Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Network Technologies tərəfindən Apple-a qarşı açılan məhkəmədə Apple məğlub oldu və 25 milyon dollar təzminat ödəyəcək. 1999-cu ildən qalan sadə bir fayl sisteminə görə patentin oğurlanması iddiası ilə Apple-ı məhkəməyə verən Network Technologies bu mübarizədən qalib ayrılmağı bacarıb. Sənədlərin xronoloji ardıcıllıqla yığılıdığı bir sistemi Network Technologies-in icazəsi olmadan istifadəsi nəticəsində Apple, sözügedən şirkətə nə az nə çox 25 milyon dollar təzminat ödəyəcək. Orginalının Mirror Worlds adlı bir şirkətə məxsus olduğu bildirilən bu sənədləşmə sisteminin ilk dəfə 1996-cı ildə Yale-də ortaya çıxdığı iddia olunub. The Verge-də yer alan xəbərə görə, Apple-ın patenti olmadan bu sistemdən istifadəyə görə şirkətə qarşı 625 milyon dollarlıq bir məhkəmə başladılmışdı. Uzun müddət gedən mübahisələrdən sonra sözügedən patent Network Technologies şirkətinə satıldı. Patenti aldıqdan sonra Apple-a qarşı olan məhkəməni davam etdirən Network Technologies sonunda qalib tərəf oldu və Apple şirkəti Network Technologies-ə 25 milyon dollar ödəyəcək.
YouTube öz platformasından istifadə edərək telekanalların yayımı ilə məşqul olmağı planlaşdırır. Yeni funksiya sayəsində istifadəçilər standart kabel televiziyası servislərindən vaz keçə bilərlər. Sözügedən funksiyanın bu ilin sonunadək reallaşdırılması planlaşdırılır. İlkin məlumatlara əsasən YouTube paketinə ABC, CBS, ESPN və digər məşhur telekanallar daxil olacaq. Bundan əlavə olaraq NBC, Viacom və Fox kimi məşhur kanallarla da danışıqlar aparılır. Ayrı-ayrı ölkələr ilə çalışmaq YouTube-un hələki planında yoxdur. Telekanalların yayımı təbii ki, ödənişli olacaq. Standart paketə görə istifadəçi hər ay 35 dollar ödəməli olacaq.
iPhone və iPad istifadəçiləri sosial şəbəkələrdə Apple ID hesablarına giriş probleminin olmasından şikayətlənirlər. Sözügedən problem IOS 10-nun beta versiyasında, IOS 9.3.2 və daha köhnə versiyalarında müşahidə olunur. Lakin versiyadan asılı olaraq həmin problem tamamilə fərqli xüsusiyyətlər daşıyır. IOS 9.3.2 və daha köhnə versiyaların istifadəçiləri Apple ID şifrələrinin bəzən pozulmasından şikayət edirlər. Nəticədə istifadəçilər hər dəfə şifrəni bərpa etmək üçün yeni kod fikirləşməli olurlar. Beləliklə problem ciddi qəbul olunsa da onun həll yolu mümkündür. IOS 10-nun beta versiyasına keçmiş istifadəçilər isə ikifaktorlu identifikasiya sisteminin işində problemlərin olduğundan şikayətlənirlər. Həmin problem növbəti ismarıc ilə ortaya çıxır. “Apple ID-nin bu hesabı təhlükəsizlik səbəbindən bağlanıb. Hesabı yenidən aktiv etmək üçün öz şəxsiyyətinizi təsdiq etməlisiniz”. Yeni şifrə əlavə etmək cəhdində isə serverdə problemlər yaranır və sistem cəhdin daha sonra edilməsini tövsiyyə edir. Bundan əlavə olaraq bəzi istifadəçilər şifrələrin bərpa olunma servisi olan iForgot-dan istifadə edə bilmirlər. Yaranmış problem nəticəsində istifadəçi avtomatik olaraq öz hesabından çıxır və ona təkrar qoşula bilmir. Apple şirkəti bütün bu problemlərdən agahdır və hal-hazırda onları aradan qaldırmaq üçün çalışır.
Samsung şirkəti öz virtual reallıq cihazı olan Gear VR-ın yeni versiyasını təqdim etməyə hazırlaşır. Məlumata əsasən o hal-hazırda Hindistan-da test mərhələsini keçir. Logistika şirkəti olan Zauba-nın saytına VR cihazın test və qiymətləndirilməsi mərhələsinə keçdiyi haqqında məlumat yerləşdirilib. Həmçinin məlumatda qeyd olunub ki, yeni cihaz 40 dollar dəyərində olacaq. Samsung-un keçmiş VR cihazlarının qiymətlərinə nəzər salsaq görərik ki, yeni cihazın qiyməti alış qiymətidir. Qeyd edək ki, Samsung öz VR cihazlarını Oculus Rift şirkəti ilə birlikdə istehsal edir. İlk model Gear VR Samsung Galaxy Note 4 üçün hazırlanmışdır. Daha sonra cihazın Galaxy S6, S6 Edge, Galaxy S7, S7 Edge və Note 5 üçün versiyaları da satışa çıxmışdır. Çox güman ki, yeni Gear VR xüsusi olaraq avqustda satışa çıxacaq Samsung Galaxy Note 7 üçün hazırlanır. Bir sıra sızdırılmış məlumatlara əsasən Galaxy Note 7 gözün qüzehli qişası skanı funksiyasına, 6 GB-lıq RAM-a və USB Type-C girişinə sahib olacaq.
Hələki anons olunmamış Xiaomi Mi6 smartfonu artıq Xiaomi Device online mağazasında təqdim edilib. Smartfonun fotosu olmasa da onun texniki göstəriciləri təqdim edilib. Xiaomi şirkəti satışa Xiaomi Mi 5s-in xüsusi modelini çıxartmağa hazırlaşır. Mi6 isə Mi5 flaqman smartfonunu əvəz etməlidir. Deməli Mi6 5.2 inç 1920×1080 piksel keyfiyyətli IPS ekrana, 4 nüvəli Qualcomm Snapdragon 830 prosessoruna, 4 GB-lıq RAM-a, 64 GB-lıq daxili yaddaşa və 3000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon 16 MP-li arxa və 4 MP-li ön kamera ilə yanaşı barmaq izinin skanı funksiyası ilə də təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mi6 microSD funksiyasını dəstəkləməyəcək. Xiaomi Mi6 2017-ci ilin fevral ayında satışa çıxacaq. Onun qiyməti 499.99 dollar təşkil edəcək.
Antivirus və digər təhlükəsizlik tətbiqlərinin hazırlanması üzrə fəaliyyət göstərən Symantec şirkəti Android 7.0-də trojan viruslarına qarşı olan gizli xüsusiyyətlər haqqında məlumat verib. Həmin gizli funksiyalar istifadəçilərdən smartfonun deaktiv vəziyyətindən çıxarılmasına görə müəyyən vəsaitin alınmasının qarşını alacaq. Yüzlərlə trojan virus növləri var hansılar ki, smartfon və ya planşetə yayılandan sonra istifadəçinin cihazını deaktiv edir. Daha sonra hacker istifadəçidən cihazı yenidən aktiv vəziyyətə gətirmək üçün müəyyən vəsait tələb edir. Symantec mütəxəssislərinin verdikləri məlumata əsasən Android 7.0 Nougat-dakı xüsusi və gizli funksiyalar bu cür halların qarşını alacaq. ResetPassword API-nin yeni funksiyaları interfeysə şifrənin yalnız ilkin daxil edilməsi üçün nəzərdə tutulub. Yəni istənilən halda şifrəni dəyişmək mümkün olmayacaq. Android 7.0 Nougat-da qrafik açarı və ya şifrəni istifadəçi özü ayarlar bölməsindən daha öncəki açar və şifrəni daxil edəndən sonra dəyişə biləcək. Nəticədə trojan virusu cihazların şifrələrini və qrafik açarlarını özü avtomatik dəyişə bilməyərək istifadəçinin məlumatlarını əldə edə bilməyəcək.
İnformasiya təhlükəsizliyi ilə məşqul olan Barkly Protects şirkəti özünü Firefox brauzerinin yenilənməsi kimi qələmə verən yeni virus aşkarlayıb. İstifadəçilər kənar saytlardan Firefox brauzerinin yenilənməsi haqqında bildirişə daxil olaraq öz cihazlarına virusun yayılmasına imkan yaradırlar. Yenilənmədən sonra trojan virusları kompüterə yayılır. Həmin viruslar isə öz növbəsində sistemin və bir çox tətbiqlərin işində problemlər yaradırlar. Onlar kompüteri deaktiv edir və istifadəçidən müəyyən vəsaiti əldə edəndən sonra kompüteri yenidən aktivləşdirirlər. Sözügedən virusun təhlükəsi ondan ibarətdir ki, virus leqal sertifikat xarakteri daşıyır. Bir çox antiviruslar bu baxımdan təhlükənin qarşısını ala bilmirlər. Lakin Barkly Protects-in bildirdiyinə görə antivirus şirkətləri artıq məsələ ilə bağlı tədbir görməyə başlayıblar. Antiviruslar üçün olacaq yenilənmələrdə sözügedən virus təhlükəsizlik bölməsinə daxil ediləcək.
Samsung şirkəti Galaxy J seriyasının yeni modelini təqdim edib. Galaxy J1 Ace Neo modeli 4.3 inç 480×800 piksel keyfiyyətli SuperAMOLED ekrana, 1.5 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB-lıq RAM-a, 8 GB-lıq daxili yaddaşa (microSD funksiyası dəstəklənir) və 1900 mAh enerji tutumlu batareyaya sahibdir. Yeni smartfon 5 MP-li arxa və 2 MP-li ön kamera ilə təchiz olunmuşdur. Qeyd etmək lazımdır ki, Galaxy J1 Ace Neo Android 5.1 Lollipop əməliyyat sistemi üzərində çalışır. Smartfon 3 rəng (ağ, qara və göy) versiyasında təqdim olunacaq. Hal-hazırda smartfonun qiyməti barəsində heç bir məlumat yoxdur.
ASUS şirkəti dünən təqdim edilmiş Qualcomm Snapdragon 821 prosessoruna sahib smartfonu anons edən ilk şirkət olub. Qualcomm-un ən güclü prosessorunun sayəsində mobil bazarda performans cəhətdən birinci yeri tutmağa qadir yeni smartfon bir neçə müddət bundan öncə təqdim olunmuş ZenFone 3 Deluxe-un bir variantına bənzəyir. Yeni nəsil prosessordan əlavə olaraq smartfon 5.7 inç FullHD ekrana, 6 GB-lıq RAM, 256 GB-lıq UFS yaddaş həcminə və 3000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Cihaz 23 MP-li arxa və 8 MP-li ön kamera ilə təchiz olunacaq. Bunlardan əlavə olaraq cihaz barmaq izinin skanı, USB-C girişi və iki SIM-kart xüsusiyyətlərini özündə birləşdirəcək. Qeyd edək ki, smartfon Android 6.0 əməliyyat sistemi üzərində çalışacaq. ASUS-un yeni smartfonu 779 dollar qiymətinə satılacaq.
“iPhone 7 Plus”a aid edilən yeni foto ortaya çıxdı. Fotoda illərdir iPhone istifadəçilərinin əlinin öyrəşdiyi bir düymə artıq yoxdur.”iPhone 7” və “iPhone 7 Plus”un təqdim olunmasına aylar qala dünən sızan “iPhone 7” fotosundan sonra bugün “iPhone 7 Plus”a aid edilən yeni bir görüntü çox böyük söz söhbətlərə səbəb olub. Çin mənbələrində yayılan bu görüntüdə iki lensli kamera ilə yanaşı diqqətdən yayınan bir yenilik daha var. Fotoya diqqətlə nəzər salan zaman “iPhone 7 Plus”-un yan hissəsində fiziki olaraq yerləşdirilən səssizə almaq düyməsi yoxdur. Yeni gələn modeldə “mute” duyməsinin olmaması “iPhone” istifadəçiləri üçün üzücü xəbər ola bilər. İlk “iPhone” modelindən bu yana bütün “iPhone” modellərində gördüyümüz “mute” düyməsi “iPhone 7 Plus” ilə tarixə çevrilə bilər. Foto rəsmi olmadığı üçün bu mövzuda fikir söyləmək tezdir. Lakin “Apple” şirkətinin ara sıra belə surprizlər etdiyini nəzərə alsaq smartfon istehsalçısından bu addımı gözləmək olar. Lakin mühəndisslərin nə üçün bu addımı atdığına hələ ki, heç bir haqq qazandıra bilmirik. Bir çox “iPhone” istifadəçiləri bu düymə vasitəsilə rahatlıqla telefonu səssizə aldıqlarını nəzərə alsaq, bu addım həmin istifadəçiləri qıcıqlandıracağını da bilmək lazımdır. Çünki, əgər “Apple” bu addımı atsa alternativ kimi daha rahat bir həll təqdim etməlidir. Hər halda sentyabr ayında təşgil olunacaq mərasimində bütün suallara aydınlıq gələcək.
İnternet nəhəngi Google, keçən həftə Nexus markalı ağıllı saatı ilə gündəmə gəlmişdi. Digər firmalar ilə saziş bağlayaraq, Nexus markalı ağıllı telefonlar ilə uzun müddətdir ki, bazarda yer alan şirkət, Android Police’in xüsusi xəbərinə görə “Angelfish” və “Swordfish” kod adlı iki yeni ağıllı saatı üzərində işləyir. Bu saatların sızdırılan görüntüsü isə aşağıdadır:
100% doğru olduğu deyilməsə də, dairəvi gövdəyə sahib olan saatlar, Android Wear əməliyyat sistemi ilə işləyir. Bundan başqa ortaq olaraq rəqəmsal assistant “Google Assistant” da inteqrasiya olunacaq. Saat interfeysində bir çox məlumatı göstərəcək. Üst seqment Angelfish versiyası LTE texnologiyasına sahib olacaq və hər növ sensor texnologiyasını özündə birləşdirəcək. Alt səviyyədə yer alan Swordfish isə nəbz ölçən, GPS və LTE texnologiyaları olmadan satışa çıxarılacaq. Buna görə satin digərinə nisbətən ucuz olması gözlənilir. Amma saat digəri kimi bir çox ehtiyacı qarşılayacaq. Saatın istehsal tarixi hələki dəqiq bilinmir. Amma saatlar haqqında detallı məlumatların qısa zamanda elan olunması gözlənilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments