Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Bir həftə öncə “LeEco” şirkəti özünün “LeEco Le Pro 3” modelini təqdim edib. Bu, tək kristallı “Snapdragon 821” sistemi ilə təchiz edilmiş ilk Çin smartfonudur. 4 Gb əməliyyat yaddaşına, 32 Gb yaddaşa malik “LeEco Le Pro 3” olduqca cəlbedici yenilik olub. Onun qiyməti isə 270 dollar təşkil edir. Smartfonun əldə edilməsi üçün ilkin müraciətlər ildırım sürətilə baş tutub. Müraciət edənlərin ümumi sayı isə 3,5 milyon nəfər təşkil edib. “LeEco Le Pro 3”-nun ilk partiyası dünən Çin ərazisində satışa çıxarılıb. İstehsalçı satış üçün cəmi 500 min cihaz çıxarıb ki, bu qədər say bütünlükdə 15 saniyəyə satılıb.
Pyer və Mariya Kyuri Universitetinin alimləri 2000 atomdan ibarət molekulyar miqyaslı güzgü yaratmağa nail olublar. Tədqiqat işinin nəticələri “Physical Review Letters” nəşrində təsvir edilib. Alimlər komandası nanogüzgü əldə etmək üçün nazik optik lifi sezium maddəsi atomlarının zənciri ilə birləşdirərək istifadə edib. Seziumun işığı əks etdirən atomlarının düzgün mövqelərdə dəqiq yerləşdirilməsi nəticəsində dünyada ən kiçikölçülü güzgü yaradılıb. Bir neçə güzgünü düzgün qaydada yerləşdirməklə hətta müvəqqəti olaraq işığı tutub saxlamaq mümkün olub. Beləliklə, əldə edilmiş struktur xüsusi optik yaddaş qurğusu rolunda çıxış edərək optik impulsların qəbulu və saxlanılmasında istifadə edilə bilər. İxtiranın optik sxemlər və gələcəyin kompüterlərində tətbiqi mümkündür.
Şimal-Qərb Universitetində Adam Yakusun rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən yaradılmış süni sümük toxumasını “3D” printerdə çap etmək mümkündür. Biomaterial “Hyper-Elastic Bone” adlandırılıb. İstehsalçıların sözlərinə görə, biomaterial yüksək möhkəmliyə malikdir və qısa vaxtda lazımi formaya malik fraqment hazırlamağa imkan verir. Məsələn, indi üz-çənə cərrahi əməliyyatının keçirilməsi vaxtı həkimlər pasiyentin bud sümüyündən sümük fraqmenti götürməli olurlar ki, bu da xəstənin bərpa prosesini xeyli uzadır. Biomaterialdan istifadə çətinliklərdən və bir çox problemlərdən xilas olmağa imkan verir. Alimlər biomaterialı artıq heyvanlar üzərində sınaqdan keçiriblər və heç bir infeksiya, kənar təsir qeydə almayıblar. Beləliklə üz-çənə, stomatoloji və başqa əməliyyatların keçirilməsi üçün sümük fraqmentlərini çap etmək mümkün olacaq. Bundan başqa, biomaterial anadangəlmə qüsurların aradan qaldırılmasında tətbiq ediləcək. Alimlər bildiriblər ki, yaxın beş ildə pasiyentlər üzərində süni sümük materialının sınaqlarına başlanılacaq.
Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib. “Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik” – “BlackBerry” şirkətinin baş direktoru Con Çen deyib. Baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur. “BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.
Wi-Fire adlı şirkət tərəfindən inkişaf etdirilən şam hər hansı bir təhlükəli vəziyyətin yaranmaması səbəbiylə yaradılıb. Şam eyni zamanda elə bir formada dizayn edilib ki aşmır, aşsa belə, alov avtomatik olaraq söndürülür. Tərkibindəki ‘mənzərə rejimi’ sayəsində, məsələn, 5 ədəd ağıllı şamın alovunu eyni vaxtda telefonunuzdakı proqram vasitəsilə yandırıb-söndürə və mühitə görə fərqli atmosfer yarada bilərsiniz. Batareya mövzusunda da istifadəçilərini razı salacaq LuDela enerji ilə tam təmin olunduqda 5-6 ay müddətində işləyə bilir. 2017-ci ildə bazara təqdim edilməsi gözlənilən LuDela ön sifarişlə 50 dollar, normal olaraq isə 99 dollar qiymətlərlə satışa təqdim olunacaq.
Rusiya hökuməti dövlət məmurlarının “WhatsApp”, “Viber” və “Telegram” tətbiqetmələri üzərindən yazışmalarına və hər hansı bir fayl göndərməsinə qadağa tətbiq edib. Rusiya milli təhlükəsizlik nazirliyinin tələbi ilə hökumət belə bir tədbir alıb və bu qadağaya riayət etməyənlər üçün cəzalar tətbiq ediləcək. Tətbiqetmələrdən istifadə edən məmurlar nizam-intizam komitəsi tərəfindən cəzalandırılacaq, yaxud işdən qovulacaq. Hələlik bu qadağa fərdi istifadəçilər üçün nəzərdə tutulmasa da, gələcəkdə Rusiya hökuməti tərəfindən bu addımın atılacağı istisna edilmir.
ABŞ-ın Apple korporasiyasının Kupertino şəhərindəki futuristik kampusunun inşası başa çatmaqdadır. Korporasiya, eyni zamanda, “Apple Campus 2” ofis kompleksinin inşası ilə məşğuldur. Videobloqer Mettyu Rorberts Apple korporasiyasının yeni mənzil-qərargahının inşasının aerovidoeçəkiliş kadrlarını yayıb. Tikinti başa çatandan sonra Apple-in yeni ofisi yaşıllıqlar arasına enmiş nəhəng kosmik diskə bənzəyəcək. Video “DJI Phantom 3 Professional” dronu vasitəsilə çəkilib. Kupertinodakı kompleks gözəl olmaqla yanaşı, funksionaldır. 5 milyard dollar dəyərindəki layihədə tədqiqat və araşdırma mərkəzi də var. Binalar “Apple Campus 2″nin həlqəsi ilə tunellər vasitəsilə birləşəcək.
İnformasiya təhlükəsizliyi sayəsində proqram təminatının tərtibatı ilə məşğul olan “Avast Software” şirkəti özünün Hollandiyadan olan rəqibi “AVG Technologies” şirkətinin alınması üçün müqavilə imzalayıb. “Avast” AVG-nin hər səhminə görə 25 dollar ödəyəcək və onun borclarını bağlayacaq. Bununla da müqavilənin dəyəri 1,4 milyard dollara qədər artıb. Bundan öncə “Reuters” bildirib ki, müqavilənin ümumi dəyəri 1,3 milyard dollar təşkil edəcək. Bu razılaşma sayəsində “Avast” öz müştəri bazasını 230 milyon istifadəçidən 400 milyon istifadəçiyə qədər artıra biləcək. Bunlardan 160 milyon nəfəri mobil cihazların istifadəçiləridir.
Cənubi Koreyada tanınmış “Samsung” şirkətinin yeni “Galaxy A8 2016” smartfonunun təqdimatı olub. “Exynos 7420” prosessoru ilə işləyən cihaz metal korpusdan ibarətdir. Cihaz 3 Gb əməliyyat və 32 Gb daxili yaddaşa malikdir. Cihazın displeyinin diaqonalı 5,6 düym təşkil edir, 16 meqapiksel əsas və 8 meqapiksel frontal kameralarla, həmçinin barmaq izləri skaneri ilə təchiz edilib. Bundan başqa, “Android 6.0.1 Marshmallow” əməliyyat sistemi ilə işləyən cihaz 3 500 mA/saat həcmli akkumulyatora malikdir. Bildirilir ki, artıq Cənubi Koreyada oktyabrın 1-dən etibarən öncədən sifariş etmək mümkün olacaq. Yeni smartfonun qiyməti 580 dollar təşkil edir.
Yaponiyanın video oyunlar və oyun cihazları tərtibatçısı “Nintendo” şirkəti özünün “Dendy” kimi tanınan əfsanəvi “Famicom” cihazının satışlarını bərpa etmək niyyətindədir. Gözlənilir ki, bərpa olunan və qiyməti 65 dollar təşkil edəcək cihazı artıq noyabrın 10-dan əldə etmək mümkün olacaq. Ancaq bununla belə, qidalanma blokunu ayrıca olaraq 10 dollara əldə etmək gələcək. Artıq bu cihaz əlin içinə yerləşəcək və bura iki əlavə naqilli qeymtap daxildir. Yeri gəlmişkən, artıq cihaza 10 ədəd məşhur oyun yüklənib. Qeyd edək ki, “Famicom” cihazı Yaponiyada 1993-cü ildə yaradılıb. Onun ən tanınmış oyunları “Super Mario Bros”, “Final Fantasy” və “Legend of Zelda” oyunlarıdır. 90-cı illərdə Rusiyada bu cihazın qeyri-rəsmi klonu “Dendy” adı ilə təqdim edilib. Demək lazımdır ki, cihazın yenidən istehsala başlaması istehsalçının nostalji hissləri ilə bağlıdır. Bu da son zamanlar “Pokemon Go” oyununun şöhrətlənməsindən qaynaqlanır.
Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub. Bu barədə “The Local” nəşri “Akamai” rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib. Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır. Üçüncü yerdə internetin 19,5 Mbit/saat sürəti ilə Honkonq qərarlaşıb. Dördüncü yerdə isə İsveçdir ki, bu ölkədə də internetin sürəti 18,8 Mbit/saatdır. Avqustda bildirilib ki, Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub.
“Facebook” ünsiyyət vasitəsi olmaqla yanaşı, elektron ticarət platformasına çevrilir. Sosial şəbəkədə alqı-satqı funksiyası yaradılıb. Aparılan tədqiqatla müəyyən olunub ki, hər gün 450 milyondan çox insan “Facebook”da geyim və digər əşyaların satışı ilə bağlı elanlara baxır. Bunu nəzərə alan şirkət istifadəçilərin işini asanlaşdırmaq qərarına gəlib. Yeni xidmət vasitəsilə məhsulun alış-satışı ilə yanaşı, barteri də mümkündür. Funksiyanın istifadəsi isə olduqca asandır. Hazırda bu funksiyadan istifadə 4 ölkədə mümkündür. Bunlar Amerika Birləşmiş Ştataları, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyadır. Yaxın gələcəkdə xidmətin əhatə dairəsi genişlənəcək.
“Facebook”un sahibi Mark Zukerberq tərəfindən satın alındıqdan sonra bir sıra yeniliklər gətirilən “Whatsapp”a daha bir funskiya əlavə edilib. Artıq “Whatsapp”da fotolar üzərində müxtəlif effektlər və emojilər istifadə etmək mümkündür. Digər yenilik ön kameraya flaş işıq əlavə edilməsi ilə bağlıdır. Bu funksiya xüsusilə qaranlıq məkanlarda selfi çəkmək istəyənlər üçün nəzərdə tutulub. “Android” istifadəçilərindən fərqli olaraq “iOS”çular hələ bir müddət güncəlləməni gözləməli olacaqlar.
İOS platformalı telefonlarda silinən şəkillər “Recently Deleted” qovluğunda yığılıb qalsa da, Android platformalı telefonlarda bu funksiya yoxdur. Artıq Android platformalı telefonları kompüterə qoşmadan da silinən şəkilləri geri qaytarmaq mümkün olacaq. Bunun üçün sadəcə “Playmarket”dən “Photo Recovery” tətbiqini yükləmək lazımdır. Qeyd edək ki, bu proqramla “root”a ehtiyac qalmadan silinən şəkilləri bərpa etmək mümkündür.
“Facebook” sosial şəbəkəsi “Messenger”ə yeni gizli söhbət funksiyasını əlavə edib. Bu barədə məlumat sosial şəbəkənin bloqunda yerləşdirilib. Məlumata qeyd olunur ki, “Messenger” end-2-end şifrələnmə sistemindən istifadə edəcək. Gizli şəkildə mesajlaşmaq üçün istəfadəçi yeni söhbətə daxil olaraq müvafiq bəndi seçməlidir. Bundan əlavə, “Facebook”da “yoxa” çıxan mesajlar göndərmək funksiyası da aktivləşib. İstifadəçi “Messenger”də hər bir mesaja vaxt da qoya bilər. Gizli söhbətlər qıfıl işarəsi ilə göstərilib. Məlumatda vurğulanır ki, bu cür söhbətlərdə digər bütün funksiyalar işləyir, lakin qrup halında gizli yazışmaq mümkün deyil. “Facebook” xəbərdarlıq edir ki, bu cür söhbətlərə yalnız onun yaradıldığı qurğuda baxmaq olur. Sosial şəbəkə, həmçinin bəyan edib ki, funksiya hələ ki, bütün qurğularda aktiv deyil.
“JetPack Aviation” şirkətinin rəhbəri Devid Meyman Youtube-dakı kanalında insanın uçması üçün düşəltdikləri reaktiv motorun necə işlədiyini nümayiş etdirən video paylaşıb. Uçan şəxs çiyninə atdığı kiçik ölçülü raket motorunu işə salarkən aşağı güclü hava axını vurulur və bu axın insanı havaya qaldırır.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments