görüşə bilmədik. Avtobusumuz Tehrana doğru yola düşür. Qayıdanda zamanımız olarsa təbrizdən qayıtmaq ümidi ilə ayrılırıq. Sabah səhər isə Tehrana çatmalıyıq. Avtobusda sakitçilikdi. Hamı yorğundur deyə yatır. Sabah Tehranda görüşmək ümidilə…

6 mart

Tehran daha müasir bir şəhərdi. Gəldiyimizdən iki gündür ki, şəhərin bəzi yerlərinə getmişik. Iki il əvvəl Tehranla vidalaşanda nədənsə elə düşünürdüm ki, bir daha yolum bu şəhərə düşməyəcək. Tehran Təbrizdən fərqlidir. Səhər təşkilatçılarla görüşdük və proqramla tanış olduq. Şəhərdə hər üç maşından birini xanım idarə edir. Tehrandakı xanımlar özünə daha güvənli görsənirlər. Şəhər çox böyükdü, tıxaclar yaranır. Dünən bazara getdik. Iran bazarları ədvaları ilə çox məşhurdur. Hamı müxtəlif ədvalardan alırdı. Dostlara hədiyyə seçmək xarici ölkəyə gedəndə ən çox sevdiyim proseslərdəndir. İnsanların gözündəki sevinci heçnə əvəz etmir. Bugün Cəmşidiyyə parkına da getdik. Şah Pəhləvi bu parkı istirahət etmək üçün tikdiribmiş və oraya tək özü gedərmiş. Görüntülü, sərin məkandı. Tehran sakinləri istirahət sevərdilər, xüsusən də ailələri ilə birgə. Parkdan sonra dünyada qüllələr arasında altıncı yeri tutan Milad qülləsinə getdik. Ilk səfərimdə burada olmuşdum. Maraqlı məkandı. gəzintidən sonra qüllədə yerləşən restoranda axşam yeməyi yedik. Restoran ailələrlə dolu idi. Boş yer tapmaq çətin olardı. Hətta körpə uşaqları da gətirmişdilər. Binaların arxitekturası möhtəşəmdir. Şəhərdə binaların hamısında fərqli memarlıq işlərinə rast gəlmək olur. Tehranda tərcüməçimiz Fereidandlı Amindir. Dörd əsr keçməsinə baxmayaraq öz ana dilini qoruyub saxlamış gürcü gənc. Amin gürcü dilində yaxşı danışır. Aminlə ortaq nöqtəmiz doğulduğumuz ölkədə milli azlıq olmağımızdır. Amma buna baxmayaraq onlar öz adətlərini, mədəniyyətlərini, dillərini təbliğ edir və qoruyub saxlayırlar. Milad qülləsindən dönürük. Hamı bugünkü proqramdan razıdır. Tolstoyun kitabını bitirməyə az qalıb. Gecədi amma Tehranda yolları təmir edirlər. Şəhər gecədə çalışır… Otaq yoldaşım Natalia kitab oxuyaraq yuxuya gedib.

7 mart

Tehranda sonuncu gündür. Bugün media işçiləri ilə görüşlərimiz planlaşdırılıb. Sabah Əhvaza yola düşürük. Tehranda Xəbər Universiteti fəaliyyət göstərir. Jurnalistika üzrə universitetdə 800 nəfər tələbə təhsil alır. Çoxluğu xanımlar təşkil edir. Iranlı tələbələr çox sərbəst və şəndir. Insana tez yaxınlaşırlar, qulluq göstərməyə çalışırlar. Beş qəzet redaksiyasının birləşdiyi holdinq rəhbəri ilə vorkşop keçdik. Sonra isə holdinqə səfər etdik. Redaksiyalarda hər yaşda jurnalistə rast gəlmək olur. Hüquqi bölmənin jurnalisti az qala 60 yaşında olardı. Iqtisadi bölmədə isə daha çox gənclər görsənir. Idman bölümün rəhbəri isə xanımdır. Əksəriyyət ingilis dilində sərbəst danışır. Iranın ən güclü media agentliklərindən biri IRNA-nın rəhbəri ilə də görüşdük. Təcrübəli insandır. Media agentliyin geniş mərtəbələrində jurnalistlər hərəkət edir. Kamran qonağımızdır. Başqa ölkədə doğmaları görmək sevindiricidir. Həyatımızda xüsusi hörmət etdiyimiz dostlar olur, Kamran onların siyahısındadır. Axşam saatlarında təşkilatçılar çıxış üçün icazə vermirlər. Bugün Kamranın sayəsində Tehranı axşam saatlarında da seyr etmək imkanımız oldu. Iranda Novruz bayramı, yəni yeni il gəlir deyə küçələrdə insanların sıxlığı hiss olunur. Bazarlar adamla doludur. Hamı alış-veriş edir ki, yeni ilə hazırlıq görsün. Axşam yeməyindən sonra hamı dincəlir, sabah Əhvaza doğru uzaq yolumuz var…

8 mart

Səhər yeməyinə getmək üçün hazırlaşırıq. Telefon səhərdən susmur. Gürcüstandan dostlarım 8 mart təbrikləri yazırlar. Bugün başqa şəhərə yola düşürük deyə hamı ailəsi ilə danışır. Internet imkanları zəifdir, əlaqə saxlamaya bilərik. Bir insanın belə sənin üçün nigaran qalmasını bilmək ümid deməkdir. Dəyərlərin dəyərini uzaqda daha yaxşı hiss edirsən. Ailə dəyərlilərin arasında yer alır. Ailəmlə danışmışam deyə rahatam. Fotolara baxıram qızlar 8 martla bağlı Marneulidə xanımlara çiçəklər hədiyyə ediblər. Darıxdım, məndə onların yanında olmaq istərdim. Hansı bayram olmasından asılı olmayaraq insanların sevinməsini sevirəm. Hədiyyə verməyi də məhz buna görə sevirəm. Sevinc bəxş eləmək kimisə incitməkdən daha çox asandı. Iranda 8 mart qeyd olunmur. Burda qadınlar günü başqa tarixdə qeyd edilir. Tehranın dəmiryol stansiyasına yollanırıq. Bir saata qatarımız Əhvaza doğru yola düşəcək. Başqa avtobusdan qəhqəhəli gülüşlərlə bir dəstə qız qara çadrada bizimlə yanaşı stansiyaya daxil olurlar. Qatarla səyahət etməyi çox sevirəm. Həmişə də pəncərənin önü mənim yerim olur. Mehmanxanadakı kimi qatar kupesində də Nataliya ilə birgə qalırıq. Sakit oturub xəbər yazır. Nə qəribədi nə vaxtsa qatarda heç tanımadığım qızdan qeyd yazacağımı düşünməzdim. Qatarımız hərəkət edir. Bizimlə məsulumuz Xanım Rəşidi də gedir. Türkcə danışır. Ata anam türkdü deyir, ancaq mən türkcəni onlardan öyrənməmişəm. Çox sadə xanımdır. Əhvaza doğru gedən yolun kənarı tamamən səhraya bənzəyir. Iranın qırmızı torpaqları. Qumun kənarından keçirik. Ilk səfərimdə Qumda olmuşdum. Qumda bəlkə də səhralıq çoxdur, görüntü olmasa da ruh var. Pəncərədən çəkdiyim Cəmkəranın fotosu hələ də yaddaşımdadır. Uzaqda kiçik şəhər də görsənir. Insanlar maraqlı varlıqlarıq, öz kiçik şəhərimizdə işlərimizə başımız o qədər qarışır ki, ətrafımızda bir dünya olduğunu da unuduruq bəzən. Uzaqda görünən o binalarda nə qədər insan yaşayır. Kimi xoşbəxtdir kimi də kədərli. Yalnız yaşadığın şəhərdən uzaqlaşanda başqa ölkədə, uzaqlarda yaşayan insanları düşünürsən. Məsələn, o görsənən ağ binada kim yaşayır görən… qonşu kupedən jurnalistlərin səsi gəlir. Kollektiv mahnı oxuyurlar. Qara rəngli zincirdə qırmızı rəngli uğur böcəyi olan biləkliyim bu dəfə qatarın hərəkətini dinləyərək rəqs edir. Görəsən radioda uşaqlar neynir, bugün 8 mart tədbirlərini işıqlandıracaqdılar. Əhvaza gecə çatmalıyıq. Bir yerdə oturan insanların yaşam fəlsəfəsi bəzən mənə çatmır. Akif Islamzadəni dinləyirəm. Bu səfər biraz Istanbul səfərinə bənzəyir… Relslərin səsi gecənim sükutunu pozur. Natalia yorğundu yuxulayıb. Tahirə xanımda yazı yazır. Qatarlar çox təmizdi. Xidməti də əladı. Artıq qaranlıq düşüb. Məndə Tolstoyu oxuyuram.Uzun zamandır qatarla səyahət etmirdim. Lap yerinə düşdü. Kitabı bitirməyə az qalıb. Qatarın relslərinin taqqıltısından savayı gecənin sükutunu heçnə pozmur. Mütaliə böyük zövqdür. Təkrarçı həyat tərzinə qayıtmağa sayılı günlər qalıb. Bu səfər çox maraqlıdı. Irana bəlkə birdə gəlmədim demirəm, gələ də bilərəm. Amma Əhvaza birdə gələcəyimi sanmıram. Yenə də heç vaxt deməyim, həyatdı nə bilmək olur… Bu səfərimi Tolstoyla bölüşdüm. Iki saata Əhvaz avtobusu bizi qarşılayacaq. Görəsən vətəndəkilər necədir?!…

12 mart

Əhvaz səfəri digər proqramlardan daha maraqlı keçdi. Olduqca tarixi və mədəni abidələri olan bölgədir. Iqlimini eynən Gürcüstanın Batumisinə bənzədirəm. Əhvazda bir neçə əyalət birləşib. Tarixi məkanlar gördük. Desful küçələri biraz çirklidir. Amma tarixi elə qoruyublar ki, şəhərə çıxanda sanki tarix üzərində addımlayırsan. Əsrlərdən gələn abidələr var. Desfulu yarıya bölən Dez çayının gözəlliyini danışmaqdan isə görmək daha yaxşıdır. Şuş şəhərində Daniel peyğəmbər dəfn olunub. Iranın bazarları xüsusi diqqət çəkir. Qədimilik var memarlıqlarında. Əhvaz Iraqla sərhəd bölgədi. Sonuncu günün proqramı Iraqla sərhəddə şəhidlərin anım tədbirinə getməkdir. Minlərlə insan axını var. Hamı qara çadradadı bizi isə fərqləndirən müxtəlif geyimlərimiz və media qrup olmağımızdır. Çox maraqlı günə təsadüf etdi. Mühit insanların taleyində böyük rol oynayır. Gənclər də öz tarixlərini yad etməyə gəliblər. Kimi mərsiyyə deyir, kimi isə hadisəni digərlərinə danışırdı. Iranlı jurnalistlər də var. Dönəndə fotoqraflarımız bu səfərə dair bir sərgi keçirməyi düşünürlər. Əhvazdan böyük həvəslə axşam geri Tehrana uçuruq. Tehranda artıq bizə Əhvazda təşkilatçılıq edənlərdən ayrılmaq vaxtıdır. Tanışlıqları sevirəm, amma sağollaşmalar biraz kövrək olur. Həyatımızdan nə qədər insan gəlir keçir. Bəzilərini heç vaxt bir daha görmürük, bəziləri ilə də dünya kiçikdi deyib qarşılaşırıq. Iki əvvəl Irana gələndə məsulumuz Zəhra adlı xanım idi. Bilirəm ki, Zəhrayla daha qarşılaşmayacam. Çox gözəl xanım idi. Ərəb dili üzrə dərs deyirdi. Tehrandan yola düşməyə hazırlaşırıq. Avtobusda sükutdu. Azadlıq qülləsinə gedirik, jurnalistlərdən biri mədəni verliş hazırlayacaq deyə çəkiliş edir. Tehran avtovağzalı elə də uzaq deyil. Yola düşmək məqamı yaxınlaşır. Gürcü dostların elə bizim də Aminlə sağollaşmamız çətin oldu. Amin söz verib ki, mütləq Marneuliyə gələcək və radiomuzla tanış olacaq. Bizimlə sağollaşanda dedi ki, mən sizin simanızda daha yaxından millətinizi tanımış oldum. Gürcüstana öz ürək sözlərini də göndərdi. Natalianın gözləri ağlamaqdan qıpqırmızıdır. Tarixi kökdən olanları arxada qoyub gəlmək ağır məsələdir. Avtobusumuz yola düşür. Irəlidə üç sərhəd bizi gözləyir. Vətənə dönürük. Iran 14 jurnalistin yaddaşında öz qoydu. Tehranla beləcə sağollaşırıq. Bu dəfə Tehrana bəlkə də bir daha yolum səndən düşmədi demirəm. Kim bilir bəlkə də düşdü, sonra yalançı çıxmayım yanında… Bacarsanız mütləq və mütləq Irana səyahət edin. Hələ görəcəyiniz çox gözəlliklər var. Qırmızı böcəyim? – Hə, biləyimdədir, öz rəqsinə davam edir. Sağ ol, Tehran!

 

Aynurə Əliyeva

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register