Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Məşhur mesajlaşma proqramı “WhatsApp” tədbiq etdiyi yenilik ilə istifadəçilərini sevindirəcək. İstifadəçilər “WhatsApp”da şəkil göndərərəkən, onun üzərinə yazı yaza, yaxud da şəkil çəkə biləcəklər. Bundan başqa, proqram videonu yaxınlaşdıra bilmək özəlliyini də istifadəçilərinin ixtiyarıan verib. Videonun üzərinə eyni anda 2 dəfə toxunmaq lazımdır. Qeyd edək ki, yeniliklər hazırda sadəcə “Android” sistemi istifadəçiləri üçündür. “iOS” platforması üçün versiya yaxın günlərdə istifadəyə veriləcək.
“Facebook”un insanları dünyaya bağladığı, ancaq xoşbəxt etmədiyi məlum olub. ABŞ-ın Miçiqan Universitetində aparılan araşdırma nəticəsində “Facebook”un sosial əlaqə yaratmaq ehtiyacını ödədiyi, ancaq istifadəçilərin xoşbəxtliyinə yüksək dərəcədə mənfi təsir göstərdiyi məlum olub. 82 “Facebook” istifadəçisinin iştirak etdiyi araşdırma zamanı elm adamları istifadəçilərə 2 həftə ərzində hər gün 5 mesaj göndərib. Araşdırmaçılar istifadəçilərdən özlərini yalnız və narahat hiss edib-etmədiklərini, “Facebook”dan nə qədər istifadə etdiklərini və bu şəbəkə vasitəsilə başqalarıyla neçə dəfə “həqiqi” münasibət qurduqlarını soruşublar. Araşdırma nəticəsində “Facebook”dan daha çox istifadə edənlərin xoşbəxt olmadığı ortaya çıxıb. 2 həftənin sonunda ortaya çıxan nəticəyə görə, “Facebook”dan nə qədər çox istifadə edilərsə, həyatdan razı qalmaq hissi də bir o qədər azalır. Başqalarıyla real münasibət quranların isə həqiqətən xoşbəxt olduqları deyilir. Bununla yanaşı, istifadəçilərin özlərini yalnız hiss etdikləri zaman “Facebook”a müraciət etdikləri də ortaya çıxıb.
“Facebook”da silah və narkotik satılmasına başlanılıb. “Facebook Marketplace”də bununla bağlı elanlar yerləşdirilib. Narkotiklər, müxtəlif tüfəng və tapançalardan başqa, “Facebook Marketplace”də ilan, kirpi və digər vəhşi heyvanların satılması ilə bağlı elanlar da var. Halbuki, ticarət meydançasının qanunlarına görə, burada narkotik, silah, tütün, alkoqol və heyvan satmaq qəti qadağandır: “Biz problemin həlli üzərində çalışırıq və sistemə diqqətlə nəzarət edəcəyik. Nə qədər ki, çox sayda insan “Facebook Marketplace”ə çıxış əldə etməyib, pozuntuların aradan qaldırılmasını təmin etmək mümkündür”, – deyə “Facebook” şirkətinin məhsullar üzrə direktoru Meri Kyu bildirib.
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ABŞ-da internet olmayan yerlərdə pulsuz internet xidməti göstərəcək. “Facebook” 2014-cü ildən Asiya, Afrika və Cənubi Amerikada 36 ölkə ildə başladığı “Free Basics” layihəsi çərçivəsində artıq ABŞ-da da fəaliyyət göstərəcək. İnternet olmayan ərazilərdə pulsuz internet xidmət göstərəcək şirkət ABŞ rəsmilərindən lazımi icazələri alıb. Pulsuz internet ilk olaraq ABŞ-da dağlıq ərazilərdə yaşayanların istifadəsinə veriləcək. Qeyd edək ki, yaxın gələcəkdə xidmətdən bütün ölkələr istifadə edə biləcək.
Azərbaycan Texniki Universitetinin baş müəllimi yeni bir qurğu yaradıb. “Distant Müşahidə Robotu” adlanan qurğu bu gün təhsil sərgisində nümayiş olunub. 500 metrdən idarə olunan robotun gəzdiyi yerləri müşahidə məntəqəsindən izləmək mümkündür. Həmin görüntülər CD karta köçürülür ki, sonra lazımi məlumatlara təkrar baxmaq mümkün olsun. Robotun yaradıcısı Vüqar Hüseynli deyir ki, həmin qurğunu daha da inkişaf etdirəcək ki, gələcəkdə hərbidə istifadə etmək mümkün olsun.
“Mail.Ru Group” şirkətinə məxsus saytlarda istifadəçilərin qeydiyyatdan keçirdikləri təxminən 25 milyon akkaunt haker hücumuna məruz qalıb. Güman edilir ki, kibercinayətin əsas iştirakçısı iki nəfərdir. Onlar “cfire.mail.ru saytının 12,8 milyon akkauntuna, “parapa.mail.ru” saytında 8,9 milyon səhifəyə və “tanks.mail.ru” saytında 3,2 milyon profilə qanunsuz giriş əldə edib. Kibercinayətkarlar istifadəçi niklərinə, elektron poçt ünvanlarına, şifrə və digər şəxsi məlumatlara sahib olublar. Bunun adları çəkilən internet saylarında tətbiq olunan “vBulletin” əlavəsindəki zəiflikdən qaynaqlandığı bildirilir. Profilləri ələ keçirilən bir çox istifadəçi isə şifrə üçün çox primitiv simvollardan istifadə edirmiş.
Mütəxəssislər “Sweaticon” adlanan yeni xidmət yaradıblar. Yeni xidmət smartfon sahibinin şəhərdə hərəkətini izləyəcək və bunu elektron valyutaya çevirəcək. Hər min addım üçün istifadəçi proqram əlavəsinin daxili valyutası olan 0,95 SWC alacaq. Toplanan pulları əlavənin daxili onlayn mağazasından məhsul və xidmətlərlə mübadilə etmək mümkün olacaq. Hazırda “Sweaticon” əlavəsindən yalnız ABŞ və Böyük Britaniyada istifadə etmək mümkündür. Ancaq proqramın tərtibatçıları yaxın zamanda xidmətin coğrafiyasının genişləndiriləcəyinə söz veriblər. Xidmət yalnız “iPhone” sahibləri üçün əlçatan olacaq.
“Facebook” tərəfindən satın alınan “WhatsApp”dan pis xəbər var. Bundan sonra “WhatsApp”da da reklamlar olacaq. Belə ki, “WhatsApp”ımıza müxtəlif şirkətlər tərəfindən reklam mesajları göndəriləcək. Qeyd edək ki, yeni reklam modelinin qarşısını almaq mümkündür. Bunun üçün gizlilik müqaviləsi təqdim edildiyi zaman “qəbul edirəm” əvəzinə “davamını oxu” düyməsini klikləmək və yeni açılan pəncərədə “WhatsApp hesab məlumatlarımı Facebook ilə paylaş” variantını rədd etmək kifayətdir.
Dünyaca populyar olan “Grand Theft Auto” (GTA) oyunun “Bozbash Pictures” versiyası hazırlanıb. Sözügedən oyunu azərbaycanlı gənclər hazırlayıblar. GTA oyununun yeni versiyası Azərbaycan dilinə tərcümə edilib. Hətta oyunda “Bozbash Pictures” komediya layihəsinin tanınmış aktyoru Elşən Orucovun canlandırdığı “Fəlakət” obrazı da yaradılıb, bu filmin aktyorlarının fotoları və səsləri yerləşdirlib. Oyunla tanışlıq videosu Youtube kanalına yerləşdirilib və yükləmək üçün link də verilib.
“Blancco” texnoloji qrupunun ekspertləri ən problemli smartfonların reytinqini tərtib edib. Məlum olub ki, “iPhone” smartfonlarının dayanıqlıq göstəricisi aşağı düşüb. 2016-cı ilin birinci rübünün nəticəsinə görə, “Apple” şirkətinə məxsus smartfonların 25 faizində problem qeydə alınıb. İkinci rübdə bu göstərici 58 faizədək yüksəlib. Ötən rübün nəticəsinə görə, “Android” platforması ilə işləyən smartfonların da 44 faizində problem qeydə alınıb. Ancaq yeni hesabatda həmin platforma ilə işləyən smartfonlarda problemlərin sayı 35 faizədək azalıb. Daha çox “Samsung” smartfonlarında problem qeydə alınıb, ancaq daha çox problemli model “LeEco Le1S” cihazıdır. Altmış beş faiz halda “iOS” mobil əməliyyat sistemi mobil proqramların kritik səhvlərinə görə imtina verib. “Wi-Fi” modulu, qulaqlıqlar və qəbuledicinin imtinası ən geniş yayılmış səbəblər kimi göstərilib. “Android” sistemli smartfonlarda ən çox kamera və batareyanın enerji ilə doldurulması, həmçinin sensor, dinamik və mikrofona görə problemlər qeydə alınıb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments