Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Bəzən evdə işlədilən Wi-Fi ötürücüsünün zəif olmasından şikayət edirlər. İstəyirsinizsə, evdə sizin internet zəifliyindən probleminiz olmasın, o zaman bunları bilməyiniz vacibdir: 1. İnternet ötürücü aparatın evin ortasında olması məsləhətdir. Belə olduqda dalğalar bərabər bölüşdürülüb, evin bütün künclərinə ötürülür. 2. Ötürücünün yerə qoyulması məsləhət deyil. Çünki belə olduqda siqnal daha çox qonşuya yayılır. Yaxşı olar ki, ötürücü divardan, yuxarı tavana yaxın hissədən asılsın. 3. Televizor, ya bilgisayarın ötürücü aparatın yanına qoyulması məsləhət deyil. Bu hal internetin zəifləməsinə səbəb olur. 4. Ötürücü aparatın 2 antenası varsa, birini uzununa, digərini eninə qoyun. Belə halda internet siqnalı yaxşı ötürəcək. Bax bunlara diqqət etməklə evdəki internet probleminizi aradan qaldırmış olacaqsınız. Bizim məsləhətlərimiz işinizə yarayacaq.
“Spartan Bioscience” şirkəti dezoksiribinuklein turşusunun (DNT) analizi üçün “Spartan Cube” adlı yığcam aparatını təqdim edib. Sözügedən qurğu 30 dəqiqə ərzində xəstəlik, mikrob və ya infeksiya üzrə tam genetik analiz aparmaq qabiliyyətinə malikdir. Qurğu 10 sm ölçüsündə kub formasındadır. Analizator bir sıra xəstəlikləri, yoluxucu bakteriyaları və zərərli mikrobları aşkar edə bilir. Cihazı suyun çirklənməsi, məhsulların keyfiyyəti və ya insanlarda xəstəliklərin aşkar edilməsinin analizi üçün istifadə etmək olar. Analizin nəticəsini “Wi-Fi” texnologiyasının köməkliyi ilə planşet və ya noutbuka yükləmək mümkündür. Hazırda “Spartan Cube” analizatorunun prototipi düzəldilib. Ancaq iyulun sonunda Filadelfiyada keçiriləcək konfransda istehsalçılar qurğu haqda daha ətraflı məlumat verəcəklər.
Amerikalı entuziast Allen Pen tərəfindən hazırlanmış şlem radio ilə idarə olunan avtomobil pultunun köməyi ilə insanı idarə etməyə imkan verir. Allen Pen qurğunun prototipi qismində Marvel şirkətinin komikslərindən professor İksın şlemini seçib. O, sözügedən qurğunun yaradılmasında radio ilə idarə edilən oyuncaq avtomobil pultu, həmçinin cərəyan məhdudlaşdırıcısından istifadə edib. Pen tərəfindən yaradılmış sxem elektrodlara cərəyan verilməsini idarə edir. Sxem qulaqların ətrafında bərkidilir və qalvanik vestibulyar stimulyasiyanı yerinə yetirir. Operator məsafədən idarəetmə pultunun köməyi ilə komanda verdikdə şlemi başına taxmış insan elə hiss edir ki, onun bədəninin vəziyyəti sanki dəyişir. O, zəif cərəyanların təsiri altında avtomatik olaraq müvazinəti saxlamağa çalışır. Şlem taxmış insan operator komandasına əsasən müvafiq istiqamətə doğru hərəkət edir. Pen şlemi öncə özü sınaqdan keçirib, sonra könüllülərə qurğunu sınaqdan keçirməyi təklif edib. Sınaqların nəticəsi uğurlu olub.
“Airbus” şirkəti 3D çap texnologiyasından istifadə olunmaqla yaradılan dronu ictimaiyyətə təqdim edib. Yeni pilotsuz uçan aparatın uzunluğu 4 metr, çəkisi isə 20 kiloqramdır. “Thor” adlanan özünün yeni layihənin konsepsiyasını “Airbus” şirkətinin nümayəndələri “Berlin Air Show” sərgisi çərçivəsində nümayiş etdiriblər. Onlar dəqiqləşdiriblər ki, bu nümayişin məqsədi məhsulun son nəticəsini göstərmək deyil, 3D çap texnologiyasının aviainşaat sənayesi üçün aça biləcəyi imkanları tamaşaçılara göstərməkdir. Qeyd etmək lazımdır ki, ənənəvi texnologiyadan ancaq pilotsuz uçan aparatın elektron elementləri düzəldilərkən istifadə olunub. Bütün digər hallarda, xüsusilə də vintlərin və şassinin istehsalında 3D çap printerindən istifadə olunub.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments