Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Mobil telefon, yoxsa yaxın dostlar sizin üçün daha çox önəm kəsb edir? Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir qrup tədqiqatçı insanlara belə bir sual ünvanlayıb. Cavabları eşitdikdə təəccüblənməmək mümkün deyil. Rəyi soruşulanların əksəriyyəti dost olmadan yaşaya biləcəklərini, lakin mobil telefonsuz bir günlərini belə təsəvvür etmədiklərini deyiblər. Hətta onlardan bəziləri heç düşünmədən ən yaxın dostlarını 1 ədəd son model bahalı telefona dəyişə biləcəklərini vurğulayıblar. Keçirilən sorğu medianın da diqqətini çəkib və geniş müzakirələrə səbəb olub. Ekspertlər gənclərin texniki yeniliklərə bu qədər marağının gələcəkdə daha pis fəsadlar törədə biləcəyindən ehtiyat edirlər.

Bu gün dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp”da problem yaşanıb. Belə ki, adlar siyahısındakı şəxslərin son görülmə tarixi, bəzi profillərdə isə ümumiyyətlə profil şəkli göstərmir. Təxminən bir neçə saatlıq bu prosesin həyata keçirilməsi “WhatsApp” tərəfindən məhdudlaşdırılıb. Qeyd edək ki, problemin səbəbləri haqqında heç bir məlumat verilmir.

“Apple” şirkəti proqram tərtibatçılarının illik ümumdünya konfransı  çərçivəsində “Mac” kompüterləri üçün yeni əməliyyat sisteminin “Sierra” adlanacağını açıqlayıb. “Apple” kompüterləri üçün yeni əməliyyat sistemlərinin adı stilistik baxımdan digər qurğuların əməliyyat sistemlərinin adından fərqləndiyinə görə, o bu gündən etibarən “macOS” adlanacaq. Qeyd olunur ki, yeni əməliyyat sistemində bir neçə yenilik də olacaq. Belə ki, bundan sonra istifadəçi əl altında olan “iPhone” smartfonundakı şəxsi hesabından yararlanaraq parolu daxil etmədən kompüter və ya noutbukdan istifadə edə biləcək.

Ötən gün “Microsoft” korporasiyası “LinkedIn” sosial şəbəkəsini aldığını açıqlayıb. Əqdin dəyəri $26,2 mlrd. təşkil edir. Bu xəbər IT və biznes sahəsinin mütəxəssisləri tərəfindən birmənalı qarşılanmadı. Başlıca səbəb odur ki, “LinkedIn” servisinin rəhbəri Ceff Veyner dəfələrlə bildirib ki, sosial şəbəkə müstəqilliyini qoruyacaq. Mütəxəssisləri düşündürən başqa bir sual odur ki, “Microsoft” “Facebook”un “darıxdırıcı prototipi”nə çevrilən “LinkedIn” ilə nə edəcək? Özü də son 7 ay ərzində “LinkedIn” sosial şəbəkəsinin səhmləri 48% ucuzlaşıb. Əqdin dəyəri barədə isə saatlarla mübahisə etmək olar.

ABŞ-ın “Turtle Beach” şirkəti istiqamətləndirilmiş səs axınını təmin edən ilk şəffaf “Hypersound Glass” audiokolonkalarını hazırlayıb. “Hypersound Glass” şəffaf şüşədən düzəldilib və adi kolonkalara bənzəmir. Mütəxəssislər qeyri-adi audiosistemin texniki xüsusiyyətləri və quruluşu barədə məlumat verməyərək bunu kommersiya sirri olması ilə izah edirlər. Bununla belə, onlar konstruksiyada çoxqatlı şüşə və şəffaf plyonkadan istifadə edildiyini bildiriblər. Onların sözlərinə görə, dinamiklər səsi modulyasiya edərək onu şüşədən keçən zaman yalnız müəyyən hüdudlar daxilində eşidilən istiqamətləndirilmiş audioaxına çevirir. Bildirilir ki, digər konseptual istiqamətləndirilmiş səs texnologiyaları nümunələrindən fərqli olaraq “Hypersound Glass” təkcə ev audiosistemlərində tətbiq edilməklə məhdudlaşmayacaq. Çünki “Turtle Beach” şəffaf reflektorlardan qeyri-adi inteqrasiya edilmiş sistemlərin hazırlanması üçün istifadə etmək niyyətindədir. Məsələn, bunlar birbaşa ekrana quraşdırılan dinamikli kompüter monitorları və ya avtomobillər üçün musiqini də səsləndirəcək külək şüşələri ola bilər. Şirkət ilk şüşə “Hypersound Glass” kolonkalarının prototipini gələn həftə Los-Ancelesdə işinə başlayacaq “Electronic Entertainment Expo 2016” sərgisində nümayiş etdirməyi planlaşdırır.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin mütəxəssisləri əlavə reallıq displeyi ilə təchiz edilən dalğıc kaskasının prototipini yaradıblar. Dalğıc baş geyimi şlemin daxilində quraşdırılan və təsviri istifadəçiyə göstərən “DAVD” (Divers Augmented Vision Display) displeyi ilə təchiz edilib. İstifadəçi arzusuna uyğun virtual reallıq ekranını yandıra və ya söndürə bilər. Layihə müəllifi qeyd edib ki, displey şlemin üst tərəfində deyil, daxilində quraşdırıldığına görə ondan “Dəmir adam” filmindəki kimi istifadə etmək mümkündür. Siz həmişə lazım olan məlumatı şlemin içində görə bilərsiniz. Bildirilir ki, əlavə reallıq displeyinin quraşdırılması hidrolokator qurğusundan (sonar) məlumatları, mətnli yazışmaları, təsviri və hazırkı tapşırığı yerinə yetirmək üçün lazım ola biləcək digər informasiyanı real vaxt rejimində daxil etməyə imkan verir. Beləliklə, dalğıc hazırda ehtiyac duyduğu aktual məlumatları suyun altına enməzdən əvvəl nəyisə unutmaqdan ehtiyat etmədən ala biləcək. Sistem xüsusilə batmış gəmilərin və ya oxşar obyektlərin axtarışı zamanı aktual ola bilər. Əlavə informasiya qapalı yerlərdə və mürəkkəb mühitdə yolu daha dəqiq müəyyənləşdirməyə kömək edəcək. Mütəxəssislər qeyd edirlər ki, oxşar kaskalardan həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etmək olar. Hazırkı mərhələdə alimlər iyirmi sualtı işlər mütəxəssisi ilə məsləhətləşərək layihə üzərində işi davam etdirirlər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register