Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyaca məşhur saat istehsalçısı Fossil, yeni Q seriyalı ağıllı saatlarının ilkin sifarişini qəbul edəcək. Bu model istifadəçilərə nələr vəd edir? Dünyaca tanınan “Fossil” şirkəti önümüzdəki həftə yeni Q seriyalı saatını istifadəçilərə təqdim edəcək. Q seriyası ilə saat sektorunda qalıcı olmağı planlayan Fossil-in keçən ilki təqdimatı da avqust ayında baş tutmuşdu. Yeni model nələr vəd edir! Android Wear əməliyyat sistemi ilə təqdim olunacaq yeni model əvvəlki modeldən fərqlənmir. Naqilsiz şarj və Bluetooth kimi əlavələrin olması, 400mAh həcmli batareyaya sahib olması saata məxsus müsbət xüsusiyyətlərdən biridir. 320×290 ekran keyfiyyəti və 1.4 inç-lik ekranı ilə satışa çıxacaq ağıllı saatın əsas üstünlüyü İntel prosessora sahib olmasıdır. Öncəki modellərin qiymətini nəzərə alaraq yeni modelin təxminən 350$ olacağı gözlənilir.

saat saat1

Artıq ABŞ Prezidenti Barak Obamaya Facebook-un Messenger botu vasitəsilə öz məsajlarınızı göndərə bilərsiniz. Bəli, artıq siz ABŞ Prezidenti Barak Obama(Barack Obama) ilə də söhbət edə bilərsiniz. Bildiyiniz kimi bir müddətdir “Facebook-un Messenger-ə daxil etdiyi bot sistemi sayəsində qarşınızda bir insan varmış kimi botla bəzi mövzular haqqında danışa bilər, hətta bəzi markalardan məhsul da sifariş edə bilərsiniz. Qısa zamanda kütlə tərəfindən qəbul edilən Messenger bot sistemi artıq ticarət daxil olmaqla bir çox başqa məqsədlər üçün də istifadə olunmağa başladı. Buna missal olaraq Ağ evin artıq Messenger Bot proqramını istifadə etməyə başlamasını göstərmək olar. Beləliklə, Facebook Messenger bot istifadəçiləri Barak Obamaya məktub yaza biləcək və öz növbəsində Prezident də gecələr sizin məktublarınızı oxuyacaq. Ağ evin Facebook-un Messenger bot istifadə etməsi eyni zamanda Facebook-un daha çox tələb olunan sosial şəbəkə olması anlamını verir.

face

Kanada sakini Lin Şeaffer “Pokemon GO” oyununun yaradıcısı “Niantic Inc.” şirkətini məhkəməyə verib. İttihamda Lin qeyd edib ki, oyunun yaradıcısı oyunçular vasitəsilə onun şəxsi həyat hüquqlarını pozur. “Mən gecə saatlarında pəncərədən həyətə baxanda görürəm ki, insanlar bu oyunu oynayırlar. Bizim itlərimiz isə onlara reaksiya verərək hürürlər. Keçən həftə biz itlərimizin hürmələrinin qonşularımızı narahat etməsi barəsində hökümətdən bldiriş almışıq” – deyə qadın bildirərək şikayətlənib. Technote.az-ın “Tass.ru” saytına istinadən verdiyi xəbərə əsasən Lin Şeaffer onun evinin koordinatlarını oyundan silinməsini “Niantic Inc.” şirkətindən tələb edib.

pokemon

“Exodus Intelligence”, “Apple”-ı hack edənə 500 min dollar pul verəcəyini açıqlayıb. Keçən həftə “Apple” şirkəti yeni bir işə imza ataraq, Apple-ı hack edəcək şəxsə 200 min dollar pul verəcəyini açıqlamışdı. Bunun ardından “Exodus İntelligence” şirkəti hər kəsin marağına səbəb olacaq açıqlama verərək, mükafatı 500 min dollara qədər yüksəltdi. Exodus İntelligence şirkəti öz açıqlamasında iOS 9.3 və sonrakı versiyalarda açıq tapan şəxslərə 500 min dollar verəcəyini açıqlayıb. Şirkətin mükafatı yalnız bununla bitmir. Beləki, şirkət digər sistem və proqramlarda açıq tapan şəxslərə müxtəlif məbləğdə pul mükafatı təyin edib. Gəlin bunlara nəzər salaq: Adobe Flash: 60 min dollar, Adobe Reader: 60 min dollar, Windows 10 LPE: 750min dollar, Firefox: 80 min dollar, Microsoft Edge: 125 min dollar, Google Crome: 150 min dollar.

ios

Böyük IT şirkətlər süni zəka sahəsində çalışan startapları almaq da davam edirlər. Bu siyahıya özünü, prosessorların aparıcı istehsalçısı olan “Intel” şirkəti “Nervana Systems” startapını almaqla daxil edib. “Nervana Systems” 48 işçisi olan süni zəka sahəsində tətbiq və digər xidmətlər göstərən bir şirkətdir. Müqavilənin dəyəri və təfərrüatları açıqlanmır. Technote.az-ın “Wsj.com” saytına istinadən verdiyi xəbərə əsasən sözügedən startapın alınması “Intel” üçün NVIDIA ilə rəqabət aparmağa imkan yaradacaq. NVIDIA özü son vaxtlarda süni zəka sahəsi ilə maraqlanır. Hal-hazırda “Nervana Systems”-in tətbiqi qrafik kartların hesablanması üçün istifadə olunur. Lakin gələn il startap süni zəka ilə bağlı məsələləri yüksək sürətlə həll edəcək çipləri istehsal etməyi planlaşdırır. Beləliklə “Intel” süni zəka sahəsindəki texnologiyalar ilə özünü təmin edən hələki sonuncu şirkət olub. “CB Insights” analitika şirkətinin hesablamalarına əsasən 2011-ci ildən böyük IT şirkətlər (Google, Yahoo, Twitter, IBM və s.) ümumilikdə süni zəka sahəsində çalışan 31 startap əldə ediblər. Bu sahədə lider şirkət “Google” hesab olunur. Belə ki, “Google” minimum olaraq 9 şirkəti əldə edib.

intel

 

“Uber” öz fəaliyyət sahəsini genişləndirmək üçün cəlb etdiyi sürücülərə maşın almaqda və kredit götürməkdə yardımçı olacağını bildirib. “Exeter Finance” ilə ortaqlıq etməyə başlayan Uber artıq sürücülərə maşın alması və kredit götürməsi üçün maddi yardım edə biləcək. Belə ki, 50 min insan bu proqramdan yararlana biləcək. Bu haqda məlumatı “Financial Times” verib. Sürücülər aldıqları kreditləri və lizinqləri Uber-lə əməkdaşlıq zamanı qazanılan məbləğdən faiz çıxmaqla ödəyəcəklər. Uber proqramın inkişafı üçün 1 milyard dollar investisiya qoymağı planlayır. 6 il əvvəl qurulmasına baxmayaraq, artıq dünyanın 60 ölkəsində fəaliyyət göstərir. Uber Silikon vadisində 68 milyard dollar alaraq ən bahalı startap layihəsi olmağı bacarıb.

uber

Amerikalı həvəskar mühəndis Evan But (Evan Booth) Keurig qəhvə aparatının hissələrindən bionik əl protezi düzəldib. Protezin düzəldilmə prosesini Evan videoya çəkərək öz YouTube kanalında paylaşıb. Bütün proses 5 dəqiqəlik videoda (təbii ki, əslində protezin hazırlanması 1 həftə vaxt alıb) təqdim olunub. Technote.az-ın “Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən ilk öncə Evan qəhvə aparatını adi alətlər ilə hissələrə ayırıb. Bu cür alətlər hər birinizin evində var. Sonra o, hissələrin yarısını emal edib. Hissələrin emal edilməsi protezin barmaq və digər elementlərini real insan əlinə bənzətmək üçün lazım olub. Qəhvə maşını hissələrindən başqa Evan yalnız yapışqan və böyük olmayan adapterdən istifadə edib. Nəticə çox maraqlı alınıb. Bionik əl öz sahibinin əmrlərinə yaxşı tabe olur. Protezin barmaqlarını tərpətmək, əymək və protez vasitəsilə əşyaları götürmək olur.

İran höküməti ilk dəfə olaraq yerli mobil rabitə mağazalarına iPhone-nun satılmasına icazə verməyi planlaşdırır. İran-ın Ticarət Nazirliyi 9 yerli şirkətə iPhone smartfonlarının idxalına icazəsi üçün ticarət yardımı təşkilatına  müraciət edib. Hal-hazırda İranda sertifikatlaşdırılmamış mobil cihazların satıldığı mağazalar mövcuddur. Technote.az-ın “Macdigger.com” saytına istinadən verdiyi xəbərə əsasən iPhone-nun idxalına icazə məsələsi qaçaqmalçılıq ilə mübarizə çərçivəsində qəbul edilib. Daha əvvəllər məlumatlar yayılmışdı ki, “Apple” İran bazarına daxil olmaq üçün bir çox səylər göstərir. Belə ki, şirkət danışıqlar layihələri qurur və İran-a, gələcək iş şərtləri barəsində danışıqlar üçün nümayəndələrini göndərir. Hal-hazırda İslam Respublikasının ərazisində ərzaq, tibbi tələbatlar və aviakomponent təchizatçılarından başqa digər amerikan şirkətlərinin əməliyyatı qadağandır. Əgər idxal məsələsinə lisenziya verilsə belə hələ aydın deyil ki, İran şirkətləri “Apple” məhsullarını rəsmi şəkildə ala biləcəklər ya yox. Belə ki, İran ABŞ-ın sanksiyaları altındadır. Həmin sanksiyalar isə beynəlxalq bank sisteminin bir hissəsini əlçatmaz edir.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Dünyada məlumatların miqdarı artmaqda davam edir. Onları necəsə qorumaq lazımdır. Çox güman ki, yaxın gələcəkdə məlumatların ənənəvi saxlanması üsullarının yerinə yeniləri gələcək. Mütəxəssislərin hesablamalarına əsasən artıq 2020-ci ildə bizim cihazlarımız ildə 44 ZB (zettabayt) (40 trilyon GB) məlumat icra edəcək. Artıq indidən mütəxəssislər bu məlumatların saxlanmasının yeni üsullarını araşdırırlar. Bu üsullardan artıq 3-ü məlumdur. Məlumatların DNT-də saxlanılması: Bizləri məlumatların saxlanılması sahəsində əsl inqilab gözləyir. Belə ki, rəqəmsal məlumat DNT-nin ikili spiralına yerləşdirilə bilər. Məlumatların saxlanılması sistemi kimi DNT çox rahat, kompakt və sarsılmaz üsuldur. 1 qram DNT özündə 1 ZB rəqəmsal məlumatı saxlaya bilər. Alimlər süni DNT-lərin yaradılmasına nail olublar. Onların vasitəsilə biz öz rəqəmsal məlumatlarımızı saxlaya və qoruya biləcəyik. Mini maqnitlər: Məlumatların saxlanılması üçün nəzərdə tutulmuş maqnit cihazlar sərt disklər kimi geniş yayılmışdır. İndi isə alimlər məlumatların saxlanılması sahəsində yeni imkanlar yaradacaq biratomlu maqnitlər yaratmağa nail olublar. Onlar nadir element olan Holmium vasitəsilə öz kiçik ölçüsünə baxmayaraq maqnitdə maqnitləşdirmə xüsusiyyətini qoruyub saxlayıblar. Beləliklə biratomlu maqnitlər gələcəkdə məlumatların saxlanılması üçün istifadə oluna bilərlər. 5D disklər: Mütəxəssislər məlumatları 5 ölçüdə kodlaşdırmağı bacaran nanoquruluşlu şüşələrdən istifadə ediblər. Bunun sayəsində onlar bir neçə müddət bundan öncə məlumatları milyardlarla il ərzində saxlaya biləcək üsulu ixtira ediblər. Alimlər artıq bu disklərə bir çox böyük tarixi sənədləri yerləşdiriblər. Həmin disklərin yaddaş həcmi 360 TB-a çatır. Bundan əlavə onlar 1000 dərəcə temperatura qarşı dözümlü olurlar və mıəlumatları 13.8 milyard il ərzində saxlaya bilirlər.

dnt

“Samsung” mobil cihazlar bazarında rəqabət aparsa da, gələcəkdə digər biznes sahələrinə də keçid etməyi planlaşdırır. Belə ki, gələcəkdə başqa bir sektorda “Samsung” şirkətinin imzasını daşıyacaq məhsul və avadanlıqları görsəniz təəccüblənməyin. Şirkət gələcəkdə mobil cihazların daha irəli texnologiyalarla əvəz oluna bilmə ehtimalını nəzərə alaraq, bu sahə ilə yanaşı tam fərqli sahədə özünə yer qazanmağı qarşısına məqsəd qoyub. Şirkət texnoloji avadanlıqlar bazarında yetərincə özünü tanıtsa da, artıq öz dəyərini hər zaman qoruyan və getdikcə daha da inkişaf edən avtomobil sektoruna giriş etməyi düşünür. “Korea Times”ın verdiyi məlumata görə, şirkət artıq daha ənənəvi iş modelləri ilə yaxından maraqlanmağa başlayıb. Daha əvvəl elektrikli avtomobil istehsalı ilə məşğul olan “BYD” şirkətini alan “Samsung”, indi də avtomobil hissələri istehsal edən “Magneti Marelli” adlı şirkəti 3 milyard dollara almaq üçün danışıqlar aparır. Bu sahədə tanınan “Magneti Marelli”nin, “Samsung”a aid “BYD” şirkəti ilə birləşməsi və ortaq uğurlu işlərə imza atması gözlənilir.

samsung

“Facebook” reklamların nümayişinə nail ola biləcəkmi? “Facebook” nümayəndələri bir müddət əvvəl məlumat vermişdilər ki, “Adblock Plus” proqramı istifadə olunduğu halda belə, istifadəçilər reklamları görməkdə davam edəcəklər. Hətta “Facebook”da reklam formatlarının dəyişdirilməsi üzərində işlər görülməkdə idi. Bunu nəzərə alan “Adblock Plus” daha da “irəli formada” dəyişiklik edib və filtrlənmədən istifadə nəticəsində yalnız reklamların deyil, o cümlədən istifadəçi postlarının da silinməsinə nail ola bilib. “Facebook”un rəsmiləri bunu media nümayəndələrinə açıqlamasında bildiriblər. İnformasiya mənbələrinin məlumatına görə, artıq “Facebook” bu istiqamətdə çalışmalara start verib və tezliklə “Adblock Plus” proqramı ilə bağlı problemə son qoyulacaq. Bu dəyişiklik tez bir zamanda bütün istifadəçi hesablarında özünü göstərəcək.

facereklam

iPhone və digər mobil cihazlar PC, televizor ekranlarına qoşulma xüsusiyyətinə sahibdirlər. “Aries Security” şirkətinin mütəxəssisləri müəyyənləşdiriblər ki, bu üsulla smartfonlarda və planşetlərdə olan məlumatları ələ keçirmək olar. Brayan Markus, Cozef Mlodzyanovski və Robert Rouli “Video Jacking” adlı yeni hücum üsulu hazırlayıblar. Bu hücum istifadəçilər üzərində casusluq üçün nəzərdə tutulmuş saxta USB şarj cihazı vasitəsilə həyata keçirilir. Technote.az-ın “Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən şarj cihazı smartfona qoşulan zaman cihaz, ekranı iki hissəyə ayıraraq smartfonda baş verən bütün prosesi videoya yazır. Bura foto, video, PIN kodların, şifrələrin, bank kartlarının nömrələrinin, elektron ismarıcların yazılması və s. daxildir. Mütəxəssislər yeni hücum üsulunu Las-Vegasda keçirilmiş “DEF CON” adlı təhlükəsizlik konfransı çərçivəsində göstəriblər. Onların sözlərinə görə sözügedən üsul iPhone və HDMI girişi dəstəkləyən bir çox Android smartfonlarda çalışır. Mütəxəssislər bunu iPhone 6 modeli misalında nümayiş etdiriblər. Saxta USB şarj cihazları təkcə smartfonlarda deyil, həmçinin naqilsiz klaviaturalardada istifadə oluna bilər. Məsələn keçən il təhlükəsizlik üzrə tədqiqatçı Sami Kamkar KeySweeper adlı cihaz hazırlamışdı. Həmin cihaz “Microsoft”-un istənilən model naqilsiz klaviaturasından məlumatı ələ keçirə, şifrəsini aça, yaddaşda saxlaya və digər şəxsə göndərə bilirdi.

“Rolls Royce” müştərilərin tez-tez şikayət etdiyi, avtomobil embleminin oğurlanmasına qarşı çox ağıllı həll yolu tapıb. Bəzi insanlar istədikləri maşını ala bilmədikdə, sahib olduqları maşınlara ona aid olmayan emblem qoyurlar. Bu hallarla ən çox “Mercedes” və “Rolls Royce” avtomobil sahibləri rastlaşır. “Rolls Royce” mühəndisləri bunu nəzərə alaraq, müştərilərini sevindirəcək yeni mühəndislik mexanizmi yaradıblar. “Rolls Royce”un məşhur kapot emblemi Spirit of Ecstasy toxunmağa qarşı həssas hala gətirilib. Yəni kimsə emblemə toxunduqda, emblem birbaşa kapotun içərisinə daxil olur. Aşağıdaki videoda bunun şahidi ola bilərsiniz.

“Xiaomi” şirkəti müxtəlif növ cihazların istehsalı ilə məşquldur. Bura smartfonlar, planşetlər, hava təmizləyiciləri və s. daxildir. İndi isə şirkət tamamilə yeni məhsulu təqdim edib. Söhbət WowStick 1fs adlı elektrikli vintaçan cihazdan gedir. Sözügedən cihaz “Xiaomi”ə məxsus “Mijia” şirkəti tərəfindən istehsal olunur. Elektron vintaçan işıq diodlu fonar ilə təchiz olunub. Bundan əlavə olaraq cihazın komplektində müxtəlif növ vintlər üçün nəzərdə tutulmuş 18 ədəd başlıq mövcuddur. Technote.az-ın “Ubergizmo.com” saytına istinadən verdiyi xəbərə əsasən vintaçan alüminiumdan hazırlanıb və onun çəkisi 234 qramdır. Başlıqların fırlanması isə dəqiqədə 100 dövrə bərabərdir. Enerji mənbəyi kimi cihaz 2 ədəd AAA tipli batareyalardan istifadə edir. Əgər əl altında şarj vasitəsi olmasa ondan adi vintaçan kimi də istifadə etmək mümkündür. Hal-hazırda elektron vintaçan üçün ön sifarişi aktivləşib. Onun indiki qiyməti 30$ təşkil edir. Satışlara nə vaxt start veriləcəyi bilinməsə də həmin vaxtda onun qiyməti artıq bahalaşacaq.

xiomin xiomin1 xiomin2

Avropa nizamlayıcı orqanları Avropa Birliyi ərazisində yeni data mərkəzinin inşası üçün “Apple”-a icazə verib. Yeni data mərkəzin İrlandiya-da istifadəyə verilməsi planlaşdırılır. Tikili 202.343 hektar ərazini əhatə edəcək və 960 milyon dollara başa gələcək. Avropa-da yeni data mərkəzlərinin yaradılmasında əsas məqsəd Avropa istifadəçilərinə şirkətin internet servislərinin təqdim olunmasıdır. Bura App Store, iMessage, iTunes, Siri və s. daxildir. Technote.az-ın “Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu “Apple”ın Avropa ərazisində indiyənə kimi reallaşdıracağı ən böyük layihə olacaq. Data mərkəz yalnız bərpa olunan enerji mənbələri hesabına çalışacaq. “Apple” bildirib ki, yeni data mərkəzlərin inşası ətraf mühitin qorunmasına yönəlmiş əlavə tədbirlərlə müşayiət olunacaq. Əsasən data mərkəzin yerləşəcəyi ərazidə ağacların əkilməsi, yerli məktəb şagirdləri üçün açıq havada məşqul olmağa şərait yaradacaq xüsusi ərazilərin, piyadalar üçün keçid yollarının reallaşdırılması əsas məqsədlərdən biridir. Bundan əlavə olaraq data mərkəzdən hasil olunacaq istiliyin yaxın ərazilərdə yerləşmiş evlər üçün isitmə sistemi kimi istifadə olunması planlaşdırılır. Şirkət bildirib ki, yeni data mərkəzin gücü “Apple”a növbəti 10-15 il ərzində kifayət edəcək. “Apple” onu da qeyd edib ki, Avropa-da fəaliyyət nəticəsində 672.000 iş yeri yaradılıb. 530.000 iş yeri isə iPhone və iPad cihazları üçün nəzərdə tutulmuş tətbiqlərin yaradılmasında iştirak edən istehsalçılara nəzərən yaradılıb. 2008-ci ildə App Store onlina servisinin işə salınmasından sonra iOS tətbiqlərinin avropalı istehsalçıları ümumilikdə 6 milyard dollar gəlir əldə ediblər. “Apple”-ın Avropa ərazisindəki şöbələrində isə 18.300-ə yaxın insan çalışır.

iphone

Dünyanın ən böyük texnologiya şirkətlərindən olan “HP”, yüksək performanslı idarəetmə (HPC) sahəsində xidmət göstərən “SGI” şirkətini 275 milyon dollara almaq istəyini bildirib. Bu alış-verişi “HP”nin keçən il öz tərkibindən ayırdığı “Hewlett Packard Enterprise” həyata keçirəcək. HPC sahəsində depolama, tətbiq və server xidməti verən “SGI”, “Silicon Graphics” adını daşıyarkən, 2009-cu ildə “Rackable” tərəfindən alınıb və “Rackable” öz adını “Silicon Graphics International” (SGI) olaraq dəyişdirmişdi. “HP Enterprise”ın bu sahədəki ticarətini gələcək üçün böyük yatırım hesab etmək olar. Çünki HPC bazarı 11 milyon dollarlıq bir həcmə sahibdir və ildə 6-8%-lik böyümə göstərir. “SGI” təqribən 1100 işçiyə sahib olmaqla bərabər, 2016-cı il üçün gəliri 533 milyon dolları keçir. Nəğd və hissə payı qarşılığında imzalanan razılaşma aktının 2017-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Razılaşma aktı imzalandıqdan sonra “SGI”, “Hewlett Packard Enterprise”ın tərkibində fəaliyyətini davam etdirəcək. Petabayt çağında yaşadığımızı nəzərə alsaq, “SGI”ın nə qədər faydalı investisiya olduğu gözdən qaçmır.

hpc

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register