Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Mobil telefon və kompüter istəfadəçilərinin fürsət tapdıqca tərəddüd etmədən bağlandığı şifrəsiz və ya pulsuz internet şəbəkələri (Wi-Fi) zənn edildiyi qədər etibarlı deyil. Bu cür şifrəsiz internet şəbəkələri ona bağlanan istifadəçilərin internetdəki hərəkətini izləyir, onların sosial media və bank hesab şifrələrini oğurlayırlar. Mütəxəssislər vətəndaşları tapdıqları hər pulsuz, şifrəsiz və ya etibarlı olmayan “Wi-Fi”  şəbəkələrinə bağlanmamağı tövsiyyə edir. Onlar qeyd edir ki, pis niyyətli şəxslər çox zaman dövlət qurumlarının adından istifadə edərək bu cür pulsuz şəbəkələr yaradır. Bu yolla insanların şəxsi profillərini və bank hesablarını ələ keçirilər.

wifi

İsti yay günlərində insanlar sərinləmək üçün dənizə, hovuza üz tutsalar da, bir qorxu həmişə qalır. Söhbət suda boğulmaq qorxusundan gedir. Azərbaycan gəncləri bu məsələyə rahat bir çözüm tapıblar. Onların düşünüb hazırladığı “swimsos” adlanan şortlar təhlükəni önləyəcək. Yeniliyin müəllifləri Elşən Zeynalov və Səməd Xanməmmədlidir. İpi çəkincə… Bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır. Elşən Zeynalov uşaq vaxtından boğulma xofu yaşadığını deyir. O, yeniliyin hazırlanmasında bu xofun rolunu danmır. “Azərbaycan məhsulu xilas edir”. Şortlar qlobal bazardan ötrü düşünülüb. Müəlliflərin sözlərinə görə, məhsulun əsas fərqi onun rahatlığıdır. Üzən adam üstündə əlavə nəsə daşımalı olmur. Elşən Zeynalov məhsulun dünyada böyük maraq doğuracağına inanır: “Təsəvvür edin ki, Azərbaycan məhsulu hansısa bir ölkənin vətəndaşlarını boğulmaqdan qurtarır. Bu, çox fərqli duyğudur”. Şortun qiyməti 60-70 dollar arasında olacaq.

suda bogulmaq

“Apple” şirkətinin baş direktoru Tim Kuk 1 milyardıncı “iPhone” smartfonunun satıldığını bəyan edib. Bunu o, şirkətin Kaliforniya ştatının Kupertino şəhərindəki ofisində keçirilən iclasında açıqlayıb. Tim Kuk bu uğura görə şirkətin əməkdaşlarıma təşəkkür edərək, onların dünyanı hər gün daha yaxşı etməyə çalışdıqlarını qeyd edib. Qeyd edək ki, “iPhone” smartfonlarının satışı ardıcıl ikinci rübdür azalır.

iphone

İtaliya Ali Məhkəməsi Skype vasitəsilə evlənməyə qərar verən italyan qadınla pakistanlı kişinin münasibətlərini rəsmiləşdirməyə qərar verib. Bununla da məhkəmə İtaliya Daxili İşlər Nazirliyinin nikahın etibarsız sayılması barədə sorğusunu rədd edib. Məhkəmə bu qərara gəlib ki, tərəflər münasibətlərini şüurlu şəkildə rəsmiləşdirmək qərarına gəlib və nikah prosesində fiziki iştirak vacib deyil, rəqəmsal formatda da mümkündür.

skype

Oklahoma Universitetinin (ABŞ) biomühəndis və fizioterapevtləri hazırda serebral iflic ehtimalı olan uşaqların motor və koqnitiv bacarıqlarının inkişafına yardımçı olacaq qurğunun hazırlanması üzərində işləyirlər. Pilot layihəsi uğurla həyata keçirilib. Hazırda alimlər 4-8 aylıq 56 uşağın iştirakı ilə növbəti sınaqlara başlayırlar. “SIPPC” (Self-Initiated Prone Progression Crawler, özüyeriyən, uzanan, iməkləyən uşaq, “SİPSİ” kimi tələffüz olunur) adlı aparat körpəni qarnı üstə qoymaq üçün yumşaq taxtdan ibarətdir. Uşağın hərəkətlərini hər 50 saniyədən bir öz göstəricilərini kompüterə yollayan 12 verici, eləcə də uşağın hər bir ətrafının vəziyyətini daim yaddaşına yazan kameralar qeydə alır. Bütün bu texnikanın köməyi ilə körpənin hərəkətləri monitorda əks olunur və lazım olduqda uşağın hansı pozada, müəyyən vaxt kəsimində onun əllərinin və ayaqlarının hansı vəziyyətdə olduğunu görmək olur. Taxtın özü üç təkərə bərkidilib, uşağa isə kombinezona oxşar kəmərlər geydirilir. Bu kəmərlərə də vericilər quraşdırılıb. Cihazın ilkin versiyalarının pilot testləri göstərib ki, kəmərli “kombinezon” geyimli uşaqlar tez-tez robot-köməkçini işə salıblar, onların əl-ayaqlarının daha çox hərəkət etməsi qeydə alınıb. Uşağın başına çoxsaylı elektrodları olan dəbilqə bərkidilir. Uşaq hərəkət etdikdə kompüter onun hərəkətlərini təhlil edən alqoritmi işə salır. Bundan sonra robot doğru istiqamətdə hərəkət etməkdə körpəyə kömək edir. Məsələn, körpə qız oyuncağa doğru hərəkət etmək üçün ayaqları ilə təkan verməyə çalışırsa, kompyuter onun hərəkətlərini hesablayır və lazımi impulsla tamamlayır, nəticədə qız daha bir neçə santimetr iməkləyə bilir. Müsbət əlaqə uşağa daha uzağa hərəkət etmək stimulu verir. Bu həm motor bacarıqlarının inkişafı, həm də onlarla yaxın bağlı olan koqnitiv funksiyalar üçün faydalıdır. Alim Endrü Feqq bildirib ki, sınaqlarda iştirak edən uşaqların valideynləri evdə istifadə üçün cihaz almaq xahişi ilə mühəndislərə müraciət edir. Lakin bu barədə danışmaq hələ tezdir.

texno

İstifadəçilər “Artisto” vasitəsilə videoları da incəsənət nümunələrinə çevirə bilərlər. Mail.Ru Group şirkəti iki gün ərzində Prisma fotoservisinə bənzər artıq ikinci tətbiqini təqdim edib. Yeni tətbiq Artisto adlanır. Artisto haqqında məlumatı şirkətin vitse-prezidenti Anna Artamonova öz Facebook səhifəsində paylaşıb. Qeyd edək ki, Mail.Ru Goup şirkətinə məxsus Vkontakte.ru sosial şəbəkəsinin mühəndisləri bir neçə gün bundan öncə Prisma-ya bənzəyən Vinci adlı tətbiqi IOS və Android platformaları üçün təqdim etmişdir. Vinci və Prisma-dan fərqli olaraq Artisto tətbiqinin vasitəsilə istifadəçilər fotoları deyil videoları editləyə bilərlər. Qeyd edək ki, yaxın zaman ərzində bu cür funksiya Prisma-ya da əlavə olunacaq. Artisto hal-hazırda yalnız Android platforması üçün aktivdir. Artamonova-nın sözlərinə əsasən Artisto hələ ki, ideal şəkildə işləmir. Belə ki, tətbiq çox qısa zaman ərzində hazırlanıb. Lakin buna baxmayaraq tətbiqin ideal vəziyyətə gətirilməsi üçün işlər gedir.

prizma

Ghost for Chat ilə Messenger`də “oxundu” bilgisini gizlədin. Facebook Messenger söhbətlərində bildiyimiz kimi “oxundu” və “online” bilgiləri daim aktiv olur. “Online” bağlamaq mümkündür, amma “oxundu” məlumatını gizlətmək qeyri-mümkündür. “Online” məlumatı da əslində tam gizlənmir. Əgər Facebook proqramından istifadə edirsinizsə, siz sayta daxil olanda bu digər istifadəçilərə görünür. Amma Ghost for Chat extension sayəsində Facebook Messenger’da “oxundu” məlumatını bağlaya bilərsiniz. Facebook üçün yaradılan Ghost for Chat sayəsində həm “oxundu”, həm də “online” məlumatını istədiyiniz kimi idarə edə bilərsiniz. Google Chrome`da mövcud olan Ghost for Chat əlavəsini istifadə etmək isə çox asandır. Əvvəlcə əlavəni marketdən endirib üzv olmalısınız. Digər lazımlı prosesləri də tamamlədqdan sonra istər “online”, istərsə də “oxundu” bilgilərini istədiyiniz zaman idarə edə bilərsiniz. Onu da qeyd edək ki, bu xidmətdən istifadə etmək ödənişlidir və aylıq 1.99 dollar ödəməli olacaqsınız.

face

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register