Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Smartfon bazarının 99,1 faizi iki əməliyyat sistemində işləyir. Bu barədə “Gartner” şirkətinin analitikləri məlumat verib. Ötən il bu rəqəm 96,8 faiz təşkil edib. Belə ki, “Android” əməliyyat sistemi populyarlıq qazanmaqda davam edir və hazırda bazarın 86,2 faizinə sahibdir. Bu, bir il əvvəlki göstəricidən 4 faiz çoxdur. “Apple” şirkətinin  iOS əməliyyat sistemi isə bir il öncə malik olduğu 14,6 faizlik payın 1,7 faizini itirib. Ümumilikdə isə iOS və “Android”in payına bütün istifadə olunan smartfonların 99,1 faizi düşür. Digər əməliyyat sistemləri isə mövqelərini itirməkdə davam edir. “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemi bu bazarın cəmi 0,6 faiz payına sahibidir. Bu da ötənilki göstəricidən 2,5 faiz azdır. “Blackberry” əməliyyat sistemi də bazar payının 0,2 faizi itirib. Hazırda onun payı 0,1 faiz təşkil edir.

“İntel” şirkəti şəxsi virtual reallıq (VR) kinostudiyasını açmağa hazırlaşır.layihə virtual reallıq üçün əyləncəli və idman şoularının yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas özəlliyi 360 dərəcəli görünüş olacaq ki, bu da “360 Replay” texnologiyası sayəsində mümkün olacaq. Nəticədə tamaşaçı bütün baş verənləri istənilən nöqtədən izləyə biləcək. İdeya müəlliflərinin əsas məqsədi tamaşaçıya qarışıq reallıq rejissurasına uyğunlaşmağa imkan verməkdir. “İntel” şirkətinin icraçı direktoru Brayan Krjaniç bildirib ki, layihənin həyata keçirilməsi mövcud texnologiyaların əhatə dairəsini genişləndirməyə kömək edəcək.

“Uber” şirkəti avtopilot rejimində idarə olunan avtomobillərin alınması üçün “Volvo” şirkəti ilə 300 milyon dollarlıq sövdələşmə əldə olunduğunu açıqlayıb. Avtomobillər ABŞ-ın Pitsburq şəhərində istifadə olunacaq. Avtonom avtomobillər əvvəlcə hər ehtimala qarşı sürücülər tərəfindən idarə ediləcək, lakin “Uber” tezliklə 1 milyon sürücünü pilotsuz texnologiya ilə əvəzləmək fikrindədir. Hazırda “Uber”in avtopilot rejimi rəqiblərdəki kimi təkmil olmasa da, sistem bütün sürücü funksiyalarını, o cümlədən parketmə və qeyri-standart şəraitdə idarəetməni bacarır. “Uber” pilotsuz avtomobillər sayəsində öz biznesini daha rentabelli etmək fikrindədir.

“Twitter” sosial şəbəkəsinin rəhbərliyi 2016-cı ilin fevralından 235 min akkauntu terrorizmin təbliğatı ilə bağlı əlaqədar bağlayıb. Bu barədə xidmətin korporativ bloqunda məlumat verilib. Qeyd olunur ki, gündəlik bloklanmanın sayı 80 faizdən çox artıb. Xüsusilə də çoxlu sayda akkauntlar terror hadisəsi törədiləndən sonra bloklanır. Şirkətdən bildiriblər ki, hələlik internetdə terror məzmunlu materialları müəyyən edən xüsusi alqoritm mövcud deyil. Bundan öncə “The Wall Street Journal” qəzeti yazıb ki, “Google” şirkətinin sahibi olan “Alphabet” korporasiyası, “Facebook” və “Twitter” radikal islamçıların və sağ qruplaşmaların təbliğatına tab gətirmək üçün internet reklamı texnologiyasını tətbiq etmək qərarına gəlib.

Mütəxəssislər hesab edir ki, “Pokemon Go” oyunu hələ uzun müddət mövcudluğunu qoyurub saxlayacaq. Bunun üçün yeganə maneə ancaq rəsmi qadağa ola bilər. Elektron oyuncaqlar bazarının mütəxəssisləri proqnozlaşdırırlar ki, “Pokemon Go” gələcəkdə də indiki olduğu kimi populyar olacaq. Onlar bununla bağlı sorğu da keçiriblər. Bununla belə, oyunsevərlər oyunda hələ də işlənilməsi olan bir sıra məqamların olduğunu qeyd ediblər. Bəziləri isə özlərinin “Pokemon Go” oyununda fəallıqlarını dayandırdıqlarını və yenilənmənin çıxacağını gözlədiklərini bildiriblər. Ümumilikdə, amerikalı “Pokemon Go” oyununun azarkeşləri inanırlar ki, bu oyun bundan sonra da inkişaf edəcək və müasirləşəcək, oyuna yeni funksiyalar və personajlar əlavə olunacaq. Bütün bunlar mütəxəssislərə söyləməyə əsas verir ki, əgər oyun ətrafındakı ajiotaj azalsa belə, “Pokemon Go” özünün daimi azarkeşlərini uzun müddət saxlaya biləcək.

Nəhəng masaüstü kompüter istehsalçısı olan “Lenovo” şirkəti bu ilin iyun ayında yekunlaşan birinci maliyyə rübünün nəticələrini açıqlayıb. Bu ilin aprelindən iyunadək olan müddətdə şirkətin xalis mənfəəti 173 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 64 faiz çoxdur. Bir müddət öncə analitiklər bildirmişdilər ki, “Lenovo” şirkəri bu ilin birinci rübündə 130 milyon dollar xalis mənfəət əldə edə biləcək. Şirkətin birinci rüb ərzində gəliri ötən illə müqayisədə 6 faiz azalaraq 10,05 milyard dollar olub. Halbuki analitiklər bu göstəricinin 9,63 milyard dolları keçməyəcəyini gözləyirdilər.

2016-cı ilin ilk yarısında Rusiyanın “VKontakte” sosial şəbəkəsinin gəlirləri 41% artaraq 3,8 milyard rubl təşkil edib. Bu barədə şəbəkənin daxil olduğu “Mail.ru Group”un hesabatında deyilir. Qrupun gəlirlərinin 20 faizi “VKontake”nin payına düşür. “VKontake” şirkətin ən çox böyüyən aktividir. Müqayisə üçün qeyd edək ki, digər sosial şəbəkələrin (“Odnoklassniki”, “Moy Mir”) bir yerdə 6 aylıq gəliri 4%, online oyunların ümumi gəliri isə 10% artıb. “VKontakte” nativ (mobil əlavələr) reklam və mobil reklamlara önəm verir. Holdinq rəhbərliyi bu cür elan və reklamların, eləcə də onların qiymətlərinin artmağa davam edəcəyinə ümid bəsləyir. İlin ilk yarısının nəticələrinə görə, “Mail.ru Group”un gəlirləri 11,6% artaraq 18,8 milyard rubl təşkil edib. Xalis mənfəət isə 14% artaraq 5,7 milyard rubl olub. Əsas gəlir mənbəyi reklamlardır – 43%.

“Challenger, Gray & Christmas” konsaltinq şirkəti 2016-cı ildə ABŞ-da texnologiya şirkətlərində ixtisara düşəcək işçilərlə bağlı proqnozunu yeniləyib. Bu ilin əvvəlində “Challenger, Gray & Christmas” bəyan edib ki, bu il ərzində 330 min nəfər ixtisara düşəcək. Ancaq hazırda “Challenger, Gray & Christmas” öz qiymətləndirməsini 370 minədək artırıb. Belə bir bəyanat “Cisco” şirkətində kütləvi ixtisarların başlaması fonunda verilib. Bu şirkət 5,5 min əməkdaşını birdən ixtisar etməyi planlaşdırır. Maraqlıdır ki, digər analitiklər “Challenger, Gray & Christmas” konsaltinq şirkətinin qiymətləndirməsinə ciddi yanaşmır. Global Equities Research” şirkətinin analitiki Trip Çodri bildirib ki, yüksək texnologiyalar sənayesi ciddi dekonstruksiya dövrünü yaşayır, qarşıda daha ağır günlər var. Ümumilikdə, analitiklər ümumi rəyi ondan ibarətdir ki, bu sənaye olduqca dəyişir. Bu, ilk növbədə yeni trendlərlə bağlıdır. Çünki hazırda bulud texnologiyaları və mobil əlavələr daha mühüm yer tutmağa başlayıb. Bununla əlaqədar, müxtəlif cihaz və prosessorlar istehsalı ilə məşğul olan şirkətlər zərbə altında qala bilər.

“Mercedes-Benz” korporasiyası özünün “Maybach” brendini bərpa etdiyini açıqlayaraq “Vision Mercedes-Maybach 6” elektromobil konsepsiyasını təqdim edib. 5,5 metr uzunluğundakı avtomobil 738 at gücünə malik 4 elektrik mühərriki ilə təchiz olunacaq. Bu mühərriklər 4 saniyəyə 100 km/saat sürət yığmağa imkan verəcək. Öz gücünə baxmayaraq, elektrokar enerji effektivliyinə malikdir. O, bir dəfə doldurulmaqla, 300 km məsafə qət edə biləcək. Salon innovativdir. İçəridə ənənəvi alətlər paneli yoxdur və bütün informasiyalar sensor displeydə və avtomobilin ön şüşəsində əks olunur. “Vision Mercedes-Maybach” Kaliforniyada keçirilən xüsusi tədbirdə nümayiş etdirilib. Yeni avtomobil sentyabrda Parisdə keçiriləcək avtosalonda da nümayiş olunacaq.

“Kasperski Laboratoriyası”nın mütəxəssisləri “Kaspersky OS” adını almış yeni əməliyyat sistemi üzərində işi yekunlaşdırıblar. Bu məhsulun əsas xüsusiyyəti onun müdafiəsi olacaq. Mütəxəssislərin sözlərinə görə, onların əməliyyat sistemləri mühüm infrastrukturlarda və hökumət qurumlarında istifadə üçün nəzərdə tutulub. Hazırda əməliyyat sistemi “Kraftway” şirkətinin marşrutlaşdırılmış kommutatorlarına tətbiq olunur. Bu cihaz tam məxfiliyi və yüksək təhlükəsizlik səviyyəsini təmin edən ilk etibarlı kompleks olub. “Kraftway” şirkətinin Biznesin İnkişafı Departamentinin sədr müavini Maksim Şumilov bildirib ki, bu sistem olduqca çevik və təhlükəsizdir.

Son yarım il ərzində “Twitter”, terrorizmin təbliği ilə məşqul olmuş 235.000 istifadəçi hesabını bağlayıb. 2015-ci ilin ortasından hesabları bağlanmış “virtual terrorçular”ın sayı ümumilikdə 360.000-ə çatıb. “Technote.az”ın “Twitter” rəsmi bloquna istinadən verdiyi xəbərə əsasən şirkət terrorizmlə mübarizəyə 2015-ci ilin əvvəlində start verib. “Twitter” bildirib ki, şirkət ekstremist aktlarını qınayır və öz platformasında zorakılıq, terrorizm təbliğatını aradan qaldırmağın tərəfindədir. “CNN”in bu ilin fevral ayında verdiyi məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi “Apple”, “Twitter” və “Facebook” şirkətlərinin rəhbərliyi ilə görüş keçirtmişdi. Bu görüş çərçivəsində nazirlik sadalanan şirkətlərdən terrorizmin təbliğatı ilə mübarizədə əməkdaşlıq etməyi istəmişdi.

Avtomobil sahəsi üzrə məşhur Britaniya televiziya verilişi “Top Gear”in keçmiş aparıcıları Ceremi Klarkson (Jeremy Clarkson), Riçard Hammond (Richard Hammond) və Ceyms Mey (James May) Drivetribe adlı tətbiq yaratmağı planlaşdırırlar. Drivetribe dünyadakı bütün avtomobil həvəskarlarını bir yerə yığacaq sosial şəbəkə olacaq. Hal-hazırda aparıcılar öz layihələri üçün vəsaitin yığılması ilə məşquldurlar. “Technote.az”ın “Financial Times” mənbəsinə istinadən verdiyi xəbərə əsasən bu layihənin reallaşdırılması üçün onlara 5.5 milyon dollar lazımdır. Artıq məlumdur ki, vəsaitin bir hissəsini “Breyer Capital” fondu və “Atomico” şirkəti ödəcəyək. Gələcəkdə tətbiq yaradıcıları Drivetribe üçün video material hazırlamağı, öz fikirlərini və məsləhətlərini vermələri üçün məşhur avtobloggerləri və təcrübəli avtomobil həvəskarlarını sosial şəbəkəyə dəvət etməyi planlaşdırırlar. Həmçinin gələcəkdə müxtəlif məzmunların hazırlanmasında süni zəkadan da istifadə olunması düşünülür. Onun sayəsində Drivetribe tətbiqi öz məzmunlarından əlavə olaraq müxtəlif internet resurlarından avtomobil mövzusunda məzmunları toplaya biləcək.

Bu günlərdə etdiyi yeniliklərlə diqqətləri üzərinə çəkməyi bacaran “Facebook”, yeni bir tətbiqi sevənlərinə təqdim edib. Yeni tətbiqin adı Lifestage olub, Snapchat-a rəqib olması gözlənilir. Qeyd edək ki, bu yenilik “Facebook”un, “Snapchat”a qarşı atdığı ilk addım deyil. Beləki, bir müddət əvvəl Instagram-a Hekayələr xüsusiyyətin əlavə etməklə gündəmə gəlməyi bacarmışdı. Lifestage-nin əsas fərqi nədədir? Lifestage yalnızca yeniyetmələrin istifadəsi üçün nəzərdə tutulub! Bu yenilik Facebook-un ən gənc işçisi tərəfindən təklif olunub. Burda hədəf kütlə isə yeniyetmələrdir. Tətbiqi yaradan Maykl Seymanın (Michael Sayman) sözlərinə görə öz dostlarınıızla qrup yarada bilər ya da tək-tək danışa bilərsiniz. Bu tətbiqi istifadə etmək üçün 20 nəfər tələb olunur. Snapchat-a bənzərliyi ilə diqqət çəkən Lifestage-i istifadə etmək üçün eyni yerdə təhsil alan 20 nəfər tələb olunur. Bu sayı tamamladıqdan sonra qruplar düzəldə bilər və profilləri görə bilərsiniz. Facebook hesabı ilə giriş mümkündür və hələ ki, Amerikadakı təhsil obyektləərinin şagird və tələbələri istifadə edə bilirlər. Həmçinin tətbiq sadəcə iOS istifadəçilərini əhatə edir. Əgər Lifestage uğur qazansa, daha da inkişaf etdirilməsi gözlənilir. Yalancı profillərdən seçilməsi üçün Lifestage-də istifadə olunan profildə Selfie ilə çəkilən şəkillərin qoyulması tələb olunur.

Məşhur porno saytı “Brazzers”in “Instagram” hesabı iranlı hacker tərəfindən ələ keçirildi və hacker ilk paylaşımında “Yaşasın Türk milləti” yazılmış mesaja yer verdi. Məşhur sosial media hesablarının hack edilmə hadisələri gündəmi zəbt etməyə davam edir. Son vaxtlarda xüsusilə “Twitter” və “Instagram”da qarşımıza çıxan hack hadisələrində qurban adətən məşhur biri, biznesmen və ya siyasətçi olurdu. Ancaq bu dəfə hackerin hədəfi məşhur porno saytı “Brazzers”in Instagram hesabı oldu. Təxminən 1.9 milyon izləyicisi olan “Brazzers”in Instagram hesabını hack edən iranlı hacker Saman Aghdemi, niyə bu hesabı hack etdiyi ilə bağlı məlumat verməyib. İlk paylaşımında “Yaşasın Türk milləti” yazan hacker, sonrakı şəkildə, İran liqasında yer alan Azərbaycanın futbol klubu “Traktor FK”nın azarkeşlərini paylaşmışdır. Bu paylaşımında isə etiketlərə “#tractor #iran #azarbayjan#türkiye” mesajını qeyd etmişdir. Bir müddət hackerin əlində qalan 1.9 milyon izləyicili böyük Instagram hesabının geri alınması üçün “Brazzers”, yüksək izləyici sayını itirməyi gözə alaraq eyni istifadəçi adı ilə yeni bir “Instagram” hesabı açdı. Hazırda milyonlarda olan izləyici sayını toplamaq çox çətin olacaq.

Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan “Facebook”, bir müddət əvvəl canlı yayım xidmətini istifadəçilərə təqdim etmişdi. Gün keçdikcə daha da məşhurlaşan canlı yayım xidmətinə artıq yeni xüsusiyyətlər əlavə olunub. “Facebook” rəsmiləri tərəfindən verilən açıqlamada Facebook Live adlı bu xidmətin qısa bir zamanda daha da inkişaf etdirilməsi gözlənilir. İki nəfərlik canlı yayımlar istifadəyə veriləcək! İlk əvvəl ABŞ-da test istifadəsinə verilən iki nəfərlik Facebook Live, zamanla digər ölkələrə də inteqrasiya edəcək. Yəni bu yenilik vasitəsilə fərqli nöqtələrdə olsa belə tək bir yayımın təşkil olunması mümkün olacaq. Daha əvvəl VidCon-da çıxış edən “Facebook” nümayəndəsi diqqət çəkici və inkişaf etmiş canlı yayım təqdim edəcəklərini bildirmişdilər.

Avropa Görünüş və Səs Dərnəyi (EISA), müxtəlif kateqoriyalar üzrə ilin ən yaxşı mobil cihazınlarını açıqlayıb. Hər il fərqli kateqoriyalar üzrə Avropanın ən ağıllı telefon və cihazlarını açıqlayan EISA, 2016-cı il üçün də öz seçimini təqdim edib. Siyahıya baxdıqda demək olar ki, bu ilin ən innovativ telefonu LG seçilib. Bir digər maraqlı fakt isə HTC 10-nun ən inkişaf etmiş telefon seçilməsidir. Qeyd edək ki, siyahıda “Apple”ın adı hələ ki, yoxdur. Bu arada ən yaxşı telefon kamerası Galaxy S7 və S7 Edge-ə məxsusdur. Beləliklə, tam siyahını sizlərə təqdim edirik. Ən inkişaf etmiş telefon: HTC 10, Ən innovativ telefon: LG G5, Ən yaxşı istifadəçi telefonu: Huawei P9, Ən yaxşı ağıllı telefon kamerası: Galaxy S7 və S7 Edge, Ən yaxşı ekonomik telefon: Coolpad Torino, Ən yaxşı geyinə bilən cihaz: Garmin Fenix 3 Hr, Ən yaxşı VR: HTC Vive, Ən yaxşı səs gücləndirici: JBL Charge 3, Ən yaxşı mobil qulaqlıq: JBL Reflect Mini BT.

İvan Kvyatovskiy adlı hacker, onun valideynlərinin kompüterinə müdaxilə edib, hesabından pul çıxarmaq istəyənlərə çox yaxşı dərs verib. Həmin şəxs, fırıldaqçıların cihazlarına ziyan verici proqram yükləyə bilib. Hackerin verdiyi məlumata görə, valideynlərinin kompüterində yüklənmiş virusların olması haqda veb-səhifə açılıb və texniki dəstəyə müraciət etməsi məsləhət görülüb. Fırıldaqçılar bu işlə məşğul olan təmir mərkəzinin də əlaqə vasitələrini göstəriblər. Hacker isə onların məqsədini öyrənmək üçün həmin nömrə ilə əlaqə saxlayıb. O, fırıldaqçıların sistemə girişinə mane olmaq üçün virtual Windows XP istifadə edib və bu yolla kompüterin işləmə sistemində nasazlıq olması haqda təsviri qarşı tərəflə paylaşıb. Bundan sonra fırıldaqçılar, hackerə virusları təmizləmək üçün tətbiq yükləməsini tövsiyə ediblər. Bununla da onlar simulyasiyaya giriş əldə edib, onun virusla yüklənməsi haqda illuziya formalaşdırıblar. Bu zaman pəncərə keçidində “IP sındırılıb”, “1452 virus” və s. kimi yazılar öz əksini tapıb. Bütün bunlardan sonra fırıldaqçılar, onlardan antivirus proqramı satın alması üçün təklif göndəriblər. Bununla da kredit kartı məlumatlarını ələ keçirməyi planlayan qrup tam fərqli problemlə üz-üzə qalıb. Belə ki, hacker onlara məlumatlar əvəzinə viruslarla dolu fayl göndərib və hazırladıqları planı özlərinə qarşı istifadə edib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register