Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

WhatsApp qısa zaman əvvəl təqdim etdiyi qrup içində etiketlənmə xüsusiyyətini inkişaf etdirdi. Amma bu bir çoxlarının ürəyincə olmaya bilər. Qısa zamanda bir çox yeniliklərə imza atan WhatsApp, bildiyiniz kimi qrup içində etiketləmə xüsusiyyətini istifadəyə vermişdi. Bu xüsusi funksiya ilə siz bir adama yazmaq istədikdə ona private(şəxsi) deyil, qrup içindən də “@” işarəsi qoyub, şəxsi seçərək yaza bilirdiniz. İndi isə WhatsApp bu vəziyyəti dəyişdirərək etiketlənən şəxsə istəyindən asılı olmayaraq bildiriş göndərəcək. Məsələn, siz hər hansı qrupda yer alırsınız və həmin gün aparılan müzakirələr sizin xoşunuza gəlmir. Bunun üçün qrupu səssiz rejimə keçirib və bildirişləri göstər seçimini etmirsiniz. Amma qrupda sizin cavab verməli olduğunuz müzakirə gedir və siz hər şeydən xəbərsizsiniz. Buna görə də bu yenilik tam sizin üçündür. Beləliklə, dostunuz, tanışınız sizi etiketləyir və sizin qrup bildirişləriniz qapalı olsa belə, xüsusilə bir bildiriş gələcək və mövzuya daxil ola biləcəksiniz. Təbii ki, bu vəziyyət mütəmadi etiketlənmə ilə mənfi nəticələrə də səbəb ola bilər. Amma bir çox hallarda müsbət hal sayıla bilər.

photo

“Microsoft” şirkəti yeni və düyməli “Nokia 216” telefonunu təqdim edib. Bu barədə korporasiyanın yaydığı açıqlamada bildirilir. Öz formatına baxmayaraq, cihaz smartfonlarda olduğu kimi, proqram əlavələrini, oyunları dəstəkləyir. Telefonda “Opera Mini” brauzeri qurulub. Cihaz 2,4 ekran ölçüsünə, ön və arxa kameraya, 2 min nəfərlik “qeyd dəftəri”nə malikdir. Ümumi yaddaşı kartla 32 Gb-ə qədər artırmaq mümkündür. Telefon fonar, FM-radio, mp3 pleyer, videooynadıcı, “Bluetooth 3.0” modulu, 1020 mAs-lıq batareya ilə təchiz olunub. Yeni “Nokia”nın 2 simkartlı (dual) variantı da var. Telefonun qiyməti açıqlanmasa da, onun təxminən 45 dollara yaxın olacağı bildirilir.

“Transformers” filmində izlədiyimiz, bir anda robota dönən avtomobillərə artıq real həyatda da rast gəlmək olar. Türkiyədə 3 gənc “Transformers” avtomobilinin hazırlanması üçün şirkətlərdən birinə müraciət edib. Sifarişi qısa müddət ərzində dəyərləndirən türkiyəli mütəxəssislər, gənclərin arzusunu reallaşdırıb. Maraqlısı budur ki, uzaqdan idarə olunan qurğu vasitəsiylə bir neçə saniyə ərzində robota çevrilən avtomobil, əvvəlki formaya qaytarıldıqdan sonra normal hərəkət edə bilir.

Koreyanın “Samsung Electronics” korporasiyası “Galaxy A8” (2016) smartfonunu təqdim edib. Bu, ötən il buraxılmış “Galaxy A8” modelini əvəz edib. Yeni smartfon 1920×1080 piksel təsvir ölçülü 5.7 düymlük ekran, “Mali-T760” qrafikasına malik “Samsung Exynos 7 Octa 7420” prosessoru, 3 giqabayt (QB) əməli və 32 QB daxili yaddaşla təchiz edilib. “MicroSD” çıxarılıb taxılan daşıyıcının qoşulması mümkündür. Yeni cihaz 16 meqapiksellik (MP) əsas kamera, 5 MP-lik ön kamera ilə təchiz edilib. Aparat, həmçinin “GPS”, “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.0” simsiz rabitə modulları, 3500 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 6.0.1 Marshmallow” əməliyyat sistemi ilə idarə olunur. Smartfon dördüncü nəsil (“LTE”) şəbəkəsinə qoşulmaq qabiliyyətinə malikdir, blokdan çıxarmaq və ya pul tranzaksiyalarının təsdiqi üçün barmaq izini tanıyır. “Samsung Galaxy A8” (2016) smartfonu bu gündən Koreya bazarında satışa çıxarılıb.

samsung

Sinqapurun “nuTonomy” şirkəti dünyada ilk sürücüsüz taksini xəttə buraxıb. “nuTonomy” şirkətinin pilotsuz avtomobil parkı hazırda 6 avtomobildən ibarətdir. Ancaq şirkət bu sayı 2016-cı ilin sonuna qədər 12 maşına qədər artırmağı planlaşdırır. 2018-ci ilə qədər “nuTonomy” Sinqapurdakı bütün taksiləri “Renault Zoe” və “Mitsubishi i-MiEV” markalı elektromobillərlə əvəz etmək niyyətindədir. İlkin mərhələdə sürücüsüz taksi xidməti şəhərin iş mərkəzinin 2,5 kvadratmil ərazisində işləyəcək.

taxi

Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın Sumitomo Mitsui Financial Group (SMFG) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. 2017-ci il üçün planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə tərəfdaşları iştirak edəcək. Müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq. Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər. Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.

uz

Britaniya polisi gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material silir. “Google”, “Facebook” və “Twitter” şirkətləri terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə aparmır.  Bu barədə Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin hesabatına deyilir. Millət vəkillərinin fikrincə, sosial şəbəkələr və digər internet-servislər ekstremist və terror qruplaşmaların “təbliğatı və yeni üzvlərin toplanması üçün platformaya çevrilib”. “Milyardlarla gəliri olan “Google”, “Facebook” və “Twitter” kimi şirkətlər terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə etmirlər. Onlar milli hüquqi statusun arxasında gizlənərək bu mübarizədə məsuliyyəti başqalarının üzərinə qoyurlar”, –  deyən Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin sədri Kit Vaz, sadalanan şirkətlərin “saytlarının terrorçular tərəfindən istifadə edildiyini” bildiklərini də qeyd edib. Siyasətçinin fikrincə, Britaniya hökuməti İŞİD-in sərəncamında olan təbliğat maşını ilə mübarizə üçün effektiv tədbirlər hazılamalıdır. Hesabatda Britaniya polisinin gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material sildiyi qeyd edilib.

internet

“Facebook” tərəfindən satın alınan “WhatsApp” bundan sonra əsas şirkətinə məlumat ötürməyə başlayacaq. “WhatsApp” profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz “Facebook” ilə paylaşılacaq. Hər hansı bir mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni “WhatsApp” mesajlarınız “Facebook” ilə paylaşılmayacaq. Təbii ki bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilib. Paylaşılmasını istəmədiyiniz məlumatlar varsa onların gizli saxlamağa diqqət edin.

facebook_21ery6f63563

YouTube video platforması sosial şəbəkəyə çevrilə bilər. Platformaya video ilə yanaşı, mətn, foto, səsvermə özəllikləri də artırılacaq. YouTube-un bu addımı Facebook-un sürətlə böyüyən video xidmətinə cavab kimi dəyərləndirilir. Video platformanın “Backstage” adlanan yeni xidməti, bir növ, xəbər lenti rolunu oynayacaq. İzləyicilər paylaşımlarla bağlı bildiriş alacaq, bu paylaşımları öz zaman tunellərində görə biləcəklər. Postları digər sosial şəbəkələrə də göndərmək mümkün olacaq. “Backstage”in paylaşılanları tərs xronoloji sırayla göstərəcəyi deyilir. Yeniliyin bu ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

youtube

Cari rübdə planşet tədarükünün həcmi 47 milyon ədəd təşkil etməlidir. Bu, əvvəlki rüblə müqayisədə təxminən 16,3 faiz çox, əvvəlki ilin analoji dövrünə nisbətən 10 faiz azdır. Bu barədə “Digitimes Research” analitik şirkətinin mütəxəssisləri bildiriblər. Gözlənilən artım onunla izah olunur ki, tədarükçülər milad alış-verişlərinə hazırlaşmağa başlayırlar, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı yaxşılaşıb. Üçüncü rübdə “iPad”lərin tədarükü təxminən 9,5 milyon ədəd təşkil etməlidir. Mütəxəssislər “iPad Pro” planşetlərinə stabil yüksək tələbatın olmasını displeyin 9,7 düym diaqonalı ilə izah edirlər. Adsız (white-box) məhsul istehsal edən şirkətlərin planşetlərinin tədarükü isə 18,5 milyon ədədə qədər artacaq. Lakin ODM şərtləri ilə işləyən Tayvan şirkətlərinin satışlarının azalacağı proqnozlaşdırılır. Səbəb “Apple”, “Microsoft” və “Amazon” kimi şirkətlər tərəfindən sifarişlərin azalmasıdır.

planset

“Time” jurnalı bütün dövrlərin 50 ən yaxşı oyununu elan edib. Bu siyahıda ilk yeri unudulmaz “Tetris” oyunu tutub. Bu oyun rusiyalı proqramçı Aleksey Pajitnov tərəfindən 1984-cü ildə yaradılıb. 1989-cu ildə “Nintendo” şirkəti oyunun bütün hüquqlarını alıb və bu oyunu “GameBoy” oyun cihazlarında istifadəyə verib. Bu da bu şirkət üçün olduqca böyük uğur olub. Sonradan alimlər müəyyənləşdiriblər ki, bu oyun stressi azaldır və post-travmatik stress pozğunluğunun qarşısını alır. Oyunla bağlı maraqlı bir aforizm də var: “Tetris” onu öyrədir ki, səhvlər çox olduqca, nailiyyətlər daha da az olur. İlk onluğa “Super Mario”, “Doom”, “Minecraft” və “World of Warcraft” kimi populyar oyunlar da daxil edilib. Hazırda dünyada ən populyar oyun olan “Dota 2” isə bu siyahıda 49-da yerdə qərarlaşıb.

tetris

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register