Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Amerikanın tanınmış müğənniləri və musiqi qrupları Ledi Qaqa, “Goldplay”, Abba və digər ifaçılar Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerə kollektiv məktub göndəriblər. Məktubda onlar “YouTube” video xidmətini musiqiçiləri gəlirlərdən məhrum etməkdə günahlandırıblar. Bu mətni min nəfərdən artıq sənətçi imzalayıb. Pop-ulduzlar qeyd ediblər ki, “YouTube”dakı musiqili kliplərin baxışları və ifaçıların gəlirləri arasındakı fərq olduqca fərqlidir. Musiqiçilər həmçinin qeyd edib ki, belə bir maliyyə uçurumu bazarda ziddiyyət yaradır. “YouTube” nümayəndəsinin sözlərinə görə, şirkət ifaçılar və səsyazma şirkətləri ilə əməkdaşlıq edir və onlara reklamdan gələn gəlirlərdən ödənişlər ayırır. Ödənişlərin həcmi 3 milyard dollar həcmində qiymətləndirilir. Bundan əvvəl isə bildirilib ki, anti-inhisar qanunvericiliyinin pozulmasına görə Avropa Komissiyası “Google” şirkətini 3 milyard dollar həcmində cərimə edə bilər.
“DroneSeed” şirkəti meşə çatışmazlığı ilə mübarizədə pilotsuz uçan aparatlardan (dronlar) istifadə etməyi planlaşdırır. Uçan aparatlar kameraların köməyi ilə ərazini öyrənərək müvafiq yerə toxumlar səpəcək. “DroneSeed” – meşə zolaqlarının salınması üçün xüsusi pilotsuz təyyarələr hazırlayan startapdır. Uçan aparatlar toxumların səpilməsi üçün müvafiq ərazi axtarır. Bundan ötrü ərazinin xəritəsi yaradılır. Toxumların torpağın daha dərin qatlarına səpilməsi üçün dronlar xüsusi toplarla təchiz ediləcək. Startapın yaradıcıları bildiriblər ki, insanlarla müqayisədə dronlar toxumları bir neçə dəfə daha sürətli səpə bilər. Yeni səpin texnologiyası xərcləri 10 dəfə azaltmağa kömək edəcək. Dronlar yalnız xərcləri azaltmayacaq, həm də insanları belə mürəkkəb və təhlükəli işdən xilas edəcək. Ağac tədarükü şirkətləri onsuz da kadr çatışmazlığından əziyyət çəkirlər, pilotsuz təyyarələr isə əməkhaqqı tələb etmir və gecə-gündüz işləyə bilər.
PwC şirkətinin apardığı araşdırmanın nəticələrinə görə, Rusiyanın paytaxtı Moskva şəhəri dünyanın 12 meqapolisi arasında adambaşına düşən müşahidə kameralarının sayına görə ikinci yeri tutub. Bu göstərici ilə ilk yeri London tutur. Moskvada hər 1 000 sakinə 11,63 müşahidə kamerası düşür. Meriya nümayəndəsinin sözlərinə görə, bu rəqəm Honkonqdakından təxminən 2 dəfə, Pekindəkindən 6 dəfə çoxdur. Həmçinin araşdırmada Nyu-York, San-Paulo, Berlin, Sinqapur, Mexiko, Şanhay və Seul şəhərlərinin göstəriciləri təqdim olunub. Bundan başqa, Moskva adambaşına Wi-Fi daxilolma məntəqələrinin sayına görə də dünyada ikinci yeri tutur. Bu siyahıda Moskva ancaq Seuldan geridə qalır.
“Kasperski laboratoriyası” mobil qurğuların pul tələb edən viruslara yoluxması hallarının kəskin artımı haqda məlumat verib. 1 ildə “Kasperski Laboratoriyası”nın məhsulları tərəfindən aşkar edilmiş belə virusların sayı 4 dəfə (35.4-dən 136.5 minədək) artıb. Bir qayda olaraq belə zərərli proqram qurğunun tərkibini şifrləyir və məlumatları deşifr edən kod üçün pul tələb edir. Başqa bir variant əməliyyat sisteminə və ya onun əsas funksiyalarına girişin tam bloka salınmasıdır. Almaniya, Kanada, Böyük Britaniya və ABŞ-da “Android” mobil sistemli qurğularına “Kasperski Laboratoriyası”nın məhsullarını quraşdırmış istifadəçilər əksər hallarda belə virusların qurbanına çevrilirlər.
“Microsoft” şirkəti bildirir ki, artıq “Windows 10” əməliyyat sistemi 350 milyondan artıq cihazda istifadə olunur. 2015-ci ilin iyul ayında “Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminə açıq çıxışın olduğunu elan edib. İlk gün ərzində bu əməliyyat sistemini yükləyənlərin 14 milyon nəfər olub. İki həftə sonra isə 50 milyondan artıq istifadəçi öz cihazlarına “Windows 10” əməliyyat sistemini yükləyib. Təxminən bir ildən sonra “Microsoft” bildirib ki, əməliyyat sistemi 350 milyondan artıq cihazda yüklənib. Şirkət hesab edir ki, 2018-ci ilin ikinci yarısında “Windows 10” əməliyyat sistemi 1 milyard cihazda fəaliyyət göstərəcək. “Net Applications” analitik şirkəti hesab edir ki, bu ilin may ayında “Windows 10” əməliyyat sisteminin bazar payı 17,4 faiz təşkil edib. Hazırda əməliyyat sistemi yayılmasına görə ancaq bu sahənin 48,6 faiz bazar payına malik “Windows 7”-dən geri qalır.
Britaniyalı futuroloq İen Pirson hesab edir ki, yaxın gələcəkdə robotla sekslə məşğul olmaq adi hal olacaq. Alim bildirib ki, robotofiliyaya əsasən qadınlar tutulacaq. Artıq 2026-cı ildə onlar üçün robotla sekslə məşğul olmaq pornoqrafik filmə baxmaq kimi adi bir hal alacaq. Britaniyalı vurğulayıb ki, seks oyuncaqlar nə qədər zəif və cəlbedici olacaqsa, o qədər də insanların özünə bənzərləri ilə münasibətdə olmağa tələbatı azalacaq. Futuroloq hesab edir ki, 2050-ci ildə isə bəşəriyyəti əsl robotofiliya epidemiyası bürüyəcək. Seks-robotların süni intellekti o qədər o qədər müasirləşəcək ki, insanlar bu maşınlara aşiq olacaq. İ.Pirsonun fikrincə, bu o qədər ciddi problemdir ki, hələlik heç kəs onun həlli yollarını bilmir.
“Western Digital” şirkəti “microSD” tipli “SanDisk Extreme microSDXC UHS-I” yaddaş kartını təqdim edib. İstehsalçı kartı dünyanın ən sürətli müasir toplayıcısı adlandırır. Tutumu 256 qiqabayta bərabər olan yaddaş kartında informasiyanın ötürülmə sürəti saniyədə 100 meqabitə çatır. Məhz bu xüsusiyyət ABŞ şirkətinin yeni modifikasiyasını dünyanın ən sürətli fləş-kartı edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni kart yüksək təsvir ölçüsündə video yazan müasir qurğular, o cümlədən pilotsuz uçan aparatlar, “GoPro” tipli kameralar üçün nəzərdə tutulub. İnformasiyanın sürətli ötürülməsi sayəsində “SanDisk” yaddaş kartı videonu “4K” (Ultra HD) formatında 14 saat ərzində fasiləsiz yazmağa imkan verir. İlkin məlumata görə, bu ilin sonunda satışa çıxarılacağı gözlənilən kartın qiyməti təxminən 200 dollar təşkil edəcək. Qeyd edək ki, əvvəllər dünyada ən sürətli yaddaş kartı bu ilin mayında təqdim olunan “Samsung EVO Plus” hesab edilib. Cənubi Koreya şirkətinin qurğusu məlumatı saniyədə 95 meqabit sürətində yaza və ötürə bilir.
Apple, Samsung və Huawei şirkətləri bazar artımının zəifləməsi səbəbindən 2016-cı ildə smartfonlarının istehsal həcmini aşağı salırlar. Artıq satışda olan cihazlar ucuzlaşır – alıcılar bahalı brend smartfonları artıq sevmirlər. Apple: Nikke nəşri iddia edir ki, “Apple” artıq “iPhone”un aktual modellərinin istehsal həcmini aşağı salıb. Lakin bununla bağlı nə dəqiq, nə də təqribi rəqəmlər yoxdur. Mütəxəssislər qeyd edirlər ki, bunun əsas səbəbi – bazarın zəifləməsi və original smartfonlardan da üstün hazırlanan Çin istehsalçılarının replika smartfonlarının istehsalının artmasıdır. Samsung: “Samsung” smartfonlarının hazırlanması üçün lazım olan detalların qiyməti 10-20% aşağı düşüb. Əvvəlvə şirkət 2016-cı ilin iyul-sentyabr ayları üçün 28-30 milyon “Galaxy S7” smartfonu istehsal etməyi planlaşdırırdı. Digər modellərin istehsalı da azaldıldı. Huawei: Şirkət 2016-cı ilin III rübündə bazara 14-15 milyon flaqman “Huawei P9” smartfonlarını çıxarmağı düşünürdü, lakin bu rəqəm, çox güman ki, 10-20% az olacaq. Şirkət smartfonlarının bütün modellərinin təqribi təchizatı 2016-cı il ərzindı planlaşdırılan 140 milyondan 120 milyona endirilib. Buna baxmayaraq, bu rəqəm ötən illə müqayisədə 13% çoxdur. “Huawei”də “P9” və “P9 Plus”-un satışlarından razıdırlar, lakin tələbatın proqnozlaşdırıldığından az olduğuna görə, dinamika pisləşəcək. Buna görə şirkıt artıq indi sifariş həcmini azaldıb.
“Apple” korporasiyası Jaz-Z təxəllüsü ilə məşhur olan rep ustası Şon Kori Karterin (Shawn Corey Carter) yaratdığı “Tidal” musiqi xidmətinin satın alınması üçün ilkin danışıqlar aparır. Korporasiya hazırda şərtləri araşdırır və xidməti alıb-almayacağına hələ qərar verməyib. Sövdələşmə baş tutarsa, “Apple” “Tidal” layihəsində iştirak edən Madonna, Kanye Uest kimi sənətçiləri “Apple Music”ə cəlb edə bilər. Xatırladaq ki, “Tidal” musiqi xidmətinə “Samsung”, “Google” kimi İT nəhəngləri də maraq göstərib. “Tidal” 2014-cü ilin oktyabrında Skandinaviya mənşəli “Aspiro” şirkəti tərəfindən istifadəyə verilib. Onun üstün cəhəti budur ki, musiqilər yüksək keyfiyyətli FLAC formatında səsləndirilir. 2015-ci ildə Jay-Z bu xidməti 56 milyon dollara alıb. Onun dostları Kanye Uest, Madonna və Rihanna da xidmətin sahibləridir.
“Google” şirkəti özünün rəsmi “Twitter” səhifəsində bu yayın sonunda istifadəyə verilməsi nəzərdə tutulan yeni “Android N” əməliyyat sisteminin adını açıqlayıb. Aparılan rəy sorğusu nəticəsində “Nougat” (Nuqa) adına üstünlük verilib. Halbuki son ana qədər “Nutella” adının seçiləcəyi gözlənilirdi. Görünür, “Google” ilə “Nutella” razılaşa bilməyiblər. Maraqlıdır ki, çoxsaylı türkiyəli istifadəçilər sorğuda “Namık” adını təklif ediblər. İlkin məlumatlara əsasən yeni əməliyyat sisteminin əsas üstünlükləri avtonom iş vaxtının artması, virtual reallığın dəstəklənməsi, multipəncərə sistemi, çoxvəzifəlilik imkanlarının genişləndirilməsi, eləcə də ani əlavələr olacaq. “Android Nougat”da cihazların fon yenilənməsi rejimi də olacaq ki, bunun sayəsində OC cihazın bir bölməsi proqram təminatı yenilənməsinin quraşdırılması, digəri isə iş məqsədilə istifadə ediləcək.
Köhnə pasportunu dəyişmək istəyən Kopenhagen sakinləri indi şəhər kitabxanalarından birində qurulmuş xüsusi aparatın köməyi ilə bunu sərbəst şəkildə edə bilərlər. Bu haqda “The Copenhagen Post” nəşri yazıb. Sözügedən qurğu konsulluğa müraciət etmədən pasportun dəyişdirilməsi ilə bağlı bütün prosedurdan keçməyə imkan verir. Belə ki, aparat şəkil çəkməyə, hətta barmaq izini götürməyə imkan verir. Xidmət yalnız Kopenhagen sakinləri üçün deyil, həm də bütün danimarkalılar üçün əlçatandır. Əcnəbilər əvvəlki kimi səfirlik və ya konsulluğa müraciət etməlidirlər. Xidmətdən yararlanmaq üçün ilkin qeydiyyat lazımdır. Bunun üçün şəhərin rəsmi saytına daxil olmaq, aparatın yerləşdiyi vətəndaş mərkəzi ünvanını, həmçinin arzu olunan tarix və vaxtı seçmək lazımdır. Aparatdan, həmçinin sürücülük vəsiqəsi və bəzi başqa sənədləri almaq olar.
NASA-nın 2030-cu ildə Marsa insan göndərmək planının icrası yolunda önəmli bir addım atılıb. Bir müddətdir insanları Marsa aparacaq raketin mühərriklərinin hazırlanması üzərində çalışan NASA, bu həftə nəhəng mühərrikləri uğurla sınaqdan çıxarıb. ABŞ-ın Yuta ştatında keçirilən sınaq 2 dəqiqə davam edib. NASA prosesi 530 fərqli cihazla yaxından izləyib. Uğurla nəticələnən sınağa minlərlə insan canlı tamaşa edib. NASA rəhbərlərindən Uilyam Gerştenmayer (William Gerstenmaier) sınağın nəticələrindən məmnun qaldıqlarını bildirib: “Bu gün burada bu testin gerçəkləşdiyini görmək və mühərrikin ortaya çıxardığı görüntünü, səsi hiss etmək əslində dərin kosmosun kəşfində indiyə qədər qət etdiyimiz inanılmaz məsafəni daha yaxşı anlamağımıza kömək edir”. Mühərriklər NASA-nın SLS (Space Launch System) rakertlərində istifadə ediləcək. Raketdə iki nəhəng mühərrik olacaq. Bu mühərriklərdən başqa, maye yanacaqla çalışan 4 əlavə mühərrik də olacaq. SLS raketi ilk olaraq 2018-ci ildə test ediləcək.
http://new.vk.com/video210129428_456239204
Britaniya və Almaniya alimləri insanın nə qədər vaxt mobil telefonsuz qala biləcəyini müəyyən edib. Tədqiqatda müxtəlif yaşlı kişi və qadınlar iştirak ediblər. Araşdırma aparanlar onlara on dəqiqə ərzində otaqda olmağı təklif ediblər. Məlum olub ki, bu müddət ərzində tədqiqat iştirakçıların hər biri heç olmasa 44 saniyədən bir smartfondan istifadə edib. Qadınlar daha çox müddətdə – 57 saniyə ərzində smartfona toxunmayıblar. Kişilər isə telefonsuz cəmi 21 saniyə qalıblar. Tədqiqat iştirakçıları bildirib ki, smartfonsuz 2-3 dəqiqə qala biliblər. Tədqiqatçılar hesab edir ki, bu səhv insanın cihazlardan asılı olduğunu bir daha təsdiq edir.
Tədqiqatçılar əmindir ki, yaxın zamanlarda smartfonu gözlərin hərəkəti ilə idarə etmək mümkün olacaq. Müvafiq innovativ proqram təminatının tərtibatı ilə beynəlxalq mütəxəssislər qrupu məşğul olur. Bura Massaçusets Texnologiya İnstitutunun komandası, Corciya Universitetinin alimləri və alman mütəxəssisləri daxildir. Yenilik oyun həvəskarlarına lazım ola bilər, həmçinin əlavələrin yaradılmasına kömək olacaq. Hazırda insanın baxdığı yeri santimetrinə qədər dəqiqliyi ilə müəyyən edə bilən proqram təminatı tərtib edilib. Daha yüksək dəqiqliyə nail olmaq üçün tərtibatçılar “GazeCapture” əlavəsini yaradıblar. Bu əlavə insanların smartfonlara baxışları barədə məlumatları toplayıb. Baxış telefonun ön kamerası ilə yazılıb. Sınaqlarda 1 500 nəfərə yaxın insan iştirak edib. Layihənin təşəbbüskarları əmindir ki, onlar 10 min nəfərin məlumatlarını əldə etsələr, aradakı səhvləri 0,5 sm-ə qədər azalda biləcəklər.
İki il ərzində “Instagram”da dərc olunan şəkillərin sayı azalıb. Mütəxəssislər hesab edir ki, bu, sosial şəbəkənin populyarlığını itirməsi ilə bağlı deyil. “Instagram” auditoriyası artır və hazırda yarım milyard nəfərə çatıb. Gündəlik olaraq 300 milyona yaxım istifadəçi öz akkauntlarına daxil olurlar. Onlar tərəfindən dərc olunan şəkillərin sayının azalmasını isə mütəxəssislər messencerlərin populyarlığının artması ilə izah edirlər. Adıçəkilən bazarın mütəxəssislərinin fikrincə, məhz “Instagram”da şəkil bölüşmək ehtiyacı indi o qədər də aktual deyil.
“Google” mütəxəssisləri internet istifadəçilərinin virtual reallıq (VR) pornosuna olan marağının rekord sayda artığını qeydə alıblar. Statistika son iki il ərzində bu növ axtarış sorğularının axtarışı faiz nisbətində təxminən 10 dəfə artım olduğunu göstərir. Bu resursun sürətlə artan populyarlığını analitiklər yeni “Oculus Rift” VR-cihazının yaradılması izah edirlər. Mütəxəssislərin fikrincə, artıq 2020-ci ildə böyüklər üçün olan əyləncə növünün istehlak tələbatının səviyyəsi virtual reallıq cihazlarının oyun kontentini üstələyəcək. Mütəxəssislərin müşahidələrinə görə, əsasən VR-porno mövzusunda axtarış sorğuları o onlayn istifadəçilərdən gəlir ki, onlar bunun mahiyyətini tam anlamırlar, söhbətin nədən getdiyini bilmirlər və bunu sırf olaraq maraqdan edirlər. Növbəti maraqlı porno yeniliyi öz VR-cihazlrında həqiqətən sınamaq istəyənlər isə hazırda o qədər də çox deyil. Bununla belə, müasir VR-cihazlarının tərtibatçıları və istehsalçıları əmindirlər ki, yaxın zamanlarda daha çox insan yenilənən VR-cihazlarını porno əyləncə sənayesində sınaqdan keçirmək istəyəcək.
Müğənni Keti Perri “Twitter”də izləyici sayına görə ilk mövqeni tutur. Bu mikrobloqlar xidmətinin bütün fəaliyyəti dövrü üçün rekord olub. Bu zirvəyə ilk dəfə Keti Perri nail olub. Hər şey onunla bağlıdır ki, Ketini bütün dünya üzrə milyonlarla tamaşaçı izləyir, onların sayı isə günü-gündən artmaqdadır. Keti öz populyarlığı fəxr edir və sevinir. Onun akkauntunda yazdıqları da bunu sübut edir. “Bayram etmək üçün vaxt gəlib çatıb, Keti Perri! Siyahıda 90 milyon insan var, buna görə də heç rəqs meydanı da lazım deyil”, deyə Keti Perri yazıb. “Twitter”də ikinci yeri Castin Biber, üçüncü yeri isə Teylor Svift tutur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments