Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp” istifadəçilərini edəcəyi yenilklə sevindirmək qərarına gəlib. Son dövrlər internetdə hər kəsin sevimlisinə çevrilən videolardan hazırlanan maraqlı GIF-ləri artıq “WhatsApp”da da istifadə etmək mümkün olacaq. Daha əvvəllər Android platformasında “root” istifadə imkanına sahib olanlar mövcud fayllarda müxtəlif dəyişikliklər edərək GIF göndərə bilirdilər. Bu yenilikdən sonra “WhatsApp” bütün istifadəçilərə GIF göndərmə şansı yaradacaq.

whatsapp

Massaçusets Texnologiya İnstitutunun alimləri hazırda müəyyən temperaturda öz formasını dəyişdirmək qabiliyyətinə malik kiçik obyektlərin yaradılması üçün nəzərdə tutulmuş yeni üçölçülü çap texnologiyası üzərində işləyir. Yüksək temperaturda bu üsulla çap edilmiş obyektləri sıxaraq onların həcmini üç dəfə azaltmaq mümkündür. Sonra obyekt öz ilkin formasını alacaq. Yeni texnologiya insan saçı qalınlığında strukturlar çap etməyə imkan verir. Belə miniatür əşyaları hazırlamaq olduqca çətindir. İstehsalçılar komandası yeni texnologiyadan öz formasını dəyişdirmək qabiliyyətinə malik biotibb qurğuları və günəş batareyalarının çapında istifadə etməyi planlaşdırır. Həmçinin yeni texnologiya aerokosmik komponentlərin istehsalında tətbiq edilə bilər. Alimlər gələcəkdə sözügedən texnologiyanın tibb sahəsində istifadəsini planlaşdırır. Belə ki, dərmanla təchiz edilmiş damar bədənin temperaturuna reaksiya verə biləcək və zərurət olduqda xəstəlik nəticəsində zəifləmiş orqanizmi dərman preparatı ilə təchiz edəcək.

cap

Miçiqan Universiteti və Nankin Universitetində işləyən alimlər qrupu klaviaturada hansı düymələrə sıxılmasını ələ keçirmək üçün yeni üsul aşkar edib. Hücumu həyata keçirmək üçün hazır kompüter avadanlığı və standart “Wi-Fi” qoşulmadan istifadə kifayətdir. Alimlər tərəfindən hazırlanmış “WiKey” texnologiyası mükəmməl olmasa da, amma nəzarət edilən mühitdə düymələrə sıxmanı 97.5%, real şəraitdə isə 77.5% dəqiqliklə müəyyənləşdirməyə imkan verir. “WiKey” hərəkət və jestlərin tanınması üzrə başqa texnologiyalardan fərqli olaraq, klaviaturada düymələrə sıxma kimi daha kiçik hərəkətləri də “tanıyır”. Alimlər hücumu həyata keçirmək üçün ucuz əlçatan avadanlıq (“TP-Link WR1043ND” marşrutlayıcısı və “Lenovo X200” noutbuku) və “802.11n/ac Wi-Fi” protokolundan istifadə ediblər.

internet

“Microsoft” korporasiyası 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Elm və kosmosun mənimsənilməsi ilə əlaqədar ixtisasların yer aldığı siyahı ilə korporasiyanın rəsmi saytında tanış olmaq olar. ABŞ korporasiyasının versiyasına görə, ən çox tələb olunan peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, biohaker frilanser, robot etikası ilə əlaqədar işlər üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir. “Microsoft” analitiklərinin qeyd etdikləri peşələrin əksəriyyəti hazırda mövcud deyil. Lakin korporasiya mütəxəssisləri məktəblilərə tərtib edilən siyahıya çox ciddi yanaşmağı tövsiyə edirlər.

microsoft

Müasir smartfonların, demək olar, hamısında olan məşhur oyun “hack”lanıb. Mobil oyunlar içində ən məşhur olanlarından “Clash of Kings”də təxminən 1,6 milyon hesab məlumatları oğurlanıb. İstifadəçilərə təcili olaraq şifrələrini dəyişdirmələri tövsiyə edilir. Qeyd edək ki, oğurlanan məlumatlar sızdırılaraq LeakedSource.com web saytına göndərilib. İstifadəçilər saytda axtarış edərək öz məlumatlarının oğurlanıb-oğrulanmadığını öyrənə bilərlər.

mobil_telefonlar

ABŞ-ın “Apple” şirkəti İrlandiyaya 11 milyard avro ödəyəcək. Buna səbəb şirkətin bu ölkədə fəaliyyət göstərdiyi üç il ərzində vergi ödəmələrində yol verdiyi çoxsaylı qanun pozuntularının üstünün açılmasıdır. Qeyd edək ki, şirkət rekord məbləğdə kəsilən cəza ilə razılaşmayıb və məsələyə yenidən baxılmasını istəyib.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” bir neçə gün əvvəl məlumatlarımızın “Facebook”a ötürülməsi ilə bağlı yenilik edib. Sosial şəbəkənin sözügedən yeniliyi etirazlara səbəb olub. İstifadəçilər məlumatlarının ötürülməsinə narazılıq ediblər. Nəticədə şirkət məsələ ilə bağlı ilk açıqlama verib.  Şirkət açıqlamasında bildirib ki, istifadəçilərinin məxfiliyi pozulmayacaq, sui-istifadə halları olmayacaq, əksinə, yenilik xidmət keyfiyyətinin artmasına kömək edəcək.

sos

“Facebook” şirkəti öz istifadəçiləri üçün mobil lentdə vertikal videonun dəstəklənməsi funksiyasını işə salır. Indiyədək vertikal çarxlar lentdə yalnız kvadrat formatda göstərilirdi. Videoya vertikal baxmaq üçün onun üzərinə “tıklamaq” lazım gəlirdi. Gələn aydan etibarən videosüjetləri, reklamları və canlı yayımları vertikal formatda avtomatik izləmək mümkün olacaq. Buna baxmayaraq, videolar ekranı tam tutmaması üçün qismən “kəsiləcək”. Çarxın tam ekran rejimində izlənilməsi “klik”dən sonra mümkün olacaq. Şirkətin araşdırmaları göstərib ki, istifadəçilər vertikal videolara daha həvəslə baxırlar, nəinki horizontal videolara.

facebook

Novosibirskdə Rusiyanın yarımkeçirici texnologiya üzrə fizikləri tərəfindən gələcəyin fləş kartı hazırlanır. Yeni icadın digər fləş kartlardan 2-3 dəfə sürətli olacağı bildirilir. Gələcəyin kartı multiqrafenlə tərtib olunacaq ki, bu da bir karbon atomu qalınlığında qrafit qatıdır. Bu material nanotexnologiya üçün çox perspektivli hesab olunur. Burada multiqrafendən elektrik enerjisinin qorunması üçün istifadə ediləcək. Rusiyalı alimlər bu texnologiyanın əsasında gələcəyin fləş kartlarının istehsal olunacağını vurğulayırlar. Mütəxəssislər hazırda bu istiqamətdə əsaslı araşdırmaların aparıldığını, irimiqyaslı istehsalı haqqında danışmağın isə hələ tez olduğunu bildiriblər.

intel

Məşhur foto paylaşım şəbəkəsi İnstaqram yenilik edib. İnstaqrama “zoom” funksiyası əlavə olunub. Bu barədə məlumat İnstaqramın tvitter hesabından verilib. Qeyd edək ki, bu funksiya əvvəlcə İOS platformalı telefonlar üçün təqdim edilib. Android platformalı telefonlar üçün nə vaxt təqdim ediləcəyi isə hələlik məlum deyil.

instagram

“Acer” şirkəti oyun həvəskarları üçün yeni “Predator 21 X” cihazını təqdim edib. Bu, nəinki oyun noutbukudur, həmçinin onun öz növündə analoqu yoxdur. Yeni noutbukun 21 düym diametrə malik əyilmiş ekranı var. Noutbuk 64 Gb əməliyyat yaddaşına malik yeddinci nəsil “Intel Core” prosessorunun bazasında çalışır. Onun iki video kartı və iki qidalanma bloku mövcuddur. Həmçinin yeniliyin tərtibatçıları “Predator 21 X” cihazını 5 ventilyator və 8 istilik borusu ilə təchiz ediblər. Noutbukda 4 dinamik, iki sabbufer mövcuddur və bütün klaviatura işıqla bəzədilib.  “Predator 21” bu ilin oktyabr ayında 799 dollar qiyməti ilə satışa çıxarılacaq.

acer

Hələlik rəsmi təqdimatı indiyədək keçirilməyən Çinin “LeEco Le 2s Pro” smartfonu dünyanın ən güclü mobil qurğusu seçilib. “AnTuTu” sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider “OnePlus 3″ü geridə qoyub. Bu smartfon “Qualcomm” şirkətinin “Snapdragon 821” prosessoru, metal korpuslu 5,5 düymlük ekranla təchiz edilib. Bundan başqa, 4 giqabaytlıq operativ və 32 giqabaytlıq daxili yaddaşa malik olacaq. Displey “Full HD” formatını dəstəkləyir. Potensial alıcılar 6 giqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 giqabayt tutuma, displeyi “QHD” təsvir ölçüsünə malikdir. Dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

smartfon

Çinin “Huawei” şirkəti özünün gələcək planlarını açıqlayıb. “Huawei”in bu iddialı planları barədə şirkətin istehlak bölməsinin baş direktoru Yun Çendun “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib. 2018-ci ilin sonuna tərtibatçılar çoxlu sayda smartfon istehsal edərək “Apple” şirkətini qabaqlamağı planlaşdırırlar. “Huawei” şirkəti smartfon istehsalçıları arasında ikinci yerə çıxmaq niyyətindədir. Bu sahənin ən iri lideri olan “Samsung” şirkətini Çin korporasiyasının mütəxəssisləri 5 ildən sonra irəli keçmək fikrindədirlər. “Gartner” şirkətinin məlumatına görə, “Huawei” şirkətinin bazar payı 8,9 faiz təşkil edir. “Apple” şirkəti bazarın 12,9 faiz payını ələ keçirə bilib. “Samsing” isə smartfon bazarının 22,3 faiz payına malikdir. Hazırda şirkət öz gəlirinin 10 faizini yeni cihazların tərtibatına investisiya edir. Bu ilin yarımili ərzində şirkət 60 milyon smartfonun satışını həyata keçirməyə nail ola bilib.

huawei

“Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zukerberq “WhatsApp” və “Messenger” əlavələrini birləşdirmək niyyətində deyil. Belə bir bəyanatla M.Zukerberq Cənubi Afrika Respublikasının KİV-lərinə müsahibəsində çıxış edib. “Facebook”un baş direktoru hesab edir ki, hər iki əlavə müxtəlif növ ünsiyyət üçün nəzərdə tutulub və hər birinin 1 milyarddan artıq istifadəçisi var. Xatırladaq ki, inişil “Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu günlərdə isə “WhatsApp” elan edib ki, “Facebook”un istifadəçi məlumatlarını bölüşəcək.

whatsapp_for_android_beta

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register